525.Az

Şəhid ailələri, Qarabağ əlilləri üçün evlərin tikintisi daha sürətlə gedəcək


 

İLİN SONUNA KİMİ 5700 MƏCBURİ KÖÇKÜN AİLƏSİ EVLƏRLƏ, MƏNZİLLƏRLƏ TƏMİN EDİLƏCƏK

Şəhid ailələri, Qarabağ əlilləri üçün evlərin tikintisi daha sürətlə gedəcək<b style="color:red"></b>

Azərbaycan bu gün dünyada həm də sosial dövlət kimi xarakterizə olunur. Ölkədə əhalinin sosial rifahının artması, xüsusi ehtiyacı təbəqələrin sosial durumunun yaxşılaşdırılmsı üçün müvafiq tədbirlər həyata keçirilir.

Şəhid ailələri, Qarabağ əlilləri, məcburi köçkünlərin mənzil məişət problemlərinin həllində lazımi addımlar atılır. Azərbaycanın büdcəsi də sosial yönümlüdür. Dünyada davam edən böhran dalğasına, milli valyutaların ucuzlaşmasına baxmayaraq, ölkəmizdə büdcədə sosial sfera üçün nəzərdə tutulmuş xərclər azaldılmadı. Əksinə, büdcədən sosial istiqamətdə yeni ayırmalar daxil edildi. Bu isə  o deməkdir ki, dövlət  siyasətinin bütün istiqamətlərində və sahələrində mərkəzdə məhz Azərbaycan vətəndaşı dayanır. Ölkəmizdə sosial təminatla bağlı çox uğurlu işlər həyata keçirilib. Nəticədə insanların rifah halı daha da yaxşılaşdırılıb, əhalinin məşğulluq səviyyəsi artıb, işsizlik əhəmiyyətli dərəcədə aşağı düşüb. Sosial təminatının əsas göstəricilərindən biri kimi qəbul edilən yoxsulluğun səviyyəsinin aşağı salınması istiqamətində əldə olunan uğurlar da xüsusi qeyd edilməlidir. Dövlət siyasətinin əsas hədəfi respublikamızda yoxsulluğun tamamilə aradan qaldırılmasıdır. 

Ümumiyyətlə, Azərbaycanın davamlı olaraq həyata keçirdiyi geniş məzmunlu sosial siyasətin əsas xarakterik cəhətlərindən biri də odur ki, ölkəmizdə dövlət qayğısı əhalinin bütün təbəqələrini əhatə edir. Azərbaycan prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, dövlət qayğısına ehtiyacı olan bütün vətəndaşlar dövlət tərəfindən dəstəklənir.

Prezdent İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında sosial sahə üzrə görülmüş işlərə xüsusi toxunub, gələn ilin büdcəsinin həm investisiya və sosial yönümlü olacağını deyib, eyni zamanda, bir sıra iradlar səsləndirib, tapşırıqlar verib.

Bütün sosial layihələrin icra ediləcəyini deyən prezident sosial sahədə ciddi islahatların aparıldığını əlavə edib. Dövlət başçısı deyib ki, nazirliyin yeni rəhbərliyinə onun tərəfindən çox ciddi tapşırıqlar verildi ki, sosial ədaləti pozanlara qarşı çox ciddi tədbirlər görülsün: "Bu sahədə rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə çox ciddi aparılmalıdır və hazırda aparılır, şəffaflıq təmin edilir, bu sahədə yol verilmiş pozuntular aradan qaldırılır".

Dövlət başçısı əlavə edib ki, köçkün olmayan vətəndaş gedib yalandan öz adını yazdırır, sonra dövlətdən mənzil alır. Belə hallar var və ədalətsizliklər aradan qaldırılmalıdır, pozuntulara yol açan boşluqlar da bağlanmalıdır.

Prezident şəhid ailələri, Qarabağ müharibəsi əlilləri üçün evlərin tikintisinin daha da sürətlə gedəcəyini vurğulayıb.

