525.Az

Türkiyəli şairin kitabı təqdim olundu


 

Türkiyəli şairin kitabı təqdim olundu <b style="color:red"></b>

Dünən Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda türkiyəli şair Səbri Quşqonmazın “Gecədən gündüzə” kitabının təqdimat mərasimi keçirilib.

Mərasimdə ziyalılar, ədəbiyyatşünaslar, poeziyasevərlər və media nümayəndələri iştirak ediblər.

Tədbiri şairin şeirlərini Azərbaycan dilinə uyğunlaşdıran, kitabın tərtibatçısı və redaktoru Nazilə Gültac açaraq həmkarı haqqında geniş məlumat verib. O deyib ki, Səbri Quşqonmazın şeirləri özünün poetik, fəlsəfi yükünə görə özünəməxsusdur.

Onun yaradıcılığına göstərilən diqqətə gorə Nazilə Gültaca və Yazıçılar Birliyinin rəhbərliyinə təşəkkürünü bildirən S.Quşqonmaz deyib ki, Bakıda birinci dəfə olmağına baxmayaraq, bu şəhər ona çox doğma və əzizdir. Türk dünyasının ortaq ədəbiyyatından, mədəniyyətindən söz açan şair, bu birliyi qoruyub genişləndirməyin qələm adamlarından bilavasitə asılı olduğunu vurğulayıb.

Tənqidçi Əsəd Cahangir də çıxışında Türk dünyasının ortaq ədəbiyyatı məsələsi ilə bağlı mövzuya toxunub, bu tədbiri ədəbi əlaqələrin genişləndirilməsi yolunda uğurlu addım adlandırıb. S.Quşqonmazın yaradıcılığından söz açan natiq, onun orijinallığını xüsusi vurğulayıb.

Yazıçı Seyran Səxavət S.Quşqonmazın şeirlərindəki fəlsəfi fikirlərə diqqət çəkib.

Daha sonra çıxış edən Sayman Aruz, Əkbər Qoşalı, Qulu Ağsəs, Güləmail Murad, Fəridə Ləman, Azər Həsrət, Xatirə Rəhimbəyli və başqaları şairin poeziyası haqqında fikirlərini bölüşüblər.

Tədbir boyunca Nazilə Gültac şairin “Gecədən gündüzə” kitabına daxil olan şeirlərdən səsləndirib.

Mərasimdə S.Quşqonmazla bağlı video-çarx nümayiş olunub.

Sonda müəllif kitablarını qonaqlar üçün imzalayıb.

ŞAHANƏ

 





13.10.2018    çap et  çap et