525.Az

Sərdari-Milli Səttarxanın vətən üçün alışan ruhu


 

Sərdari-Milli Səttarxanın vətən üçün alışan ruhu<b style="color:red"></b>

(Əvvəli ötən sayımızda) 

... O gözəl heykəli gördükdə döyüş günlərimin xatirələri, o qanlı döyüşlərdən umub əldə edə bilmədiyimiz hüquqlar üçün fikrə dalmışdım.

Qərara gəldim ki, Yaşadığım məhəllə - Əmirəqıza gedib ötən xatirələri xatırlayım. Bunu Yaşardan xahiş edəndə dedi:

- İndi o məhəllənin adı Əmirxizdir. Pəhləvilər dövründə minlərlə Türk yer adlarını farslaşdırıblar. Məhəllə əhalisi, habelə Təbriz camaatı oranı "Əmirəqız" deyə çağırırlar. Ancaq dövlət yazışmalarında Əmirxiz yazılır. Məhəlləyə girib bir az dolandıq. Ancaq keçmişdən heç əsər-əlamət qalmamışdı. Hər şey dəyişmiş və binalar da təzələnmişdi. Yaşar xatırlatdı: məşrutə inqilabında Təbrizin 12 məhəlləsindən 11-i dövlətə təslim olmuşdur. Ancaq Əmirəqız məhəlləsi Səttarxan başda olmaqla təslim olmamışdır. Mən bir az fikrə dalıb Yaşara dedim:

- Gəl gedək Səttarxanın evini görək.

Yaşar:

- Onun evi "Səttarxan" adına küçədə yerləşir. Evin əsas hissəsinə adi camaat gecəqondu evlər tikməklə, mənimsənmişdir. O boyda mülkün Yalnız kiçik hissəsinə bir az əl gəzdirilmiş və Səttarxan evi kimi saxlanılmışdır. Küçəyə girdik. Uzaqdan bir topa insanın orda toplaşdığını gördükdə Yaşar dedi:

- Səttarxanın evi oradır.

Evin indiki vəziyyətini görməyə çox tələsirdim. Sürətlə addımlayırdım. Yaşar tövşəməyə başlamışdı. Amma etiraz etmirdi. Evin qapısına çatdıq. Taxtadan düzəlmiş qapı, digər qonşu qapılardan fərqli idi. Qapı başında "Səttarxanın evi" yazılmışdı. Ancaq çox təəssüflə qapı bağlı idi. İçəri girmək mümkün deyildi. Orada toplaşanlar müsafir kimi uzaq-yaxın yollardan çoxlu xərc çəkərək milli qəhrəmanlarının evin görməyə gəlmişdilərsə, nəticə almadıqda çox narahat idilər, deyinirdilər. Yaşar da onlara qoşulub dedi:


 - Biz də Tehrandan gəlmişik. Bir saatdan artıq Əmirəqızda gəzişirik. Keçmişləri xatırlayan heç nə görmədik. Axı bir zamanlar bu məhəllə nə tək Təbriz, bəlkə İranın Şahlıq idarəçiliyi və zülmlərinin önündə sinə gərib təslim olmayan yeganə məhəllə olmuşdur. Səttarxan və onun yoldaşlarının qorxmazlığı nəticəsində ruslar və zalım dövlət qoşunları diz çökdürülüb azadlıq və qanun İran millətinə hədiyyə edilmişdi. Yaşar sonra bu bayatını oxudu:

Atlılar ata mindi,
Atlandı, ata mindi.
Kaş ola ön sırada
Səttarxan atam - indi

Orada hazır olanların hamısı Yaşarı alqışladılar. Mən özümü zorla saxlayırdım ki, bir söz deməyim. Çünki bundan artıq həyəcanlansam, yaxud əsəbləşsəm, ağzıma gələni deyəcəyimi bilirdim. Bunun isə nə mənə, nə də Yaşara xeyri olardı. Papağımı qaşlarıma qədər aşağı endirdim. Əsəbimdən udqunaraq Yaşara "gəl gedək" dedim. Qumtəpə qəbristanını görmək istərdim. Bir çox dostum, qohum-qonşum orada torpağa verilmişdi. Xəbər tutduğumda oradan heç əsər-əlamət qalmayıb dedilər. Qərara gəldim ki, Sırxab qəbristanına gedib ruhani atam Siqqətül-İslamın məzarın ziyarət edim. Yaşar, yol boyu o rəhmətliyin böyüklüyü və zəkalı olmasından danışdı. O böyük alim, vaxtilə təbrizlilərin qayğısızlığından, vətənsevərliyi və ruslara tabe olmadığına görə bir neçə günahsız insanla bərabər qəməri təqvimlə 1330-cu ilin məhərrrəm ayının 10-da (aşura günü) dara çəkilmiş, elə bu səbəbdən də Təbrizdə ikinci bir Aşura yaranmışdı. Bir-neçə gündən sonra 1912-ci ilin başlanğıcı münasibətilə ruslar Təbrizdə şadlıq edir, çal-çatlasın mərasimlərı keçirir, Təbriz camaatına Qara Yanvarı yaşadır. Məşrutəçilərlərlə mücahidləri öldürüb evlərini qarət edirlər. Səttarxanın qardaş oğlanları - Məhəmmədxan və Kərimi dara çəkilir. iki həftədən sonra Səttarxanın qardaşı, mübarizəyə qatılmayan sadə ayaqqabıçı - Məşhədi Qafarı Səttarxanın qardaşı olduğu üçün asırlar. Onlarla adamı rəhmsizcəsinə şəhid edib, evlərinin dağıdılmasından söhbət açan Yaşar danışarkən qəhər boğazımı didirdi. Hərdən ona "hə" deyib, sözlərini təsdiqləyirdim. Qısası, gəlib Sırxab qəbristanına çatdıq. Məzarlıqdan heç əsər-əlamət qalmamışdı. Hər yer ev-eşik və mağaza olmuşdu. Ancaq onun bir hissəsində park, ortasında da böyük bir bina var idi.

Yaşar dedi: - Ora Məqbərət əl-Şüəradır. Bir çox tanınmış şairimiz orda basdırılıb.

Bir çox axtarışdan sonra Qacar dövründə şəhid olmuş böyük alimin kiçik məzar daşını tapdıq. Yaşar deyirdi:

- Onun şəhid olmasının 100 illiyində bir çox tarixçi və qələm sahiblərinin tələblərinə rəğmən, o böyük alimə heç bir anım mərasimi keçirilmədi. Alimi dara çəkən vaxt ingiltərəli bir jurnalist onu Kantenberi kilisəsinin baş yepiskopunun səlibə çəkilməsinə oxşatmışdır.

Çox yorulmuşduq. Qaldığımız yerə - Yaşarın əmisigilə gedib, dincəlməyi qərar aldıq. Ertəsı gün Vərci Başına gedib Hac Allahyar Xan məscidini görməli idik. Hac Allahyar Xan ilə Həllac oğlu Təbrizin o zamankı igidlərindən olublar. Mən uşaqlıqdan onların haqqında rəvayətlər eşidib, müridlərindən olmuşdum. Hac Allahyar Xan igid pəhləvanlardan biri kimi hamıya sözü keçər və onun təsdiqlədiyini hamı təsdiq edərmiş. Tarix boyu onun adı və igidlik dastanları sinədən sinəyə, nəsildən nəslə ötürülmüşdü. O, Məhəmməd Şah və Nasirəddin Şah dövründə yaşamış, Molla Əli məktəbində tərbiyə almışdır. Cəsarətli, qorxmaz bir pəhləvan imiş. Çox qüdrətlıi olmasına rəğmən kimsəyə əziyyəti keçməmiş və məzlumların, pənahsızların dayağı olmuş. Deyərlər o, bir gün xəbər tutur ki, Təbriz şəhərinin darğası (nizam-intizam rəisi) Hac Rəcəbəli Xan, bir qonaqlıqda təbrizliləri qeyrətsiz adlandırmışdı. Hac Allahyar Xan bu sözü eşitdikdə 27 nəfərlə bazara gedib Rəcəbəli Xani Kərim Nilfuruş hücrəsində tapıb öldürmüş. O hadisədən sonra Hac Mir Hüseyn dalanı, "Qanlı dalan" kimi məşhur olmuşdur. Pəhləvan Həllac oğlu da o dövrün ən tanınmış igidlərindən biri kimi adı bütün küçə-bazarda hamının dillər əzbəri olmuşdu. Vərci məhəlləsini keçib böyük bir küçəyə daxil olduq. Maşında yol gedərkən Yaşar dedi:

- Bu küçənin adı Azərbaycandır və maraqlıdır ki, bu küçə "Səttarxan" körpüsü vasitəsilə Azadlıq (Azadi) küçəsinə qovuşur. Körpünün altındakı dördyola Nisfi Rah  (yolun yarısı) deyilir. Bu o deməkdir ki, Azərbaycan Səttarxanla azadlığa çatır. Təbrizin bütün qədim məhəllələrini gördüyümdən sevincim hədsiz-hüdudsuz idi. Axı o məhəllələrdən biri-birindən qeyrətli igid mücahidlər, azadlıq fədailəri, məşrutəçilər, azadlıq üçün vuruşub baş ucalıqla döyüş meydanlarında canını fəda edən mərd oğullar çıxmışdır.

