525.Az

Kino kimi bir həyat və ya Lətif Səfərovun ömürdən uzun ağrıları


 

Kino kimi bir həyat və ya Lətif Səfərovun ömürdən uzun ağrıları<b style="color:red"></b>

(Əvvəli ötən sayımızda) 

1950-ci ildə Lətif Səfərov müəllimi - görkəmli rus kinorejissoru Qriqori Kozintsevin xeyir-duası və "Yol. Səfərov tədris dövründə özünü ən yaxşı cəhətdən göstərmişdir.

Tələbəlik illərində o, Bakı kinostudiyasında iki qısametrajlı film çəkmiş və hər iki film "əla" qiymətlə ekranlara buraxılmışdır. Yol. Səfərov L. istedadlı, çalışqan, istehsalatı yaxşı bilən işçidir, gələcəkdə müstəqil işləmək bacarığı vardır. Bacarığına və istehsalat stajına görə II rejissor ixtisasına layiqdir. Q.M.Kozintsev. 7.4.1950." - xasiyyətnaməsi ilə Vətənə qayıdır.

Ancaq gedişindən fərqli olaraq dönüşündə o, yalnız deyildi, arvadı və iki uşağı da onunla birgə idi. Gənc rejissora yaşamaq üçün kinostudiyanın həyətində balaca bir otaq verirlər. İş, kino, çəkiliş, ekran isə otaq kimi asanlıqla həll olunmur. Lətifin Moskvadan dönüşü Azərbaycan kinosunun böhran zamanına təsadüf edir. Məsələn, həmin il studiyada İ.Xeyfis, A.Zarxi və R.Təhmasibin birgə çəkdikləri "Bakının işıqları" bədii filmindən başqa heç bir film çəkilməmiş, bu yeganə film də ekranlara buraxılmamışdı. Amma L.Səfərovun bitib tükənməyən yaradıcılı eşqi, həvəsi onu həvəsdən düşməyə qoymur və 1950-ci ildə kinooperator dostları Xan Babayev və Teyyub Axundovla birlikdə "Gədəbəyin sərvəti", 1951-ci ildə uşaqların həyatından bəhs edən "Gənc leninçilər" (operator A.Nərimanbəyov) və sərhəd qoşunlarına həsr olunmuş "Azərbaycan sərhədçiləri" (operator A.Nərimanbəyov), 1953-cü ildə yurdumuzun bağlı-bağatlı Quba bölgəsindən söhbət açan "Quba bağlarında" (operator A.Nərimanbəyov) sənədli filmlərini yaradır. "Ordenli Azərbaycan" və "Gənc nəsil" kinojurnalları, mərkəzi xronika studiyası (Moskva) üçün də çoxlu süjetlər çəkir.

O dövrlə bağlı xatirələrində L.Səfərov yazırdı: "...Yadıma institutu bitirəndən sonra studiyanın tapşırığıyla sərhədçilərdən bəhs edən bir film üçün material toplamağım düşür. Bir kapitanın və avtomatçı serjantın məni gecə müşayiət etdiklərini xatırlayıram. Elə bilirdim ki, onlar məni qoruyurlar, sən demə, silah altında aparırmışlar ki, birdən o taya keçərəm..."

"Bədii film çəkmək arzusu ilə institutu bitirəndən sonra dörd il sənədli kinoda məşğul olmağıma peşman deyiləm. Bu, gözəl məktəb idi-həyatımda, çox şey gördüm, çox şey öyrəndim: pambıqçılar, heyvandarlar, bağbanlar, sərhədçilər, uşaqlar... Bircə onları görmək, tanımaq lazımdır. Bunun üçün səndə ürək və göz (dünyagörüş) olmalıdır. Yalnız belə olan halda sən onları görə bilərsən. Əgər sənin qəlbin yoxsa, sən onları görməyəcəksən - fonoqramla təsvirin sinxronluğu olmayacaqdır".

