525.Az

“Elçin. Ömrün 75-ci baharı”


 

“Elçin. Ömrün 75-ci baharı”<b style="color:red"></b>

Məlumdur ki, Azərbaycan Milli Kitabxanası ölkənin bütün kitabxanaları üçün metodik mərkəz funksiyasını həyata keçirərək, respublika Mərkəzləşdirilmiş Kitabxana Sistemləri üçün hər il çoxlu sayda metodik vəsaitlər hazırlayır.

Bu yaxında Kitabxana tərəfindən, görkəmli ədib, Xalq yazıçısı Elçin İlyas oğlu Əfəndiyevin 75 illik yubileyi münasibətilə “Elçin. Ömrün 75-ci baharı” adlı metodik vəsait işıq üzü görüb.

Kitabxananın bölmə müdiri, Beynəlxalq Nobel İnformasiya Mərkəzinin vitse-prezidenti, Respublika Nobel İnformasiya Mərkəzinin sədri  Bəybala Ələsgərovun tərtibçi-müəllifliyi, Kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi, professor Kərim Tahirovun elmi redaktorluğu, ADPU-nin dekanı, dosent Elnarə Mehbalıyevanın redaktorluğu ilə çap olunmuş kitabda ilk olaraq Ümummilli lider  Heydər Əliyevin 29 may 2003-cü il tarixli “E.İ.Əfəndiyevin “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında” fərmanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 may 2013-cü il tarixli “E.İ.Əfəndiyevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında” və 11 may 2018-ci il  tarixli “E.İ.Əfəndiyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında” sərəncamları verilib.

Daha sonra Ulu öndər Heydər Əliyev tərəfindən ədibin 60 illik yubileyi münasibətilə  “Xalq yazıçısı Elçinə” adlı təbriki öz əksini tapıb. Ardınca Xalq yazıçısının illər ərzində tənqid və ədəbiyyatşünaslıq sahəsində xalqa xidmət etməyə çalışması haqqında qısa fikirlərini ifadə edən yazı verilib.

Millət vəkili, akademik Nizami Cəfərovun  ədib haqqında “Ədəbiyyat yaradıcısı, metodoloqu və təəssübkeşi”, tərtibçi-müəllifin “Ömrün 75-ci baharı” adlı məqalələri də bu nəşrdədir.

Ədibin həyatının və elmi, bədii, ictimai-siyasi fəaliyyətinin əsas tarixləri xronoloji qaydada  əks olunub, tərcümə işləri, əsərlərinin digər dillərə tərcüməsi, tərtibçiliyi, redaktəsi, ön sözü ilə çap olunmuş kitablar, həmçinin, mükafatları haqqında məlumat verilib.

“Ədəbiyyat, incəsənət, dövlət xadimləri və oxucuları Elçin haqqında” adlı hissədə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, akademik Məmməd Cəfər, akademik Həmid Araslı, professor Mir Cəlal, Xalq yazıçısı İsa Hüseynov, akademik Bəkir Nəbiyev, Şeyxülislam Hacı Allahşükür Paşazadə, AMEA-nın müxbir üzvü Yaşar Qarayev, akademik Nizami Cəfərov, professor Buludxan Xəlilov, Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl, Qazaxıstanın Xalq şairi Oljas Süleymenov, rus yazıçısı Boris Polevoy, Başqırdıstanın Xalq şairi Mustay Kərim, rumın ədəbiyyatşünası Dmitri Balan, ictimai xadim, keçmiş İstanbul Böyükşəhər Bələdiyyəsi başqanı Bədrəddin Dalan, tənqidçi Elnarə Akimova, İstanbul Kultur Universitetinin rektoru Prof. Dursun Koçer, Türkiyə Respublikasının Mədəniyyət və Turizm naziri Ərtuğrul Günay, ədəbiyyatşünas-tənqidçi, professor Yevgeni Sidorov, “Belçika-Azərbaycan Evi”nin yaradıcısı və rəhbəri Bülənt Gürcam, türk alimi, professor Metin Turan, alman türkoloqu Henrix Fişer, ordu generalı, Türkiyə Silahlı qüvvələri Baş qərargahının sabiq rəisi İsmayıl Haqqı Qaradayı, rus tənqidçisi Svetlana Aliyeva, rus tənqidçisi Alla Marçenko, ingilis ədəbiyyatşünası, tərcüməçi İan Piertdi və digər tanınmış şəxsiyyətlərin yazıçı haqqında fikirləri yer alıb.

