525.Az

Fransa Azərbaycanlıları Koordinasiya Şurası yaradıldı


 

KOORDİNASİYA ŞURASININ ƏLAQƏLƏNDİRİCİSİ TOĞRUL ZEYNALOV: “FRANSADA AZƏRBAYCAN DİASPORUNUN KOORDİNASİYA OLUNMUŞ FƏALİYYƏTİNƏ NAİL OLMAĞA ÇALIŞACAĞAM”

Fransa Azərbaycanlıları Koordinasiya Şurası yaradıldı<b style="color:red"></b>

Bir neçə gün əvvəl Fransa Azərbaycanlıları Koordinasiya Şurası (FAKŞ) təsis olunub.

Fransanın Nant şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Assosiasiyasının (ACAF) sədri Toğrul Zeynalov qurumun əlaqələndiricisi seçilib. FAKŞ-ın Fransada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarını əlaqələndirən bir qurum olduğunu bildirən Toğrul Zeynalov qeyd edib ki, Fransada fəaliyyət göstərən diaspor təşkilatları və diaspor nümayəndələri bundan sonra əlaqəli şəkildə, koordinasiya olunmuş birgə fəaliyyət göstərməklə bağlı razılığa gəliblər. Səlahiyyətlərinin icrasına bu ilin dekabrında başlayacağını, 6 ay şuraya rəhbərlik edəcəyini vurğulayan T.Zeynalov deyib ki, Şurada bütün qərarlar kollegial qəbul ediləcək, birgə müzakirələrdən keçəcək: “Belə müzakirələrin təşkilində mən bir əlaqələndirici olaraq iştirak edəcəyəm. Bütün qərarların ümumi mənafeyə xidmət etməsi bizim üçün əsas olacaq. Hər kəs Şurada öz təklifini, layihəsini səsləndirəcək, əsaslandıracaq, təqdim edəcək. Daha sonra isə ümumi qərar qəbul ediləcək. Elə Koordinasiya Şurasının mahiyyəti də bundan ibarətdir ki, qərarlar ümumi müzakirədən keçsin, vahid rəhbərlikdən kollegial qərar qəbuluna keçid təmin edilsin”. 

Fransada çox güclü diaspor təşkilatlarının fəaliyyət göstərdiyini xatırladan T.Zeynalovun sözlərinə gərə, birgə fəaliyyətin daha uğurlu olacağına inandığını bildirib: “6 ay əlaqələndirici mən olacam, daha sonra başqa bir şəxs də ola bilər. Yəni bu belədir, daimi deyil və əlaqələndirici hər hansı üstünlüyə malik deyil. Əlbəttə, ilkin olaraq mənim seçilməyim, diaspor təşkilatları və nümayəndələri tərəfindən mənə ehtimaddır və çox böyük məsuliyyətdir. Mən uzun illərdir Fransada, Nant şəhərində diaspor fəaliyyəti ilə məşğul oluram. Elə Nantın özündə çox güclü diaspor təşkilatları var, çoxsaylı soydaşlarımız yaşayır. Onlara da təşəkkür edirəm ki, mənə ehtimad göstərildi. Çalışacağam ki, bu etimadı doğruldum və nəticədə biz Fransada Azərbaycan diasporunun birləşməsinə, koordinasiya olunmuş fəaliyyətinə nail olaq”.  

- Toğrul müəllim, sizin fikrinizcə, Koordinasiya Şurası Azərbaycan-Fransa münasibətlərinə nə verəcək?

- Azərbaycan beynəlxalq hüquqi normalara hörmətlə yanaşan bütün ölkələrlə isti münasibətləri olan dünyəvi bir dövlətdir. O cümlədən, Avropanın aparıcı dövlətlərindən olan Fransa ilə də Azərbaycanın çox yaxın münasibətləri var. Ümid edirəm ki, Koordinasiya Şurası bu münasibətlərin daha da yaxşılaşmasına öz töhfəsini verəcək. 

Fransada çoxlu sayda azərbaycanlılar var. Elə Nant və Nant ətrafı ərazilərdə 650-dən artıq ailə yaşayır ki, bu da 2000-dən çox soydaşımız deməkdir. Ümumilikdə isə, müxtəlif mənbələrdə Fransada 8 min nəfərdən çox azərbaycanlının yaşadığı qeyd edilir. İlk növbədə Koordinasiya Şurası soydaşlarımızın daha yaxşı təşkilatlanmasına kömək edəcək ki, bu da ölkəmizin Fransada daha çevik təbliğinə, Fransa cəmiyyətinə daha yaxından inteqrasiyaya imkan yaradacaq. Təbii ki, bütün bunlar Fransa-Azərbaycan arasında münasibətləri daha da möhkəmləndirəcək.

Diaspor təşkilatları, bütün yerlərdə olduğu kimi, Fransada da ölkəmizi tanıtmaq, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, mədəniyyətimizi təbliğ etmək, Azərbaycan dilini yaşatmaq və digər istiqamətlərdə fəalliyyət göstərir. Bundan sonra da fəaliyyət istiqamətimizdə hər hansı ciddi dəyişikliyin olacağını zənn etmirəm, sadəcə, gücümüzü birləşdirəcəyik. Diaspor təşkilatları birgə fəaliyyət göstərəcək və təbii ki, bu halda da nəticələr daha təsirli olacaq. 