Filmlər üzərində gecə-gündüz çalışmaq, bitib-tükənməyən işlər ona az qala həm ailəsini, həm də öz xəstəliyini unutdurur. Həyat yoldaşından özünə və uşaqlarına qarşı diqqətsizlik, etinasızlıq görən arvadı elə hey şikayətlənir. Amma Lətif Səfərov büsbütün sənətə qapıldığından, onun iradlarını eşitmir. Beləcə, bu vəziyyətdən təngə gələn qadın uşaqları da götürüb öz vətəninə qayıdır. Dağılan ailəsi Lətifdə yeni mənəvi sarsıntılar yaradır. Arvadı uşaqları aparmaqla qalmır, onun məktublarına, övladlarıyla maraqlanmağına da bir cümlə ilə "daha hər şey qurtarıb..." - deyir və həqiqətən də hər şey bitir.

"Hacı Qara"dan başqa hər şey...

... Nəhayət, kinomuzun "durğunluq" dövrü bitir. Bu ərəfədə L.Səfərov çoxdandır üzərində işlədiyi və çəkmək arzusunda olduğu "Hacı Qara" filminin ssenarisini yenidən təqdim edir. Amma bu dəfə də arzusu göndə qalır: hələ zamanı deyilmiş, film ideoloji maraqlara cavab vermirmiş.

Ancaq "Görüş" filmi tam da "onlar deyəndir", gərək Lətif bu ssenari əsasında film çəkə. O isə ssenarini bəyənmir, heç bir bədiilik görmədiyindən imtina edir. Bu dəfə qarşısına N.Rojkov və B.Laskinin yazdığı "Mahnı ilə keçən ömür" ədəbi ssenarisi qoyulur. Bu da heç bir bəşəri ideya irəli sürməyən bir əsərdir. Lətif imtina etmək haqqında düşünür, amma bunun ona verilmiş son şans olduğunun da fərqindədir. Özünün əlavələri, ideyaları ilə ortabab bir film ərsəyə gətirmək ümidi ilə razılıq verir. Amma axı o, hələ bədii filmlər rejissoru adını almayıb. 1951-ci ildə bu məsələ ilə bağlı bütün sənədlər Moskvaya təqdim edilsə də, həll prosesi gecikirdi. Bu da yeni əngəl, yeni maneə... Son isə hələ deyil...

Sanki filmin alınmaması, Lətif Səfərovun bu dəfə də uğursuzluğa düçar olması üçün qəsdən problemlər yaradılırdı. Gah dekorasiya gecikir, gah da bir qrup insan filmin çəkilişlərinin yarımçıq qoyulması üçün onlara hədə-qorxu gəlirdi. Bu barədə filmin ssenari müəlliflərindən biri, yazıçı N.Rojkovun Azərbaycan mədəniyyət nazirinə göndərdiyi məktubda ətraflı bəhs olunur: "Azərbaycan kinematoqrafiyası tarixində ilk dəfə Dövlət Kinematoqrafiya İnstitutunun məzunları olan azərbaycanlılardan ibarət çəkiliş qrupu yaradılmışdır. Bunlar rejissor L.Səfərov, operator A.Nərimanbəyov, II rejissorlar Ə.İbrahimov və T.Tağızadə, rəssamlar C.Əzimov və E.Rzaquliyevdir. Gözləmək olardı ki, qrupun ətrafında etibarlı və xeyirxah ab-hava şəraiti yaradılacaq. Lakin bu Bakı kinostudiyasında baş vermədi. Bəzən qrupun əməyini açıq-açığına heçə endirirdilər. Dekorasiyalar pis və qeyri-peşəkarlıqla tikilir... Əgər siz rejissor L.Səfərovun qrupuna bu dəfə normal şəraitdə işləmək üçün tədbir görməsəniz "Mahnı ilə eldən-elə" kinofilmi ("Bəxtiyar" filminin əvvəlki adı - A.K.) olmayacaqdır. 18 iyun 1954-cü il".