Xeyli vaxt ayırıb Xətib, Şamqazan və bir neçə məhəlləni gəzdik. Keçmişdən bir iz qalmamışdı. Yaxın keçmişdə baş vermiş Məşrutə İnqilabı haqqında kimdən soruşduqsa "bilmirəm!" cavabını aldıq. Yaşar təəssüflə dedi:

- Görəsən, qüsur kimdədir? Təbriz bələdiyyəsinin mədəniyyət dairəsinin məsul şəxsləri bu məhəllələrdə anım binaları, büstlər, heykəllər, daş kitabələr, muzeylər yaratmali idilər. Bir də  şanlı keçmişimiz haqda məktəblilər üçün dərslik hazırlanmalı, onlar çox da uzaq olmayan məşrutə tarixi ilə tanış edilməli, onlarda xalqımıza fəxarət qazanma hissləri oyadılmalı idi.

Yaşar bir az fikrə dalıb sözünə davam etdi:

- İndi dijital əsridir, gənclər, yeniyetmələr kompüter və cib telefonlarında cəlbedici dijital oyunlara maraq göstərirlər. Məncə, mədəniyyət dairələrinin vəzifə sahibləri gərək bu sahəyə bir az maliyyə vəsaiti ayırmaqla, Təbrizdə Səttarxan başçılığı ilə gerçəkləşmiş hərəkatın  on bir aylıq mübarizəsi və qəhrəmanlıqlarını xatırladan kompüter oyunlarının düzədilməsini sifariş etsələr, bir daşla iki quş vurmuş olarlar. Həm iftixara layiq tariximiz öyrənilər, həmi də gənclərin boş vaxtlarını salim və səmərəli keçirməyə  müvəffəq olarlar.

Mən Yaşarın sözlərini təsdiqlədim. Cümə axşamı idi. Qərara aldıq ki, İmamiyyə məzarlığına gedək. Qəbiristanın təxminən tən ortasında ağ mərmər daş üzərində Yədullah Sərdar-i Milli-Məşrutə qəhrəmanı Səttarxan oğlu. 1357-ci günəş ili 1-ci ayın 20-si Allahın rəhmətinə qovuşmuşdur. Yaşar dedi:

- Səttarxanın yeganə oğlu Yədullah, 4 yaşında ikən, dövlət qoşunlarının yaratdığı qırğın, Təbrizi top tüfəng atəşinə tutub, adi xalqı güllələyərək öldürmələrinə şahid olmuşdur. Sonra atasıyla birlikdə Tehrana gedib Ətabək parkının kədərli hadisəsində, atasının yaralanmasını görmüş, sonra da Təbrizə göndərilmişdir. 1 il Təbrizdə qaldıqdan sonra Səməd xanın zalımcasına qətliamlarını görüb, əmisi Əzimxanla möcüzəvi biri kimi Təbrizdən Tehrana qaçırılmışdır. Tehranda iki il atasının məzlumluğuna cismani və ruhi əziyyətlərinə şahid olmuşdur. Atası dünyasını dəyişdikdən sonra Təbrizə qayıdır, ata məhəbbətindən məhrum qalan iki xırda bacısıyla birgə Hac Əzimxanın himayəsinə keçmişdir. O, sonralar hərbi təhsil almaq məqsədilə Fransaya gedib hərbi təhsilini başa vurduqdan sonra İran ordusuna daxil olaraq, hərbi prokuror vəzifəsində çalışmışdır. İgidliyi atasından miras aldığına görə özündən yüksən rütbəli hərbçilərin tələblərinə rəğmən Seyyi Cəfər Pişəvərinin yaxın  bir hərbçiyə ölüm hökmü yerinə ömürlük həbs hökmü çıxartdığı üçün həbsə atılmış, əleyhinə ölüm hökmü çıxarılmışdı. Ancaq minbaşı Haşimi və Siqqətül-İslamın oğlunun araçılığı, habelə Məhmud Cəm ilə qohumluq əlaqələrinə görə bağışlanaraq hərbi rütbəsi endirilmişdir. Yədullah enişli-yoxuşlu bir həyat yolu keçmişdir. Onun məzarının sol tərəfində çox mədəni və nəcabətli hayat yoldaşı Şəms əl-Sadat Cəmin məzarı vardı. Şəms xəstəlik üzündən gənc yaşlarında həyatını dəyişmişdir. Yədullahın məzarının sağ tərəfində Babək, Sərdari-Milli adına xırda bir qəbir vardır. Yədullah xanın dörd yaşlı nəvəsi İranın şimalında yerləşən Ramsər şəhərində avtomobil qəzası keçirmişdi. O zaman savadlılar ölkəni tərk etdiklərindən Ramsər şəhəri xəstəxanasından mütəxəssis həkim tapılmadığından bu uşaq əməlli-başlı müalicə olmayaraq həyatının dəyişmişdir. Sonra Yaşar məni bir qəbirin üstünə aparıb dedi: bu, Səməd Behrənginin məzarıdır. O, müəllim idi, uşaqlara ibrətamiz hekayələr yazmış, xəlqinin gələcəyinə cığırlar açmış, onların yoluna şəfəqlər saçmışdır. Onun ən tanınmış əsəri - Balaca Qara Balıq hekayəsidir. Bu əsər İrandan başqa bir çox dünya ölkələrinin dilinə təcümə olunub çap edilmiş və neçə ədəbi mükafat qazanmışdır.

