525.Az

Sözün, sənətin İlyas Əfəndiyev ucalığı


 

Sözün, sənətin İlyas Əfəndiyev ucalığı<b style="color:red"></b>

Onu ilk dəfə oxuyanda "yazıçılıq nə gözəldir, düşüncələrini, xəyallarını, arzularını, gördüklərini, görmək istədiklərini yaza bilirsən, hamı da oxuyur" - demişdim. Yazıçılığın fərqli peşə, nasirin qeyri-adi insan olduğuna əsərləri ilə inandırmışdı məni.

Bu günə kimi də onun yazdığını düşünmürəm. Bunun adı təkcə "yazmaq" olmamalıdır çünki. O, obrazlarını tək-tək dirildib, bizim yaşadığımız cəmiyyətə gətirib, "burada gəz, dolan, səni oxuyanlarla tanış ol" - deyib sanki. Ona görə də canlıdırlar, həmişəyaşardılar, illər keçməsinə baxmayaraq, hələ də seviləndilər, maraqlıdırlar. Bəlkə ona görə ki, bizdən biridirlər?! O, heç bir obrazını qeybdən, ayrı dünyalardan, xəyallar aləmindən, utopiyadan tutub gətirmirdi, bu cəmiyyətdə, bu mühitdə, gündəlik qarşılaşdığımız, üz-üzə gəldiyimiz, yanından bəzən etinasızca ötüb keçdiyimiz, bəzən ayaq saxlayıb hal-əhval tutduğumuz insanları obraz olaraq seçirdi. Hətta qəfildən səhifələr güzgüyə çevrilər, özümüzü belə görərik sətirlərin arasında. Ədəbiyyata, kitaba yeni-yeni məhrəmləşən bir uşaq üçün ömrü boyu unutmayacağı hissdir bu. Mən də unutmadım, unutmuram...

İlyas Əfəndiyev imzası ilə ilk dəfə "Geriyə baxma, qoca" əsərindən dərsliyə düşən kiçik parça ilə tanış olmuşdum. Adətim üzrə o kiçik parça ilə kifayətlənməmiş, yazıçının "Seçilmiş əsərləri"ndən həmin romanı tam oxuyub bitirmişdim. Etiraf edim ki, romanın qalınlığı o zamanki balaca qızcığazı qorxutmuşdu, "bu əsəri nə vaxta oxuyub bitirərəm?" - deyə düşünmüşdüm. Amma elə ki, ilk səhifələr bir-birini əvəz edirdi, roman sanki məni çəkib özündə saxlayır, başqa bir yerə tərpənməyə, başqa nəsə haqda düşünməyə imkan vermirdi. Yazıçının balaca uşağın belə anlayıb sevə biləcəyi qədər aydın, rəvan, sadə, axıcı, səmimi dili mənim o əsəri oxumağımı asanlaşdıran bir səbəb idisə, hadisələri nəql edənin aşağı-yuxarı mənlə eyni yaş dövründəki Murad olması isə ikinci əsas səbəb idi. Murad elə yazıçının özü, daha doğrusu, prototipidir.

Avtobioqrafik əsər hesab olunan "Geriyə baxma, qoca" romanı İlyas Əfəndiyevin altıncı romanıdı. Yazıçı bu romanı 1980-ci ildə, altmış altı yaşında yazıb.

Elə bu romanın ardından dərhal oxuduğum digər əsərlərində, hekayələrində, pyeslərində yazıçının son dərəcə müasir, yenilikçi təfəkkürü, yeni, müasir insana marağı diqqətimi çəkmişdi. Hətta sonralar onun oğlu, Xalq yazıçısı Elçindən bu mövzu ilə bağlı oxuduğum sözləri xatırlayıram. O deyir: "Mən deyə bilmərəm ki, İlyas Əfəndiyev keçmişlə yaşayırdı, çünki belə deyildi, bəlkə də, əksinə idi, o, gələcəklə yaşayan bir adam idi və onun yaradıcılığındakı daimi yenilik meyli də, şəxsiyyətindəki xüsusiyyət - həmişə təzəlik, yenilik sorağında olması da, güman ki, elə buradan gəlirdi..."

