525.Az

Bir məkandan dörd reportaj - Dörd gənc “Bakı bulvarının tarixi fotoşəkillərdə”dən yazır


 

Bir məkandan dörd reportaj - <b style="color:red">Dörd gənc “Bakı bulvarının tarixi fotoşəkillərdə”dən yazır</b>

Sentyabrın 18-də Dənizkənarı Milli Parkda “Bakı bulvarının tarixi fotoşəkillərdə” adlı sərgi açılıb.

Dənizkənarı bulvara Milli Park statusunun verilməsinin 20 illik yublileyi münasibəti ilə açılan və gələn ilin mart ayına qədər davam edəcək sərgi istər şəhər sakinlərinin, istərsə də qonaqların xüsusi marağına səbəb olub.

Dənizkənarı Milli Parka gəzintiyə çıxan hər kəs sərgidə nümayiş olunan fotostendlərin qarşısından keçəndə mütləq, bir anlıq da olsa, ayaq saxlayıb bu gözəl məkanın 130 illik tarixini əks etdirən görüntülərə nəzər yetirir.

Uzaq və yaxın tarixi əks etdirən bu fotoşəkilləri sadəcə, tarix kimi qəbul edənlər də ola bilər, bir az yaxın tarixə şahidlik edib öz gənclik, yeniyetməlik çağlarını nostalji hissi ilə xatırlayanlar da.

Bizim bu gün oxuculara bir rubrika altında təqdim edəcəyimiz bu yazıların müəllifləri isə bu tarixlə ancaq həmin fotoşəkillərdən, bir də eşitdiklərindən və oxuduqları kitablardan tanış ola bilən gənclərdir.

Beləliklə, bir məkanın tarixinə dörd fəqli baxış - Dənizkənarı Milli Parkdan dörd reportaj.  

Köhnə Bakının nostaljisi

Rəvan CAVİD 



Hərdən şəhərə qarışmaq istəyirsən. Tarixinə, yollarına, küçələrinə, adamlarına, evlərinə, dənizinə bələd olduğun bir şəhərin kiçik bir hissəsi, yaddaşı, ya da lap köhnə bir albomdakı şəkli olmaq istəyirsən. Elə şəkillərin, elə binaların gələcəyi həmişə məlum olur. 90-ların bulvar rəsmlərinə baxmaq ona görə xoş gəlir ki, biz indi o bulvarın bu günündən - 30 il sonrasından xəbərdarıq. O şəkillərə düşən adamlar hardadır, görəsən? Və ya necə qərar veriblər ki, şəhərin filan yeri təmir olunsun? Bu suallar nə qədər qeyri-müəyyən qalsa da, içimizdəki nostaljini narahat etmir.

Bakı bulvarında, “Park Bulvar”ın solunda bulvarın tarixini əks etdirən fotolar sərgilənir. 1860-cı ildən 1987-ci ilə kimi bütün Bakı gözlərinizin önündə olacaq. Şəkillərin fonunda isə bu şəhərin mahnıları. 



1861-ci ilin bulvarı. Eyyub Yaqubovun səsi.

Açıq havadakı fotomuzeyə baxmağa sol tərəfdən birinci şəkildən - 1861-ci ilin Bakı bulvarındakı adamları izləməkdən başladım. O dövrə xas paltarlarda və simalarda. Tarix kitablarından oxuduğumuz insanlar, mədəniyyət indi gözlərimin önündə öz varlığını sübut etmək üçün dayanmışdı. Dənizin sahilindəki iki balıqçının söhbətini də eşidirdim, dənizin dalğalarının limanla duetini də dinləyə bilirdim. Köhnə, taxta, balaca qayıqlar, uzun torlar və gülən adamlar.

Bir addım qabaqda məni 1870-ci ilin astanası gözləyirdi. Bu gün “Neftçilər” prospekti adlanan hissədən Xəzərə baxmaq, sularının üstündə Günəşin şüalarını görmək çətin deyildi. Sadəcə, hər şey ağ və qara rəngdə.

