525.Az

İspaniya - düşüncələr və unudulmaz xatirələr


 

İspaniya - <b style="color:red">düşüncələr və unudulmaz xatirələr</b>

(Əvvəli ötən şənbə saylarımızda)

“Bütün böyük səyahətçilər kimi, mən xatırladığımdan çox şeyi görmüşəm və gördüklərimdən çox şeyi xatırlayıram”.

Bencamin Dizraeli
Böyük Britaniyanın 1868-1874-cü illərdəki baş naziri   

Müsəlman İspaniyasının mədəniyyəti 

Ərəblər tənəzzülə uğramağa başlayanda yarımadadakı Ərəb siviliziyası siyasi qüdrətin zenitində idi. VIII əsrdə tibb, kənd təsərrüfatı, astronomiya və coğrafiyaya dair populyar əsərlər latından ərəb dilinə tərcümə edilmişdi. Bu mətnlərin çoxu sevilyalı İsidoranın və digər xristian yazıçılarının “Etimologiyaları”ndan çıxarılmışdı. IX əsrdə vəziyyət bir qədər də dəyişdi, Şərqə səyahət edən andalusiyalılar Məkkəyə gedən zəvvarlara qoşularaq bu regionda olmaları hesabına öz biliklərini artırmışdılar və bunları öz doğma ölkələrində tətbiq etdilər. İspaniya həmin dövrdə ərəb mədəniyyətini Avropaya ötürən körpü rolunu oynayırdı. Ərəblərin əsərləri hesabına Orta əsrlər Avropası zəngin yunan fəlsəfəsi və ədəbiyyatı ilə ilk dəfə tanış olmaq imkanı qazandı.

IX əsrdə burada saray şairləri dəstəsi məşhurlaşdı. X əsrdə bard ənənəsi əl-Manşurun ətrafında meydana çıxdı. Bardlar müasir jurnalistlərin işini görürdülər. Onlar öz himayəçilərini hərbi yürüşlərlə də müşayiət edir və gördüklərini mahnı ritmindəki şeirlərdə ifadə edirdilər. Ona görə də bu nümunələr Andalusiya sakinlərinin yaddaşına həkk olunmuşdu. Əl-Manşurun özü dövrünün yüksək istedadı olmaqla, “şair-jurnalist” idi. X əsrdə Andalusiyada şairlərin ilk antologiyası - “Kitab əl-Hadaid” - “Bağlar kitabı” meydana gəldi. Ərəb ədəbiyyatında, bu ənənə müasir dövrdə də qalmışdır, poeziya nəsrdən daha çox təsir gücünə malik idi. Andalusiyanın müsəlman dünyasında (Əl-Əndəlusda) elə əsərlər meydana gəlmişdi ki, həmin mətnlərdən ənənəvi islamşünaslıq universitetlərində bu gün də istifadə olunur.

Quran bilikləri sahəsində də ispan müsəlmanları dəyərli əsərlər yaradırdılar. Onlar həmçinin, müxtəlif növdə olan hədisləri meydana gətirmişdilər. Qranadadakı Əbu-Heyran (XIV əsrdə) Qurana məzmunlu təfsir yazmışdı. O, həm də ilk türk qrammatikasının müəllifi idi. Böyük filosof Averroesin babası olan İbn Ruşd andalusiyalı olsa da, Şərqin təqlidçisi idi. İbn əl-Kutiya isə “İspaniyanın işğal tarixi” əsərini yazmışdı.

Müsəlman İspaniyasında elm də inkişaf edirdi. XI əsrin ortalarında Toledo hadisi İbn Said elmin tarixinə aid stolüstü kitab yazmışdı, burada texniki məsələlərdən geniş məlumat verilirdi.

Andalusiyalılar astrologiyada, özü də həm nəzəri, həm də praktiki sahədə xeyli irəlidə idilər. Müsəlman İspaniyasında astrologiya çox populyar idi.

Esoterik və ya okkulist biliklərə aid traktatlar təbiət elmləri üçün istifadə olunurdu. Andalusiya ərəbləri latın klassiklərinin təbiət elmləri ilə əlaqədar olan mətnləri ilə tanış idilər. Onlar Varrodan, Vergilidən və digər qədim Roma müəlliflərindən sitatlar gətirirdilər. Texnologiyada Müsəlman İspaniyası özünün külək dəyirmanlarına və kağız manufakturalarına görə seçilirdi.

Ərəblər İspaniyadakı şəhərləri yeni binalarla abadlaşdırır, gözəlləşdirirdilər, 825-ci ildə isə varlı bir rayonda, Sequra çayının sahilində Mursiya şəhərinin əsasını qoydular. Onlardan heyranedici, dövrünü qabaqlayan parlaq arxitektura nümunələri qalmışdır. Təəccüb doğuran cəhət odur ki, səhralardan çıxmış, at belində çapan bir xalq belə şəhərsalma qabiliyyətinə, əslində, müqayisə edilməz bir istedada yiyələnmişdi. Onu da unutmaq olmaz ki, bu xalq tarixdə ilk şəhərlər salmış Şumerlə, sonralar qədim dünyanın çox gözəl şəhəri sayılan Babillə qonşuluqda yaşamış, onların bu sahədəki geniş biliklərindən xeyli şey əxz etmişdi. 

