525.Az

Qlobal geosiyasətin Hindistan faktoru: risklər əhatəsində əməkdaşlıq axtarışları


 

Qlobal geosiyasətin Hindistan faktoru: <b style="color:red">risklər əhatəsində əməkdaşlıq axtarışları</b>

Asiyanın ən böyük və potensiallı dövlətlərindən sayılan Hindistanın xarici siyasətində xüsusi hərəkətlilik müşahidə edilməkdədir.

Dehli, demək olar ki, qısa müddətdə bir neçə böyük dövlətlə geosiyasi baxımdan əhəmiyyətli olan müzakirələr apardı. Fransa, ABŞ, Yaponiya, Çin, Rusiya kimi güclər Hindistanla əməkdaşlığın perspektivlərini aktiv surətdə müzakirə etdilər. Dehli bir sıra müqavilələr də imzaladı. Onlara dünyanın ayrı-ayrı dövlətləri reaksiya verdilər. O cümlədən, ABŞ Dehlini sanksiyalarla hədələdi. Lakin buna baxmayaraq, rəsmi Dehli götürdüyü kursdan dönməyəcəyini yenə bəyanladı. Mütəxəssislər bütün bunları nəzərə alaraq hesab edirlər ki, Hindistan həssas geosiyasi bir məqama yaxınlaşır. Bu dövlətin xarici siyasəti artıq yeni şərtlər altında işləməli olacaq. Həmin prizmadan Hindistan üçün aktual olan geosiyasi faktorlar hansılardır? Bu ölkə kimlərlə strateji tərəfdaş olmalıdır? Bu kimi suallar üzərində ətraflı dayanmağa ehtiyac var. 

"Hind manevrləri": Dehlinin strateji məqsədləri 

Hindistan sürətlə inkişaf edən və dünyanın ən böyük iqtisadi güclərindən biri olmaq şansına malik ölkə kimi qiymətləndirilir. Mütəxəssislər hesab edirlər ki, Dehli müəyyən müddətdən sonra Çini də arxada buraxa bilər. Dünyanın supergüclərinin Hindistana olan marağının daha da artması bu proqnozların əsassız olmadığını təsdiq edən faktorlardandır. Son zamanlar isə Hindistanla bağlı gedən geosiyasi proseslər haqqında dünya KİV-lərində daha çox yazılara rast gəlinir. Onların sırasında ABŞ-ın bu ölkəyə də sanksiya tətbiq edə biləcəyi barədəki informasiyalar xüsusilə seçildi. Amerikanı rəsmi Dehlinin hansı hərəkəti qəzəbləndirib?

İlk öncə vurğulayaq ki, 2018-ci ildə Hindistan xarici siyasətdə xeyli fəallaşıb. Qısa bir müddətdə ölkə rəhbərliyi Fransa, Çin, Yaponiya, Rusiya və ABŞ-la müzakirələr aparıb. Bu ilin yazında Hindistanın baş naziri Narendra Modi Fransanın prezidenti Emmanuel Makronu qəbul edib. Ekspertlər bunu Parisin Moskvanı Hindistandan sıxışdırmaq cəhdi kimi qiymətləndiriblər. Aprelin sonunda N.Modi Çinə qeyri-rəsmi səfər edib. Orada xeyli məsələlərin müzakirə edildiyi haqqında informasiyalar yayılıb. Ancaq tərəflərin hansısa konkret razılığa gəldiyi barədə məlumat yoxdur. Sentyabrın əvvəllərində Dehli ABŞ-la hərbi-texniki əməkdaşlıqla bağlı müqavilələr imzalayıb. Ondan cəmi bir ay sonra isə Vladimir Putinin Dehliyə səfəri zamanı 5 milyard ABŞ dolları həcmində Rusiya-Hindistan hərbi sazişi imzalanıb. Bu sazişə görə, Hindistan Rusiyadan S-400 raket sistemlərini alacaq.

