525.Az

Milli Dram Teatrında Xalq artisti İlham Əsgərov anıldı


 

Milli Dram Teatrında Xalq artisti İlham Əsgərov anıldı <b style="color:red"></b>

Oktyabrın 11-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli aktyor, Xalq artisti İlham Əsgərovun 60 illiyinə həsr olunan tədbir keçirilib.

Xatirə gecəsi Mədəniyyət Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Milli Dram Teatrının təşkilatçılığı ilə reallaşıb.

Əvvəlcə qonaqlar Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin arxivinin materialları əsasında İlham Əsgərovun həyat və yaradıcılığını əks etdirən fotosərgiyə baxıblar.

Mərasimdə Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov unudulmaz sənətkarın yaradıcılığından, keçdiyi ömür yolundan söz açıb. Bildirib ki, İlham Əsgərov 1980-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyoru fakültəsini bitirib. 1982-ci ildən Akademik Milli Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb. O, Azərbaycan dövlət radiosunun məşhur “Bulaq” verilişinin aparıcılarından olub.

Xalq artistləri Nurəddin Mehdixanlı, Hacı İsmayılov, Məleykə Əsədova və başqaları aktyorun Azərbaycan teatrının inkişafındakı xidmətlərindən danışıb, onunla bağlı xatirələrini bölüşüblər.

Tədbirdə aktyorun rol aldığı tamaşalardan fraqmentlər nümayiş etdirilib.

Sonra qonaqlar İlham Əsgərovun xatirəsinə həsr olunan “Qürbətdən gələn məktublar” tamaşasına baxıblar.

Yazıçı-diplomat Həsən Həsənovun eyniadlı əsəri əsasında hazırlanan ikihissəli dramın rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovdur. Səhnə əsərinin quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Həmid Kazımzadədir. Tamaşada əsas rolları Xalq artistləri Ramiz Məlik, Laləzar Mustafayeva, Hacı İsmayılov, Əjdər Həmidov, Əməkdar artistlər Kazım Abdullayev, Elşən Cəbrayılov, Vəfa Zeynalova, aktyor Elçin Əfəndi ifa edib.

Çağdaş günümüzlə səsləşən tamaşada M.F.Axundzadənin obrazını vaxtilə Xalq artisti İlham Əsgərov canlandırıb.

ŞAHANƏ

 





13.10.2018    çap et  çap et