525.Az

Könlünüzdə bu arzuya yer varmı?! - Rafael Hüseynov yazır


 

KÖNLÜNÜZDƏ BU ARZUYA YER VARMI?

Könlünüzdə bu arzuya yer varmı?! - <b style="color:red">Rafael Hüseynov yazır </b>

Köhnə Tiflisin bizə əziz olan, simsar görünən çox küçələri, məhəllələri, binaları, ağacları, kəhrizləri var.

Çox sular axıb keçib, onillər, yüzillər bir-birini əvəzləyib, nəsillər dəyişib, amma Şeytanbazar Tiflis əhlinin dilində elə Şeytanbazar olaraq qalıb.

İstər gürcüsünün, istər azərbaycanlısının dilində.

Meydan yenə Meydandır, Ortaçala da həmin sayaq.

Abbasabad meydanı, Topxana, Nağaraxana, Zərgərxana, Pambıq cərgəsi, Aşağı məhəllə, Müctəhid bağı, Bülbül çalası, Cırdahan, Xarpux, Qoçoğlunun suyu, Bəzəkli hamam, Çarx hamamı, Narınqala, Cümə məscidi, Koroğlu qayası, Təbriz meydanı, Təklə karvansarası, Gəncə qapısı, Gümüşün yolu, Seyidabad, Şıxlı, Şahtaxtı, Şərab yoxuşu, Siracxana yoxuşu, Sənan dağı... da o cür.

Oyan, ey pir-i xoşdil! Qalx, ayıl bir xabi-rahətdən!
Qiyamətdir, qiyamət!.. Qalx, oyan, zövq al bu fürsətdən.
Mələklər göydən enmiş, feyz alırlar xak-i pakindən,
Seçilməz şimdi əsla məqbərin gülzari-cənnətdən.
Donanmış hər tərəf pürşölə ulduzlarla... caizdir
Ki, Tiflis ərş-i pürəxtərlə dəm vursun rəqabətdən.
Ayıl, ey şeyxi-vəcdavər! Ayıl, bax gör nə aləmdir?
Cahan sərməst olub rəqs eyliyor şövqü şətarətdən.

Bir məhəbbət himni sayılası bu şeiri böyük Hüseyn Cavid Tiflisdə yazıb və Şeyx Sənana ünvanlasa da, əslində, elə həm də Tiflisə yazıb.

İndinin cavanlarına bu şeir qocafəndi, köhnəlmiş təki təsir bağışlaya bilər.

Amma 1920-30-cu illərin ziyalı Bakı gənclərinin əksəri bu şeiri əzbər bilər, sevə-sevə oxuyardı.

Canlı şahid özüm!

Xeyr, mən 1920-30-cu illərdə yox idim, amma 1970-ci illərin sonları, 1980-lərdə o illərin cavanları olmuş ağsaqqallar Cavid haqqındakı söhbətlərimizi çox vaxt bu və bu qəbildən olan şeirləri şövqlə, ehtirasla sinədən deməklə başlayardılar...

Cavid Tiflisi də, Gürcüstanı da çox sevərmiş, 1920-ci illərdə, 1930-cu illərin əvvəllərində ailəsi ilə yayları Gürcüstanda dincəlməyi xoşlarmış.

Məşhur “Şeyx Sənan” faciəsini də o, elə buralarda qələmə almışdı.

Şairin qızı Turan xanım anası Mişkinaz xanımın dilindən mənə söylərdi ki, Cavid Tiflisdə olduğu vaxtlarda, xüsusən “Şeyx Sənan”ı işlədiyi dövrdə tez-tez Şeyx Sənan dağına qalxar, orada saatlarla fikrə dalarmış...

Uyub sən bir mələksimayə, satdın dini, imanı;
Atıb ehkami-Quranı, uzaqlaşdın təriqətdən.
Fəqət, xoş bir təriqət qoydun, əsla məhv olub getməz,
Cahan durduqca parlar, yüksəlir, düşməz təravətdən.
Ziyarətgahını gülbusələr təzyin edər hər an,
Sən əhli-eşq için bir Kəbə yapdırdın məhəbbətdən.
“Nədir mənası eşqin?!” söyləyənlər nerdə? Bir gəlsin,
Görüb qüdsiyyəti-Sənanı, lal olsun xəcalətdən.
Məhəbbətsiz bütün məna-yi xilqət, şübhəsiz, heçdir;
Məhəbbətdir, əvət, məqsəd şu pürəfsanə xilqətdən. 