İstər-istəməz ilk oxuduğum bu əsərlə digərlərini müqayisə etmişdim. Çünki "Geriyə baxma, qoca" romanı kənd mühitini, tərəkəmə həyatını ən kövrək çalarla, ən gözəl və təbii şəkildə əks etdirən romandır. Altmış altı yaşlı müəllifin bu həyata, xalqın keçmişinə, folkloruna, adət-ənənələrinə olan sevgisi balaca Muradın fonunda təqdim edilir. Ədib romanda yaxşı, pis, xoşbəxtlik, bədbəxtlik, həyat, ölüm, sevgi, nifrət kimi insan mənəviyyatının təzahürü olan hissləri o qədər nəcib, həssas, kövrək dillə təqdim edir ki,  oxucu da o hissləri romanın qəhrəmanları ilə birgə addım-addım, nəfəs-nəfəs yaşayır.

Romandakı hadisələr XX əsrin əvvəllərində Qarabağda cərəyan edir. Yazıçı o nəsil şəcərəsində baş verən bitkin, maraqlı məlumatları oxucusu ilə bölüşür. Eyni zamanda, Qarabağın füsunkar təbiəti, bəylərin, xanların, onların ailələrinin yaşayış tərzi sözlər vasitəsilə çox canlı təsvir olunur. 

Yadımdadır ki, əsəri oxuyub bitirəndən sonra bir müddət təsirindən çıxmamış, hətta böyüklər vasitəsilə öz nəslimizi, şəcərəmizi araşdırmışdım.

Görkəmli şair İlyas Tapdıq "Bir gözəl görüşün həsrəti" adlı məqaləsində İlyas Əfəndiyevi vətənpərvər bir yazıçı kimi səciyyələndirərək yazır: "Geriyə baxma, qoca", "Sarıköynəklə Valehin nağılı"....kənd mühitində yaşayan soydaşlarımızın keçmişini, gələcək arzularını bədii sözün gücü ilə açıb tökən sənət nümunələridir. Hər hansı bir əcnəbi-xarici ölkə vətəndaşı İ.Əfəndiyevin əsərlərini oxusa, ölkəmiz, xalqımız haqqında dolğun ensiklopedik bilik əldə etmiş olar. Və azərbaycanlıların adət və ənənələri, bu xalqın tarixi taleyi, torpağa münasibəti haqqında əsl həqiqətləri, bu xalqın gözəl ürəyini, ucalığını öyrənə bilərlər".

Mərhum şairin sözlərinə qüvvət olaraq, deyə bilərik ki, İlyas Əfəndiyevin nisbətən kiçik həcmli əsərlərində də xalqının folkloruna, tarixi köklərinə, saf, təmiz dilinə sonsuz sevginin izləri ilə tez-tez qarşılaşırıq. Ədib "Qarı dağı", "Apardı sellər Saranı" kimi hekayələrində folklor motivlərindən ustaqlıqla istifadə edib. O, xalq arasında məşhur olan, dildən-dilə dolaşan əfsanələri yazıya köçürür, amma İlyas Əfəndiyev kimi. Onun qələminin "dadı-duzu" ilə əfsanələr yeni nəfəs qazanır, müasir dövrümüzlə uyğunlaşır.

Onun folklora sevgisi və marağı heç də əbəs deyildi. O, yazılarının birində qeyd edir ki, uşaq vaxtı eşitdiyim nağıllar, əfsanələr uzun illər boyunca mənimlə olmuşdur. "Qarı dağı" hekayəsinin ideyası düşmənə nifrət, Ballı qarının şəxsində yurda, vətənə məhəbbət, bağlılıq hisslərini ifadə edir. Hər iki hekayədə folklorun ən yaxşı xüsusiyyəti - vətənpərvərlik, xalqın, vətənin mənafeyini hər şeydən üstün tutmaq aydın boyalarla öz əksini tapıb.

İlyas Əfəndiyev yaradıcılığında qadına xüsusi münasibət var. Onun demək olar ki, bütün əsərlərində bir nəfər də olsa, yaddaqalan, oxucu hafizəsində özünə yer edən bir qadın qəhrəmanı var. Yazıçı qadına çox böyük önəm verirdi. O, qadını müti, kölə, savadsız, cahil, atadan, qardaşdan, ərdən asılı bir varlıq kimi deyil, bütünlükdə hissləri, yaşantısı, düşüncələri ilə azad görmək istəyirdi.

Onun qadın qəhrəmanları kişilər kimi döyüşkən, vurub-yıxan, kobud deyillər. Onlarda zəriflik var, həssaslıq, kövrəklik, incəlik var. Bu zəriflik sırf qadına məxsusdur. Onun əyninə biçilib və onun "üzərində" sevimlidir, könül açandır.

