525.Az

Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyinin 15 ili tamam olur


 

GERİDƏ QALAN DÖVR DÖVLƏTİN DAXİLİ VƏ XARİCİ SİYASƏTİNDƏ ƏLDƏ OLUNMUŞ BİR SIRA UĞURLARLA YADDA QALIB

<b style="color:red">Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyinin 15 ili tamam olur</b>

Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyinin 15 ili tamam olur. İlk dəfə 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdən sonra Azərbaycan Respublikasının prezidenti kimi fəaliyyətə başlayan İlham Əliyevin ölkəyə rəhbərliyi altında ötən 15 il dövlətin daxili və xarici siyasəti üçün əldə olunmuş bir sıra uğurlarla yadda qalıb.

Bu illər ərzində Ermənstanla müharibə şəraitində olan Azərbaycan öz iqtisadiyyatını inkişaf etdirib, neftdən gələn gəlirlər hesabına bütün sahələrdə, o cümlədən, sosial siyasət, təhsil, elm, ordu quruculuğunda ciddi işlərə imza atıb, infrastruktur tədbirləri həyata keçirərək, hazırkı müasir görkəmini alıb.

Son 15 il ərzində məcburi köçkünlər üçün 100-dən çox şəhərcik salınıb, 300 minə qədər məcburi köçkün ailəsi yaşayış evləri ilə təmin olunub, həmçinin, 6 minə yaxın müasir tələblərə uyğun yeni mənzillər inşa etdirilərək, əlil və şəhid ailələrinin istifadəsinə verilib.

Neft kapitalını insan kapitalına çevirməyi qarşısına məqsəd qoyan Prezident İlham Əliyevin diqqət yetirdiyi ən önəmli sahələrdən biri də dövlətin gənclər siyasətinin inkişaf etdirilməsi, Azərbaycan gənclərin yüksək təhsilli və sağlam ruhda böyüməsinə nail olmaqdır. Təsadüfi deyil ki, son 15 ildə Azərbaycanda 3 mindən çox məktəb istifadəyə verilib, yeni ali məktəblər yaradılıb, köhnələri təmir olunub, ölkənin müxtəlif bölgələrində gənclər evləri tikilib, müasir olimpiya kompleksləri, idman sağlamlıq mərkəzləri inşa olunub.

Həmçinin, 15 il ərzində 600-dən çox yeni tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib ki, bu da ölkə vətəndaşlarına, o cümlədən, gənclərə, ahıl insanlara öz sağlamlıqlarını qorumaq üçün vaxtlı-vaxtında müalicə və yoxlanışlardan keçməyə imkan verir.

Bu dövr ərzində Azərbaycanın müdafiə qabiliyyətinin artırılması, hərbi sənayesinin inkişaf etdirilməsi, ordunun döyüş qabiliyyətinin yüksəldilməsi, vətənpərvərlik ruhunun təbliği diqqət mərkəzində duran əsas məsələlərdən olub. Ordu quruculuğu sahəsində həyata keçirilən islahatlar -  yeni hərbi hissələrin yaradılması, köhnələrin əsaslı təmir olunması, hərbçilərin maddi-texniki təminatının, sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, mənzil-məişət problemlərinin həlli, bütün qoşun növlərinin müasir silah-sursat, hərbi texnika və avadanlıqlarla təmin olunması və digər görülən tədbirlər bu gün Azərbaycan Silahlı Qüvvələrini Cənubi Qafqaz regionunda ən güclü orduya çevirib.

Bunun nəticəsidir ki, 2016-cı il aprel ayının əvvəlində cəbhə xəttində Ermənistanın növbəti hərbi təxribatı ilə üzləşən ordumuz əks-hücuma keçərək işğalçılara güclü zərbələr endirib və qısa müddətdə Ağdərə, Cəbrayıl, Füzuli rayonlarında iki min hektar ərazini düşməndən azad edib, işğal altında qalan torpaqlara nəzarət etmək imkanını artırıb. 2018-ci ilin may ayında isə Naxçıvan Muxtar Respublikasının 11 min hektardan çox ərazisi, o cümlədən, Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilib, dövlət sərhədi boyunca əlverişli yüksəkliklər ələ keçirilib, İrəvan-Gorus-Laçın yolu nəzarətə götürülüb.

Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə Azərbaycanın xarici dövlətlərlə hərbi əməkdaşlıq sahəsində qurduğu əlaqələr ilk mərhələdə ordumuzun hərbi vasitələrə təlabatının ödənilməsinə imkan verirdisə, daha sonrakı mərhələdə dövlətimizin silah idxal edən ölkədən silah ixracatçısına çevrilməsini şərtləndirib.

Bunun nəticəsidir ki, bu gün Azərbaycan Rusiya, İsrail, Belarus və digər ölkələrdən “Favorit” zenit-raket kompleksi, “LORA” əməliyyat-taktiki raket kompleksi, “Polonez” reaktiv yaylım atəşi sistemləri kimi müasir hərbi vasitələr almaqla bərabər, snayper tüfəngi, pulemyot, tapanca, zirehli texnikalar üçün məsafədən idarə olunan döyüş modulları, reaktiv yaylım atəş sistemləri və digər silah-sursatlar istehsal edərək, Silahlı Qüvvələrin arsenalına daxil edir, eyni zamanda, xarici ölkələrə ixracını həyata keçirir.

Beynəlxalq münasibətlər sistemində yerini daha da möhkəmləndirən, xarici ölkələr və beynəlxalq təşkilatlarla bərabərhüquqlu əməkdaşlıq əlaqələrinin quran Azərbaycan formalaşdırdığı etibarlı tərəfdaş imicini hər zaman doğruldub və nüfuzunu daha da artırmağa nail olub. Bu mənada, ölkəmizdə, paytaxt Bakıda keçirilən çoxsaylı beynəlxalq tədbirlər - siyasi, iqtisadi, mədəni və humanitar forumlar, idman yarışları, elm, təhsil və hərbi sərgilər, toplantılar sabitliyin və təhlükəsizliyin yüksək səviyyədə təmin olunduğu Azərbaycana dünya birliyinin böyük inam və etibarını özündə ehtiva edir. Xüsusilə qeyd etmək lazımdır ki, son dövrlər Rusiya ilə NATO hərbi rəhbərlərinin görüş yeri kimi Bakını seçməsi, dünyanın bir çox siyasi liderlərinin iştirak etdiyi zirvə görüşlərinin Bakıda təşkil olunması dövlətimizin dünyada və regionda nə qədər mühüm rol oynamasından xəbər verir. Eləcə də, 2011-ci il oktyabrın 24-də Azərbaycanın dünyanın bir nömrəli siyasi təşkilatı olan BMT Təhlükəsizlik Şurasına iki illiyə qeyri-daimi üzv seçilməsi, nüfuzlu beynəlxalq təşkilatlarda yüksək səviyyədə təmsil olunması dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında yürüdülən xarici siyasət kursunun mühüm nəticələrindəndir.

Təsadüfi deyil ki, oktyabrın 9-da Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxış edən Prezident İlham Əliyev qeyd edib ki, 2018-ci ildə Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmlənib: “Mənim həmkarlarımla həm ikitərəfli, həm çoxtərəfli formatlarda bir çox görüşlərim olub. Doqquz ay ərzində mən 12 xarici səfər etmişəm və 15 dövlət və hökumət başçısı Azərbaycana səfərlər etmişdir. Bu, onu göstərir ki, Azərbaycanın çox çevik və çoxşaxəli xarici siyasəti vardır. İkitərəfli formatda əldə edilmiş razılaşmalar icra edilir, Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır və bizim sözümüzə inanırlar. Çünki sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur”.