Xatırladaq ki, bu ilin avqust ayında dövlət başçısının iştirakı ilə Bakının Qaradağ rayonunda Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimi keçirilib. Bunun ardınca isə bu məqsədlər üçün Prezidentin ehtiyat fondundan 20 milyon manat vəsait ayrılıb. Həmçinin, Qobu qəsəbəsində özəl sektor tərəfindən inşa edilən mindən çox mənzil məcburi köçkünlərə təqdim olunub. Sumqayıt şəhərində, Kürdəxanı, Mehdiabad, Ramana, Masazır qəsəbələrində, Abşeron, Tərtər, Qaradağ rayonlarında məcburi köçkünlər üçün binalar, evlər tikilir və onların sərəncamına verilir. Doqquz ayda 2900 məcburi köçkün ailəsi evlə, mənzillə təmin olunub. İlin sonuna qədər əlavə 2800 ailə evlə, mənzillə təmin ediləcək. Beləliklə, bu il 5700 ailə - təxminən 25 min insan evlə, mənzillə təmin olunacaq. Belə olan halda isə  ilin sonuna qədər evlə, mənzillə təmin edilmiş məcburi köçkünlərin sayı 300 minə çatacaq.

Gələn il də bu məqsədlər üçün kifayət qədər vəsait nəzərdə tutulması planlaşdırılıb.

İclasda səsləndirilən fikirlərə, açıqlanan nəticələrə toxunan deputat Rüfət Quliyev deyib ki, müşavirədə ölkəmizin nailiyyətləri haqqında səslənən rəqəmlər Azərbaycanın uğurlu iqtisadi inkişafından xəbər verir. Onun sözlərinə görə, sosial məsələləri iqtisadiyyatın inkişafından ayırmaq mümkün deyil: "Əgər bir ölkədəki iqtisadi inkişaf, uğur varsa, orada sosial məsələlərin həllinə geniş imkanlar yaranır. Azərbaycanın uğurlu iqtisadi siyasəti, əldə edilmiş nəticələr vətəndaşlarımızın sosial rifahının yüksəldilməsinə şərait yaradır. Məhz ölkəmizdə həyata keçirilən düzgün siyasətin nəticəsidir ki, Azərbaycanda 85 min yeni iş yeri açılıb. Burada daha çox pay kiçik və orta sahibkarlığın payına düşür".

Millət vəkili xatırladıb ki, Azərbaycan prezidentinin sədrliyi ilə keçirilən müşavirədə də qeyd olunduğu kimi, cari ilin 9 ayında ölkə iqtisadiyyatına 9 milyard dollar sərmayə qoyulub ki, bunun da 5,6 milyard dolları qeyri-neft sektorunun payına düşür: "Bütün bunlar ölkəmizdə qeyri neft-sektorunun sürətlə inkişafından xəbər verir".

Cari ilin 9 ayı ərzində xarici ticarət dövriyyəsi 37 faiz artdığını deyən deputat söyləyib ki, prezident İlham Əliyevin müşavirədə də qeyd etdiyi kimi, qeyri-neft ixracı təxminən 14 faiz artıb: "Bütün bunlar Azərbaycanın iki il bundan öncə qeyri-neft sektorunun inkişafı ilə bağlı götürdüyü istiqamətlərin düzgün olduğunu göstərir. Azərbaycana qoyulan investisiya həcminin artmasının ölkəmiz üçün böyük uğurdur. Azərbaycan həm də başqa ölkələrə investisiya qoyur. Cənab prezidentin də vurğuladığı kimi, Azərbaycanın tərəfindən Türkiyədə "Star" neftayırma zavodu istifadəyə veriləcək ki, həmin zavoda ölkəmiz tərəfindən 6 milyard dollardan çox vəsait qoyulub. Gələcəkdə bu zavod ölkəmizdə 100 milyondan çox gəlir əldə etmək imkanı verəcək. Beləliklə deyə bilərik ki, istər ölkəmizə, istərsə də ölkəmiz tərəfindən qoyulan investisiyalar dövlətimizin gələcək inkişafına öz töhfələrini, əhalinin sosial rifahının daha da yüksəlməsini təmin edəcək".

