525.Az

"Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar predmeti olmayıb və olmayacaq"


 

BEYNƏLXALQ MÖVQELƏRİNİ MÖHKƏMLƏNDİRƏN AZƏRBAYCANIN QARABAĞ PROBLEMİNİN HƏLLİNDƏ GÖSTƏRDİYİ PRİNSİPİALLIQ SON OLARAQ, RƏSMİ BERLİNİN ERMƏNİPƏRƏST DAİRƏLƏRƏ CAVABI NÜMUNƏSİNDƏ MÜSBƏT NƏTİCƏLƏR VERİR

"Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar predmeti olmayıb və olmayacaq"<b style="color:red"></b>

Xəbər verdiymiz kimi, oktyabrın 9-da Nazirlər Kabinetində 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib.

Prezident İlham Əliyev sədrlik etdiyi müşavirədə geridə qalan dövrdə Azərbaycanda həyata keçirilən islahatlar və onların nəticələri barədə danışıb, növbəti mərhələdə görüləcək işlərlə bağlı müvafiq qurumların qarşısında tapşırıqlar qoyub. Dövlət başçısı əhalinin rifah halının daha da yaxşılaşdırılması, işsizlik probleminin həlli, xüsusi qayğıya ehtiyacı olan təbəqinin, o cümlədən, qaçqın və məcburi köçkünlərin mənzil-məişət problemlərinin həlli, iqtisadi tədbirlər, ölkədə aparılan ordu quruculuğu və digər sahələrdəki mövcud vəziyyəti geniş şəkildə təhlil edib, bütün bu istiqamətlərdə həyata keçirilən fəaliyyətin davamlı xarakter daşıdığını diqqətə çatdırıb.

Ümumilikdə Azərbaycanın daxili və xarici siyasəti ilə bağlı xüsusi aktuallıq daşıyan məsələlərə geniş şəkildə yer verildiyi müşavirədə Prezident İlham Əliyev bu sahələrdə görülən işlərin ciddi nəticələr verdiyini, cari ilin ölkəmiz üçün bir çox uğurlarla yadda qaldığını qeyd edib.

Dövlət başçısı ilin əvvəlindən qarşıya qoyulan bütün vəzifələrin uğurla və vaxtında icra edildiyini bildirib. Azərbaycanın 2018-ci ildə də öz dinamik inkişafını təmin etdiyini deyən ölkə rəhbəri qeyd edib ki, bu gün sabitlik, təhlükəsizlik hər bir ölkə üçün əsas amillərdən biridir: "Azərbaycanda təhlükəsizlik, əmin-amanlıq, sabitlik qorunur, möhkəmlənir. Sabitliyin, uğurlu inkişafımızın təməlində bizim düşünülmüş siyasətimiz dayanır, eyni zamanda, xalq tərəfindən bizim siyasətimizə göstərilən dəstək dayanır. Dünyada və xüsusilə yaşadığımız bölgədə vəziyyət gərgin olaraq qalır, yeni qarşıdurma, münaqişə ocaqları yaranır. Əvvəlki illərdə yaranmış gərgin vəziyyət, əfsuslar olsun ki, aradan qaldırılmır. Belə olan vəziyyətdə biz əlbəttə ki, özümüzü mümkün olan xarici risklərdən daha da ciddi qorumalıyıq və qoruyuruq. Bir daha qeyd etmək istəyirəm, Azərbaycanda daxili risklər mənbəyi yoxdur və biz öz siyasətimizlə, görülən işlərlə özümüzü mümkün olan təhlükələrdən qoruyuruq və qoruyacağıq. Azərbaycan xalqının rahat həyatını təmin edirik və edəcəyik".

Dövlət başçısı vurğulayıb ki, 2018-ci ildə Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmlənib. Həmkarlarıyla həm ikitərəfli, həm çoxtərəfli formatlarda bir çox görüşlər keçirdiyi xatırladan prezident bildirib ki, ilin geridə qalan doqquz ayı ərzində 12 xarici səfər reallaşdırıb və 15 dövlət və hökumət başçısı Azərbaycana səfərlər edib: "Bu, onu göstərir ki, Azərbaycanın çox çevik və çoxşaxəli xarici siyasəti var. İkitərəfli formatda əldə edilmiş razılaşmalar icra edilir, Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır və bizim sözümüzə inanırlar. Çünki sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur".

