525.Az

Fuad Axundovla Bakı səyahəti - Fotolar


 

Fuad Axundovla Bakı səyahəti - <b style="color:red">Fotolar </b>

HƏSRƏTİN TƏDQİQİ 

Nə zamansa - çox da keçmiş olmayan illərdə bu ölkədə, bu məmləkətdə Fuad Axundov adlı alim, zəngin bilik və istedad sahibi telejurnalist, coşqun təbiətli bir insan olub.
 
O Fuad Axundov ki, çoxumuz elə dildə “Qədim Bakı” deyib, bu qədimliyin mahiyyətinə varmadığımız halda, bizim hamımızın yerinə həmin qədimliyi araşdırıb, öyrənib və uzun müddət bizlərə öyrətmək əzmində olub. Gah müsahibələri, gah çəkdiyi süjetləri, gah da müəllifi və aparıcısı olduğu “Bakının sirləri” adlı televiziya layihəsi ilə...

Olub deyirəm, çünki biz əlimizdə, ovcumuzda olan çox dəyərlər kimi, onu da itirməyi bacarmışıq və o, uzun illərdir ki, Bakısından uzaqda həyat sürməkdədir. İllərlə böyük bir sevgiylə, heyranlıqla tədqiq etdiyin, öyrəndiyin, öyrətdiyin şəhərə bir zaman uzaqdan - dünyanın o başından baxmaq, havasına, suyuna, insanlarına, o qədimliyinə həsrət yaşamaq nə qəribə və ağrılı taledir, kim bilir. Ancaq etiraf etmək lazımdır ki, bu uzaqlıq ondan çox, bizim əleyhimizə işlədi. Məsələn, gənc nəslin nümayəndəsi kimi mən onun adını cəmi bir neçə gün öncə eşitdim və kimliyi haqda məlumat toplamağa başladım. Yox, düşünmürəm ki, bu, mənim, ya da Fuad Axundovun günahıdır. Bu, gərəkli təbliğatın zəifliyinin nəticəsidir ki, çoxumuz, xüsusən də biz gənc nəsil onu bu qədər uzun müddətdə kəşf edə bilməmişik.

Onun “Bakının sirləri” verilişi və özünəməxsus, bəlağətli danışığı köhnə, dumanlı, rəngi-rufunu itirmiş kadrlar kimi yadıma gəlir. Bir də o maraqlı, fərqli tembrdəki səsini xatırlayıram. Vəssalam! Hafizəmin onunla bağlı hissəsində başqa heç nə yoxdur. Bu xatırladıqlarımı isə bir neçə gün öncə internetdən izlədiyim o kadrların hesabına yaddaşımda apardığım çox dərin “qazıntı işlərindən” sonra aşkara çıxara bildim.

Fuad Axundov tarixçidir, daha dəqiqi, Bakının tədqiqatçısı. Xüsusən 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərindəki Bakının tarixini kökündən, ən incəliklərinə, dərinliklərinə qədər araşdırıb, öyrənib. Ancaq onun bu araşdırması qalın-qalın kitab cildləri, arxiv materialları, tarixi sənədlər, fotolarla yekunlaşmır. O, Bakının - bu qədim və ecazkar şəhərin az qala hər daşını araşdırıb, öyrənib, Bakını küçə-küçə, bina-bina, abidə-abidə deyil, daş-daş “oxuyub”, “əzbərləyib”. Özü bu sonsuz səbr tələb edən araşdırmalarını belə əsaslandırır: “Daşlarda nə qədər insan enerjisi var. Şəhər mədəniyyətini qum üzərində qurmaq olmaz”.

ONU TANIMAQ ŞANSI

Heç bir ay deyil ki, gözəl paytaxtımızın mərkəzində böyük, yaraşıqlı, sözün bütün mənalarında işıqlı bir mədəniyyət ocağı - Bakı Kitab Mərkəzi yaradılıb. Bu mərkəz təkcə kitab satışı ilə məşğul olmur, yarandığı ilk gündəncə kitabı, kitab yazanları, onu araya-ərsəyə gətirənləri, bir sözlə, kitabla bağlı hər şeyi və hər kəsi ən yüksək şəkildə təbliğ edir, bir məkanda birləşdirir.

Haqqında bəhs etdiyim Fuad Axundovu tanımağıma vasitəçi də məhz Bakı Kitab Mərkəzi oldu, daha doğrusu, onun “Tarixlə üz-üzə” layihəsi. Bundan əvvəlki ilk tədbirində iştirak etdiyim layihənin budəfəki elanı da diqqət cəlb edirdi. Çünki mövzu Bakı idi: gözümü açdığım, 26 illik ömrümün az qala hər saniyəsini üzərində keçirdiyim, hər gün bir başından o biri başına universitetə, işə gedib-gəldiyim doğma Bakım və onun məndən çox, lap çox öncəki tarixi...