1964-cü ilin bulvarı. Emin Sabitoğlu - “Bizim Cəbiş müəllim” filmi. 

Ən sevdiyim bəstəkarın ən gözəl əsərlərindən birinin sədaları altında ilbəil addımlayıram. Bakının keçmişi ilə tanış olmaq, onun keçdiyi illəri görmək, hiss etmək, o illərdə olmaq arzusu, həmin illərin sabahını düşünmək məni gerçək düşüncəmdən alıb hansısa başqa bir aləmə atır və o aləmin sərhədləri bu muzeydəki fotolar və musiqi parçaları ilə çəpərə alınıb. 1934-cü ilin şəkillərinə baxırsan, içində bilinməz bir həyəcan keçir. Üç il sonra, kim bilir, bəlkə elə o şəkillərdə olanlardan biri represiya qurbanı olacaq. Ya da 1917-ci ilin fotosuna baxıb səbirsizlənirsən, bir il sonra böyük bir tarix yazılacaq. Başqa bir şəkilin tarixi sənə mühüm digər hadisəni xatırladır və beləcə özümüz-özümüzü “Bakını nə qədər tanıyırıq?” imtahanına salırıq. Şəkillərdən birində “Konka” adlanan maraqlı bir xidmətə rast gəldim - atın reyslər üzərindən çəkdiyi fayton minik. İlk dəfə idi tanış olurdum. 



1885-ci ilin bulvarı. Rəşid Behbudovun səsi. 

Yenidən 19-cu əsrə düşürəm, sahildə Xəzərə baxıb 1912-1913-cü illərin bulvarında “Fenomen” teatr-sinematoqraf binasını görürəm. Yadıma düşür ki, bu bina indiki “Kukla” teatrıdır. Bina necə olubsa, elə də qalıb. Ağ-sarı fasad, qərb memarlıq üslubunda.

1950-ci ilin bulvarı. Şövkət Ələkbərovanın səsi. 

Şövkət xanımın məlahətli səsi ilə daha bir addım yoldaşlıq edirəm. Və 1950-ci ilin “Stalin” prospektində dayanıram. SSRİ cəmiyyətinin qələbəliyini, yollardakı zəhmətkeş sovet adamlarını, Bakının isti yayını və bir neçə metr uzaqdan görünən “Mirvari”ni əlim gözlərimin üzərində izləyirəm. İndi “Saat qülləsi”nin yerində paraşütlə tullanan adamlara baxıram. İndi olmayan daha bir Bakı xatirəsi. 51-ci ilin bulvarında sevgililər var, yanlarından keçən polis onlara baxmamaq üçün prospekt tərəfə dönür. Necə saf və məsum bir şəkildir. Görəsən, haradan tapıblar? Zaman maşınına minmək kimi bir hadisədir bu muzeyi gəzmək. Şövkət xanımın ifasını kaman səsi əvəzləyir. Mən artıq muzeyin sağ tərəfindəki şəkillərə baxıram. Demək olar, buradakı bütün fotolarda “Mirvari” var. 1957-ci ilin Kukla teatrı  Kənd Təsərrüfatı Muzeyi olub. Qarşısında adamlar öz uşaqlarının əllərindən tutub ağ mərmərdə parıldayan işıqları ayaqlayıb muzeyə girilər.  

1987-ci ilin bulvarı. “Şərikli çörək” filmi. 

“Venesiya şəhərciyi”ndəyəm. Sadə metal pilləkənlər, ağ mərmərdən sütunlar və sevinən uşaqlar. Üzümdəki təbəssümü fotoya verib irəli bir addım da atıram. 1915-ci il. Bir-birinə su şırnağı atan iki bulvar işçisi. Bir addımdan sonra yenə “Mirvari” və onun xarici müştəriləri.