Yaşar bir az fasilə verib əlavə etdi:

- Bir çox böyüklərimiz, mücahidlərimiz burada torpağa verilib. Ancaq bələdçi olmadığından və qəbir daşlarının yazıları oxunulmaz vəziyyət aldığından onları tapa bilmədik.

Cümə günü idi. Yaşarın təklifi ilə qərara gəldik ki, Təbrizin Rasta Küçəsində yerləşən məşrutə muzeyindən görüş edək. Yaşarın izahından başa düşdüm ki, məşrutə evi elə Hac Mehdi Küzə Kunanının şəxsi evidir. Məşrutə inqilabı dövründə, o, böyük tacir idi. Məşrutəçilərə həm fikir, həm də mal cəhətdən yardım etmişdir. Onun evindən məşrutə dövrünə aid bir çox vəsait, sənədlər, heykəllər toplanıb saxlanılmaqdadır. Onları görmək mənim üçün çox maraqlı idi. O zamanlar belimə bağladığım on patronluq  tapançamı   görmək kefimi sazaltmışdı. Yaxşı hisslər keçirirdim. Yaşar məni o zamanlar nəşr olunan çox məşhur "Molla Nəsrəddin" qəzetəsinin divara yapışdırılmış nüsxəsini oxuyarkən gördükdə dedi:

- Səttarxan deyərmiş ki, "Molla Nəsrəddin" qəzeti milləti ayıldır. Onları döyüşə çağırır. Satira və həcv silahı ilə düşmənə məhvedici zərbələr endirib, onların məkrli planlarını puça çıxarmaq mümkündür.

Yaşar bir az düşünüb davam etdi:

- O zaman Azərbaycan qəzeti də Səfərof vasitəsilə Təbrizdə çap olarmış. Səttarxan, o ruznamənin birinci nömrəsinin çapdan buraxılan gününü "Milli Bayram" adlandırmışdır. Səttarxan elm və mədəniyyətin yayılmağına çox əhəmiyyət vermiş, camaatdan pul para yardımı toplayaraq Təbrizdə yeni məktəblər açdırmışdır.

Yaşar danışdıqca həyəcanlanır, daha çox danışırdı:

- Hac Mehdi Küzə Kunanının məzarı Gəcil qəbristanlığındaymış. Onun qəbri "Azərbaycan tarixi və Təbriz çaxnaşması"  kitabının müəllifi Hac Məhəmməd Bağır Veycuyənin, habelə yüzlərlə şəhid mücahidin məzarı kimi, Pəhləvi rejimi dövründə dağıdılmış, yerində isə "Gülüstan Bağı" parkı salınmışdır. Bu yekəlikdə şəhərdə guya park salmağa yer tapılmamışdır. Onların gerçək məqsədləri o böyük mücahidlərin məzarlarını dağıdaraq amac və qayələrini unutdurmaq - yadırğatmaq olmuşdur. Ancaq Türk milləti öz atalarının çalışmalarını unutmayacaqdır.