Amma Şeyx Sənan dağı, Şeyx Sənan türbəsi də daxil olmaqla Tiflisdəki bütün tanış adlar və ünvanlar içərisində birinin yeri məxsusidir.

Tiflisin bəzəyi, sorağı lap çoxdan Gürcüstandan çox uzaqlara da yayılmış məşhur Nəbatat bağı.

1845-ci ildə ovaxtacan “Çar bağı” adlandırılmış, hökmdar ailəsinə məxsus olmuş bu gözəl məkan həmin il Qafqaz canişini Mixail Vorontsovun əmri ilə “Botanika bağı”na çevrildi.

Bu gülüstana qulluq etmək qaydaları da dəyişdi, bağbanların sırasına xüsusi bitki mütəxəssisləri, alimlər də cəlb edildi.

Nəbatat bağının gül səltənətinə 100 ilə yaxın müddətdə bilgin alman bağşünasları nəzarət edib, nəvaziş göstərdilər.

Vaxt ötdükcə Nəbatat bağının hüsnü necə dəyişdisə, cazibədarlığı nə təhər artdısa, dünyanın çox yerində olub, çox gözəllikləri seyr etmiş fransız səyyahı Jan Şardenin 1671-ci ildə bu bağı görəndən sonra yazdığı sətirlər heyranlıq və heyrətlə dolu idi. O, Nəbatat bağında insanı göyçək görünüşü və ətri ilə valeh edən 3 500 növ ağac və gülün olmasından valehcəsinə bəhs edirdi.

Asta-asta məlum olur ki, Nəbatat bağını daha qəşəng etməkçün düşünülənlərin hamısını həyata keçirməkdən ötrü bağın mövcud ərazisi bəs etməyəcək.

1896-1904-cü illərdə bağın sahəsini yan-yörədəki ərazi hesabına bir qədər artırdılar.

Təzə ağaclar əkdilər, gül kolları basdırdılar, böyür-başını abadlaşdırdılar.

Meydandan ayrılıb Nəbatat bağına doğru gedən yolda Tiflis azərbaycanlılarının məscidi ucalır.

Elə həmişə də burada olub.

Səbəbsiz deyil. Çünki vaxtilə Nəbatat bağının yanında müsəlman qəbiristanlığı yerləşirmiş.

XX əsrin ortalarında bağın növbəti genişləndirilməsi haqda qərar çıxarırlar və camaata da xəbər verirlər ki, ölülərini başqa məzarlıqlara köçürsünlər.

Xeyli adam gəlir və mərhumlarının qalıqlarını çıxarıb ayrı qəbiristanlıqlara aparır. Lakin müsəlman qəbiristanlığı çox köhnə idi, bir neçə yüzil yaşı vardı.

Lap qocaman qəbirlərdə yatanlardan kimlərinsə daha ardınca gələsi bir kəsi qalmamışdı, bəzilərinin də qohum-əqrəbası köçüb başqa yerə getmişdi.

Başda Mirzə Fətəlinin (1812-1878) qəbri olmaqla, bir neçə məşhur azərbaycanlının məzarı isə yeri dəyişdirilərək elə Nəbatat bağındaca bir qədər yuxarı hissəyə keçirilir.

Söz yox, Mirzə Fətəli burada torpağa tapşırılan ilk soydaşımız deyildi.

Ona qədər də burada son mənzilini tapan çoxları yatırdı.

Tiflisdə, Meydandan yuxarıdakı müsəlman qəbiristanlığı indi qalsaydı, bütöv bir salnamə, daşdan yapılmış tarix kitabı kimi olardı.

Həmin əski qəbir daşlarına baxıb hafizələrdən pozulmuş nə qədər tarixçələri bərpa edə, zəmanəsinin seçkini, adlı-sanlısı olmuş neçə unudulmuşumuzu yenidən kəşf edərdik.

Təəssüflər ki, mühüm bir tarix parçası, daş sənədlər yox olub.

