525.Az

Odlu ürəyin işığında


 

Odlu ürəyin işığında<b style="color:red"></b>

"Əsl yaradıcının zəka məhsulu cəmiyyətin qida mənbəyidir" sözlərinin müəllifi müasir Azərbaycan ədəbiyyatına yorulmadan töhfələr verən Əlirza Xələflidir.

O, bu dəfə ədəbi mühitə istedadı və hazırlığı ilə gəlmiş Mədət Məmmədovu oxuculara yenidən təqdim edir. Bu təqdimat sanballı bir kitab vasitəsilə reallaşır. Kitabda publisist Mədət Məmmədovla şair Mədət Əyyuboğlunun bir-birini tamamlayan obrazı ilə qarşılaşırıq. Müsahibələrlə kifayətlənməyən, ayrı-ayrı vaxtlarda mükəmməl publisistik əsərlər də yazan M.Əyyuboğlu növbəti yubileyinə dostlarının dəyərli yazılarından tərtib olunmuş bir kitabla qədəm qoyur. Kitab yalnız yubilyara həsr edilmiş yazılardan ibarət deyil, həmçinin, kitabın "Publisistik düşüncələr" bölməsində Mədət Əyyuboğlunun publisistik yazıları təqdim olunur.

Kitabda 1959-cu ildə Ağdamın Güllücə kəndində zəhmətkeş ailəsində doğulan Mədət Əyyub oğlu Məmmədovun yaradıcılığı işıqlandırılır. Qarabağı işğal olunan, Ağdamı yağı tapdağında inləyən, dünyanın paytaxtı sandığı Güllücəsi göz dağına çevrilən şair "Xoşbəxtəm, xoşbəxtəm təkcə onunçün Üstümdə insanlıq adı var mənim" misraları ilə poetik mövqeyini nümayiş etdirir. Onun bu cür şeirləri Ə.Xələfli tərəfindən müfəssəl təhlilə cəlb olunur. Bununla yanaşı, Ə.Xələflinin təqdimatında biz kitabın ümumi qayəsi ilə yaxından tanış oluruq. Təqdimatdan məlum olur ki, onun Ulu Öndər Heydər Əliyev haqqında düşüncələri "Bir ürək yanırdı" başlığı ilə verilmişdir. Həmin yazıda  Heydər Əliyevin xilaskar obrazının təqdim edilməsi, hərtərəfli təqdimatda verilməsi diqqətə çatdırılır. Ə.Xələfli xüsusi olaraq vurğulayır ki, "başsız karvana bənzəyən Azərbaycan xalqı, bəlkə də, həyati göstəriş kimi Ulu Öndərə üz tutmuşdu". Məhz belə bir şəxsiyyətin ömür yolundan bəhs edən yazı geniş təhlilə cəlb edilməklə yanaşı, müəllifin seçmə yazılarından biri kimi kitabda özünə yer tutmuşdur.

M.Əyyuboğlunun "Bir ürək yanırdı" sərlövhəsi ilə verilmiş bu yazısında Heydər Əliyevin həyat və fəaliyyətinin incəliklərinə toxunulmuş, onun 20 Yanvar hadisələri zamanı nümayiş etdirdiyi mövqe dəstəklənmişdir. Müəllif yazır ki, "1990-cı ilin yanvarında baş verən həmin hadisəyə siyasi iqtidardan təcrid olunmuş, Moskvanın özündə nəzarətdə saxlanılan və dünyanın yaxşı tanıdığı görkəmli siyasi xadim Heydər Əliyev heç nədən - hətta canından qorxmayaraq Azərbaycan nümayəndəliyinə gəlmiş və Qorbaçov başda olmaqla siyasi intriqantların gözü qarşısında onları ifşa etmişdi". Bütün bunlardan əlavə, onun hakimiyyətə gəlməsi və əməli işlər görməsi də lütfkarlıqla yad edilir: "Tarix göstərdi ki, içdiyi andın keşiyində dura bilməyənlər də var. Ancaq Heydər Əliyev qüdrət sahibi kimi Ali Baş Komandan kimi və ən başlıcası, bütün dünya xalqlarının gözü qarşısında böyük faciələrə düçar edilmiş Azərbaycan xalqını axıracan qoruyacağına andı ilə inandırdı". Bütün bunları müşahidə edib diqqətdə saxlayan M.Əyyuboğlu  "Böyük yolun davamı" yazısında Azərbaycan Prezidenti cənab İlham Əliyevin dövlətimizin dünənindən sabahına işıq salan əməllərindən söz açır. Yazıda qeyd olunur ki, "Azərbaycan Demokratik Cumhuriyyətinin tarixi yubileyinin keçirilməsi, cumhuriyyət liderlərinin ayrı-ayrılıqda yubileylərinin qeyd olunması, onların mənəvi irslərinin öyrənilməsi naminə görülən işlər də Prezident İlham Əliyevin tarixi sərəncamlarından qaynaqlanır. Cumhuriyyət dövrü Azərbaycan Parlamentinin sənədləri nəşr olunur, tədqiqatçılar üçün hər cür şərait yaradılır ki, həmin dövrü müstəqil Azərbaycanımızın özülü, sələfi kimi daha yaxşı öyrənək".