Yaşar Səttarxanın sözlərini dedikcə vəcdə gələrək davam elədi:

- Demokrat firqəsi dövründə Pişəvərinin əmri ilə Rəssam Ərəbzadənin gecə-gündüz fəaliyyəti nəticəsində Səttarxanın heykəli düzəldilib Gülüstan Bağında ucaldılmışdır. Şəhərin əsas küçəsinə Səttarxan adı verilmişdir. Bir ildən sonra Pəhləvi rejiminin dağıdıcı ordusu Azərbaycan şəhərlərinə girəndən sonra bu heykəli götürmüş və küçəyə Pəhləvi adı verilmiş və şahın heykəlinin düzəldilməsi sifarişini Rəssam Ərəbzadəyə vermişdilər. İndi bu küçənin adı İmam Xumeyni küçəsidir...

Biz Təbrizin dirəniş simvolu "Ərk-i Əlişah"a sarı yollandıq. Ərk bir çox zülm və ədalətsizliklər və ona qarşı dirənış və qəhrəmanlıqlara şahid olmuşdur. Onun kənarında Cümə namazı qılındığı üçün qapıları bağlı idi. Ona görə bu qalanı yaxından görə bilmədik. Əlacsız divar arxasından hörmətlə baş əyərək oradan uzaqlaşdıq. Yolumuza davam edib, küçələrdə gəzişirdik. Mənə belə gəldi ki, Yaşar bu məhəlləni əməlli-başlı tanımır. Bir neçə nəfərdən soruşduqdan sonra Baği-şumal məhəlləsində olduğumuzu anladıq. Çox təəccüb etdim, keçmişdə bu məhəllə səfalı və yaşıllıq sarıdan dillər əzbəri olmuşdur. Göylərə yüksəlmiş yoğun və uca ağaclarına baxdıqda şübhəsiz, papağın başından düşərdi. Bir neçə gözəl bina və hovuzları vardı. Çox təəssüf ki, indi o gözəlliklərdən heç bir əsər qalmamış və hansısa dar baxışlara, paxıllıqlara qurban getmişdir. Bunları fikirləşirdim ki "Təqizadə" küçəsi tablosu mənim diqqətimi çəkdi. Yaşar söhbətə başladı:

- Seyyid Həsən Təqizadə, Qacar və Pəhləvi dövrünün siyasətçilərindən biri idi.

Yaşarın danışıqlarını eşitmədim, çünki dərin bir fikrə dalmışdım. Keçmişə səfər edərək onun mənə 1287-ci il 1-ci Şuray-i Milli məclisi vəkillərinin Qafqaz yolu ilə Təbrizə qayıdarkən Tiflisdən göndərdiyi məktub və onun məzmununa yazılmış "siz tezliklə Azərbaycan hökümətini öz əlinizə almalısız" fikrində qərq olmuşdum. Bu işi görsəydim, yəqin ki, İran xəritəsi dəyişilib və Azərbaycan əyaləti İran tərkibində bir vilayət kimi qalardı? Düzünü istəsəniz, özüm də bunların cavabını bilmirəm. Yaşar uca səslə "Təbriz bələdiyyəsi binasın çatdıq" deyərək məni özümə qaytardı.

Bura keçmişdə Nobar qəbiristanı imiş. Bələdiyyə binası və onun London şəhərindəki Biqben saatına oxşar saatı görməli binaladandır. Yaşar dedi:

- Nobar qəbiristanında bir çoxları, o cümlədən, rusların əli ilə zəhərlənmiş məşrutə hərəkatının düşünən beyni fikir liderlərindən rəhmətlik Əli Misyo torpağa tapşırılmışdır. Sonralar, ailəsi onun məzarını Qum şəhərinə köçürmüşlər. İndi o binanın bir hissəsini müzeyə çeviriblər. Gedib oranı gəzə bilərik.

... Müzeyə girəndə bir çox şəkil və qədimdən qalma fotoaparat, fotoqraflıq sənəti ilə bağlı çox vəsaitlər gördüm. Onların çoxu mənə tanış və maraqlı idi. Binanın içərisində və çölündə nə qədər gəzdimsə, məşrutə inqilabının düşünən beyni, partizan döyüşlərinin rəhbəri Əli Misyoya aid bir tablo, şəkil və heykələ rastlamadım. Onun haqqında muzeyi gəzən adamı, gələcək nəsli aydınladan heç bir yazıya tuş gəlmədikdə ürəyim darıxdı. Özümü ruhən çox yorğun hiss edirdim. Mənzilə sarı hərəkət etdik.

