525.Az

Frankofoniya Təşkilatının İrəvan sammiti təşkilatdaxili ziddiyyətləri üzə çıxardı


 

TOPLANTI FRANSA VƏ KANADA ARASINDA FRANKOFONİYA UĞRUNDA GƏRGİN MÜBARİZƏ İLƏ YADDA QALDI

Frankofoniya Təşkilatının İrəvan sammiti təşkilatdaxili ziddiyyətləri üzə çıxardı<b style="color:red"></b>

Ermənistanın paytaxtı İrəvanda keçirilən Beynəlxalq Frankofoniya Təşkilatının 17-ci zirvə görüşü uğursuzluqla yadda qalıb. Dünyanın 5 fərqli qitəsindən 58 dövlətin təmsil olunduğu BFT sammit təşkilatdaxili ziddiyyətləri üzə çıxarıb.

Bütün dünya sammit zamanı humanizm, sülh, insan hüquq və azadlıqları kimi ümumbəşəri dəyərlərin müdafiəsi yollarının axtarışı əvəzinə Fransa prezidenti Emmanuel Makron ilə təşkilatın baş katibi Mişel Jan qarşıdurmasının şahidi olub. Qarşıdurma bəşəriyyət üçün mühüm əhəmiyyət kəsb edən məsələ üstündə deyil, sırf hakimiyyət hərisliyi və bölgüsü idi. Bu yalnız əslən Kanadadan olan Mişel Jan-Makron qarşıdurması yox, eyni zamanda, Fransa prezidenti və Kanada baş naziri Justin Tridönün ambisiyalarının toqquşmasıdır. Müstəmləkə tarixi olan Fransa geosiyasi maraqlarının ifadəsi olan Beynəlxalq Frankofoniya Təşkilatına nəzarətində olmayan və tam idarə edə bilmədiyi bir şəxsin rəhbərlik etməsini qəbul edə bilməzdi. Sənaye dövləti olan Kanada da Frankofoniya vasitəsilə xüsusən Afrika ölkələrində nüfuzunu artırmaq və qitənin təbii sərvətlərinə daha geniş çıxış imkanları əldə etmək kimi məqsədlər güdür.

Nəticədə qarşıdurmalar meydanına çevrilən sammitdə diplomatiya tarixində heç vaxt görünməyən hadisə baş verib. Təşkilatın baş katibi zirvə toplantısının keçirildiyi gün bu təşkilatın ölü halda olduğu barədə rəsmi “twitter” hesabından açıqlama yayıb. Bundan əlavə, təşkilatın baş katibi M.Jan yenidən bu posta seçkilərdə Fransa tərəfinin dəstəyinin ala bilmədiyinə görə İrəvandakı sammitin açılışı zamanı çıxışında təşkilat barədə tənqidi açıqlamalar verib. O bildirib ki, biz qəbul etməyə hazırıq ki, beynəlxalq təşkilatlar şəxsi məqsədlərə xidmət edir: “Real politika, dövlətlər arasında xırda anlaşmalar və ya şəxsi maraqlar naminə “demokratiya”, hüquqlar” və “azadlıqlar” kimi anlayışlar yalnız mənası çıxarılmış sadə sözlər səviyyəsinə endirilsin...Biz hazırıq ki, qısamüddətli eqoizm, beynəlxalq əməkdaşlığa yalnız mənfəət nəzər nöqtəsindən yanaşma, quldur sərmayə və ya korrupsiya həmrəylik, həqiqi qarşılıqlı tərəfdaşlıq tələblərini üstələsin? Özümüzə deməliyik ki, hərəkətsizlik, gecikmə və kompromis reqresin bir növüdür, çünki dəyərləri və prinsipləri aldadan (xəyanət edən) təşkilat artıq ölümcül haldadır”.

Təşkilatın indiki baş katibini nüfuzdan salmaq üçün dezinformasiya və propaqanda üzrə ixtisaslaşmış fransız mediası xanım Mişel Janı təşkilatın vəsaitələrini şəxsi məqsədlər üçün istifadə etməkdə, 500 min avro xərcləyərək iqamətgahını təmir etdirdiyini, xarici səfərlərdə çoxlu pullar xərclədiyi barəsində yazıb.

Halbuki sammitin İrəvanda keçirilməsi üçün dəridən-qabıqdan çıxan və zalda oturan Ermənistan rəhbərliyi üçün Frankofoniya Təşkilatı barədə bu cür sözləri eşitmək o qədər də xoş deyil. Təşkilata yeni üzv olan Ermənistan bu təşkilat vasitəsilə öz nüfuzunu artırmaq və Azərbaycanın Qoşulmama Hərəkatı kimi nüfuzlu bir platformada üzvlüyünə və qarşıdan gələn sədrliyinə qarşı imkan əldə etməyə çalışırdı.

Hərçənd, başqa dövlətin 20 faiz ərazisini otuz ilə yaxın işğal altında saxlayan, Xocalı qətliamını törədən Ermənistanda dünyada sülhün və əmin-amanlığın, insan hüquq və azadlıqlarının təşviq edilməsi missiyasını üzərinə götürən Beynəlxalq Frankofoniya Təşkilatının sammitinin keçirilməsi qərarının özü bir cəfəngiyatdır. Ermənistan kimi dövlətin ərazisində bu cür tədbirin keçirilməsi təşkilatın təbliğ etdiyi dəyərlərlə və prinsiplərlə ciddi ziddiyyət təşkil edir.

Bu həm də onu deməyə əsas verir ki, Fransa BFT-dən öz maraqları naminə istifadə edir. BFT-nin aparıcı qüvvəsi olan Fransa təşkilatın yeni baş katibi vəzifəsinə Ruandanın xarici işlər nazirinin namizədliyini dəstəkləyir. Bu addım Fransanın Ruandaya jesti kimi qiymətləndirilir. 1994-cü ildə Ruandada soyqırımı həyata keçirmiş dəstələrin (Hutu-Tutsi qarşıdurması, 800 min qurban) rəhbərlərinin Fransa tərəfindən dəstəklənməsi barədə məlumatlar var idi. Fransanın keçmiş prezidenti Nikolya Sarkozi Ruandada səfərdə olarkən ölkəsinin bu soyqırımda rolunu üstüörtülü də olsa, qəbul etmişdi. Məhz buna görə illərlə Fransa ilə Ruanda arasındakı əlaqələr dondurulmuş vəziyyətdə olub. Ruandada məlum hadisələrdən sonra 2008-ci ildə rəsmi təhsil dili kimi fransız dili yerinə ingilis dili elan olunub və Birləşmik Krallıq ilə heç bir xüsusi tarixi bağlılığı olmayan Ruanda “British Commonwealth”in üzvünə çevrilib.

Afrika İttifaqı çərçivəsində Ruandanın xarici işlər nazirinin namizədliyinə o qədər də xoş baxmasalar da, Fransanın sözündən çıxa bilmirlər. Lakin rəsmi təhsil dilini fransızdan ingilisə dəyişmiş bir ölkənin xarici işlər nazirinin “fransız dili amili” üzərində qurulmuş təşkilata necə başçılıq edəcəyi suallar doğurur.

C.ABASOV

 





13.10.2018    çap et  çap et