(Məndə köhnə Tiflisin müxtəlif guşələrinin əks olunduğu, XX yüzilin əvvəllərinə aid bir neçə açıqca var. Onlardan ikisi “Botanika bağı”nın içərisindəki yüksəklikdən çəkilmiş və fərqli istiqamətləri əks etdirən fotolardır. Birində Tiflis şəhəri panoramda, ovucun ortasındakı kimi görsənir.

O birində Bağın içərisindən görünən dağlıq səmt, əski müsəlman qəbiristanlığının bir hissəsidir ki, artıq çoxdan “Nəbatat bağı”na qatılıb. Bu açıqcada yamac boyu sıralanmış və təbii ki, daha heç biri qalmayan sərdabələr, qəbir daşları gözə dəyir).

Gürcüstandakı yaşlı azərbaycanlılar mənə söyləyiblər ki, Bağa yaxın həndəvərdə tikilən bəzi evlərin divarlarına, hasarlarına sahibsiz qalmış müsəlman qəbirlərinin daşlarından götürərək istifadə edənlər az olmayıb.

Bu qəziyyədən də ondan duyuq düşüblər ki, ya bütöv, ya da hissə-hissə istifadə edilmiş, üstündə ərəb əlifbalı yazılar olan bəzi sinə və başdaşları diqqətsizlik ucbatından yol keçənlərin gördüyü tərəfə hörülübmüş. Daha söküb çıxarmaq da mümkün deyilmiş. Ona görə də belə hallardan agah olduqca həmin tarix nişanəsi yazıları qaşıyıb yox edirlərmiş.

Ermənilərin Göyçə mahalında, Dərələyəzdə, İrəvanda, ümumən Qərbi Azərbaycan boyu və Dağlıq Qarabağda yüzillərlə, bəzənsə minillərlə yaşı olan qəbirlərimizi, məzarlıqlarımızı məhv etmələri boşuna deyildi ki!

Axı hər qəbir daşı özlüyündə ayrıca bir tarix yadigarı, lazım gələndə üzə duran, sübuta çevrilən vacibdən-vacib şahiddir.

Torpaq kimindirsə də, orada elə o tayfanın, o xalqın da qəbirləri olur.

Gəlmənin qəbirləri yerlininkindən nə sayca çox ola bilər, nə yaşca qədim.

Ona görə də ermənilərin gücü onları hər cəhətdən ifşa edən köhnə qəbirləri dağıtmaqdan savayı nəyə çatasıydı ki!

(Şər qarışırdısa da, nə qədər ki, göz gözü görür, Nəbatat bağında xeyli aralıda dizə qədər qalxmış otların arasında qaralan bəzi daşlara baxmağı qət etdim. Və elə qısa vaxt ərzində illərin bozartdığı, bəzisinin yazısı babat oxunan, bəzisininki güclə seçilən bir neçə qəbir daşı tapdım. Deməli, hələ köhnə qəbiristanın izləri buradan tam itməyib. Nə qədər gec deyil, gərək bu işlə məşğul olmaq xeyirxahlığını boynuna götürən araşdırıcılarımız tapıla. Bir qanlı, savadlı epiqrafika mütəxəssisi gərəkdir ki, Gürcüstana bir neçə günlüyə ezamiyyətə getsin, Nəbatat bağını diqqətlə araşdırsın, oradakı sahibsiz qəbir daşlarımızı müəyyənləşdirib üstünü oxusun. Mən elə alaqaranlıqda, tələm-tələsikdə, bir saat ərzində 3-nü tapdımsa, gör zənlə aranarsa, nə qədəri tapılar!).

... Bizi biz edənlərdən olan dahi Mirzə Fətəli Axundzadə bu millətə yazıb-yaratdıqları ilə çox xidmət edib və etməkdədir.

Tale Mirzə Fətəlinin alnına elə ali millət xidmətkarlığı missiyası yazmışdı ki, hətta onun qəbri də, ehtiyac duyulanda, xalqın karına gəldi, dərdlərinə yaradı.

1920-ci ilin iyununda Tiflisdə Cümhuriyyətimizin ilk baş naziri Fətəli xan Xoyskini bolşeviklərlə ermənilər xosunlaşıb qətlə yetirdilər.

