525.Az

Füzulidə dəyirmi masa


 

"QARABAĞ MÜNAQİŞƏSİ MÖVZUSUNDA YAZAN JURNALİSTLƏRİN PEŞƏKARLIĞININ ARTIRILMASINA EHTİYAC VAR"

Füzulidə dəyirmi masa <b style="color:red"></b>

"Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə "İnternet media resurslarında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin sistemli şəkildə yayılmasına dəstək" adlı layihə çərçivəsində Füzuli rayonunda dəyirmi masa keçirib.

Dəyirmi masada layihənin rəhbəri Asəf Quliyev internet media resurslarının monitorinqinin ilkin nəticələrini açıqlayıb.
 
Onun sözlərinə görə, monitorinq müddətində müəyyən olunmuş 4 saytda 41830 material nəzərdən keçirilib.
Nəzərdən keçirilən materiallardan 1489-u Dağlıq Qarabağ münaqişəsinə həsr olunub. Çıxışçı bildirib ki, monitorinqlərdə mənbələr, mövzular, materialların eksklüzivliyi və alternativ mənbələrin olub-olmaması nəzərdən keçirilib.

Daha sonra Asəf Quliyev əldə olunan ilkin nəticələri dəyirmi masa iştirakçılarının nəzərinə çatdırıb.

Dəyirmi masada iştirak edən Füzuli rayon İcra Hakimiyyətinin şöbə müdiri Qənimət Əliyev gənclərin sosial mediada aktivliyini və informasiya yayılması üçün ən operativ alətlərdən birinin də məhz internet media resursları olduğunu bildirib.
 
Onun sözlərinə görə, dəyirmi masada iştirak edən gənclər bu məsələdə xüsusi aktiv internet istifadəçiləridir. Buna görə də onların vaxtaşırı məlumatlandırılması zəruridir. Daha sonra Qənimət Əliyev cəbhə bölgəsi olan Füzulidə belə həssas mövzunun əks sədasının daha çox hiss olunduğunu bildirib.

Dəyirmi masa iştirakçıları müxtəlif fikirlər səsləndirib.

Qarabağ münaqişəsi mövzusunda yazan jurnalistlərdə peşəkarlığın artırılmasına ehtiyac duyulduğu vurğulanıb.

Bundan başqa, müharibə şəraitinin hər an, hər yerdə hiss olunması üçün bu mövzuya daha çox yer verilməsinin mühüm olduğu söylənilib.

 





03.10.2018    çap et  çap et