Müəllifin bu cür sanballı əsərlərini bir araya toplayan, onlara layiqli şərh verən Əlirza Xələfli yazır: "Mədət Məmmədovun "Gözəlliyin əməldə təzahürü" əsərini Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uğurlu siyasi, mədəni, mənəvi fəaliyyətinin tərənnümü də adlandırmaq olar".

Həmin yazıya diqqət etdikdə Ə.Xələflinin fikirləri ilə tamamilə razılaşırıq. "Gözəlliyin əməli təzahürü" məqaləsində Azərbaycan mənəvi mühitinin birmənalı şəkildə sevgi ilə qəbul etdiyi Mehriban xanım Əliyevanın Azərbaycanın mənəvi həyatında qeyri-adi görünüşdə təzahürünün təsadüfi olmadığı, tarixən türk qadınlarının dövlətçilik siyasətində yaşarı ənənələri olduğu iftixarla yad edilir. Həmçinin, M.Əyyuboğlu bir faktı da unutmur ki, "Mehriban xanım Əliyeva türk xalqlarının mənən daha yaxınlaşmasına, müştərək mənəvi irsin öyrənilməsinə də xüsusi diqqət göstərir". Bununla belə, onun şəxsi həyatında da örnək bir türk qızı olması alqışlanılır, müəllif bu yönümdə düşüncələrini belə ümumiləşdirir: "Azərbaycanı idarə edən mərkəz sevgi düsturuna güvənir". Hər üç yazıda Mədət Əyyuboğlunun zəkası və müşahidə qabiliyyəti diqqətdən yayınmır. "Qəlbimdə bir işıq var" yazısında isə həyatında böyük rolu olan Mir Cəlal Paşayevin əzəmətli obrazı yaradılır, onun insani keyfiyyətləri böyük sevgi ilə anılır.

İlk yazılarda biz Mədət Əyyuboğlunun şeirlərinin layiqli dəyərləndirilməsi ilə qarşılaşırıq. Ə.Xələfli əsərlərində insanlığın geniş mənzərəsini verməyə çalışan M.Əyyuboğlunun poeziyasının incəliklərinə varır, şeirlərini və poemalarını təhlilə cəlb edir. Hər sözə, hər misraya ürəklə yanaşır. Bu da poeziyanı içdən duyan bir insan üçün təbii haldır. "Poeziya bütün məqamlarda görünə bilən, həyatın bütün künc bucağında, təbiətdə və cəmiyyətdə hər yerdə cilvə göstərə biləcək bir gözəldir"- fikirlərinin müəllifi təhlil etdiyi bədii nümunələrlə bu sözlərə haqq qazandırır. Sözün öz haqqını istədiyi bir dönəmdə o, Mədət Əyyuboğlunun şeirlərində onun tərcümeyi-halını görür. Hər kəsin öz həyatını yaza bilməsi üçün indi daha çox şəraitin olduğu bir dövrdə dərdi və ağrını unutmaq insanı yaddaşsızlıq bəlasına düçar edə bilər qənaətinə gəlir. Bu baxımdan "Sözün ahı Vətənin ahı qədər ağırdır" - deyir. Onun fikrincə, "Mədət Əyyuboğlu sözdən xəsisliklə istifadə edir. Misraların arasına artıq söz və ifadənin girə bilməsinə yer qoymur". "Sənətkarın bütün həyatı gözəl sözlər arasında keçir". Yəqin elə bu səbəbdən də şair dünyanın gələcəyini və gedəcəyini unudaraq, necə deyərlər, öz işi ilə məşğul olur. Nəticədə isə yazılmalı olanlar yazılır. Onların necə yazılmasını isə belə təqdim edir: "Mövzu isə yalnız  o zaman şairin mənəvi aləminə, dünyasına qonaq gəlir ki, onu qabaqcadan şair hiss edir, duyur, qarşılamağa hazırlaşır". Şair nə qədər hazırlıqlı olsa da, nə qədər ustalıqla sözlərə toxunsa da, öz səmimiliyindən uzaq düşmür. Buna görə də söylənilmiş bu fikirlər inandırıcı görünür:"...M.Əyyuboğlunun şeirlərini oxuyanda sadə və aydın düşüncənin gücünü görmək olur". Bu güc həm də insana, insanlığa olan inamdır. Ə.Xələfli qeyd edir ki, şair M.Əyyuboğlu üçün dünyanın ən  böyük problemi dünyanı idarə edən və dünyanın özünə cavabdeh olan insandır. Hər şey insanın xeyrinə, onun xoşbəxtliyinə hesablanmalıdır. Hətta "sənətin qızıl kərpicləri ilə dünyanın - insanlığın mənəviyyat sarayı tikilməlidir".