“Nağıl şəhərciyi”. Buranı birinci dəfədir, görürəm. Amma bulvarda harda olduğunu xatırlayıram çox keçmədən. Uşaqların səsləri filmin musiqinə qarışır.

1972-ci ilin bulvarı. Saksafonda “Bakı, sabahın xeyir!” 

Sonuncu fotolara da baxım zamanda səyahəti saksafonun “Bakı, sabahın xeyir!” ifasıyla tamamlayıram. 2018-in bulvarında yanımdan keçən nənə və nəvəyə, qarşıdan gələn sevgililərə, Xəzərə və yenidən şəkillərə baxıb Bakını nə qədər sevdiyimin fəqinə varıram. Bu şəhəri bu cür tanımaq gözəldir. Ümid edək ki, uzun müddət burada bu sərgi, bu muzey Bakının tarixini adamlara təqdim etməkdən yorulmayacaq. Mahnını zümzümə edə-edə sərgidən uzaqlaşdıqca özümü də bir gün o şəkillərdə tapmaq istəyinə gülümsəyirəm. 

Yüz mahnı, yüz fotoşəkil

“SƏN ŞƏHƏRLƏR GÖZƏLİSƏN BAKI”

Türkan TURAN 



Daşından torpağına, yosunundan yarpağına qədər tarix qoxuyur. Onda ilk öpüşlərin, son görüşlərin, fırtınalı eşqlərin, çağlayan münasibətlərin, düşünən beyinlərin, nəhəng ürəklərin, böyük şəxsiyyətlərin izi var. İçində qucaq-qucaq xatirələr, qalaq-qalaq ağrılar, varaq-varaq həsrətlər daşıyır. Yeganə yerlərdəndir ki, burada təbəqə bölgüsü yoxdur, varlı-kasıb ayrımı etmir, insanları dininə, dilinə, irqinə görə çeşidləmir, hamıya qucaq açır, hər kəsi sinəsinə sıxır.  Dənizkənarı bulvarı deyirəm - sirdir, sehirdir, ovsundur, cadudur...

Burada ilin bütün fəsillərində inanılmaz gurluq, ağlasığmayan izdiham olur. İynə atsan, yerə düşməz! Hərdən adama elə gəlir ki, bütün şəhər dənizin kənarındadır. Dəstə-dəstə adamlar aşağıdan yuxarıya, yuxarıdan aşağıya axın edir. Dərdkeş də bura üz tutur, bəxtəvər də...  Biri dənizin kənarında tək-tənha oturub gözünü uzaqlara zilləyərkən, o birisi başını sevgilisinin çiyninə qoyur, ruhunu küləyin hərdən vurub gətirdiyi musiqi sədasına kökləyir. Burada hər kəsin - şirin, ya acı - mütləq bir hekayəsi var. Heç kimin, heç yana tələsmədiyi tək-tük yerlərdəndir! Burada vaxt və zaman sanki dayanır, əbədi mənasını itirir və ayrı ölçülər, ayrı düşüncələr ruha hakim kəsilir.

Uzunluğu kilometrlərlə ölçülən sahil zolağında minlərlə sayrışan işıq buludlara qədər ucalaraq insanı heyrətləndirir. Nağıla bənzər görüntülər qarşısında möcüzəvi mənzərələrin əsirinə çevrilirsən. Dalğalanan insan selinə qarışaraq özünü böyük bir təntənənin, nəhəng şənliyin iştirakçısı kimi hiss edirsən. Bu təkrarsız gözəlliyin kövrəkliyinə, həzinliyinə və incəliyinə biganə qalmaq mümkünsüzdür!

