525.Az

İran Türkiyədən yardım istədi


 

İran Türkiyədən yardım istədi<b style="color:red"></b>

İranın xarici işlər naziri Əli Əkbər Salehi ilə türkiyəli həmkarı Əhməd Davudoğlu arasında telefon danışığı olub.

APA-nın İRNA-ya istinadən məlumatına görə, Ə.Salehi Suriya müxalifətinin girov saxladığı 48 İran vətəndaşının sərbəst buraxılması üçün Türkiyədən yardım istəyib.

İran rəsmisi Suriya müxalifətinin girovların edam olunacağı ilə təhdid etdiyini deyərək, Türkiyədən bu məsələdə daha ciddi səy göstərməsini istəyib. Ə.Davudoğlu da öz növbəsində Türkiyənin məsələ ilə bağlı səylərini davam etdirəcəyini bildirib.

Qeyd edək ki, avqustun 4-də Suriyanın paytaxtı Dəməşq şəhərində 48 iranlı zəvvar qaçırılıb. Onlardan birinin əfqan olduğu bildirilir. Qaçırılan zəvvarlardan bəzilərinin İran İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) üzvləri olduğu vurğulanır. Azad Suriya Ordusu isə bu günlərdə onların yeni video görüntüsünü nümayiş etdirib. Video görüntüdə Azad Suriya Ordusu yeni tələblərini səsləndirib. Belə ki, Azad Suriya Ordusu məsələ ilə bağlı İranla müzakirə masasına oturmağa hazır olduğunu və iranlı girovların sərbəst buraxılması üçün Bəşər Əsəd hökumətinin zindanlarında olan hərbçilərinin dəyişdirilməsini istədiklərini bəyan edib. Ancaq İran və Suriya hökumətlərinin mübadiləyə müsbət yanaşmaması səbəbindən müzakirələrin müvəffəqiyyətsizliklə nəticələndiyini açıqlayıb. Video görüntünün sonunda 48 saat ərzində Suriya həbsxanalarında olan Azad Suriya Ordusunun hərbçilərinin sərbəst buraxılmadığı və Bəşər Əsəd hakimiyyətinin mülki vətəndaşların yaşadığı bölgələri bombalamağa davam etdiyi təqdirdə, həlak olan hər bir suriyalı üçün bir iranlı girovun edam ediləcəyi vurğulanıb.

 





08.10.2012    çap et  çap et