525.Az

Ziyad Səmədzadə: "Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə çatır"


 

"DÖVLƏTİMİZ DİNAMİK İNKİŞAF TEMPİNİ QORUYUB-SAXLAYA, İQTİSADİYYATINI GÜCLƏNDİRƏ, REGİONUN SABİTLİK VƏ TƏHLÜKƏSİZLİK ADASINA ÇEVRİLMƏYƏ NAİL OLA BİLİB"

Ziyad Səmədzadə: "Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə çatır"<b style="color:red"></b>

"2008-ci ildən başlanan və dünyanı başına alan maliyyə-iqtisadi böhranın davam etməsinə, qlobal risqlərə və kataklizmlərə, siyasi, hərbi, qanlı qarşıdurmaların gündən-günə artmasına baxmayaraq, ötən illər ərzində Azərbaycan dinamik və sıçrayışlı inkişaf tempini qoruyub-saxlaya, öz iqtisadiyyatını gücləndirə, dayanıqlı edə, regionun sabitlik və təhlükəsizlik adasına çevrilməyə nail ola bilib".

Bu sözləri "525"ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə oktyabrın 9-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası barədə danışarkən deyib.

Z.Səmədzadə bildirib ki, 2015-2016-cı illərdə dünyada neftin qiyməti kəskin şəkildə uçuzlaşsa və dalbadal iki ağır devalvasiya yaşansa da, Azərbaycan bir dövlət və cəmiyyət olaraq, bu sınaqdan uğurla çıxa bilib: "Dövlət başçısının son dərəcədə düşünülmüş və uzaqgörən siyasəti, ölkədə qeyri-neft sektorunun inkişafı istiqamətində ikinci mərhələyə start verilməsi ilə iqtisadi inkişaf tempi əvvəlki vəziyyətinə qaytarılıb, Azərbaycan regionun lider dövləti olaraq, dünyadakı yerini və mövqeyini daha da gücləndirib. Elə ötən 3 ildə Azərbaycanda keçirilən nüfuzlu beynəlxalq siyasi, iqtisadi, humanitar, mədəni, hərbi təbdirləri buna misal göstərmək olar. Azərbaycan beynəlxalq humanitar forumlara, beynəlxalq musiqi-muğam festivallarına, dünya və Avropa çempionatlarına, 4-cü İslamiadaya, "Formula 1" yarışlarına və digər tədbirlərə çox möhtəşəm və ehtişamlı şəkildə ev sahibliyi edib, heç biri regional, beynəlxalq, transmilli layihənin yarımçıq dayandırılmasına, bu istiqamətdə işlərin axsadılmasına imkan verməyib. Ələt Azad İqtisadi Zonasının yaradılması, may-iyul aylarında iki nəhəng layihənin - "Cənub Qaz Dəhlizi" və TANAP-ın təntənəli açılış mərasiminin düzənlənməsi, ötən ilin sonlarında Bakı-Tbilisi-Qars dəmir yolu xəttininin işə salınması, TAP-la bağlı işlərin sürətləndirilməsi və yekunlaşdırılması istiqamətində davamlı addımların atılması, düz 22 illik müzakirələrdən sonra Azərbaycanın da yaxından iştirakı, qatqısı və töhfəsi ilə Xəzəryanı 5 dövlət başçısın bir ayara gələrək, Aktauda Xəzərin hüquqi statusunu müəyyənləşdirən bəyannaməyə imza atması və sairə ölkəmizin, dövlət rəhbərimizin nə qədər böyük güc və iradə sahibi olmasının əyani və bariz nümunəsidir".

Deputat xatırladıb ki, hər 3 aydan bir dövlət başçısının iştirakı və sədrliyi ilə ölkənin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclaslar keçirilir: "Bu da həmin iclaslardan biri idi və deyərdim ki, hər bir iclas özü bir tarixdir, bir hadisədir. Bu iclaslarda Azərbaycanın daha da irəliyə getməsi, öz sabitliyini, təhlükəsizliyini, inkişafını daha da möhkəm və dayanıqlı etməsi yolunda konkret hədəflər müəyyənləşdirilir, çağırışlar edilir, mesajlar verilir. Bu dəfə də məhz belə olub. Ölkə başçısı çıxışında çox dolğun, əhatəli və məzmunlu şəkildə ölkədə və dünyada baş verən hadisələrə münasibət bildirib, növbəti və gələcək hədəflərimizin anonslarını verib". 