Sənətin bu missiyasını öz yazılarında əks etdirən Mədət Əyyuboğlunun yaradıcılığı haqqında görkəmli insanların əhatəli təhlilləri də kitabda yer alıb. Hər bir yazıda onun söz dünyası müxtəlif prizmalardan araşdırılır, lakin ortaq qənaət bu olur ki, istinad edilən mətnlər dəyərli mənbələrdir. Tahir Paşayevin onun şeirləri haqqında ümumiləşdirməsini məqbul hesab etmək olar: "Çoxlarından fərqli olaraq, Mədət Əyyuboğlu poeziyasında şairin mövzu, obraz fürsətcilliyi, zamanın kiçicik səhvlərindən yararlanıb..." Zamanın səhvlərini bağışlamasa da, zamanın süzgəcindən keçməyi bacaran müəllif haqqında Cərayıl Qəhrəman deyir ki, "Mədət müəllim xaraktercə səmimi, istiqanlı, həddindən artıq duyğusal və xeyirxah bir insandır". Ən maraqlısı da odur ki, o, "... xeyirxahlıqdan, yaxşılıqdan çox böyük zövq alan, mənəvi rahatlıq tapan insandır". Bütün bunları cəmləyərək belə ümumiləşdirmə aparır: "Mədət müəllim bütöv insandır. Bütövlük - böyüklükdür". Böyüklüyün də özünə görə xırdalıqları, çeşidli incələnməsi var. Bu da hərənin öz baxış bucağına uyğun nəzərə çarpır. Tahir Orucov fikirlərini belə ifadə edir: "M.Əyyuboğlunun şeirlərini oxuyanda Vətənə sevgi, ona ürəkdən bağlılıq duyğuları öndə gəlir və bu hisslər onun yaradıcılığının əsas leytmotivini təşkil edir". O həm də, M.Əyyuboğlunun şeirlərinin mövzu rəngarəngliyi və müxtəlifliyi ilə daha çox diqqəti çəkdiyi qənaətinə gəlir. Tahir müəllim onun şeirlərinin nəzəri aspektlərinə də biganə qalmayaraq söyləyir ki, "şair bir qayda olaraq şeirlərində poetik fiqurlardan bacarıqla yararlanıb, canlı və cansız varlıqlara sanki yeni bir həyat tərzi verir". Bu deyilənlər yalnız poeziyaya deyil, həm də publisistik yazılara da şamil edilə bilər.

Prinsipial və əqidəli mövqe nümayiş etdirən müəllif "Tarixdən günümüzə" adlı yazısında Xalq yazıçısı Elçinin yaradıcılığına və böyük şəxsiyyətinə dərin hörmətlə yanaşır. Onu bir yazıçı kimi belə xarakterizə edir: "Elçin "iç üzü" kifayət qədər görə bilən sənətkardır". Həm də onun xeyirxah əməllərini tarixi əhəmiyyət daşıyan fikir və düşüncələrini, tarixi təcrübə kimi sevdirir. "Məni sevindirən nədir" yazısında isə mənəvi dəyərlərə xidmət edən, hər cür şoudan kənar qəzet buraxmağın hədsiz dərəcədə çətin olduğu bir dönəmdə yaranmış "Kredo" qəzetindən bəhs edir. Bir qəzet barəsində yazı ilə bütöv mətbuat tarixi haqqında təsəvvür yaradır, hadisəyə öz münasibətini də gizlətmir: "Mən o vaxt çox sevinirdim ki, "Kredo"nun nəşrə başlamasını ziyalılar böyük sevgi ilə qarşılayır və münasibət bildirməkdən çəkinmirlər".

Göründüyü kimi, kitabda müəlliflərin bir-birinə qarşı sayğısı və bir-birinin yaradıcılığından xəbərdarlığı maraq doğurur. Bütün bunlar isə ortaya mükəmməl bir kitabın çıxması ilə nəticələnir. "Və bu yerdə - yəni bu kitabda şair Mədət Əyyuboğlu ilə publisist Mədət Məmmədov birləşir". Bu birlikdən onun həmkarlarının dünyagörüşü də boy verir. Biri haqqında yazılmış yazı ilə başqa birinin yazma bacarığı nümayiş olunur. Hərə özünəməxsus şəkildə öz sözünü deyir.

 





12.10.2018    çap et  çap et