Düz bir ay sonra isə, 1918-ci ilin mayında İstiqlal Bəyannaməmizi ilk dəfə səsləndirmiş, Məclis-i Məbusanımızın - birinci parlamentimizin rəhbəri olmuş, rəsmən müavin sayılsa da, əvvəldən təqribən sona qədər millət məclisinə son dərəcə sağlam dövlətçi və millətpərvər mövqeyi ilə sədrlik etmiş Həsən bəy Ağayevi də eyni düşmənlər eyni fitnəkarlıqla Tiflisdə kürəyindən vurdular.

Şura hökumətinin qəddar düşmən saydığı bu sadiq vətənpərvərlərin məzarlarından da qisas alacağı istisna deyildi.

Ona görə də hər ikisini qəbirlərinin yeri məhrəm olmayanlara bilinməsin deyə başağacı qoymadan, məzarlarının üstünü yerlə bir edərək dəfn etdilər.

Tiflisin həmin müsəlman qəbiristanlığında, Mirzə Fətəlinin ayaq səmtində.

O məqsədlə ki, bu narahat məzarlar itməsin, haçansa faciəli, fəlakətli əyyamlar bitərsə, Fətəli xanı da, Həsən bəyi də tapa, yenidən dəfn edə, onlara başdaşı qoya bilsinlər.

Beləcə, Mirzə Fətəlinin məzarı onlara hayan oldu, onların yasaq qəbirlərinin qoruyucusuna, rəmzi başdaşına çevrildi.

Rəhmətlik Ənvər Məmmədxanlı özü mənə danışırdı ki, vaxtilə pristav işləmiş atası Qaffar kişi sovet gələndən sonra həbs ediləcəyini, yəqin ki, həm də dərhal güllələnəcəyini bildiyindən qaçaq düşmüşdü.

1930-cu illərdə Tiflisdən Ənvər müəllimə gizli xəbər çatdırırlar ki, durma, gəl, atan vəfat edib.

Ənvər elə gecə ilə qatarla Gürcüstana yola düşür.

Növbəti günün axşamı, qaranlıq qatışanda atasını, həm qəbir yadlara bilinməsin, həm də yeri qeyb olmasın deyə Mirzə Fətəlinin məzarının yanında basdıraraq gecə ilə geri qayıdır...

2018-ci il sentyabrın 24-də növbəti dəfə Tbilisidə qonaq idim və təbii, hər dəfə olduğu kimi, Nəbatat bağındakı əziz məzarlarımızın ziyarətinə yollanmaya bilməzdim.

Hər qəbrin qarşısında xeyli dayanırdım, xəyalən onlarla da danışırdım, ürəyimdən başqa çox mətləblər də keçirdi.

Hər gün bura - Nəbatat bağına axın-axın insan gəlir.

Gəlirlər ki, gözləri yaşıllığın, rəng-rəng, çalar-çalar güllərin əlvan gözəlliyi ilə dolsun, gəlirlər ki, buraların saf havasını ciyərlərinə çəksinlər, bağın içərisindən keçən, adı dilə çətin yatsa da, özü dinclik, rahatlıq saçan Tsavkisistskali çayının həzin şırıltısını dinləsinlər.

Bu ruhovudan məskəndə dolaşırdım, ruhları həmişə səksəkəli Mirzə Fətəlinin, Həsən bəy Ağayevin, Fətəli xan Xoyskinin məzarları önündə dayanırdım, buralarda əbədiyyət röyasına dalmış Mehdiqulu xan Vəfa, Hüseyn Əfəndi Qayıbov-Müftizadə, Behbud ağa Şahtaxtinski, Eynalı bəy Sultanov, Nazlı Məmmədquluzadə, Rzaqulu Nəcəfov, İbrahim İsfahanlını... anırdım.

Ruh Allahın elə ən dərin sirlərindəndir ki, onun barəsində hətta elçisi Həzrət-i Məhəmmədə də çox gizlinləri açmayıb.

Amma Xudavənd-i aləmə hər halda əyan idi ki, bəndələri bu haqda bəşərə ezam etdiyi peyğəmbərdən xəbər almaq, həqiqətlər öyrənmək istəyəcəklər.

Ona görə də belə suallarla üzləşəcəyi təqdirdə cavabdan yayınmaqdansa etiraf etməyin məsləhət olduğunu buyurmuşdu: “Səndən ruh haqqında soruşacaqlar. De ki, mənə bu barədə çox bilgi verilməyib”.

