525.Az

Etnik baxımdan zəngin bölgələrimiz- Qax


 

Etnik baxımdan zəngin bölgələrimiz- <b style="color:red">Qax</b>

Azərbaycan etnik tərkibi baxımdan da dünyanın ən zəngin ölkələrindəndir. Ümummilli lider Heydər Əliyev də əbəs yerə demirdi ki, Azərbaycanın zənginliyi həm də burada yaşayan müxtəlif xalqların sayının çoxluğu ilə səciyyələnir.

Ölkəmizdə əsrlərdir müxtəlif xalqların nümayəndələri əl-ələ, çiyin-çiyinə dostcasına, qardaşcasına yaşayırlar. Ölkənin bütün bölgələrinə səpələnərək yaşayan etnik qruplar, azsaylı xalqlar bəzi regionlarda xüsusilə üstünlük təşkil edirlər. Tarixi proseslərin nəticəsi bir sıra xalqların məskunlaşmasında da özünü göstərib. Buna müvafiq olaraq bəzi etnik qruplar, azsaylı xalqlar bəzi regionlarda pərakəndə, bəzilərində isə sıx halda məskunlaşıblar. Azərbaycan ümumiyyətlə, etnik cəhətdən zəngin ölkə olsa da, bu etnik zənginlik çaları özünü bəzi bölgələrdə, bəzi rayonlarda daha qabarıq şəkildə büruzə verir. Yəni, bəzi ərazi vahidlərimizdə etnik rəng özünü daha tünd çalarda göstərir, bəzi etnik qruplar, bəzi xalqlar bir sıra rayonlarda daha kompakt şəkildə yaşayırlar.

Azsaylı xalqların və etnik qrupların kompakt şəkildə yaşadıqları bölgələrimizdən biri də  Qax rayonudur. Yaşayış məskəni kimi Qaxın adına ilk dəfə Moisey Kalankatlı nın “Albaniya tarixi” əsərində rast gəlinir. IV əsrə aid hadisələrdən bəhs edən tarixçi Haku(Qax) adlı yaşayış məskəninin adını qeyd edir. Rayonun ərazisi Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində yerləşir. Qaxda 59 yaşayış məntəqəsi var. Almalı, Fıstıqlı, Malax, Qaxmuğal, Süskən,  Çüdüllü, Amanlı, Güllük, Marsan, Qaysarlı, Tanqıt, Üzümlü, Armudlu, Keşqutan, Meşəbaş, Qazmalar , Tasmalı, İbaxlı, Ağyazı, Kiçik Alatəmir, Oncallı, Qaşqaçay, Turaclı, İlisu, Ağçay, Kötüklü, Qapıçay, Qımır, Uzuntala, Şıxlar, Baydarlı, Ləkit, Qarabaldır, Qındırğa, Xələftala, Şotavar, Bağtala, Ləkit Malax, Qaratala, Qorağan, Zərnə, Əmbərçay, Cəlayer, Zəyəm, Əmircan, Dəymədağlı, Lələpaşa, Qaxingiloy, Şotavar, Çinarlı kimi kəndlərdə azərbaycanlılar, inqiloylar, gürcülər, saxurlar, ləzgilər, mesxeti türkləri, ruslar, avarlar və başqa xalqların nümayəndələri yaşayır. Məsələn, rayonun əsası 1897-ci ildə qoyulmuş Qaxingiloy kəndində — etnik ingiloylar üstünlük təşkil edir. Yaxud Şotavar kəndində ləzgilər, avarlar, müsəlman tatarlar yaşayır.

Qaxda bir çox xalqların nümayəndələri yaşayır, ancaq sayca inqiloylar üstünlük təşkil edir. İngiloylar mənbələrdə əsasən Azərbaycanın Qax və Zaqatala rayonları ərazisində yaşayan gürcülərin subetnik qrupu kimi təqdim olunur. I Şah Abbasın dövründə müsəlmanlığı qəbul ediblər.  Etnik, psixoloji, mədəniyyət və s. cəhətlərinə görə azərbaycanlılarla qohumluq əlaqələrinə malik olan ingiloylar yaşadıqları cəmiyyətə sıx inteqrasiya olunmaları ilə seçilirlər. İngiloylar 26 qədim alban tayfasından biri olan gellərdir, “gel” sözü də “ingiloy” sözünün ikinci hecasında “gil” kimi öz əksini tapıb. Bu qrupun nümayəndələrindən əsasən müsəlmanlar və çox az hissəsi xristianlar gürcü dilinin cənub dialektində danışırlar. İngiloyların dili gürcü dilinə yaxın (gürcü dilinin cənub dialekti) olduğu üçün onları gürcüdən dönmə hesab edirlər. İngiloyların əcdadları olan qeller orta əsrlərdə dilləri gürcüləşmiş Albaniya tayfaları olub.