“Elçin yaradıcılığının mədəni-maarif müəssisələrində təbliği” adlı metodik tövsiyə hissəsində Xalq yazıçısı Elçinin anadan olmasının 75 illik yubileyi münasibətilə mədəni-maarif müəssisələrinin, o cümlədən, kitabxanaların, mədəniyyət evlərinin, klubların, dram teatrlarının və digər müəssisələrin qarşısında mühüm vəzifələr durduğu  qeyd edilir, geniş oxucu kütlələrini, ictimaiyyəti onun həyat və yaradıcılığı ilə tanış etmək üçün müxtəlif kütləvi tədbirlərdən, o cümlədən, yaradıcılıq gecələrindən, görüşlərdən, oxucu konfranslarından, ilboyu davam edən kitab sərgilərindən, əyani və şifahi təbliğat formalarından, fotostendlərdən, məruzələrdən, söhbətlərdən, sual-cavablardan, biblioqrafik xülasələrdən, teatr tamaşalarından, kinofilmlərdən və s. bu kimi ənənəvi formalardan səmərəli şəkildə istifadə etmək tövsiyə olunur.

Oxucu konfranslarının keçirilməsi qaydası, bununla bağlı kitab sərgisinin tərtibi qaydası verilmiş, yazıçı haqqında olan ədəbiyyatın qısa siyahısı sərgi üçün nümumə olaraq göstərilmişdir. Həmçinin, Elçinin əsərləri, onun haqqında olan materialların mövzu kartotekası şəklində hazırlanıb oxucuların istifadəsinə verilməsi, ədibin yaradıcılığının geniş kütləyə çatdırılmasında yeni forma olan sitat sərgisindən istifadə edilməsi tövsiyə edilib.

Bundan başqa, sual-cavab formasından istifadə edilməsi məsləhət görülərək, bir neçə nümunə verilib. Digər təbliğat forması kimi yaradıcılıq gecələrinin təşkilinin vacibliyi vurğulanıb, onların təşkili zamanı nəzərə alına bilən təkliflər qeyd olunub. Yubileylə əlaqədar olaraq kino işçilərinin Elçinin ssenariləri əsasında çəkilmiş kinofilmlərinin nümayiş etdirilməsi, həmçinin, kitabxanalarda, klublarda, mədəniyyət evlərində yubiley münasibətilə il ərzində davam edən filmlərdən fotosərgilərin təşkili, fotosərgiyə şəkillərdən əlavə bu filmlər haqqında dövri mətbuatda çap olunmuş müxtəlif materialların da əlavə olunması, dram teatrlarında il ərzindəki tamaşalardan çəkilmiş fotoların sərgisinin nümayiş etdirilməsi tövsiyə kimi verilib.

Bu hissəyə əlavə olaraq siyahı şəklində tamaşaya qoyulmuş əsərləri xronoloji qaydada sıralanıb. Teatrın adı, bədii rəhbəri, səhnələşdirən, layihə rəhbəri, kostyum dizayneri, səhnə meneceri, tamaşanın quruluşçu rejissoru, quruluşçu rəssamı, dekorasiya rəssamı, geyim rəssamı, musiqi tərtibatçısı, xoreoqrafı, bəstəkarı, piar marketinqi, fotoqrafı və digər məlumatları əks etdirir.

Sonda, ədəbiyyat siyahısında isə ədibin son illər işıq üzü görmüş kitabları, məqalələri, haqqında kitablar və yaradıcılığı mövzusunda müdafiə edilmiş dissertasiyaların biblioqrafik təsvirləri öz əksini tapıb.

Dissertasiyalar əsasən Elçinin bədii nəsri, dramaturgiyası əsasında, həmçinin, əsərlərinin ekran təcəssümü, dramlarının dili və üslubu, Elçin nəsrində folklorizm, Elçin və teatr mövzularında yazılmış sanballı tədqiqatlardır.

Kitabxanaların elmi-maarifçilik fəaliyyətinin onların işində vacib yer tutduğunu nəzərə alaraq, istiqamətverici bu metodik vəsait müxtəlif təbliğat xarakterli tədbirlərin reallaşdırılmasını tövsiyə edərək ədibin yaradıcılığına gənc oxucuların diqqətini çəkməyə imkan verir.

Aygün HACIYEVA
Azərbaycan Milli Kitabxanasının şöbə müdiri, AMEA-nın doktorantı

 





24.09.2018    çap et  çap et