Bu tarixi isə bizə Fuad Axundov adlı tarixçi danışacaqdı. Elanda da elə bu cür yazılmışdı “Bakının tədqiqatçısı!” Deməli, bir şəhərin tarixinə illərini, enerjisini həsr edən insanlar da varmış.

Tədbirə hələ üç gün var idi. Və mən bu müddət ərzində onun haqqında araşdırma apara bilərdim.

O DANIŞMIR, YAŞAYIR

Onun haqqında ilk bilgini Rəşad Məcidin “İkiqat mühacir” adlı essesindən aldım. 2007-ci ilin oktyabrında yazılmış esse müəllifin Fuad Axundovla görüşündən və onun fəaliyyətinə, şəxsiyyətinə olan müsbət münasibətindən bəhs edir. Rəşad müəllim “Bakının sirləri” proqramından danışarkən onun Bakı sevgisini belə şərh edir: “Heç şübhəsiz, “Bakinskiye taynı” bu gün Azərbaycan efirindəki verilişlərdən bir baş yuxarıda dayanır. Həm qayəsinə, mövzusuna, həm də aparıcının səviyyəsinə görə. Bu isə onun - peşəsi jurnalist olmayan, tamam başqa ixtisas sahibi Fuad Axundovun fəaliyyəti sayəsində mümkün olub. Lap dəqiqi, onun Bakıya, Bakının tarixinə olan sonsuz SEVGİsi və bu sevginin verdiyi enerjinin, ilahi gücün sayəsində əldə edilən hədsiz informasiya hesabına. Bunlar bir-birindən ayrı olsa, şübhəsiz, bu effekt alınmazdı”.

Rəşad Məcidin onun haqqında bu cür sevgi və heyranlıqla söz açması bu alimə marağımı daha da artırdı və mən başladım internetdən videolarını, sujetlərini, verilişindən bölmələri izləməyə, müsahibələrini oxumağa.

Öncə onu deyim ki, Fuad Axundov bizim öyrəşdiyimiz, bildiyimiz klassik alim modelindən çox uzaqdır. Heç danışığında ənənəvi təmkindən də əsər-əlamət yoxdur. O, Bakıdan danışarkən tamamilə dəyişir, bambaşqa insana çevrilir. Bol enerjisi, dipdiri gözləri, jestikulyasiyası, danışdıqca obrazdan-obraza düşən üzü, mimikaları, enib-qalxan səs tonu insana elə hisslər bəxş edir ki, sanki o, Bakını danışmır, Bakını bütün varlığıyla, ruhuyla yaşayır. Onun danışdığı ən adi hadisəyə belə biganə qalmaq mümkün deyil. Çünki o, özü artıq çevrilib hadisə olur. 

Kadrlar, şəkillər, videolar olmasa belə, Fuad Axundovun səsi və danışıq tərzi insana heç zaman görmədiyi o dövrə, hadisələrə səyahət təsiri bağışlayır. Sanki bu səs insanın əlindən tutub o daş binaların, qədim tikililərin, abidələrin, arasıyla gəzdirir, haqqında danışdığı insanlarla şəxsən tanış edir, səni də o dövrün bir parçası edir və sən bu yaşananların canlı şahidinə çevrilirsən.

Onun videoçarxlarında xarici turistlərlə Bakı haqqındakı söhbətlərini ləzzət almadan dinləmək mümkün deyil. Elə böyük şövqlə, ehtirasla danışır ki, bir anlıq sən də bu əzəmətli şəhəri yeni görmüş turist kimi hiss edirsən özünü. Əslinə baxanda, onun danışdığı Bakını çoxumuz ilk dəfə görürük - Fuad Axundovun gözü ilə. Həqiqətən də o, insanı Bakıya məhz onun gözüylə baxmağa məcbur edir.

BAKI HAQQINDA “MONOTAMAŞA”

Nəhayət, həmin gün gəlib çatdı. Sentyabrın 27-i saat 19:00 ərəfəsində Bakı Kitab Mərkəzinin 2-ci mərtəbəsi adamla dolu idi. Tədbirin vaxtından 15 dəqiqə öncə ora çatsam da, artıq nəinki oturmağa, az qala ayaq üstə dayanmağa da yer qalmamışdı. Geniş, işıqlı görüş zalında adam əlindən tərpənməyə yer yox idi. Elə bir tərəfdən stullar daşınır, amma yenə də ayaq üstə qalan insanların sayı azalmırdı. Onların arasında gənclər də vardı, orta və yaşlı nəslin nümayəndələri də. İlk dəfə idi ki, tədbir öncəsi bu qədər səssiz və sakit zal görürdüm. Ora-bura stul daşıyan, insanlar üçün yer düzəldən əməkdaşlardan başqa heç kimin səsi çıxmırdı. Hamı böyük səbr və gözlərindəki sonsuz sevgi ilə zalın ortasında qonaq üçün ayrılmış yerə baxırdı. Fuad Axundov isə hələ görünmürdü.

