525.Az

“Azərbaycan dünyanın kosmos ölkələri ailəsinin üzvüdür” mövzusunda tədbir


 

“Azərbaycan dünyanın kosmos ölkələri ailəsinin üzvüdür” mövzusunda tədbir <b style="color:red"></b>

Oktyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində Ümumdünya Kosmos Həftəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.

Görüşdə AzTU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sübhan Namazov, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Dunay Bədirxanov, universitetin müəllim və tələbə heyəti iştirak edib.

AzTU-nun prorektoru, professor Sübhan Namazov tədbiri açaraq qonaqları təqdim edib. Bildirib ki, dünyanın əksər ölkələrində qeyd olunan Ümumdünya Kosmos Həftəsinin məqsədi kosmik elmlərin və texnologiyanın müasir cəmiyyətin inkişafındakı rolunu işıqlandırmaqdır.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov Azərbaycanın bu gün dünyanın kosmik klubunun üzvü olduğunu və kosmik sənayedə öz mövqelərini möhkəmləndirdiyini bildirib. Sentyabrın 26-da “Azərspace 2” peykinin orbitə çıxarıldığını xatırladan icraçı direktor bu hadisəni dövlətimizin gücü və uğurlu  siyasətinin göstəricisi kimi dəyərləndirib.

“Azərkosmos” ASC-nin sədr müavini Dunay Bədirxanov “Azərbaycan dünyanın kosmos ölkələri ailəsinin üzvüdür” mövzusunda məruzə söyləyərək orbitə buraxılan 3-cü peykimiz “Azerspace-2” haqqında tələbələrə geniş məlumat verib. D.Bədirxanov “Azərspace-2” peykinin təyinatından, diapazonundan, həmçinin, ölkəmizə faydasından danışıb. Telekommunikasiya peykinin hazırlanması, orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsindən danışan D.Bədirxanov Azərbaycanda peyk xidmətləri sahəsində elmi-tədqiqatların aparılması nəticəsində əldə olunan nailiyyətləri də qeyd edib.

Sonda D.Bədirxanov tələbələri maraqlandıran bütün sualları ətraflı cavablandırıb.

Görüşdə “Azərkosmos” ASC-nin nümayəndələri AzTU-ya simvolik olaraq peyk maketi təqdim ediblər.

 





13.10.2018    çap et  çap et