- Fransada Azərbaycan diaspor fəaliyyətinizi necə qurmusuz?

- Mən 2015-ci ildən Nant şəhərində Azərbaycan Mədəniyyət Assosiasiyasının sədriyəm. Azərbaycanın təbliği istiqamətində bir çox tədbirlər həyata keçirmişik. Bu işləri görmək üçün peşəkar komanda hər zaman vacibdir. Biz də bu vaxta kimi öz peşəkar komandamızı qorumağı bacarmışıq, bundan sonra da qoruyacağımıza və uğurlu layihələrə imza atacağımıza inanıram.

- Fransada ermənilər üstünlük təşkil edir. Diaspor sahəsində sizin gördüyünüz işlərə bədnam qonşularımız tərəfindən hər hansı maneələr olurmu?

- Bəli, bəzi tədbirlərdə texniki problemlər yaratmağa cəhd göstərirlər. Amma qeyd etdiyim kimi, biz peşəkar komanda olaraq belə fors-major halların olacağını əvvəlcədən görür və onun qarşısını alırıq.

- Fransada diaspor sahəsində çalışan dəyərli həmvətənlərimiz çoxdur. Onlarla bir araya gəlib hansısa məsələləri müzakirə edirsizmi?

- Təbii ki, toplantılar keçirir, görəcəyimiz işləri müzakirə edirdik. Həmçinin, soydaşlarımızın problemlərini öyrənib onu həll etməyə çalışırdıq. Amma etiraf edim ki, bu, davamlı və kütləvi deyildi, fərqli fikirlər də mövcuddur. Bununla belə, toplantı və müzakirələrimiz bundan sonra daha intensiv hal alacaq. Soydaşlarımız, diaspor təşkilatları ilə əlaqələr, fəaliyyətimiz planlı və sistemli formada davam edəcək, hər bir məsələdə biri-birimizə dəstək göstərməyə çalışacağıq.

- Qarabağ məsələsi hamımızın yaralı yerimizdir. İşğal faktının tanıdılması üçün hansı işləri görürsüz? Bundan sonrakı fəaliyyətinizdə Qarabağla bağlı nələr etməyi düşünürsüz?

- Qarabağ həqiqətlərinin çatdırılması həm soydaşlarımız, həm də diaspor təşkilatları üçün hər zaman prioritet olub və bu istiqamətdə bir çox tədbirlər həyata keçirmişik. Həmçinin, “Xocalıya ədalət” kampaniyası çərçivəsində yüksək səviyyədə təşkil etdiyimiz aksiyanı xüsusi qeyd etmək istəyirəm. Bu günə kimi də bədnam qonşularımız bu tədbirin şokunu yaşayır. Bu mövzu Koordinasiya Şurasını növbəti il üçün fəaliyyət proqramında prioritet məsələ olacaq.

- Xaricdə yaşayan azərbaycanlıların, xüsusilə də gənc nəslin ana dili ilə bağlı problemləri olur. Bu istiqamətdə hansı işləri görməyi düşünürsüz?

- Bu  məsələ ilə bağlı bir çox lahiyələrimiz var. Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ilə də bu barədə müzakirələrimiz oldu. Gələn ilin əvvəllərində Nant şəhərində növbəti ana dili məktəbimiz açılacaq, hətta Komitə rəhbərliyi belə bir ifadə də işlətdi ki, 2019-cu ili “Nant İli” elan edəcəyik. Düşünürəm ki, məktəbin açılması Nantda dilimizin unudulmaması və yaşadılması baxımından önəmli olacaq.

- Sonda bir məsələyə də münasibətinizi öyrənmək istərdik. Xaricdəki diaspor rəhbərlərinin bir çoxu Fuad Muradovun Diasporla İş üzrə Dövlət Komitəsinə sədr təyin edilməsini uğurlu seçim adlandırır. Hətta iddia olunur ki, o, öz fəaliyyəti ilə qısa müddətdə diaspor sahəsində xeyli canlanma yarada bilib. Sizin yeni sədrdən gözləntiləriniz nədir?

- Fuad Muradov Dövlət Komitəsinə sədrliyindən öncə Milli Məclisinin deputatı olmaqla yanaşı, həm də beynəlxalq təşkilatlarla iş sahəsində fəal millət vəkillərindən idi. Bu isə həm Fuad müəllimin diplomatiyanı yüksək səviyyədə bilməsinə dəlalət edir, həm də diasporlarımızın problemlərini öyrənməyə şərait yaradır. Fuad müəllim komitə rəhbəri təyin edilməmişdən öncə də diasporların, xaricdə yaşayan soydaşlarımızın problemləri haqqında dolğun informasiyası olan bir millət vəkili idi. İndi də, artıq komitə rəhbəri kimi, bu problemlərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyətə başlayıb. Fuad müəllim Nantda yaşayan soydaşlarımızla görüş keçirdi. Bu insanlar ilk dəfə idi ki, dövlət nümayəndəsi ilə təmasda olurdular, ilk dəfəydi ki, məmur Nantda yaşayan soydaşlarımızla görüşürdü. Bu görüş soydaşlarımıza sanki ruh verdi, onlar bunu çox yüksək əhval-ruhiyyə ilə qarşıladılar.

C.ABASOV

 





06.10.2018    çap et  çap et