Etirazlar, məktublar öz nəticəsini verir. Beləcə, rejissor öz fantaziyası və Rəşid Behbudov, Məmmədrza Şeyxzamanov, Ağasadıq Gəraybəyli, Münəvvər Kələntərli, Ağahüseyn Cavadov kimi aktyorların məharəti, operator Arif Nərimanbəyovun, bəstəkar Tofiq Quliyevin yüksək peşəkarlığı sayəsində baxımlı ekran əsərini ərsəyə gətirir. Böyük çətinliklərdən sonra L.Səfərovun ssenaridə adını dəyişib "Xoşbəxt gün" qoyduğu, bizim isə "Bəxtiyar" kimi tanıyıb sevdiyimiz ilk adı ilə "Mahnı ilə eldən-elə" filmi uğurla nümayiş olunur. Filmin qazandığı uğur həm rəhbərliyi, həm də yaradıcı heyəti razı salır.

Bu ərəfədə rejissorun şəxsi həyatı da düzəlməyə başlayır. O, görkəmli müğənni Şövkət Ələkbərova ilə ailə həyatı qurur. Az əvvəl keçirdiyi sarsıntılar azalır, mənəvi baxımdan sanki ona güc-qüvvət gəlir.

Bu uğurdan ruhlanan rejissorun növbəti "Hacı Qara" cəhdi uğursuzluğa düçar olur, yenə də "yox" kəlməsi ilə qarşılaşır. "26 Bakı komissarı"nı çəkmək arzusu da ürəyinə qalandan və Albaniyanın "Novaya Albaniya" kinostudiyasıyla, rejissor Q.Xakaniyəylə müştərək çəkdiyi film yarımçıq qalandan sonra rejissor işsiz qalmamaq üçün "Bakının uşaqları" və "Qığılcım" sənədli filmlərini çəkir. Sevdiyi mövzular üzrə filmləri lentə almaqdan ötrü rəhbərləri yola gətirməyə çalışır. Dəfələrlə müraciət edir. Amma ona yalnız sovet insanının xarüqələrini işıqlandırmaq tövsiyə olunur. Bütün bunlardan sonra H.Seyidbəylinin "Kənd həkimi" povesti əsasında "Qızmar günəş altında" filmini çəkmək məcburiyyətində qalır. Bu işi də uğurlu hesab edilir və L.Səfərov bir az özünə gəlir.

1958-ci ildə Lətif Səfərov əsasını qoyduğu Kino İşçiləri İttifaqının sədri seçilir. Və o, Ümumittifaq kinofestivalının üzvlüyünə də layiq bilinir. Hər şeyin yaxşıya doğru dəyişdiyi zənn edilsə də, bu təyinat özü ilə bərabər yeni problemlər, sarsıntılar gətirir. Burada da onu gözügötürməyənlərin ittihamı, iftiraları yaxasından düşmür.

"Əgər ürəyimizdə od varsa, bu odu sinəmizdən heç kəs qopara bilməz. Ancaq bir olanda qarşıda duran vəzifələrin həyata keçirilməsi üçün, kinematoqrafiyamız üçün yaxşı işlər görə bilərik" fikrini həyat devizinə çevirən sənətkar bunlara baxmayaraq, yorulmadan çalışır, arzularını həyata keçirmək üçün hər kəslə çəkişməyə məcbur olsa da, dayanmır və bir il sonra arzularından biri həyata keçir: "Kino evi" açılır.

Hər dəfə təklif etdiyi "Hacı Qara" bu dəfə də "olmaz" hökmü ilə qarşılaşır. Mehdi Hüseynin "Səhər" romanı əsasında Ağarza Quliyevlə birgə ekran əsərini yaratmaq və Moskvadan gələn ssenari studiyasının direktoru F.Dulgerov A.Abakarovun qələmə aldığı "Dağlılar"a üz tutmaq təkliflərindən isə o, imtina edir.

Fikri "Hacı Qara", "Ölülər" kimi klassik komediyaların üzərində dolaşır. Nəhayət, Lətifə klassik əsər tapşırılır. Amma komediya yox, faciə, özü də "Leyli və Məcnun". Bu əsnada "Koroğlu"nun uğursuz ekran həllindən narazı qalan rəhbərlik bu işi də ona həvalə edir. O isə tərəddüd keçirir. İstəkli deyil. Amma bütün bunlara baxmayaraq, işləmək qərarına gəlir. Bu işdə də qarşısına fərqli-fərqli maneələr, vəsait çatışmazlığı, bir çox problemlər çıxır. Əsəb, stress, yuxusuzluq, Bakı-Moskva arasında get-gəllər rejissorun səhhətindən yan ötüşmür.