Onun ən döyüşkən, şıltaq, el dili ilə desək, "oğlanfason" qəhrəmanları belə o zərifliyə, incəliyə bükülüblər.

İlyas Əfəndiyevin qadın qəhrəmanları milli ədəbiyyatımızda bir ilk idi, yenilik idi. Yeniliyin qəbul edilməsi çətin olur, zaman alır. O da bu azad düşüncəli qadınlara görə az tənqidlərə, gileylərə məruz qalmamışdı. Amma bunların heç biri onu maraqlandırmırdı, o, tənqidçilərin ədəbi konteksdən çıxışlarına çox da önəm vermirdi. Haqqındakı təriflərə də, tənqidlərə də hər zaman biganə yanaşırdı. Onu maraqlandıran, daha çox düşündürən isə oxucuların fikirləri idi. Bunu da yazıçı Elçin öz xatirələrində yazır: "...onun üçün bəlkə də qat-qat artıq dərəcədə maraqlısı, bir insan və bir yazıçı kimi, onun hisslər aləmində daha artıq dərəcədə təsirlisi ardı-arası kəsilmədən gələn oxucu məktubları idi... Bir də ki, tanınmaz-bilinməz adamların - oxucuların, tamaşaçıların (və xüsusən də qadınların!) - telefon zəngləri... Onların etibarla söylədikləri həyat tarixçələri... hisslərin etirafı... müşkül suallar... və bu suallara cavab axtarışları..."

1958-ci ildə qələmə alınan "Söyüdlü arx" romanının qəhrəmanı gənc aktrisa Nuriyyə şəhərdən kəndə işləməyə gəlir. O, burada kitabxana müdiri işləyir, kənddə quruculuq işləri ilə məşğul olur. Nuriyyəyə qədər də ədəbiyyatımızda şəhərdən kəndə gələn, burada maarifi yayan qadın obrazları vardı, elə ondan sonra da yazıldı. Ancaq Nuriyyə onların hamısından öz hissləri, duyğu və düşüncələri, daxili azadlığı ilə tamam fərqlənirdi. Yazıçını onun quruculuğu, əməkçi insan obrazı, ictimai fəaliyyəti deyil, daxili hiss və düşüncələri, xarakteri, qadına xas sentimentallığı, məhəbbətə qarşı kövrəkliyi maraqlandırır. Sanki İlyas Əfəndiyev onun ictimai fəaliyyətindən bir pərdə kimi istifadə edir. O pərdənin arxasında isə bütün varlığı ilə bir qadın boylanır.

Nuriyyədən cəmi iki il sonra - 1960-cı ildə ədəbiyyat daha bir qadın obrazı ilə silkələndi. Səriyyə aydın düşüncəsi, azad fikirləri ilə Nuriyyədən də öndə dayanırdı. Ali təhsilli mühəndis olan Səriyyə sevmədiyi əri Adildən ayrılıb, buldozerçi Qəriblə evlənərək qadın qəlbinin hüdudsuz azadlığını nümayiş etdirir. Səriyyə bir ilk idi. Dövrünə görə günahkar, bəlkə də əxlaqsız adlandırılacaq qadın bunların heç birindən çəkinmir, sevdiyi insanla yaşamağı hər şeydən üstün tutur, hisslərinə sahib çıxır.

Müəllif onun bu hərəkətini qınamır, əksinə, ona haqq qazandırır, onu anlayır və oxucusuna da anladır. O, bəzəksiz-düzəksiz, pafosdan uzaq, adi şəkildə bu eşqin ülviliyini, qadın hisslərinin nəhayətsizliyini əks etdirir.

Və bütün bunları qələmə alan bir kişidir. Kişi qələmindən qadını, qadın qələmindən kişini oxumaq hər zaman maraqlıdır. Deyim ki, hər müəllif bu məsələdə uğur qazana bilmir. Çünki bu iki əks cinsin hiss və düşüncələri, həyata, insanlara baxışları tamamilə fərqlidir. Hətta bəzən əsərini oxuduğumuz hər hansısa bir müəllifdə öz cinsinə qarşı tərəfkeşlik də sezirik. Burda (və İlyas Əfəndiyevin bütün əsərlərində) bu tərəfkeşlikdən söhbət belə gedə bilməz.