Tarixi məlumatlara görə, azərbaycanlılar ingiloyları qellər adlandırırlar. Qax rayonunun İlisu kəndindəki ingiloyların qellər, avarlar tərəfindən qeloylar, zaxorlar tərəfindən qelovlar adlandırılması ona əsas verir ki, ingiloy etnonimi azərbaycanca “yeni qellər” sözlərinin birləşməsindən yaranıb. Qellər komponenti qədim qel etnonimi ilə əlaqələndirilir. Strabonun məlumatına görə qellər amazonkalıların arasında yaranıb. Bu faktı Plutarx da (ikinci əsr) təsdiqləyib. Qədim gürcü mənbələrində Dağıstan xalqları leki adlanır. Onuncu əsr gürcü yazıçısı Yefemiyev Sertoqoriya leklərini albanlar adlandırıb. Qellərin Qafqaz dağlarında və yaxud Şimali Qafqazda yaşadıqları söylənilib. Bəzi tədqiqatçılar qellərin Dağıstanın cənubunda yaşadığını iddia edir. Bəziləri isə Strabonun və Plutarxın amazonkalılar adlandırdığı xalq – alazanların Alazan çayı sahillərində yaşadıqlarını bildirirlər. Beləliklə, müasir ingiloylar (qədim qellər) iki min ildir ki, eyni bir yerdə – Alazan çayı ərazisində yaşayırlar.

İngiloyların əcdadları olan qellər orta əsrlərdə dinin inkişafı nəticəsində dilləri gürcüləşmiş İran dilli Albaniya tayfaları olmuşlar. İngiloyların əcdadları Albaniya vilayətinin ərazisi olan Eritedə yaşamışlar. Müxtəlif dövrlərdə Gürcüstanın tərkibinə daxil olan qellər gürcü-provaslav dininin təsirindən gürcü dilini qəbul etmiş və gürcü dilinin ingiloy dialekti yaranıb.

Dövlət Statistika Komitəsinin məlumatında ingiloyların deyil, gürcülərin sayı barədə məlumatlar verilir. Azərbaycanın regionları üzrə statistik göstəricilərdə də gürcülər barədə məlumat verilir. Heç bir son dövrlərin statistik məlumatında ingiloy adı altında say göstəricisinə rast gəlinmir. İngiloylar əsasən Balakən və Zaqatalanın bir neçə yaşayış məntəqəsində, daha çox isə Qax rayonunun Qaxingiloy, Əlibəyli, İngiloy Kötüklü, Böyük Alatəmir, Kiçik Alatəmir, Meşəbaş, Qaxbaş və Qarameşə kəndlərində yaşayırlar.  Qax rayonunun Əlibəyli, Gürcü Kötüklü, Qax İngiloy, Meşəbaş, Torağan və Xələfsala kəndlərində gürcülər də yaşayır.

Qax rayonunda kilsələrdən bəziləri fəaliyyətini davam etdirir. Bölgənin gürcü əhalisi öz ənənələrinə sadiq qalır. İngiloyların milli adət-ənənələrinin qorunub saxlanması sayəsində dövlət tərəfindən bir sıra işlər görülüb. İngiloyların yaşadıqları rayonlarda əhalinin əsas hissəsini azərbaycanlılar təşkil etsə də, burada digər azsaylı xalqların nümayəndələri də yaşayırlar. Bu bölgələrdə azərbaycanlılarla yanaşı, həm də azsaylı xalqların nümayəndələri ilə bağlı tədbirlər keçirirlər. Azərbaycan şairlərinin yubileyləri ilə yanaşı, gürcü xalqlarının nümayəndələri İ.Çavçavadezinin, Ş.Rustavelinin yubileyləri qeyd edilib. Rayon mərkəzlərində keçirilən xeyriyyə marafonları, 20 Yanvar və Gürcüstanda baş vermiş 9 aprel faciələrinin qeyd olunması həm də milli azlıqların adət-ənənələrinin təbliğinə xidmət göstərir.

Qaxda Gürcü Teatrı fəaliyyət göstərir. Ölkəmizin hər yerində olduğu kimi Qaxda da bizim vətəndaşlarımız-digər xalqların nümayəndələri dövlət orqanlarında, idarəetmədə fəal iştirak edirlər.

  lll

Bütün bunlar göstərir ki, Tanrı Azərbaycan adlı bu məmləkətdən səxavətini və lütfünü əsirgəməyib, yeraltı və yerüstü sərvətlərlə yanaşı, bir ölkə ərazisində iç-içə qaynayaraq qarışan, bir respublikanın bərabərhüquqlu vətəndaşı kimi çiyin-çiyinə yaşayan dost xalqlar bəxş edib. Bu qiymətli bəxşişlərin qədrini bilmək, qorumaq hər birimizin mənəvi borcudur.

Sevinc MÜRVƏTQIZI

 





12.08.2013    çap et  çap et