525.Az

Bakıda XII Azərbaycan Beynəlxalq Təhsil Sərgisi açıldı


 

Bakıda XII Azərbaycan Beynəlxalq Təhsil Sərgisi açıldı <b style="color:red"></b>

Dünən Bakı Ekspo Mərkəzində XII Azərbaycan Beynəlxalq Təhsil Sərgisi işinə başlayıb.

Təhsil Nazirliyinin dəstəyi, "Caspian Event Organisers" ("CEO") şirkətinin təşkilatçılığı ilə keçirilən sərgidə ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri, müxtəlif təhsil xidmətləri göstərən qurumların nümayəndələri iştirak ediblər.

Sərginin açılışında çıxış edən təhsil naziri Ceyhun Bayramov deyib ki, "Uşaqların gələcəyinə sərmayə" devizi altında təşkil edilən sərgidə dünyanın 12 ölkəsindən 100-dən çox iştirakçı iştirak edir. Təhsil Nazirliyinin son illərdə təhsilin inkişafı sahəsində həyata keçirdiyi islahatların ayrı-ayrı pavilyonlarda əksini tapdığını vurğulayan nazir sərginin ziyarətçilər üçün faydalı olacağını deyib.  C.Bayramov qeyd edib ki, ölkə başçısı İlham Əliyev tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın imzalanmasından ötən 5 il ərzində təhsilin müxtəlif pillələrini əhatə edən istiqamətlər üzrə mühüm dövlət sənədləri qəbul edilib və layihələr həyata keçirilib. Sərgidə ölkənin bir sıra aparıcı ali təhsil müəssisələrinin də iştirak etdiyini bildirən təhsil naziri diqqətə çatdırıb ki, son dövrlərdə ali təhsilin əhatəlilik səviyyəsi əhəmiyyətli şəkildə artıb: "Belə ki, 2018-2019-cu tədris ili üzrə qəbul imtahanlarının nəticələrinəəsasən, əvvəlki illərlə müqayisədə rekord sayda - 41 min abituriyent tələbə adını qazanıb, 500 və daha artıq bal toplayan məzunlar arasında 2090 nəfər müəllimlik ixtisasını seçib".

Nazir vurğulayıb ki, sərgidə Təhsil Nazirliyi geniş pavilyonda təmsil olunur. Azərbaycanın 14 ali təhsil müəssisəsinin qatıldığı sərgidə iştirakçılara "Məktəbəhazırlıq", "Olimpiadalara hazırlıq mərkəzi", "Peşə Təhsili üzrə Dövlət Agentliyi", "Təhsil" Respublika İdman Mərkəzi", "Uşaq-Gənclər İnkişaf Mərkəzi", "SABAH" qrupları", "İçərişəhər ənənəvi incəsənət mərkəzi", "Sağlam təhsil - sağlam millət", "Maarifçi" Tələbə Kredit Fondu", "Məktəblinin dostu", "Modul tipli məktəblər", "İT STEP", "Media Mərkəz - Təhsil TV" və digər stendlər təqdim edilir. Onun sözlərinə görə, sərginin gündəliyinə işgüzar görüşlər, panel müzakirələr, media təqdimatları və ayrı-ayrı mövzulara dair mühazirələr daxildir: "Bundan başqa, təhsil sərgisi ilə paralel 12-ci Beynəlxalq Karyera sərgisi də təşkil olunacaq. Sərginin əsas məqsədi işəgötürən və iş axtaran arasında görüşün təşkilidir".

"Caspian Event Organisers" şirkətinin region üzrə direktoru Edvard Stroun artıq ənənəvi olaraq hər il keçirilən sərginin maraqla qarşılandığını, ziyarətçilərə təhsil müəssisəsi seçməkdə geniş imkan yaratdığını deyib. Onun sözlərinə görə, Beynəlxalq Təhsil sərgisi hər il aparıcı ali təhsil müəssisələrini, o cümlədən, orta ixtisas təhsil müəssisələrini və ixtisasartırma mərkəzlərini bir araya gətirir. Təhsil sərgisi hər kəsə həm ixtisası, həm də təhsil müəssisəsini seçmək üçün geniş imkan yaradan unikal platformadır. Bu sərgi ölkədə Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə təşkil olunan yeganə sərgidir.

Humanitar Əməkdaşlıq Assosiasiyasının baş direktoru Mixail Novoseltsev isə deyib ki, Azərbaycandan Rusiyanın ali məktəblərinə qəbul olmaq istəyənlərin sayı ildən-ilə artmaqdadı. Onun sözlərinə görə, bunu yerli əhali arasında rus dilinə və o dildə təhsilə böyük maraq göstərməsi də sübut edir.

Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov  qeyd edib ki, hazırda Rusiyanın ali təhsil müəssisələrində 15 minə yaxın azərbaycanlı tələbə təhsil alır: "Azərbaycanlı tələbələrin bizim universitetlərə daha çox maraq göstərməsi üçün hər şeyi edirik. Humanitar əməkdaşlıq Rusiya üçün prioritet istiqamətlərdən biridir".

Səfir həmçinin qeyd edib ki, universitetlər səviyyəsində ayrı-ayrı əlaqələr də humanitar sahədə inkişafa təkan verir və bu işdə 2015-ci ildə yaradılan Azərbaycan və Rusiya Universitetləri Assosiasiyası xüsusi rol oynayır.

O əlavə edib ki, Azərbaycanda daha üç Rusiya universitetinin filialı açılacaq: "Bunlar Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun, Ali İqtisadiyyat Məktəbinin və Rusiya Dövlət Humanitar-İqtisadiyyat Universitetinin filialları olacaq". Diplomat qeyd edib ki, Rusiyanın adıçəkilən ali təhsil müəssisələrinin filiallarının Azərbaycanda açılışı iki ölkə prezidentinin razılaşdırdığı yol xəritəsi əsasında humanitar əməkdaşlıq çərçivəsində baş tutacaq. 

Qeyd edək ki, ötən illərlə müqayisədə Təhsil Nazirliyi sərgidə geniş pavilyonda təmsil olunur.

Sərgi gündəliyinə işgüzar görüşlər, panel müzakirələr, media təqdimatlar və ayrı-ayrı mövzulara dair mühazirələr daxildir. Sərginin baş sponsoru "Kapital Bank"dır. Sərgi Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən də dəstəklənir, təşkilatçı qismində isə "Caspian Event Organisers" ("CEO") şirkəti çıxış edir.

Üç gün davam edəcək 12-ci Beynəlxalq Təhsil Sərgisinə giriş yuxarı sinif şagirdləri, valideynlər, müəllim və tələbələrə açıq olacaq.

S.QARAYEVA

 





12.10.2018    çap et  çap et