525.Az

“Dünyəvilik və Azərbaycançılıq prinsiplərinin qorunması vacibdir”


 

“Dünyəvilik və Azərbaycançılıq prinsiplərinin qorunması vacibdir”<b style="color:red"></b>

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətində “Dini ekstremizmin mahiyyəti, yaranma səbəbləri və ona qarşı mübarizənin hüquqi əsasları” mövzusunda tədbir keçirilib.

DQİDK-nın sədr müavini Səyavuş Heydərov qeyd edib ki, ölkəmizdəki tolerant və multikultural mühit bütün dünyada ən müasir və mütərəqqi cəmiyyət modeli kimi qəbul olunur. Səyavuş Heydərov deyib ki, ölkəmiz bu gün dünyaya təkcə enerji təhlükəsizliyində deyil, eyni zamanda, qlobal təhlükəsizlik məsələlərində də töhfə verən ölkəyə çevrilib.

DQİDK-nın sədr müavini Azərbaycan dövlətinin din siyasətinin əsas prioritet istiqamətlərindən danışaraq vurğulayıb ki, dövlətin bu sahədə başlıca vəzifəsi vətəndaşlarımızın dini etiqad azadlığının təmin olunması, dövlət-din münasibətlərinin tənzimlənməsi və təkmilləşdirilməsi, həmçinin, respublikamızda milli dini kadrların hazırlanmasıdır. O, bu məqsədlə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılmasının, din xadimlərinin maddi təminatının yüksəldilməsi üçün onlara maddi dəstək verilməsinin Prezident İlham Əliyev tərəfindən atılmış uzaqgörən, məntiqli və mütərəqqi addım olduğunu diqqətə çatdırıb.

Dini radikalizmin mahiyyəti və onunla mübarizə yolları barədə məlumat verən Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov qeyd edib ki, bu kimi tədbirlərin keçirilməsində əsas məqsəd dini radikalizmlə mübarizə sahəsində maarifləndirmə işinin gücləndirilməsindən ibarətdir. Sədr müavini bildirib ki, respublikamızda məzhəb ayrı-seçkiliyi yaratmağa, əmin-amanlığı, sabitliyi pozmağa, digər ölkələrin milli xüsusiyyətlərini, dini ideologiyalarını İslam adı altında ölkəmizdə təbliğ etməyə çalışan bəzi cərəyanlarla mübarizə aparılması, gənclərin və yeniyetmələrin zərərli dini cərəyanların təsiri altına düşməsinin qarşısının alınması üçün preventiv tədbirlər həyata keçirilir.

Eyni zamanda, natiq Dövlət Komitəsinin sifarişi ilə hazırlanan “Şəhadət” sənədli fimindən də danışaraq vurğulayıb ki, film dini fanatizmin və radikalizmin təsirinə məruz qalmış, bir sıra xarici ölkələrdəki ekstremist-terrorçu silahlı birləşmələrin tərkibində döyüşmüş şəxslərlə yanaşı, Vətən uğrunda şəhadətə qovuşmuş Milli Qəhrəmanlarımızdan bəhs edir. Onun sözlərinə görə, filmdə hərbçilərimizin vətənpərvərliyi, qəhrəmanlıqları və fədakarlıqları hər bir Azərbaycan gənci üçün bir nümunədir.

Sədr müavini şəhidlik zirvəsinin müqəddəsliyinə də toxunaraq deyib ki, bəzən gedib hansısa xarici ölkədə, xarici münaqişədə din adı altında döyüşlərdə ölənləri də şəhid adlandırırlar. “Bu, yanlışdır. Şəhidliyi öz ordusunda öz vətəni, dövlətinin suverenliyi və təhlükəsizliyi uğrunda həyatlarını qurban verənlər qazanırlar. Vətənpərvərlik hissi zəif olan insanlar yad dini ideologiyaların təsirinə məruz qalırlar və cəmiyyət üçün təhlükəli şəxslərə çevrilirlər. Ölkəmizə qarşı dini müstəvidə yönəlmiş təhdidləri nəzərə alaraq, vətəndaşlarımızın ayıq-sayıq olmaları, respublikamızda formalaşmış milli-mənəvi dəyərlər, xüsusilə tolerantlıq və multikultural ənənələr, dünyəvilik və Azərbaycançılıq prinsiplərinin qorunması və daha inkişaf etdirilməsi son dərəcə vacibdir”, -deyə, S.Heydərov əlavə edib.

Daha sonra çıxış edən Baş İdarənin direktor müavini Etibar Cəbrayılov mövzunun əhəmiyyətindən danışıb. E.Cəbrayılov son illlər ərzində dini radikalizmə qarşı fəal və məqsədyönlü maarifləndirmə işinin aparıldığını bildirib. Bu baxımdan DQİDK-nın sifarişi ilə hazırlanan “Şəhadət” sənədli filminin nümayişinin insanların, xüsusilə gənclərin milli-mənəvi dəyərlərimizə bağlılığının, eləcə də vətənpərvərlik hisslərinin gücləndirilməsi baxımından əhəmiyyətli olduğunu qeyd edib.

S.QARAYEVA

 





13.10.2018    çap et  çap et