Sonuncu hadisə Vaşinqtonu özündən çıxarıb və Donald Tramp Hindistana sanksiyalar tətbiq ediləcəyini bəyan edib. Ancaq mütəxəssislər vurğulayırlar ki, ABŞ-Hindistan münasibətləri daha geniş miqyasa malikdir. Belə ki, Dehli regionda Çinə qarşı dura biləcək bir geosiyasi format həyata keçirməyə başlayıb. Buraya ABŞ, Yaponiya və Hindistan daxildir. Onu şərti olaraq "Asiyanın Antantası" adlandırırlar. Bu formata Avstraliyanın da qoşulması gözlənilir. Çünki Sidney Pekindən çəkinir. Belə çıxır ki, Rusiya S-400-lərlə faktiki olaraq Dehlinin müəyyən planlarını pozub. Və bu baxımdan Çinin yükünü bir az azaldıb.

Məsələ ondan ibarətdir ki, əgər S-400-lərə görə Vaşinqtonla Dehlinin arası möhkəm vurulsa, onda "Asiya Antantası" kağız üzərində qala bilər. Bunu Dehli anlamamış deyil. Bəs onda hansı səbəblərdən açıqca antiamerika xarakterli addım atdı? Mütəxəssislər bu suala cavabın geosiyasi aspektini analiz etməyə çalışırlar. Meydana sözün həqiqi mənasında qlobal oyunun bir parçası olan mənzərə çıxır.

Belə ki, Moskva Asiyada aktiv formada Vaşinqtonun siyasətini neytrallaşdırmağa girişən güc təsiri bağışlayır. Keçən əsrin 70-80-ci illərində məhz Amerika sonradan SSRİ-nin dağılmasına güclü təkan verən Asiya siyasəti yeritdi. Nəticədə, SSRİ-Çin müttəfiqliyi və yekun olaraq sosialist düşərgəsi zərər gördü. Bu dəfə isə Kreml Ağ evin eyni ssenarini həyata keçirməsinə ciddi müqavimət göstərir. Moskva Pekinlə strateji geosiyasi tərəfdaşlığı təmin edib. Onlar bir yerdə qlobal təhlükəsizliyin yeni meyarlarını və qalıcı şərtlərini formalaşdırmağa qərar veriblər.

Buna cavab olaraq Amerika Hindistanı özünə tərəf çəkməyə başladı. Dehli ilə Pekin və Moskvanın arası bir müddət soyudu, ancaq ABŞ-la Hindistan arasındakı münasibətlər isindi. Belə bir şəraitdə Moskva güclü gediş edərək Vaşinqtonu əsəbiləşdirən S-400 sistemlərini Hindistana satdı. Gözlənildiyi kimi, emosional D.Tramp bu tələyə düşərək sanksiyalardan bəhs etdi. Hindistan, təbii ki, bunu gözləyirdi. Onun atdığı addımın arxasında praqmatik geosiyasi maraq dayanır.

Yeni şərtlər: daha perspektivli kurs seçimi 

Dehli üçün Moskva ilə münasibətlər iki aspektdə aktualdır. Əvvəla, Rusiya çox güclü hərbi potensiala malik dövlətdir. Bu potensialla o, Amerikaya qarşı dura bilir. Deməli, uyğun şərtlər daxilində Rusiya yaxın müttəfiqlərini də bu təhlükədən qoruya bilər. Hindistan bu imkandan niyə istifadə etməsin? Həm də ona görə ki, son dövrlərdə ABŞ hər kəsə "qafa tutur", bütün dünyanı "cəzalandırmaqla" hədələyir. Vaşinqton faktiki olaraq başqa arqumenti yoxmuş kimi görünür. D.Tramp hər yerdə iki şeyi təkrarlayır: 1. "Hər şey Amerika üçün", 2. "İndiyə qədər bizdən ən yaxın müttəfiqlərimiz belə sui-istifadə ediblər". Bu səbəbdəndir ki, hətta Avropa ölkələri Amerikadan uzaqlaşırlar. Hindistan ona niyə etibarlı tərəfdaş kimi baxmalıdır?

Hindistanın ABŞ-ın xoşuna gəlməyən addım atmasının digər səbəbi, Dehlinin Pekinlə münasibətləri normallaşdırmaq niyyətləri ilə əlaqəli ola bilər. Yuxarıda vurğuladığımız kimi, Asiyanın bu iki böyük ölkəsi arasında münasibətlər o qədər də sadə deyil. Çin sürətlə inkişaf edirsə də, Hindistan ondan bir qədər geridə qalır. Hindistan adambaşına düşən gəlirə görə hələ Çindən iki dəfə geridədir. Deməli, Hindistan Çinlə münasibətlərə müəyyən düzəlişlər etməlidir - o, qonşuluğunda ciddi fikir ayrılıqları olan bir ölkənin sürətli inkişafına seyrçi qala bilməz.