İlyas Əfəndiyev burada təxəyyülə deyil, tamamilə həyat həqiqətlərinə əsaslanır. Səriyyə kimi qadınlar az, çox az olsalar da, hər halda varlar. Bəlkə üstündən 60 ilə yaxın bir zaman keçəndən sonra onların sayı müəyyən qədər artmış ola bilər, amma o dövrdə də yox deyildilər. Yazıçı da məhz həmin qadınların səsi olmağı seçmişdi, əks cinsin nümayəndəsi kimi, bir ziyalı kimi onlara dəstək olmuşdu. 

Professor Nizami Tağısoy yazır: "İlyas Əfəndiyevin yaradıcılığının ən mühüm xüsusiyyəti ondan ibarətdir ki, o, yaşayıb yaratdığı mühitdə statik müşahidələr aparmaqla məşğul deyildi. Onu ictimai-siyasi mühitin təzadları daha çox maraqlandırırdı. Belə olduğu təqdirdə müəllif müraciət etdiyi mövzunun elə tərəflərinə nüfuz etməyi bacarırdı ki, onlar ictimaiyyət arasında böyük rezonansa səbəb olmaqla, onun vitruoz dramaturq və nasir olduğu göz önündə dayanırdı. Ədəbi şəxsiyyətinə nəzər saldığımız yazıçı-dramaturqun yaradıcılığının üstünlüyü bir də ondadır ki, o, tarixi-ictimai, sosial-siyasi, ailə-məişət, fəlsəfi-psixoloji və mədəni-mənəvi problemləri diqqət mərkəzinə qoyarkən bu məsələləri çeynənmiş, ona qədər qabardılmış bədii üsullar, vasitələr və priyomlarla həll etmir, onlara həyat materialının özünün verdiyi imkanlar prizmasından yanaşmaqla, öz fərdi yazıçı idealını və problemə münasibətini sərgiləyirdi".

İlyas Əfəndiyevin təkcə bu iki romanında deyil, sonrakı yaradıcılığında, xüsusən dram əsərlərində də bu mövzu yüksək şəkildə davam etdirilir. O, Azərbaycan qadınının əzəmətini, qüdrətini, vüqarını, saf duyğularını tarixə baş vuraraq, Xurşidbanu Natəvan kimi tarixi qəhrəmanların simasında da əks etdirir. Onun şair, ictimai xadim, Qarabağ xanı Mehdiqulu xanın qızı Natəvana həsr olunmuş dram əsərində tarixi hadisələrin fonunda xalqın taleyi, azadlığı və birliyi ideyası ön plana çəkilir.

Natəvan xalqının yanında olan, vətəninə hər zaman sahib çıxan, xalqının dərdinə, problemlərinə əlac etməyi özünə həyat amalı seçən bir xan qızıdır. O, kübar təbəqəni təmsil etsə də, xalqına böyük məhəbbətlə bağlıdır, onlardan biridir. Xalqın taleyi Natəvanı düşündürən əsas məsələdir.

Ancaq onun şəxsi həyatındakı uğursuzluqlar, ictimai mövqeyi hər zaman vüqarlı, əzəmətli, sərt olmağını gərəkdirsə də, nəhayətində o da bir qadındır. Özü də sinəsinin altında şair qəlbi daşıyan bir qadın. O da sevir, sevilir, hətta sevdiyi şəxsdən (Dağıstanlı Xasay) ayrılmağa belə məcbur qalır. Səbəb isə yenə də xalqına olan sevgisidir. O, şəxsi mənafeyini məhz bu yolda qurban verir.

Sənət mühitində "İlyas Əfəndiyev teatrı" deyilən bir ifadə yayılıb. Artıq yarım əsrə yaxın zamandır ki, milli teatrımızı onun əsərlərindən kənarda düşünmək mümkün deyil. "Atayevlər ailəsi", "Sən həmişə mənimləsən", "Mahnı dağlarda qaldı", "Büllur sarayda", "Şeyx Xiyabani", "Unuda bilmirəm" və s. kimi əsərlər teatr səhnəmizin illərdir təkrar-təkrar müraciət edilən və hər dəfə də tamaşaçı tərəfindən eyni maraq, eyni həvəslə qarşılanan əsərlərdir.