Sahilboyu yeriyəndə, bir tərəfdən kəklikotulu çayın ətri, o biri tərəfdən kiçik butiklərdən gələn qəhvənin qoxusu aləmi bürüyür. Keçmişlə bu günü qarşılaşdırırsan, ölkələri tutuşdurursan, Azərbaycanla Qərbin sevilən içkilərindən gələn ətrin burnunu eyni anda tumarlamağı insanı dərin düşüncələrə qərq edir! Yaranmış ziddiyyətin içində məna axtarırsan. Bu vaxt haradansa, yaxınlıqdan bir səs duyursan, “Sən şəhərlər gözəlisən, Bakı” deyən, ölümsüz Rəşid Behbudov sanki səni yaranmış toqquşmanın, xaosun içindən çəkib çıxardır. Dodağın qaçır, gözünə işıq gəlir, ruhunda bir xəfiflik hiss edir və səs gələn tərəfə gedirsən! Elə atdığın ilk addımdaca tarixin isti qucağına düşdüyünü hiss edirsən. İçində olduğun dünya səni əsirlər əvvələ çəkib aparır. 

Sıfırdan yüzə, yüzdən minə, mindən milyona 

Buradakı dünyanı yaradan Dənizkənarı Bulvar İdarəsidir. “Bakı bulvarının tarixi fotoşəkillərdə” adlı sərgiyə baxdıqca qürur duyursan, fəxarət hissi canını bürüyür. Yaşadığın şəhərin sıfırdan yüzə, minə, milyona ucalması səni gücləndirir, ümidləndirir. İnsan gücünün nələrə qadir olması, əzmi adamda ruh yüksəkliyi yaradır.

Gələk sərgiyə. Burada 104 fotoşəkil yer alır. Əksəriyyəti ictimaiyyətə ilk dəfə təqdim olunan bu əsrarəngiz görüntülər, şəxsi kolleksiyalardan, xarici və yerli arxivlərdən toplanmış və yüksək keyfiyyətlə bərpa edilərək sərgilənir. Fotoşəkillər dənizkənarı sahilin və Bakı bulvarının 1860-cı ildən 1990-cı illərədək olan tarixini əhatə edir. Bakı bulvarının tarixi inkişaf mərhələlərini əyani surətdə nümayişi vətəndaşları, turistləri və şəhərə gələn qonaqları ağuşuna alır. Fotokameralar işə düşür, telefonlar hərəkətə keçir, adamlar xoşuna gələn mənzərənin yanında tək və ya iki-bir, üç-bir dayanaraq anı ölümsüzləşdirirlər.

Sərgiyə cazibə qatan digər fərqli nüans isə yüzə yaxın Azərbaycan klassik və retro musiqilərin səsləndirilməsidir. Bu, ətrafdan keçənləri maqnit kimi özünə çəkir! Burada addımlar yavaşlayır, ziqzaq hərəkətlər başlayır, müşahidə güclənir, yaddaş pasını atır.  

Tarixə səyahət 

“Bulvarı Allah yox, insanlar yaratdı” belə deyir Bulvar İdarəsinin rəsmisi... Fotolardan bunu açıq-aydın görmək mümkündür. Ərazidə tikinti işlərinin başlanması XIX əsrin əvvəllərinə təsadüf edir. O dövrdə İçərişəhərin sahil zolağı hələ boş idi. Həmin zolaq əsasən iqtisadi məqsədlər üçün istifadə edilirdi. Burada anbarlar və körpülər yerləşirdi. Fotolarda bunun hamısı əksini tapıb. 1860-cı illərdə “Qafqaz və Merkuri” paraxod şirkəti körpü və digər qurğuların tikintisini həyata keçirdi. Bu qurğular sahil zolağını 2 hissəyə böldü.

Sahildə aparılan işlərlə bağlı ilk addımı məhşur azərbaycanlı memar Qasım Bəy Hacıbababəyov atıb. Dəniz tərəfdən qala divarının sökülməsindən sonra Hacıbababəyov tərəfindən sahil zolağı nizamlanıb və o zaman rus imperatoru II Aleksandrın adını daşıyan sahil küçəsi (bulvar) salınıb. Daha sonra burada su kəməri çəkildi, fontan və digər tikililər inşa edilib. Bundan sonra dəniz sahili Bulvar statusu alıb.