Dövlət başçısı vurğulayıb ki, bu il qonşu ölkələrlə əlaqələrimiz yeni pilləyə qalxıb: “Mənim qonşu ölkələrin dövlət, hökumət başçıları ilə çoxsaylı görüşlərim olub. Əldə edilmiş razılaşmalar həm ikitərəfli əlaqələrimizi möhkəmləndirir, eyni zamanda, regionda sabitliyin, təhlükəsizliyin, əməkdaşlığın inkişafına xidmət göstərir. Müsəlman ölkələri ilə bizim əlaqələrimiz həmişə olduğu kimi diqqət mərkəzindədir. Bu, bizim xarici siyasətimizin prioritet məsələlərindən biridir. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının fəal və dəyərli üzvüdür və bütün beynəlxalq təşkilatlarda, beynəlxalq tədbirlərdə biz İslam həmrəyliyini göstəririk və bunu təbliğ edirik. Təsadüfi deyil ki, keçən il bizdə “İslam Həmrəyliyi İli” elan olunub. Azərbaycanda, İslam aləmində birliyin, həmrəyliyin möhkəmləndirilməsi işində bizim fəaliyyətimiz müsəlman dünyasında çox yüksək qiymətləndirilir. İslam Əməkdaşlıq Təşkilatı bizim fəaliyyətimizi yüksək qiymətləndirir. Biz bu istiqamətdə səylərimizi davam etdiririk və etdirəcəyik. Təsadüfi deyil ki, bu il Azərbaycanın ikinci şəhəri, Bakıdan sonra bu dəfə Naxçıvan şəhəri İslam Mədəniyyətinin Paytaxtı adına layiq görülüb. Biz bunu bütün müsəlman aləminin bizə olan hörmətinin təzahürü kimi qəbul edirik, qiymətləndiririk. Eyni zamanda, əlbəttə ki, bu qərar bizim İslam aləmində oynadığımız müsbət rol ilə bağlıdır və biz bu istiqamətdə səylərimizi davam etdirəcəyik. İslam aləmində həmrəyliyin, birliyin möhkəmlənməsi üçün səylərimizi davam etdirəcəyik, eyni zamanda, İslam dəyərlərini dünyaya çatdırmaq üçün bundan sonra da addımlar atılacaq. Bildiyiniz kimi, Azərbaycanda multikulturalizmlə bağlı bir çox tədbirlər keçirilib və həm İslam aləmində, həm Avropada bizim bu səylərimiz yüksək qiymətləndirilir, bu səylərin gözəl nəticələri var”.

Prezident İlham Əliyevin ölkəyə 15 illik rəhbərliyi dövründə görülən işlər və əldə olunan nəticələr barədə fikirlərini bildirən  “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qeyd edib ki, ötən bu müddət ərzində Azərbaycan hərtərəfli inkişaf edib. O, “Sherg.az”a bildirib ki, 15 il ərzində daxili və xarici siyasətdə kifayət qədər nailiyyətlərimiz olub: “Dövlət başçısı İlham Əliyevin 15 il ərzində gördüyü işlər Azərbaycanın, paytaxt Bakının və bütün rayonların hərtərəfli və ən müasir şəkildə qurulmasına, sosial inkişafına böyük təsir göstərib”.

V.Rəhimzadənin sözlərinə görə, prezidentin qarşıya qoyduğu ən başlıca məqsədlərdən biri odur ki, dünyada ən yaxşı həyat tərzi sürən insanlar məhz Azərbaycan vətəndaşları olmalıdır: “15 ildə bu prinsipləri özündə birləşdirən siyasət uğurla həyata keçirilib. Həyatımızın bütün sahələrində - səhiyyə, təhsil və iqtisadiyyatın müxtəlif sektorlarında uğurlu işlərə imza atılıb. Təkcə, ötən il ərzində Azərbaycanda onlarla qlobal əhəmiyyətli tədbir keçirilib. O tədbirlər ölkəmizin imicini yüksəldib”.

Baş redaktor sadəcə iki faktı qeyd edərək, 2017-ci il ərzində görülən mühüm işlərə diqqət çəkib: “Ötən ilin sentyabrın 14-də “Əsrin müqaviləsi”nin ikinci dəfə imzalanması və müddətinin 2050-ci ilə qədər uzadılaması mühüm hadisə idi. Həmçinin, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilişi və istifadəyə verilməsi də çox önəmli addım idi. Unutmayaq ki, Asiya ilə Avropanı birləşdirən bu nəqliyyat xətti iqtisadi dislokasiyaya böyük təsir göstərən layihədir”.

V.Rəhimzadə hesab edir ki, prezidentin yürütdüyü siyasət 15 il ərzində hər zaman dəstəklənib və bu gün də dəstəklənir, sabah da dəstəklənəcək: “2003-cü ildən sonrakı seçkilərdə prezidentə göstərilən yüksək etimad xalqın öz liderinə sevgisinin və dəstəyinin ifadəsidir. Şübhəsiz ki, bütün bunlar həm də Azərbaycan rəhbərinin yeritdiyi siyasətin bəyənilməsidir”.

Qeyd edək ki, İlham Əliyev 4 dəfə Azərbaycan Respublikasının prezidenti seçilib.

2018-ci ildə keçirilən seçkilərdən sonra Konstitusiya dəyişikliklərinə əsasən, prezident 7 il ölkəyə rəhbərlik edəcək.

Ceyhun ABASOV

 





13.10.2018    çap et  çap et