Ertəsi gün qərar verdik ki, Məşhurlar parkına - (Parki-Məşahir) gedib, Bağır Xanın məzarını ziyarət edək. Bu park keçmişdə Tubaiyyə məzarlığı idi. Bu yerdə yenə Yaşar açıqlama verdi:

- Ora təbrizli tacir Hac Rza Tubaiyyə  aid bir bağ İmiş. Ailəsində yaranmış bir ixtilafa görə bağ uşaqlarına miras qalmasın deyə məzarlığa vəqf etmişdir. Bu məzarlıqda bir çox tanınmışlar, o cümlədən, Ayəttullah Şəhidi, Təbriz millət vəkili, sosial-demokrat partiyasının üzvü - Şeyx Məhəmməd Xiyabaninin yaxın dostu Əli Əsgər Sərtipzadə, Səttarxanın xüsusi katibi, şair və jurnalist Salmaslı Məhmud Qənizadə, satira ustası artist Hacızadə və onlarla tanınmış şəxs burada torpağa verilməsinə baxmayaraq, Bağır xanın qəbrindən savayı, heç kimin məzarı qorunmamış və tökülüb itmişdir. Bağır xanın məzarı üstə gəldikdə Yaşar izah etdi ki, Səttarxan rəhmətə getdikdən sonra Bağır xanın yaxın dostları ilə bərabər Ətəbata  gedərkən Kərkükdə bir kiçik otaqda yaşayır və sonra İstanbula gedir. Almaniyanın, Osmanlının məğlubiyyətindən sonra bir çox azadlıqsevər kimi oranı tərk edib vətənlərinə qayıtmalı olurlar. İranın sərhəd şəhəri "Qəsr-i Şirin"də kürdlərin komandanı Muhəmməd Əmin Talibaniyə qonaq olurlar. Kürdlər gecə yarısı Bağır xan və yoldaşlarını soymaq məqsədilə hamısının başın kəsirlər. Onların bu utancverici əməlləri nəhayət aşkarlanıb cəzalanırlar. O tarixdən bu yana o kəndin adı "Qonaqqıran" (Mehmankoş) adı ilə tanınır. 60 ildən sonra, Bağır xanın kürəkəni - Timsar (minbaşı) Haşimi 1354-cü günəş ili  onun məzarını Təbrizə köçürüb Tubaiyyə qəbiristanında torpağa verir.

... Bizim sonuncu görüş yerimiz Eynalı dağı idi. Həmişə çətinliklərə sinə gərib möhkəm dayanmış bu dağ öz balalarının bir çox sevinc və kədərlərinə şahidlik etmişdir. Eynalıya çıxdıqda şəhərin nə qədər genişləndiyi və böyüdüyünü gördüm. Ürəkdən arzuladım ki, şəhər genişləndiyi kimi, şəhər sakinlərinin ürəkləri də vüqarla böyüsün. Plan əsasında Yaşar Tehrana qayıdış bileti almışdı. İsa ailəsi ilə sağollaşaraq avtovağzala doğru yollandıq. Gəldiyim gün olduğu kimi, yenə də səhərə qədər yata bilmədim. 1-ci dəfə Təbrizi görmək həvəsindən, marağından idisə, bu dəfə Təbrizdə gördüklərimin qəm-kədər və qüssəsindən yata bilmədim. Yavaş-yavaş kristal pasportumun cibimdə qızışdığını hiss edirdim. Özümü Şah Əbd-ül Əzimə çatdırdım. Yaşar dedi:

- Dostlarımla bir yerə toplaşıb bir az söhbətləşəcəyik. Toplancaq yerimiz isə atamın dükanı olacaqdır. Sən də gəl. Təəssüf hissi ilə etiraz etməli oldum:

- Siz gedin! Mən hərəmə gedəsiyəm, sonra dükana gəlləm.

...Hərəmin həyətində Səttarxan məzarına yaxınlaşdıqda başım  fırlandı və yıxıldım. Gözlərimi açdıqda özümü Əzizin yanında gördüm. O, dəsmal ilə alnımın tərini silirdi. Təəssüf ki, macal tapmadım Yaşarın zəhmətlərin qiymətləndirib təşəkkür edəm. Onun üçün ürəyimdə dedim: "Yaşar insanlıq, yaşar!"

Sami SERDARİMİLLİ 

 





05.10.2018    çap et  çap et