Ümummilli lider Heydər Əliyev görkəmli nasir və dramaturqun ədəbi fəaliyyətini bu sözlərlə qiymətləndirmişdi: "İlyas Əfəndiyev Azərbaycan teatrına çox böyük töhfələr veribdir, böyük xidmətlər göstəribdir, çox dəyərli əsərlər yaradıbdır. İlyas Əfəndiyevin yaradıcılığı başqa cəhətlərlə yanaşı, bir də ona görə əhəmiyyətlidir ki, o, öz əsərlərində həm Azərbaycan xalqının tarixinin çox mühüm səhifələrini ədəbiyyat, teatr vasitəsilə bugünkü nəsillərə çatdırıbdır, həm də öz əsərlərində müasir həyatımızın müsbət və mənfi cəhətlərini çox gözəl təsvir edibdir. Beləliklə, xalqımızı həm tarixə hörmət bəsləməyə sövq etmişdir və bu barədə xidmətlər göstərmişdir, tarixi bilmək üçün xalqımıza yardım etmişdir, eyni zamanda, yaşadığımız zamanda mənəviyyat, əxlaq, insanlıq, Vətənə və millətə sədaqət ruhunu aşılamışdır".

Professor Şirindil Alışanlı isə onun dramaturgiyasından danışarkən yazır: "İlyas Əfəndiyevin dramaturgiyasındakı şəxsiyyət və mühit, şəxsiyyət və iqtidar, fərdin taleyi, təkliyin sosial-fəlsəfi məzmunu kimi bəşəri amillər bu gün də, sabah da aktual olaraq qalır. İlyas Əfəndiyevin ən böyük xidməti milli mənəvi tərəqqimizin konkret zaman çərçivəsində mənəvi problemləri yüksək sənət səviyyəsində bəxş etməsindədir".

İlyas Əfəndiyev dramaturgiyasının ən çox sevilən və müraciət olunan əsərlərindən biri, lirik-psixoloji dramın ilk nümunəsi hesab olunan "Sən həmişə mənimləsən", başqa sözlə, "Boy çiçəyi" (1964) əsəri əsasında televiziya filmi çəkilib və uzun illərdir Akademik Milli Dram teatrının səhnəsində nümayiş olunur.

Əsəri bu cür aktual edən məsələ isə təbii ki, onun psixoloji qatıdır. Dramda qoyulan problem şəxsiyyət və onun taleyi, ailə, sevgi problemidir. Bu əsərində də İlyas Əfəndiyevin digər əsərlərində olduğu kimi, qadın taleyi ön plana çəkilib. Burada bir-birinə ziddi iki qadın var: Nargilə və onun anası Nəzakət. Nargilə azad ruhlu, aydın düşüncəli, saf bir gənc qızdırsa, həyat yoldaşını gənc yaşda itirmiş, azyaşlı körpəsi ilə dul qalmış və bütün mənfi xüsusiyyətləri özündə cəmləşdirən Fərəcin diqqət və qayğısına aldanaraq ona ərə getmiş Nəzakət isə müti, qorxaqdır. O, ərinin qorxusundan heç qızına belə sahib çıxa bilmir. Bu mütilik onun analıq hisslərindən, qadınlıq qürurundan dəfələrlə çoxdur. Müəllif baş qəhrəman Həsənzadənin dili ilə Nəzakətin bu biganə "analığını" tənqid edir, onu bir ana kimi qızına sahib çıxmağa səsləyir.

Əsərin digər qolunda isə məhəbbət macərası dayanır. Ailəsindən, ən doğmalarından sevgi görməyən, Fərəcin kobudluğundan, sazmaylığından bezən Nargilə qonşuluqdakı zavod müdiri 46 yaşlı Həsənzadəni özünə bir növ sığınacaq seçir. 19 yaşlı qızın 46 yaşlı Həsənzadəyə sevgisi əslində, bir qaçış, məhəbbət, qayğı arayışıdır. Həsənzadə onu gözəl anlayır, bu gənc qızın hisslərinə həqarətlə yanaşmır, əksinə, hörmət edir, Nargilə kimi ağıllı bir qızı yenidən cəmiyyətə qazandırmağa çalışır. O, bu sevgini elə rədd edir ki, gənc qızda sevgiyə, məhəbbətə, insanlara inam hissi ölməsin. Axı, o, onsuz da həyatdan öz zərbələrini almışdı.

Həsənzadənin fonunda oxucu müəlliflə qarşılaşır. Bəzən dramaturq obrazının dili ilə öz düşüncələrini də paylaşır. Və maraqlıdır ki, nə Nargilənin Həsənzadəyə sevgi etirafları, nə də Həsənzadənin Nargiləylə söhbətləri oxucuda ikrah hissi yaradır. O, hər iki obrazı çox yaxşı başa düşür və haqq qazandırır.