Bu xüsusda, uzun illərdir davam edən, regionda təhlükəsizlik, sabit həyat üçün ən böyük təhlükə mənbəyi olan işğalçı Ermənistanla Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində həyata keçirilən işlərdən danışan dövlət başçısı qeyd edib ki, Ermənistan tərəfinin cəhdləri nəticə vermədi və Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı danışıqların formatı dəyişməz olaraq qalır: "Bu danışıqlar Ermənistan və Azərbaycan arasında aparılıb, aparılır və aparılmalıdır. İki ölkənin xarici işlər nazirlərinin iki görüşü bunu bir daha sübut edir. Son vaxtlar baş vermiş digər hadisələr onu göstərir ki, danışıqlar formatı dəyişməz olaraq qalır və bu münaqişə tezliklə beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqların predmeti olmayıb, bu gün də deyil və heç vaxt olmayacaq. Ona görə biz bundan sonra da öz prinsipial mövqeyimizdə qalacağıq. Ümid edirəm ki, Ermənistanın yeni rəhbərliyi öz siyasətində konstruktivlik nümayiş etdirəcək və torpaqlarımız tezliklə işğalçılardan azad olunacaq".

Prezidentin müşavirədə səsləndirdiyi fikirlər, verdiyi mesajlarla bağlı fikirlərini bildirən "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu qeyd edib ki, dünyada təhlükəsizliyi təhdid edən risklərin artdığı bir vaxtda Azərbaycanda sabitlik və inkişaf mövcuddur. O, "Trend"ə bildirib ki, Prezident İlham Əliyev ölkəmizdəki iqtisadi-siyasi inkişafı təhlil edərək, bunun əldə olunmasını dünyada baş verən qlobal proseslər kontekstində qiymətləndirib: "Prezident Azərbaycandakı sabitliyi qlobal proseslər kontekstində qiymətləndirərək, qeyd edib ki, sabitliyin əsasında Azərbaycan hakimiyyətinin həyata keçirdiyi siyasət və onun xalq tərəfindən dəstəklənməsi durur. Bu, özü-özlüyündə həm Azərbaycanın inkişafını, həm də təhlükəsizlyini təmin edən mühüm sosial-siyasi faktordur. Prezident İlham Əliyev qeyd edib ki, dünyada təhlükəsizliyi təhdid edən risklər artmaqdadır və köhnə risk ocaqları ləğv edilməmiş yeni belə risk ocaqları yaranır ki, bu kontekstdə münasibətləri sabit saxlamaq və ölkənin inkişafına nail olmaq olduqca çətindir".

Deputat qeyd edib ki, doğrudan da hazırkı beynəlxalq münasibətlər sistemində ayrıca götürülmüş bir dövlətin milli aktor kimi öz təhlükəsizliyini təmin etməsi heç də asan deyil: "Çünki "Security Community" adlandırılan, yəni mühafizə olunan cəmiyyətlərdən kənardakı bu cəmiyyətlər əsas etibarilə Qərb və Şimali Atlantika strateji rayonlarını əhatə edir. Bunlardan kənarda milli aktorların öz təhlükəsizliyini təmin etməsi çox çətin məsələdir. Buna baxmayaraq, Azərbaycan öz təhlükəsizliyini təmin edib və inkişafımızın da əsasında duran başlıca faktor budur. Ancaq milli təhlükəsizliyin təmin olunması o qədər də sadə məsələ deyil. Beynəlxalq münasibətlərdə çoxsaylı iştirakçılar var və onların hər birinin öz maraqları var. Belə olan halda, mütləq toqquşan maraqların uzlaşdırılması və əməkdaşlıq platformasında qarşılıqlı maraqların təmin olunması ilə bağlı razılaşmalar əldə etmək lazımdır. Bu kontekstdə dövlət başçısı Azərbaycanın qonşu ölkələrlə əlaqələrinə toxunaraq bildirib ki, 2018-ci ildə Azərbaycanın qonşu ölkələrlə əlaqələri yeni pilləyə qədəm qoyub".

H.Babaoğlu hesab edir ki, bu aspektdə önə çıxan məsələlərdən biri də Xəzərin hüquqi statusuna dair konvensiyanın imzalanmasıdır: "Bildiyiniz kimi, Azərbaycan 5 Xəzəryanı ölkə ilə qonşudur və dünyada təhlükəsizliyi təhdid edən bu qədər risk ocaqları olduğu zamanda bir də qonşu ölkələrlə anlaşılmazlığın olması əlbəttə ki, ciddi narahatedici məsələlərdən biri idi. Uzun illərdir davam edən danışıqların bəhrə verməsi Xəzər ətrafında yeni şərtlər formalaşdırmaqla həm onu sülh dənizinə çevirib, həm də Xəzərin resurslarından istifadə olunması üçün yeni perspektivlər yaradıb, eyni zamanda, Xəzərdə yeni neft-qaz kommunikasiyalarının yaranması üçün şərtlər formalaşdırıb. Bu, Azərbaycan diplomatiyasının uğuru idi. Başqa vacib məsələ isə beynəlxalq təşkilatlarla münasibətlər və onların hazırkı səviyyəsidir. Prezident söyləyib ki, Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlığın prioritetləri haqqında memorandum imzalanıb. Burada isə başlıca məsələ Azərbaycanın ərazi bütövlüyünün tanınması məsələsidir ki, bu da bizim xarici siyasətimizin əsas prioritetlərindən biridir. Dünyanın ən böyük hərbi-siyasi təşkilatlarından biri olan NATO-nun 2018-ci il zirvə toplantısında Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatın qəbul edilməsi Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və nüfüzundan xəbər verir".