R.Quliyev əlavə edib ki, iclasda ölkəmizin nailiyyətləri haqqında səslənən rəqəmlər Azərbaycanın uğurlu iqtisadi inkişafından xəbər verir: "Bazar iqtisadiyyatında çətin məsələlərdən biri inflyasiyadır ki, bu ilin göstəricilərinə baxdıqda, ölkəmizdə inflyasiyanın cəmi 2,6 faiz, əhalinin gəlirlərinin isə 9,5 faiz təşkil etdiyini görmək mümkündür. Bu rəqəmlər Azərbaycanda inflyasiyanın qarşısının alındığını göstərir. Cari ilin Azərbaycan üçün ümumilikdə uğurlu olduğunu deyə bilərik. Bu ilin 9 ayında çox mühüm əlamətdar hadisələr baş verdi ki, bunlardan biri 20 ilə yaxın bir müddətdir müzakirələri aparılan Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsidir. Bildiyiniz kimi, Xəzərin dibində 6.5 milyard ton neft və qaz neft yataqları var ki, bu da ölkələrə 8 trilyon dollar vəsait gətirəcək. Azərbaycan da burada 20 faiz paya sahibdir. Bunun özü də iqtisadiyyatımız, gələcək inkişafımız üçün mühüm uğurdur".

Milli Məclisin deputatı Elman Məmmədov isə vurğulayıb ki, qaçqın və məcburi köçkünlər daim Azərbaycan dövlətinin qayğısını hiss edib. Bu qayğı və diqqət isə ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən başlayıb və bu gün Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilməkdədir: "Bu illər ərzində Bakıda və eləcə də bütün respublika ərazisində qaçqın və məcburi köçkünlər üçün müxtəlif bölgələrdə saysız hesabsız, çoxsaylı yaşayış massivləri, qəsəbələr salınıb. Bütün bunlar ölkə başçısının və eləcə də dövlətin qaçqın və məcburi köçkünlərə göstərdiyi qayğının bariz göstəricisidir".

Qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində işlərin davam etdirildiyini deyən deputat bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin müşavirədə qeyd etdiyi kimi, cari ilin 9 ayı ərzində 3 minə yaxın məcburi köçkün ailəsi mənzillə təmin olunub və ilin sonuna qədər bu rəqəmin 2 dəfə artacağı gözlənilir.

Bu sahədə tətbiq olunan yenilikdən söz açan E. Məmmədov söyləyib ki, son dövrlərdə qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılmasına özəl sektorun da diqqəti yönəldilir: "Onların da bu istiqamətdə imkanlarından istifadə olunur. Lakin yenə də əsas məsələ, güc dövlətin üzərindədir. Azərbaycan prezidenti hər zaman söylədiyi kimi, ötən gün də bəyan etdi ki, qaçqın və məcburi köçkünlər öz yurd-yuvalarına qayıdana qədər onların mənzil şəraitləri yaxşılaşdırılacaq. Torpaqlarımız işğaldan azad edildikdən sonra onlar öz yurd-yuvalarına qayıdacaqlar ".

Deputat vurğulayıb ki, toplantıda diqqəti çəkən məsələlər müdafiə sənayesi qüdrətimizin, iqtisadiyyatımızın, siyasi diplomatik əlaqələrimizin daha da güclənməsi, iqtisadi əlaqələrin genişlənməsi, torpaqlarımızın işğaldan azad edilməsi oldu: "Müşavirədə bütün sahələr üzrə görülən işlər haqqında məlumat verildi, qarşıda duran vəzifələr haqqında göstərişlər verildi və tələblər qoyuldu. Hesab edirəm ki, hərə öz sahəsində deyilənlərdən nəticə çıxarılmalıdır ".

Ümumilikdə 2018-ci ilin ölkəmizin uğurlu və yadda qalan il olduğunu deyən E. Məmmədov əlavə edib ki, onlardan biri "Azərspace 2" peykinin kosmosa buraxılması oldu: "Artıq Azərbaycan kosmosda 3 peykə sahibdir. Dünyada çox az ölkələr kosmos dövləti hesab olunur. Bu, çox mühüm nailiyyətdir. Bundan başqa cari ildə neft-qaz kəmərləri ilə bağlı mühüm uğurlar əldə edilib. Bu uğurlarımız getdikcə daha da artacaq".

PƏRVANƏ

 





12.10.2018    çap et  çap et