Sona yaxınlaşan ilin ilk payız axşamlarından birində Nəbatat bağında - könül dincəldən seyrəngahda bir-birinin qonşuluğunda bu dünyadakı axırıncı dayanacaqlarına sığınmış şərəfli millət balaları haqqında düşünürdüm.

Mənim də ruh haqda təsəvvürlərim nə qədər səthi olsa da, hər halda bu qənaətdəyəm ki, o əsrarlı nəsnə qara torpağın altına sığmayacaq qədər qanadlı, azad, ölməzdir.

Yavaş-yavaş Nəbatat bağına axşam alatoranı çökür.

Fikirləşirəm ki, bir azdan qaranlıq qatışacaq, bu get-gəlli məkandan əl-ayaq yığışacaq, ətraf boşalacaq, quşlar da kiriyəcək.

Qalacaq ağaclar, çiçəklər, bağdakı heç vaxt səsi kəsilməyən şəlalə, qıvrıla-qıvrıla axıb keçən çay, yarpaqların xəfif pıçıltısına qovuşan yumşaq şırıltı...

Bəlkə elə gecənin belə dərin saatlarında, su səsiylə yarpaq xışıltısının yaratdığı musiqinin məhrəmliyində, insanın az qala ürəyinin döyüntüsünü eşitdiyi sakitlikdə bir-birindən az aralı məzarlarında uyuyan millət pərvanələrimizin nigaran ruhları başlayır buralarda uçuşmağa.

Ya bəlkə elə gündüzkü adamlar kimi, öz sağlıqlarında olan sayaq, başlayırlar buralarda gəzişməyə.

Onların bura gələnəcən bir-birini tanıyanları da, bura gələndən sonra tanış olanları da qanlarıyla, ilikləriylə, mahiyyətləriylə eyni adamlardı.

Ona görə də burada həmməkan olandan sonra isinişmələri, bir-birlərilə tezcə dil tapmaları (ruhların dili necədir, görən, o dilin də sözləri varmı?), gecənin tənhalığında hərdən-hərdən dünənin məsud və göynəkli günlərinin xatirələrinə dalmalı, həmişə ürəklərində gəzdirdikləri millət sevdası ilə yurdun sabahları haqda həsbi-hal etmələri məntiqlə elə öz-özünə baş verməli idi.

Bu qatmaqarışıq, vahiməli düşüncələrə görə qınamayın məni.

Hər kəs bilir ki, məzardakı cansız cəsəddir və torpağa gömüləndən müddət keçincə daha heç cəsəd də deyil, ahəstə-ahəstə əriyən, torpağa qarışan bir topa küldür.

Lakin nə sirdir ki, dünyanın hər yerində, bütün zamanlarda insanlar heç gözünə də görünməyən, torpaq altında qalan həmin bir topa külün ziyarətinə gəlib, gəlir, gələcək və onunla bir canlıyla danışırmış kimi söhbətləşib, söhbətləşir, söhbətləşəcək?

Zahirən sənə aydındır ki, bu adam lap çoxdan yoxdur, bir sərab kimi uçub gedib, daha heç vəchlə dirilə bilməz, qayıda bilməz, amma nədirsə, yenə onu canlı kimi qavrayır, sanki elə yanında, başının üzərindəymiş kimi qəbul edirsən.

Belə çıxır ki, əslində, hamı ruha inanır və söhbətləşdiyi, var kimi duyduğu da bir topa kül deyil, məhz ruhdur ki var!

Heç kim cəsarət etməz desin ki, türkün böyük söz sərrafı, mütəfəkkir şair Əbdülhəqq Hamid (1852-1937) sadəlövh imiş, sadədilmiş. Ancaq o da sevgili bir insanın məqbərəsi önündə, elə hər birimiz kimi, ən sıradan olan insan sayaq düşünüb, sadəcə, o, düşündüyünü hər kəsin deyə bilməyəcəyi tərzdə ifadə etməyi də bacarıb:

İndi buradaydı, getdi əldən,
Getdi əbədə, gəlib əzəldən.
Məqbər - sonudur dəqaiqin bu,
Bir sirrr-i qəribi Xaliqin bu.
Ən yüksəyidir şəvahiqin bu,
Ən müdhişidir həqaiqin bu.
Mən neyliyəyim böyüksə dövran?
Təqsiri nədir kiçiksə insan?
Sən öldün, ölüm gözəl deməkdir,
Ölsəm yaraşır qəminlə hər gün.