Katolik krallar

II Ferdinand, o, 1474-cu ildən Kastiliyanın V Ferdinandı olmaqla, 1479-cu ildə Araqon taxt-tacına sahib oldu. İzabella isə beş il əvvəl Kastiliya kraliçasına çevrilmişdi. Şərqi İspaniyadan olan Araqon və qərbi İspaniyadan olan Kastiliya, nəhayət, Avropada ikinci ən qüdrətli monarxiya oldu.

Nəsillər boyu İspaniyada qarşılıqlı nikahlar tətbiq olunurdu. Kastiliya və Araqon taxt-taclarının ittifaqı XV əsrin son rübündən zəruri olmaqla, ondan da uzağa getdi. Araqon kralının oğlu və varisi Ferdinand 1469-cu ildə kastiliyalı İzabellaya evləndi. Araqon Pireneydə Fransanın təcavüzünə qarşı Kastiliyanın köməyinə möhtac idi.

Ferdinand və İzabella iki krallığı birgə idarə edirdilər və onlar Katolik krallar kimi tanınırdılar. Ərazi ölçüsündə, institutlarda, ənənələrdə və həm də hətta dildə iki krallıq bir-birindən xeyli dərəcədə fərqlənirdi. Araqon krallığının və Valensiyanın əhalisinə müvafiq olaraq 20 faizi və 30 faizindən artığı mavrlar və moriskolar (rəsmən xristianlığa keçmiş mavrlar) idi.

Ferdinand taxt-tacın gücünü artırmaq istəyirdi. O, öz diyarına sülh və sosial stabillik vermişdi.

Katolik krallar taxt-tacın qüdrətini bərpa etməyə çalışmışdılar. İtaliyada ispanlara tabe olan torpaqlarda Ferdinand qayda qoydu ki, papanın bullaları yalnız onun icazəsi ilə dərc edilə bilər. 1483-cü ildə isə İnkvizisiya Şurası fəaliyyətə başladı.

1504-cü ildə İzabellanın ölməsi ilə Yeni Dünyanı kəşf edən Xristofor Kolumbun taleyi də tutqun çalarlara boyandı, o, təhqirə məruz qaldı və iki il sonra dünyadan köçdü.  

İspan inkvizisiyası

Orta əsrlər İspaniyası özünün çox sayda mavr və yəhudi əhalisi ilə Qərbi Avropada multi-irqi və multi-dini ölkə idi və sonrakı əsrlərdə İspaniya sivilizasiyası dində, ədəbiyyatda, incəsənətdə və arxitekturada xeyli inkişaf etmişdi. Yəhudilər İspaniyaya və onun monarxlarına yaxşı xidmət edirdilər. Fəal kommersiya sinfi olmaqla və təhsil görmüş elitaları ilə onlar çox sayda inzibati vəzifələri tuturdular. Lakin onların varlı olması, zəruri olaraq arasında yaşadığı əhalinin digər hissəsində qısqanclıq yaradırdı və onların heterodoksiyasına (eyni vaxtda müxtəlif dinlərə sitayiş etmələrinə) əhalidə nifrət meydana gəlirdi.

Əhali həm də ənənəvi olaraq özünü bu dinsizlərə qarşı xristianlığın müdafiəçisi kimi göstərirdi. Katolik krallar yaxşı taktiklər olmaqla, bu əhval-ruhiyyədən fayda götürürdülər. 1478-ci ildə onlar Roma papası IV Sikstdən yəhudilərin və həm də onların arasından başqa dinə keçənlərin güman edilən şər təsirinə qarşı ilk dəfə papa bullasının dərc edilməsinə nail oldular. İspan inkvizisiyası isə kral məhkəməsi kimi təşkil olundu, oradakı bütün təyinatlar taxt-tac tərəfindən həyata keçirilirdi. Xeyli sonra IV Sikstə məlum oldu ki, onun nəhəng kilsə qüdrəti artıq əlindən çıxmışdır.

Mənəvi təhlükə kimi bu institut gizli saxlanırdı və bu da Romaya müraciət etməyə icazə vermirdi.

İnkvizisiya ordusu həm özünün mühafizəçisi kimi, həm də məlumat verəni, donosçusu kimi fəaliyyət göstərirdi. Mülki və dini səlahiyyətlərin birləşməsi ilə ispan inkviziyası kral mütləqiyyətinin vahimə yayan bir  zirehli silahına çevrildi. İnkvizisiyanın Ali Şurası (və ya Suprema) Katolik kralların öz birgə krallıqları üçün təşkil etdikləri yeganə rəsmi institut idi. Buna baxmayaraq, onlar düşünürdülər ki, bu institut siyasi şərtlərə malik olmamaqla, əsasən, dini təşkilatdır.

İnkvizisiyanın gizli aparılan prosedurları, dindən adamları təcrid etmək praktikası, işgəncələrdən istifadə edilməsi, ittiham olunanların alçaldılması (onlara uzun konus şəklində papaq geyindirirdilər ki, boyları cılız görünsün), ittiham edilənlərin müdafiəsi üçün vəkilin olmaması, düşmənçilik yolu ilə şəhadət verilməsinə qarşı heç bir hüququn olmaması, məhkum olunanların mülkiyyətinin müsadirə olunması təcrübəsi və bu mülkiyyətin inkvizisiya, taxt-tac və ittiham edənlər arasında bölünməsi - bütün bunlar dəhşətli terroru ilhamlandırırdı. Əslində, inkvizisiya bu eybəcərlikləri həyata keçirmək mənasını verirdi.

(Ardı var)

 





01.10.2018    çap et  çap et