Bununla yanaşı, Çin də başa düşür ki, Hindistan böyük potensialı olan dövlətdir. Onun başqa böyük dövlətlərlə antiçin cəbhəsində birləşməsi Pekinə zərər vura bilər. Məsələn, Yaponiya-ABŞ-Hindistan "üçlüyü"nün imkanları Çindən 1,5 dəfə çoxdur. Deməli, Çinə də Hindistanın uzaq düşməsi sərf etmir. Təbii ki, eyni məntiqlə Hindistanın başqa geosiyasi cəbhədə olması Moskvanı qane etmir. V.Putinin Hindistana səfəri zamanı imzalanan müqavilələr də bunu tam təsdiq etdi.

Problemin digər aktual aspekti Hindistanın Çinlə Rusiya arasında manevr imkanları ilə bağlıdır. Çin Rusiya ilə geosiyasi tərəfdaş olduğundan Dehli lazım gəldiyində Pekini Moskva vasitəsilə cilovlaya bilər. Moskvanın bunu etməsi ehtimalı az deyil. Çünki Kreml Hindistan kimi bir dövləti Amerikanın xeyrinə itirmək istəmir. Bu səbəbdən də Hindistan Rusiya ilə Çin arasında manevrlər etmək şansı əldə edir. Hindistanın Rusiyadakı yeni səfiri Bala Venkateş Varma bu kontekstdə deyib: "Rusiya ilə Hindistan arasındakı münasibətlər o dərəcədə möhkəmdir ki, o, istənilən təzyiqə tab gətirə bilər. Hindistanın öz siyasətini dəyişdirə biləcək təzyiq mövcud deyil".

Bununla yanaşı, Hindistanın xarici siyasətini XXI əsrin tələblərinə uyğun qurması ehtiyacını da vurğulayırlar. O cümlədən, Rusiya, Çin, Yaponiya kimi dövlətlərlə münasibətlərdə düzəlişlərə ehtiyac var. Bunun necə olacağını hind diplomatiyası bilir. Görünür, Hindistan üçün bu bağlılıqda vacib məqamlardan biri hansısa supergücün "kiçik qardaşı" vəziyyətinə düşməməkdən ibarət olacaq. Bəzi faktorlar bu təhlükənin yarandığına işarə edir.

Məsələ belədir ki, Hindistan Çinin inkişafına əngəl törətməyə cəhd göstərir. Bunun üçün ABŞ-la iri həcmli müqavilələr imzalanıb. Məlumdur ki, Çin Amerikanın bir nömrəli rəqibidir. Buna görə də Vaşinqton müəyyən müddətdən sonra Çinlə Hindistan arasında ixtilaf yarada bilər. Dehli gərək buna imkan verməsin.

Bu fonda Hindistan-Rusiya münasibətləri də sadə görünmür. Çünki Moskva da Vaşinqtonun Asiyada dominant olmasını arzulamaz. Amerika Hindistana müasir silahlar satırsa, Rusiya özünün silahlarını satıb, Hindistanı təsir altına almağa çalışar. Rusiyanın da əlində Çin kartı vardır. Yəni Dehlini Pekinlə "qorxuda" bilər.

Bu geosiyasi ziddiyyətləri Hindistanın necə çözəcəyini zaman göstərəcək. İndi müşahidə edilən odur ki, Dehli üç supergüc arasında uğurlu manevrlər edir. O, faktiki olaraq ABŞ, Rusiya və Çinlə münasibətlərdə tarazlığı saxlaya bilir. Hansısa məqamda bu tarazlığın pozulması istisna deyil. Ancaq Hindistan daha çox gələcəyi düşünür. Yaxın perspektivdə Asiyada geosiyasi proseslərin daha mürəkkəb, ziddiyyətli və intensiv mərhələyə qədəm qoyacağı proqnozlaşdırılır. O zaman kimin necə hazır olduğu daha aydın olacaq. Hindistan bu mübarizənin harasında və necə yer alacaq? Görünür, bu sualın cavabını Dehli indidən axtarır.

Newtimes.az

 





12.10.2018    çap et  çap et