Söz yox, ölümə “gözəl” demək bir şairanə həyəcandan artıq deyildir, mənə görə, bir neçə dəqiqə canlı həyat yaşamaq minillərin ölüm yoxluğundan artıqdır.

Ömrünün budağı insafsızca erkən sındırılmış faydalı, zəkalı şəxsiyyətlərimizi düşünürkən onların yaşam möhlətlərinin tez başa çatmasının acısını hansısa təsəllilərlə nə qədər səngitməyə səy etsək də, “sağ qalsaydılar, hələ daha nələr yarada bilərdilər” ehtimalı bütün toxtaqlıq axtarma cəhdlərinin özünüaldatmadan başqa bir şey olmadığını anladır.

Fətəli xan Xoyski də, Həsən bəy Ağayev də 1875-də doğulmuşdular. İkisini də 45 yaşında qətlə yetiriblər. Hələ bu millətçün, Vətənçün nələr, nələr edə bilərdilər!

Onları sadəcə öldürməyiblər, onları Azərbaycana daha böyük, daha çox faydalar vermək fürsətindən məhrum ediblər.

Onları və neçə-neçə belə qiymətliləri!

Onların hər birinin elə güclüdən-güclü və heç vaxt tükənməyən cazibəsi var ki, uzun dəqiqələr boyu düşüncələrə dalmadan heç məzarlarının yanından aralanıb getmək olmur.

2008-ci ildə mən UNESCO xətti ilə İranda keçirilən beynəlxalq konfransda iştirak edirdim.

Tehranda məruzələrimizi edib müzakirələri tamamlayandan sonra bizi əvvəlcə Fars vilayətinin şimalına, Həxamənişilər dövrünün saxlancı, minillərin yadigarı Təxt-e Cəmşidə aparmışdılar. Qədim Hezarsütun, Çehel Minarə, Persepolis saraylarına tamaşa etmişdik, daha sonra gözəl Şiraza doyunca tamaşa etmək macalı qazanmışdıq, orada əsrarəngiz tarixçələrlə ləbələb neçə abidəyə, tikiliyə, muzeyə baş çəkmişdik. Lakin məni ən çox təsirləndirən iki fars dahisinin, iki müstəsna söz sehrkarının - Sədi və Hafizin məqbərlərinin ziyarəti olmuşdu.

Hafizin də, Sədinin də məqbərləri gecə-gündüz çevrəsinə saysız pərəstişkarları cəzb edən, az qala din müqəddəslərinin türbələri kimi uca tutulan yerlərdir. Hafizin məqbəri bir ayrı nəhəng parkın, Sədinin qəbri bir başqa möhtəşəm bağın ağuşundadır.

Biz Şiraza səfər edəndə yay çağı idi, gündüz göydən qızmar yağdığından şəhərdə canlanma axşamüstü başlayırdı.

Hafiz və Sədi bağlarında həyatın gecə xeyli keçəndən sonra da necə qaynarlıqla davam etməsinə mütəəssir oldum. Sanki camaat parkda yox, elə öz həyətində, məhəlləsində idi. Ailəsi ilə gələrək otluğa balaca xalçasını, palazını sərən, deyə-gülə şam edən kim, musiqi dinləyən, şeir oxuyan kim, gəzişib hava alan kim, bir qıraqda yazı-pozusu ilə məşğul olan kim...

Bu məkanda Hafiz də diriydi, Sədi də!

Sanki bura təşrif gətirənlər onların məqbərələrini də qəbir evi kimi yox, elə o misilsiz şairlərin heykəlləri kimi görürdülər...

Ürəyimdən keçdi ki, kaş Bakıda da belə bağlar olaydı!..

2000-ci illərin əvvəlləri ilə müqayisədə Bakıda dincəlməli, könül açan bağlar da çoxalıb, parklar da artıb, sahil bağımız da neçə qat böyüyərək gələn qonaqları da, elə özümüzü də məftun edən tayı az rast gəlinən füsunkarlıq qazanıb.

Amma köhnə istəyim qüvvəsində qalır.

Axı Şirazdakı həmin bağların bütün digər məziyyətlərindən əlavə Hafizi, Sədisi də vardı.