Z.Səmədzadə deyib ki, müşavirədə 2018-ci ilin ölkəmiz üçün uğurlu il olduğunu, ilin əvvəlindən qarşıya qoyulan bütün vəzifələrin uğurla və vaxtında icra edildiyini diqqətə çatdıran prezident ölkəmizin, xalqımızın əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşadığını bildirib: "Bu gün sabitlik, təhlükəsizlik hər bir ölkə üçün əsas amillərdən biridir. Azərbaycanda isə təhlükəsizlik, əmin-amanlıq, sabitlik qorunur, möhkəmlənir. Sabitliyin, uğurlu inkişafımızın təməlində bizim düşünülmüş siyasətimiz dayanır, eyni zamanda, xalq tərəfindən bizim siyasətimizə göstərilən dəstək dayanır. Dünyada və xüsusilə yaşadığımız bölgədə vəziyyət gərgin olaraq qalır, yeni qarşıdurma, münaqişə ocaqları yaranır. Əvvəlki illərdə yaranmış gərgin vəziyyət, əfsuslar olsun ki, aradan qaldırılmır". Azərbaycan prezidenti belə olan vəziyyətdə özümüzü mümkün olan xarici risklərdən daha da ciddi qoruduğumuzu və qorumalı olduğumuzu vurğulayıb.  O, "Bir daha qeyd etmək istəyirəm, Azərbaycanda daxili risklər mənbəyi yoxdur və biz öz siyasətimizlə, görülən işlərlə özümüzü mümkün olan təhlükələrdən qoruyuruq və qoruyacağıq. Azərbaycan xalqının rahat həyatını təmin edirik və edəcəyik" deyərək, bu istiqamətdə bir çox addımların, o cümlədən, xarici siyasətlə bağlı addımların atıldığını və davam etdirilməli olduğunu söyləyıb. Prezident vurğulayıb ki, 2018-ci ildə Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmlənib, ölkə rəhbərləri, həmkarları ilə həm ikitərəfli, həm çoxtərəfli formatlarda bir çox görüşləri olub. Yəni, bu ilin doqquz ayı ərzində 12 ölkəyə səfər edib, 15 dövlət və hökumət başçısı isə Azərbaycana səfərlər reallaşdırıb. Bu yerdə onu da xatırlatmaq lazımdır ki, Azərbaycan və Rusiya prezidentləri son 4 ayda 4 dəfə bir araya gəliblər. Bu görüş və səfərlər hər iki dövlətin və xalqın tarixində çox mühüm hadisələr kimi bundan sonra da öz sözünü deyəcək, müsbət töhfələrini verməkdə davam edəcək".

Deputatın sözlərinə görə, dövlət başçısı çıxışında Azərbaycanın çox çevik və çoxşaxəli xarici siyasəti olduğunu qeyd edib: "Ölkə rəhbəri bildirib ki, ikitərəfli formatda əldə edilmiş razılaşmalar icra edilir, Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır".

Komitə sədri söyləyib ki, Azərbaycan dövləti, ölkə rəhbəri son 15 ildə qarşısına qoyduğu bütün iqtisadi hədəflərə çatıb: "Son doqquz ayın yekunları bunun daha bir əyani sübutu və təsdiqidir. Bütün bunlar onu deməyə əsas verir ki, son iclasda qarşıya qoyulan hədəflərə, problemli məsələlərin aradan qaldırılmasına da tam nail olunacaq. Çünki qüdrətli, qətiyyətli Azərbaycan dövləti və onun iradəli, uzaqgörən, müdrik lideri var".

Kamil HƏMZƏOĞLU

 





12.10.2018    çap et  çap et