Mərkəzi məhəllələr hüdudunda sahil zolağının genişləndirilməsi işinə 1900-cü illərdən Bağ Komissiyası dekorativ ağaclar əkmək qərarına gəldikdən və onların yetişdirilməsi üçün sahildə torpaq tökülmüş yeri seçdikdən sonra başlanılır. Yeni küçə və II Aleksandr sahili arasındakı bütün əraziyə münbit torpaq tökülür. 1909-cu ildə Bakı Şəhər Upravasının tikinti şöbəsinin rəisi, mühəndis Məmmədhəsən Hacınski bulvarın abadlaşması işinə başlayır. Bakı şəhərinin Baş planının həyata keçirilməsində, bulvarın, yolların və meydanların genişləndirilməsində iştirak edir. Bunun üçün dəniz sahilinin qurudulub torpaq tökülməsi haqqında Bakı Duması qarşısında məsələ qaldıran da Hacınski olub. Qeyd edək ki, həmin vaxt bulvarın genişləndirmək üçün Bakıya qayıdan gəmilərdən özləri ilə torpaq gətirilməsi tələb edilirdi.

Bakı limanı XIX əsrin sonunda Xəzər dənizində ən böyük limana çevrilib. Bura hərbi strateji əhəmiyyət daşıdığına görə, dənizkənarı sahildə birinci dünya müharibəsinin qızğın çağında Bakı Dəniz Aviasiyası Məktəbi açılıb. Hətta sərgilənən fotoların bəziləri həmin akademiyanın tələbələri tərəfindən, özü də havadan lentə alınıb.

İlk kinoteatr olan “Fenomen” də bulvarda (indiki A.Şaiq adına Dövlət Kukla Teatrının binası) tikilib. Bura şəhərdə ən böyük kinoteatr idi və ən son texniki avadanlıqla təmin olunmuşdu. Sərgidə Kukla Teatrına aid xeyli foto görmək mümkündür.

Həmin dönəmdə Bakı buxtasında yaxt klubun yaradılması paytaxtın sakinləri üçün əlamətdar hadisə sayılırdı. Paraşüt qülləsi də bunlardan biri idi. Dənizkənarı parkın ərazisində Sovet dövründə ilk əhəmiyyətli obyekt 1936-cı ildə tikilmiş paraşüt qülləsi idi. Uzunluğu 75 metr olan qüllə bütün Sovet İttifaqı ərazisində ən hündürü sayılırdı. Paraşütdən tullanmaq idman növünə marağı olan hər kəs buradan istifadə edirdi.

Keçən əsrin 50-60-cı illəri Dənizkənarı bulvarın “qızıl dövrü” kimi qiymətləndirilir. Həmin dövrdə şəhər meri Əliş Ləmbəranskinin təşəbbüsü ilə bulvar yenilənərək 2,7 km-ə qədər genişləndi, Dəniz limanı, kafe-restoranlar “Mirvari”, “Sadko”, “Sahil” və eyni zamanda, “Kiçik Venesiya” kimi maraqlı məkanlar yaradıldı. Burada keçmiş İttifaqda ilk dəfə olaraq vant konstruksiya örtükdən istifadə edilməklə tikilmiş “Mirvari” kafesini adını çəkmək olar. “Mirvari” kafesi bu günə qədər bulvarın əsas bəzəklərindən sayılır. Qalınlığı  6-8 sm olan  gül formasında tərtib olunmuş dəmir-beton örtüyü ilk dəfə bulvarda sınaqdan keçirilib. Kafe təkcə dənizə açılan gözəl mənzərəsi ilə yox, həm də burada keçirilən caz konsertləri ilə yadda qalıb. “Mirvari” kafesi təkcə Bakı bulvarına fərqli rəng qatmadı, eyni zamanda, Azərbaycan memarlığına yeni nəfəs gətirdi. Kafenin layihəsini 1960-cı illərdə Əliş Ləmbəranski verir. Layihənin eskizini Skandinaviya ölkələrində məzuniyyətdə olarkən əldə edir. Məzuniyyətdən dönəndən sonra bu möhtəşəm tikilinin eynisini Xəzərin qoynunda tikdirməyə başlayır.