O vaxt bunu da düşünmüşdüm ki, bizim də Bakımızda eynən o cür iki bağımız ola bilər - haçansa Füzuli ilə Nəsimimizi Vətənə gətirə bilsək!

2014-cü ilin 14 martında Prezident İlham Əliyev birbaşa qayğısı, diqqətləri ilə əsaslı təmir edilmiş, yenidən qurulmuş Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə tamaşa etməyə gəlmişdi.

Zalları gəzirdik. Elə Nəsimi otağına girəndə qəlbimdə Şirazdaykən yaranmış qürbətdəki zirvələrimizin məzarlarının Bakıya köçürülməsi arzumdan söz açdım.

Gülümsündü: “Bu istək mənim də ürəyimdə çoxdandır ki var!”

Böyük azərbaycanlı Heydər Əliyevin ictimai vicdanımız qarşısında ən böyük və hər zaman minnətdarlıqla xatırlanmalı xidmətlərindən biri, bəlkə də etdiyi bütün nəcibliklərinin ən yüksəyi bu niyyətin reallaşmasının mümkünsüz göründüyü əyyamlarda, çətin sovet dönəmində onun Hüseyn Cavidi Sibir buzlaqlarında 40 ildən artıq sürən dustaqlıqdan sonra Azərbaycana qaytarması, Vətən torpağına qovuşdurması oldu.

Unudulmaz Heydər Əliyevin sevdiklərindən olan Bəxtiyar Vahabzadə zərbülməsələ oxşayan belə misralar da yazmışdı: 

Şagird ustadından neçə mərtəbə
İrəli getməsə, o, şagird deyil! 

Prezident İlham Əliyev dövlətimiz və xalqımız naminə bir-birindən parlaq əməlləri, qüvvətli iradənin, mətin qətiyyətin bəhrəsi olan fövqəladə addımları ilə unudulmaz ustadının iftixarla alnından öpəcəyi qabil yetirmə, layiqli davamçı mərtəbəsinə ucaldığını çoxdan sübuta yetirib.

Tarixə onun imzası ilə həkk olunacaq cavidanə qayıdışların daha da möhtəşəmlərinin qəhərli fərəhini yaşayacağımız bəxtiyar anlar da, inşallah ki, milləti çox gözlətməz!..

Şəriətdə məzarın köçürülməsinin öz şərtləri var. Əgər o qəbri ziyarət edən varsa, şayəd o məzarçün yerləşdiyi məkanda təhlükə yoxsa, uyuyanın ruhunu diksindirmək rəva deyil.

Şəxsən mən Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olmuş Əlimərdan bəy Toçubaşının Parisdəki, Məhəmməd Əmin Rəsulzadənin Ankaradakı, Həsən bəy Ağayevin, Fətəli xan Xoyskinin Tiflisdəki nəşlərinin Azərbaycana köçürülməsinin və neçə-neçə başqa əqidə, zəka və məslək zirvəmizin qərib qəbirlərinin Vətənə qaytarılmasının tərəfdarı deyiləm.

Çünki Mirzə Şəfi Vazehin, Əliqulu Qəmküsarın, Mirzə Fətəlinin Tiflisdəki məzarlarının da, Məhəmməd Əmin Rəsulzadənin Ankaradakı və Nağı bəy Şıxzamanlının İstanbuldakı son mənzillərinin də, mayor Əbdürrəhman Düdənginskinin Almaniyadakı və Mehdi Hüseynzadənin Sloveniyadakı aramgahının da... heç vaxt üzərindən gül-çiçək dəstələri, əklillər əskik omur, daim ziyarətçiləri var və bunlar bizim sərhədlərimizdən kənardakı ünvanlarımız deməkdir.

Amma mən İmadəddin Nəsiminin Hələbdən Azərbaycana gətirilməsini çox umuram. Çünki Suriya od içindədir və tarixlə dolu bu məmləkət müharibə atəşləri ilə darmadağın edilməkdədir. O mərmilər Nəsimini də yaralaya, türbəsini, ölkənin çox yeri kimi, xarabazara çevirə bilər. Şəhid şairimizin 1417-ci ildə bir dəfə məşəqqətlə qətlə yetirilməsi azdırmı ki, yenə belə müdhiş aqibətlə üz-üzə qalsın?