Deputat əlavə edib ki, əlbəttə, xarici siyasətin qarşısında duran əsas məsələ Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasından ibarətdir: "Bu istiqamətdə atılan strateji addımlar sayəsində Azərbaycan ordusunun gücü daim artır, ölkəmizdə hərbi paradlar və hərbi-sənaye məhsullarının sərgisi keçirilir. Əslində, əsas məqsəd işğalçı ölkəyə gücümüzün nümayiş etdirilməsidir. Çünki güc nümayişi olmasa, sülhə məcburetmə də mümkün olmur. Azərbaycanın hərbi qüdrətinin artması, beynəlxalq təşkilatlarla münasibətlərin daha da genişlənməsi hər şeydən öncə Azərbaycan xalqının sosial rifahı və iqtisadi inkişafının təmin olunmasından keçir. İclasda səsləndirilən rəqəmlər bir daha onu göstərir ki, ötən 9 ay ərzində valyuta ehtiyatlarımız daha 3 milyard artaraq 45 milyarda çatıb. Bu, ciddi göstəricidir. Buna paralel olaraq Azərbaycanda yeni sosial problemlərin həll olunması, qaçqın və köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlər keçirilir. Prezident görüləcək işlərlə bağlı qarşıdakı mərhələdə iqtisadi islahatların daha da dərinləşəcəyini bildirib və həyata keçirilən bu layihələrin növbəti illərdə Azərbaycanın inkişafı üçün yaxşı perspektivlər yaratdığını qeyd edib".

"Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev isə bildirib ki, bu gün ölkəmiz dünyanın ən sabit və dinamik inkişaf yolunu tutan dövlətləri sırasında yer alır: "Əldə edilən bu uğurun təməlində Prezident İlham Əliyevin siyasi strategiyası dayanmaqdadır".

B.Quliyevin sözlərinə görə, hər bir regionun inkişaf və tərəqqisi üçün ilk növbədə sabitliyin təmin olunması vacibdir: "Sabitlik və təhlükəsizlik mühiti olmazsa, hər hansı davamlı inkişafdan söhbət gedə bilməz. Əbəs deyil ki, prezident bu barədə fikirlərini irəli sürərkən məhz həmin amillərə toxunaraq bildirib ki, Azərbaycanda təhlükəsizlik, əmin-amanlıq, sabitlik qorunur, möhkəmlənir. Bu baxımdan, belə nəticəyə gəlmək olar ki, bütün bunların təmin olunmasında, təməlində bilavasitə düşünülmüş, məqsədyönlü və uğurlu siyasətin yürüdülməsi reallığı dayanmaqdadır. Azərbaycanın da yerləşdiyi bölgədə münaqişələrin mövcud olmasına və həmin münaqişələrin, xüsusilə, Ermənistanın işğalçılıq siyasətinin bir sıra tərəqqi meyarlarına mənfi təsir göstərməsinə baxmayaraq, ölkəmiz istər Cənubi Qafqaz regionunda, istərsə də beynəlxalq aləmdə öz qərarlı, mütərəqqi addımlarını atır, mövqeyini daha da möhkəmləndirir. Bütün bunlar isə, bayaq da qeyd etdiyim kimi, Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin bariz göstəricilərindən biridir".

Dövlət başçısı İlham Əliyevin müşavirədə qeyd etdiyi kimi, beynəlxalq mövqelərini daha da möhkəmləndirən Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin əvvəlki formatda davam etdirilməsi üçün nümayiş etdirdiyi qətiyyət Ermənistanın yeni rəhbərliyini danışıqların tamam fərqli, qəbuledilməz prinsiplər üzərində aparılması, dolayısı ilə Minsk prosesini pozmaq istiqamətində səsləndirdiyi fikirlərdən geri çəkilməyə, nümayiş etdirdiyi cəhdlərdən imtina etməyə məcbur edib. Son olaraq, Almaniya hökumətinin Bundestaqın radikal sağçı AfD fraksiyasının sorğusuna hazırladığı rəsmi cavab, orada ifadə olunan fikirlər, xüsusilə, Azərbaycanın ərazi bütövlüyünə dəstək və hörmətin ifadə olunması Ermənistanın "qərbpərəst" adlandırılan baş naziri Nikol Paşinyana öncələr səsləndirdiyi fikirlərə görə edilmiş eyham, işarə, onun səhv yolda getdiyinə dair xəbərdarlıq siqnalı kimi qəbul edilməklə dövlətimizin münaqişəsinin həlli istiqamətində beynəlxalq arenada həyata keçirdiyi siyasətin məntiqi nəticəsi, nüfuzunun daha da artdığının əyani sübutudur.

Ceyhun ABASOV

 





12.10.2018    çap et  çap et