525.Az

Milli Arxiv İdarəsinin “Cümhuriyyət ili”nə töhfələri


 

Milli Arxiv İdarəsinin “Cümhuriyyət ili”nə töhfələri<b style="color:red"></b>

“Arxiv işlərinə gərək çox ciddi fikir verək. Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən yeganə mənbədir. İkinci də ona görə ki, tariximizi təhrif edənlərin qarşısını almaq üçün çox mühüm amildir”.

(Heydər Əliyev)

Ümummilli liderin epiqraf kimi seçilən bu fikirləri Azərbaycan dövlətinin və xalqının keçmişinə, tarixinə və bu tarixin yazılmasında bilavasitə rolu olan şəxsiyyətlərə olan diqqət və ehtiramını ən dəqiq şəkildə ifadə edir. Məhz bu diqqətin, qayğının nəticəsidir ki, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının yüz illik yubileyi bütün il boyu müxtəlif qurumlar, müəssisələr tərəfindən yüksək səviyyədə qeyd edilir, tarixçi alimlərin, mütəxəssislərin dövr və dövrün müxtəlif məsələləri haqqında kitabları, topluları nəşr olunur. İlin hələ bitmədiyini nəzərə alsaq, bu prosesin hələ də davam etdiyinə və bizi gələcək aylarda da maraqlı layihələrin gözlədiyinə inana bilərik.

Elə toplulardan növbətiləri bu günlərdə Milli Arxiv İdarəsi tərəfindən hazırlanıb ictimaiyyətə təqdim olundu. “Azərbaycan Xalq Cümhuriyyəti - Təhsil Siyasəti” sənədlər toplusu və “Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları” adlı məqalələr toplusunda maraqlı faktlar, bir sıra arxiv sənədləri öz əksini tapıb. 

Hər iki toplu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 16 may 2017-ci il tarixli 2867 nömrəli Sərəncamının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə dair Tədbirlər planı”na uyğun olaraq hazırlanıb.

“Azərbaycan Xalq Cümhuriyyəti. Təhsil siyasəti” adlı sənədlər toplusu Cümhuriyyətin təhsil və maarif sahəsində fəaliyyətini əks etdirən arxiv sənədləri əsasında hazırlanaraq xronoloji ardıcıllıqla 1918-ci ilin may ayından 1920-ci ilin aprelinədək olan dövrü əhatə edir.

Azərbaycan və rus dillərində hazırlanmış topluya daxil edilmiş sənədlərin əksəriyyəti Dövlət Arxivində və Dövlət Tarix Arxivində mühafizə edilən fondlardan seçilib.

Kitabın məsul redaktoru tarix elmləri doktoru Ataxan Paşayev, redaktoru isə filologiya elmləri doktoru, professor Əsgər Rəsulovdur. Onlardan başqa, sənədlər toplusu nəşrə Milli Arxiv İdarəsinin əməkdaşları - F.Aslanova, M.Eldarova, R.Səfərov, N.Eminov, həmçinin, Dövlət Tarix Arxivinin əməkdaşı, filologiya elmləri namizədi S.Babayeva və Dövlət Tarix Arxivinin əməkdaşı S.Oleynikova tərəfindən hazırlanıb.

“Müqəddimə”də Azərbaycan Xalq Cümhuriyyətinin və onun qurucularının təhsil islahatları, elmə, təhsil sahəsinə olan diqqəti ümumi şəkildə şərh edilir.

Üç fəsildən ibarət toplu orta təhsil (məktəb), orta-texniki, hərbi və xüsusi təhsil, eləcə də ali təhsil müəssisələrini əhatə edir. Fəsillər daxilində sənədlərin xronoloji ardıcıllığı gözlənilir.

“Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları” kitabında isə Milli Arxiv İdarəsi və dövlət arxivləri əməkdaşlarının arxiv sənəd və materialları, eləcə də digər tarixi mənbələr əsasında yazdıqları və müxtəlif illərdə mətbuat səhifələrində çap edilmiş 25 portret-oçerk və məqalə toplanıb. “Elm və təhsil” nəşriyyatında nəfis tərtibatda işıq üzü görən toplunun redaktoru və “Milli-mənəvi sərvətimizin etibarlı saxlanğıcı” adlı ön sözünün müəllifi filologiya elmləri doktoru, professor Əsgər Rəsulovdur.

Toplu “İstiqlal bəyannaməsi” haqqındakı geniş məqalə ilə başlayır. Daha sonra “Şərqdə ilk demokratik hüquq dövləti”, “Azərbaycan Xalq Cümhuriyyətində dövlət quruculuğu”, “Azərbaycan Xalq Cümhuriyyətində Milli Ordu quruculuğu” kimi məqalələrdə cəmi 23 ay yaşamış bir dövlətin hansı hüquqi və demokratik qanunlarla idarə olunduğunu, az ömrünə sığışdırdığı böyük və çox əhəmiyyətli işlərdən bəhs edilir.

Toplu adından da göründüyü kimi, Cümhuriyyətin qurucularından, bu amal uğrunda, xalqın azadlığı, dövlətçiliyimizin bərpası yolunda rahatlığından, dincliyindən, canından, qanından keçən şəxsiyyətlərdən bəhs edir, onların şərəfli ömür yolunu bir daha oxucuya təqdim edir. Məhəmməd Əmin Rəsulzadə (“Müstəqillik fədaisi”), Əlimərdan bəy Topçubaşov, Fətəli Xan Xoyski, Nəsib Bəy Yusifbəyli, Ceyhun Hacıbəyli, Üzeyir Hacıbəyov, Firudin bəy Köçərli, Həmid by Şahtaxtinski, Əhməd bəy Ağayev, Yusif Vəzir Çəmənzəminli, Teymur bəy Novruzov və digərləri bu şanlı tarixin memarlarıdır. Onların xatirəsi necə ki, yüz il sonra da yad edilir, yazılır, araşdırılır, bundan sonra da əbədiyyən yaşayacaq və yaşadılacaq!

 





24.09.2018    çap et  çap et