Son illərdə mən Avropa Şurası Parlament Assambleyasında bu məsələni bir neçə dəfə qaldırmışam, axırıncı dəfə 2017-nin aprelində-mayında bununla bağlı müvafiq sənədlər də hazırlamışam.        

Bakıda Nəsiminin adını daşıyan rayonda, çoxlu dərəli, el arasında “Güllüdərə” deyilən yerdə, yastı-yapalaq gecəqondulardan ibarət, “gəl məni sök” deyən məhəlləni də gələcək Nəsimi bağı üçün öz aləmimdə gözaltı etmişəm. Burada bizə təzədən qayıdan Şairin ziyarətgaha çevriləcək məqbərəsi də qurulsun, indi şəhərin mərkəzində hündür binaların sıxıb görünməz etdiyi heykəli də köçsün həmin məkana.

Təsəvvür edin indiki sirkin arxasından Türkiyə səfirliyinə qədər uzanan və Nəsiminin gəlişiylə cənnət məkana çevrilən, bakılıları, qonaqlarımızı hər gün qoynuna yığan gözəldən-gözəl Nəsimi bağını!..

“Qürbətdə qərib şadman olmaz imiş” söyləmiş, indi müharibələr, qırğınlar bölgəsindəki Məhəmməd Füzulinin də eynən bu cür yurdumuza böyük dönüşünün həsrəti və intizarındayam.

Əlimizdən qoparılmış halalımız Göyçə mahalı haçansa yenə özümüzdə olacaqmı? Dualar, Pərvərdigardan təmənnalar edirəm ki, olsun!

Amma nə qədər ki bu istəyin gerçəkləşməsi yaxın üfüqlərdə görünmür, beynəlxalq vasitələrdən və imkanlardan bütünlüklə istifadə etməklə düşmən əlindəki torpaqlardan Aşıq Ələsgərin məzarının Bakımıza, Fəxri xiyabanımıza köçürülməsini cani-dildən istəyirəm.

Ayrı-ayrı vətəndaşlarımızın münaqişə dönəmində yüksəksəviyyəli danışıqlar əsasında valideyninin nəşini Ermənistandan Azərbaycana gətirməsi, burada əzizlərini təzədən dədə-baba qaydası ilə dəfn edərək təskinlik tapması hallarından xəbərim var.

Dədə Ələsgərin məzarının əsarətdən azadlığa köçünə nail olaraq bütöv millətin təskinlik tapmasına niyə çalışmayaq?!

Bu da bir başqa böyükdən-böyük diləyimdir ki, müqəddəs panteonumuzda, millətimizin seçkinlərinin son əbədi görüş yeri Fəxri xiyabanda bizə istiqlalın şirinliyini dadızdırmış, millətə Cümhuriyyət nemətini bəxş etmiş, ilk milli parlamentimizi yaratmış qurucu babaların rəmzi məzarı olsun, üzərində də onların böyüklüyünə layiq bir abidə.

Və qurucu babaların hər birinin Azərbaycanın müxtəlif bölgələrindəki, Türkiyədəki, İrandakı, Avropadakı... məzarlarından ovuc-ovuc torpaq götürülüb bura gətirilsin.

İstiqlal qurbanlarımızın nəşlərinin əvəzi olan məzar torpaqları ana yurda dünyanın dörd bucağından gələcək - ömrü mühacirətdə bitmiş Ceyhun Hacıbəylinin Parisdəki qəbrindən bir ovuc, həyatı Tiflisdə qazamatda tamamlanmış Məhəmmədhəsən Hacınskinin Tiflisdəki hər halda məlum məzarından bir ovuc...

Və Firidun bəy Köçərli, Xudadat bəy Rəfibəyli, Əhməd Cavad... kimi qəbri naməlumların gülləyə tuş olduqları Nargin adasından bir neçə ovuc...

Fəxri xiyabandakı o misilsiz qardaş məzarı ilə Bakımızın həmin guşəsinin müqəddəsliyi qat-qat artar, and yeri olmaq siqləti dəfə-dəfə yüksələr!..

Arzunun gerçəyə çevrilməsinin ən qısa yolu onun yuvalandığı ürəklərin çoxluğundadır.

Ürəyinizdə bu arzuya yer varmı, qardaşlar, bacılar?!

30 sentyabr, 2018

 





08.10.2018    çap et  çap et