"İlyas Əfəndiyev teatrı" mənə "bir köynək" yaxındır. Çünki 5 il öncə Bakı Dövlət Universitetinin səhnəsində İlyas Əfəndiyevə həsr olunmuş tədbirdə iştirak etmək mənə də qismət olmuşdu. Mən onun çox sevdiyim əsərlərindən biri olan "Unuda bilmirəm"də Nərmin obrazını canlandırırdım. Məhəbbət girdabında əzab-əziyyətlər çəkən, sevgisinə ərköyünlüyü, şıltaqlığı, saflığı, qüruru üzündən vaxtında sahib çıxa bilməyən bu gənc qızın "libasında" mən qadın obrazı olaraq İlyas Əfəndiyevin bu zərif cinsə olan sonsuz sayğısını bir daha, ən dərin şəkildə hiss etdim.

"Dünyada böyük sənətkarlar çoxdur və onların böyüklük dərəcəsi də müxtəlifdir, lakin hər xalqın öz dahisi, öz sənət ulduzları vardır, bu ulduzlar, ilk növbədə öz doğma xalqları üçün əzizdir, çünki onların işığı həmin xalqlara aydınlıq, fərəh və sevinc gətirmişdir".

Onun bir zamanlar inanaraq, böyük bir əminliklə söylədiyi bu sözləri, bu gün biz də eyni əminliklə onun özünə aid edirik. Azərbaycan xalqının da taleyində bir İlyas Əfəndiyev ulduzu doğmuşdu. Öz dövründə Söz üfüqündə bərq vuran, aid olduğu ədəbiyyatı nuruna qərq edən, o nurla xalqına aydınlıq, fərəh, sevinc bəxş edən bir ulduz!

İndiki dövrdə - oxucudan çox yazıçının, şairin olduğu zamanda onun yazıçı üçün təyin etdiyi meyarları bilməyə hər birimizin ehtiyacımız var. O deyirdi ki, yazıçının hər şeydən əvvəl, istedadı olmalıdır, bu bir; yüksək savadı olmalıdır - yəni dünya ədəbiyyatının ən yaxşı nümunələrinə bələd olmalıdır, daha dəqiq desək, yazdığından çox mütaliə etməlidir, bu iki; böyük mədəniyyəti olmalıdır, bu da üç.

Onun əsərlərini təkrar-təkrar mütaliə etdikcə, bu üç meyarın onda bir-birinə necə sıx tellərlə, ayrılmaz bağla bağlandığının şahidi oluruq. Ona görə də həmişə aktualdır, müasirdir.

Bu gün bu ölməz şəxsiyyətin cismən aramızdan ayrılmasının 22-ci ilidir. Onunla eyni dünyada (hətta eyni ölkədə, eyni şəhərdə!) cəmi dörd il yaşamaq şansı qazanmışam. Mən harda olduğumu yenicə dərk etməyə başlayarkən, sözdən, ədəbiyyatdan uzaq, dünyadan xəbərsiz, kitabları ancaq şəkillərinə görə ayıra bildiyim zamanlarda, o, artıq bu dünyanı tərk etməyə hazırlaşırmış. Amma özündən sonra elə bir zəngin irs, elə bir xəzinə qoyub getdi ki, deyil 22 il, onilliklər də keçsə, əsr də keçsə, unudulmaz, Azərbaycan xalqı durduqca yaşayar. Boşuna demirdi ki, dahi sənətkarların həqiqi varisi xalqdır. Həqiqətən də bu xalq çox uzun illərdir İlyas Əfəndiyev sevgisini qəlbində daşıyır, kitabla ilk dəfə tanış olan, ədəbiyyata qəlbinin bir küncündə kiçik də olsa maraq yaranan, yaranmayan hər kəs ilk növbədə onun əsərlərinə üz tutur, hələ də bir-birimizə İlyas Əfəndiyevin romanlarını, kitablarını oxumağı məsləhət görür, sonra onların qızğın müzakirələrini keçiririk. Deməli, həqiqətən də xalq özünün varislik vəzifəsini layiqincə yerinə yetirir. Buna onu qəlbindəki İlyas Əfəndiyev sevgisi təhrik edir. Rahat uyuyun, böyük sənətkarımız! Tükənməz böyük bir sevginin, eşqin məhsulu əsərləriniz bizə - Azərbaycan xalqına əmanətdir! Ruhunuz şad olsun!

 





03.10.2018    çap et  çap et