Belə bir zamanda 1962-ci ilin noyabrında Gəncədə və Bakıda keçirilən kino günləri çərçivəsində nümayiş etdirilən "Leyli və Məcnun" filmi tamaşaçıların və mətbuatın müsbət qiymətini alır.

Son epizod

Bu qədər sevdiyi, uşaqlığından bəri xidmət etdiyi, həyatını, səhhətini qurban verdiyi sənətindəki ard-arda uğursuzluqlar onun əlini hər şeydən soyudur. Rejissorun bir zamanlar dediyi fikir onun necə haqlı olduğunu göstərir: "...Bəzən fikirləşirsən ki, bəstəkarlar, rəssamlar, yazıçılar xoşbəxt adamlardı. Onlar həftə ərzində yazdıqlarını bir göz qırpımında cırıb zibil qabına atar və oturub təzədən yazarlar. Kinematoqrafda isə uğursuz alınmış epizodu təzədən çəkməyə cəhd elə! Axı, bu da yaradıcılıqdır-təkcə rejissorun keyfiyyətlərindən asılı olmayan çətin və kollektivin əməyindən, ağacdan, dəmirdən, atdan, dəvədən, nəhayət, havadan asılı yaradıcılıqdır. Quruluşçu rejissoru planla divara dirəmək lazım deyil ki, o da axırda gücdən düşüb əlini yelləsin".

Beləcə bir müddət özünə qapılır. Nəhayət bezginliklə bədii şuradan sifariş tələb edir. Həsən Seyidbəylinin "Möcüzələr adası" ssenarisi təklif olunur. Diqqətlə oxuyur, üzərində ciddi işləmək hesabına nəsə alınacağına inanır. Yenə plan tələbi, çəkişmə, kiməsə nəyisə anlatma cəhdi... Belə bir vaxtda gənc, perspektivli operator Rasim Ocaqovun "sürprizindən" çaş-baş qalır: Kamera ustası məktub yazaraq, müəyyən səbəblərdən çəkiliş apara bilməyəcəyini xəbər verir. Lətif davam etməyə çalışır. Amma daha gücü, taqəti qalmayıb. Xəstəlik canını yeyir, yaşamaq əzaba, işgəncəyə çevrilib.

Və dekabrın 8-i... O məşum gecədə Lətifgilin evinə vahiməli kölgə kimi sürünərək daxil olan faciə çöldəki qışın soyuğundan daha dondurucudur.

Ömür-gün yoldaşı Şövkət xanıma, altı yaşlı oğlu Bəşirə sonuncu dəfə nəvaziş göstərir, sanki onlarla beləcə vidalaşır. Həmin gecə onlarda qonaq olan ikinci rejissor Ruslan Şahmalıyevi yola salandan sonra xanımına "hələ işləyəcəyəm" deyir. Gecənin bir aləmi, iş otağındakı əlyazmalarını, ssenarilərlə, qeydlərlə dolu qovluqlarını, "Azərbaycan möcüzəsi" irihəcmli sənədli filminin ssenarisini son dəfə gözdən keçirdikdən sonra otaqdan bir güllə səsi eşidilir. Cəmi bircə güllə... Və artıq böyük sevgilərin, böyük ümidlərin, arzuların adamı yoxdur. Özü öz qatilinə çevrilib. Ov tüfənginin tətiyini bircə dəfə çəkməklə son verib 43 illik əzablarına, ağrı-acısına...

O güllə Lətifin həyatını bitirdi, amma Lətif Səfərov həyatını bitirməyə gücü çatmadı. Çünki Lətif Səfərovu yaşadan daha böyük və güclü işləri - dəyərli yaradıcılığı vardı...

 





10.10.2018    çap et  çap et