Nəhayət, böyük çətinliklə özümə yer tapıb oturdum. Deyilən vaxtda Mərkəzin direktoru Günel Anarqızı və Fuad Axundov göründülər. Günel xanım qonaqları salamlayıb, tarixçi alim haqqında və  bu görüşün məqsədi barədə bir neçə cümləlik məlumat verdikdən sonra mikrofonu Fuad Axundova ötürdü. O da özünəməxsus yumorla qonaqları salamladıqdan sonra əsas mövzuya keçdi və bizim “inqilabdan əvvəlki Bakıya səyahətimiz” başlandı. Alim “İnqilabdan əvvəlki Bakının etnik və mədəni müxtəlifliyi”ndən danışırdı. Yox, o, yenə də danışmırdı, o dövrü canlı-canlı yaşayırdı, yaşadırdı.

İki saat ərzində alim dayanmadan, ara vermədən birinci neft bumu dövründəki Bakının tarixindən, burada yaşayan müxtəlif xalqların ən görkəmli nümayəndələrindən, onların bu şəhərin inkişafına töhfələrindən o qədər çox informasiya verdi ki, özümü Bakı adlı böyük bir okeanın içərisində hiss edirdim. Hər tərəfdən üstümə məlumat yüklü dalğalar şığıyırdı və mən o dalğaların hamısına böyük zövqlə qucaq açırdım. Axı onlar doğma sahildən gəlirdilər.

Fuad Axundov gah Bakının o dövrdəki etnik tərkibini sadalayır, gah ayrı-ayrı xalqların bu qədim şəhərin tarixindəki izindən söz açır, gah Bakının ilk merini tanıdır, gah da Dümanı yada salırdı. Böyük ekranda nümayiş olunan şəhərin XIX əsrin sonu-XX əsrin əvvəllərinə aid fotolarından ibarət kollaj isə mühazirənin təsirini daha da artırır, “səyahətimizi” daha yaddaqalan edirdi.

Bir insana düz iki saat tərpənmədən, az qala nəfəs almağı belə unudaraq, gözlərini ondan çəkmədən qulaq asmaq da mümkünmüş. Bunu həmin gecə Fuad Axundov sübut elədi. Çünki o iki saatda yaşananlar adi mühazirə deyildi, sanki hansısa böyük bir teatrın səhnəsində nümayiş olunan monotamaşa idi. O danışdıqca mənə elə gəlirdi ki, hansısa monotamaşadayam və Fuad Axundov adlı məşhur, peşəkar bir aktyorun Bakı haqqındakı monoloqunu dinləyirəm.

Başındakı araxçın da bütün o məlumatları, informasiya selini, Fuad Axundov fərqini tamamlayır, simasına ayrı bir xarizma qatırdı. Yalnız dili, kəlmələri deyil, gözləri, baxışları, əlləri, jestləri, gülüşü belə danışırdı və o qədər sərbəst, azad danışırdı, bir məqamdan sonra insana elə gəlirdi ki, sanki qarşındakı o böyük şəhərdir - Bakıdır, özü-özünü tanıdır.

Tədbir başlayandan insanlara baxmağı unutmuşdum. Ön cərgədə oturduğumdan zalda nə qədər adam olduğunu bilmirdim. Yaranan kiçik fasilədən istifadə edib bir anlıq arxaya boylandım və gördüyüm mənzərədən heyrətə düşdüm. Onlarla insan ayaq üstə, gözünü bircə an da mühazirəçidən çəkmədən, diqqəti yayınmadan dinləyirdi. Bu, onun uğuru idi. Belə böyük bir auditoriyanı təkbaşına ələ almaq, iki saat (əminəm ki, əgər mühazirə uzansaydı, o insanlar yenə də eyni diqqət və ciddiyyətlə dinləyəcəkdilər!) ara vermədən ötürdüyün informasiya bolluğuna rəğmən insanları yormamaq hər kəsə nəsib olan xoşbəxtlik deyil.

SON SÖZ ƏVƏZİ

Son dərəcə coşqun temperamentli, təpədən-dırnağa tarix olan Fuad Axundovun Mayakovskinin Bakıya həsr etdiyi şeirlə təsirləndiyimiz, “Əli və Nino” adlı gerçək eşq hekayəsini xatırladığımız, köhnə Bakıyla müasir paytaxtımızın oxşar və fərqli yanlarını bəzən təəssüf, bəzən yumor, bəzən də qürurla etiraf etdiyimiz mühazirəsi - monotamaşası da bitdi, o mühazirədən aldığımız təəssürat yazısının da son nöqtəsi qoyulmaq üzrədir. Amma mənim fikrimdə hələ də Rəşad Məcidin essesindəki bir sual dolanır: “Bir də bu şəhərin tarixini, hər tikilinin hekayətini bu dərəcədə ətraflı bilən və bu dərəcədə ondan şövqlə söhbət açan ikinci bir adam yetişəcəkmi?!”

 





29.09.2018    çap et  çap et