Ləmbəranskinin digər layihələrindən biri də “Venesiya şəhərciyi”dir. İnşasına 1960-cı illərdə İtaliyanın Venesiya şəhərində olarkən qərar versə də, tikintisinə 4 ildən sonra başlanılıb. Bir ildən sonra isə istifadəyə verilən su şəhərciyi hələ o zamanlardan paytaxt sakinlərini, eləcə də Bakıya gələn qonaqları heyran edib. Bu məkan yaradılarkən adı yox idi, əhali bura “Bakı Venesiyası” adını qoymuşdu.

Müstəqilliyin əldə edilməsindən sonra Bakı bulvarının yeni tarixi başlanır. 80-ci illərin axırı və 90-cı illərin əvvəllərində ölkə həyatının başqa sahələrində olduğu kimi, Bakı şəhərinin abadlığı da böhran yaşayırdı. Bu proses Dənizkənarı parkda baş vermiş dağıntılarla, istirahətə aid olmayan onlarla obyektlərin yerləşdirilməsi ilə onların təsiri və Xəzərin səviyyəsinin qalxması səbəbindən qiymətli ağac növlərinin məhv olması ilə nəticələnmişdi. Nəticədə bulvar öz tarixi simasını itirmişdi. Bulvara maddi mədəniyyətimizin, tariximizin bir hissəsi kimi yanaşan Ümummilli lider Heydər Əliyev buraya Milli park statusu verilməsi haqda fərman imzalayır. Bulvar Bakının müasir memarlıq tələblərinə uyğun yenidən qurulur, mühafizəsi, qorunması, bərpası və inkişafı baxımından xeyli işlər görülür. Beləliklə, yaşı əsri keçən Bulvar təkrarolunmaz memarlıq nümunəsinə, kamil sənət əsərinə çevrilir. İndi o, dünyanın nadir möcüzələrindən biri sayılır.

Bütün bunları bulvar rəsmisi fotoların dilinə çevrilərək danışırdı. Onunla tarixi səyahət edərkən, Rəşid Behbudov Müslüm Maqomayevə, Fikrət Əmirov Oqtay Ağayevə, Şövkət Ələkbərovaya yerini verərərək adamı o illərdə dalğalandırırdılar.

... Bulvardır, istirahət zonasıdır, əyləncə mərkəzidir - deyib keçdiyimiz park əslində tarixdir! Düşünən beyinlərin, nəhəng ürəklərin, böyük şəxsiyyətlərin iz qoyduğu yerdir. Vedrələrlə, gəmilərlə daşıyıb gətirdikləri torpağın üstündə addımlayırıq! Bütün sirr ərazidəki gözoxşayan metlaqların altında gizlidir!

104 kadrlıq tarix 

Şahanə MÜŞFİQ 



Göz açdığım, bu günə qədərki ömrümün tamamını qoynunda yaşadığım Bakım... Səni nə qədər sevsək də, bir o qədər nabələdik. Sən çox, lap çox böyüksən, qədimsən, əzəmətlisən... Bu qədimliyi, gözəlliyi süsləyən məkanlarından birindən - Dənizkənarı Milli Parkdan, daha doğrusu,  burada açılmış “Bakı bulvarının tarixi fotoşəkillərdə” adlı sərgidən söz açacam bu yazıda; sərginin izinə düşüb sənin - doğma şəhərimin keçmişinə səyahətə çıxacam. Bu səyahətdə mənə vətənimizə həsr olunmuş bir-birindən gözəl mahnılar, klassik və retro musiqilər, dəyərli sənətkarlarımızın səsi bizə yol yoldaşlığı edəcək...

lll

Əvvəllər Bələdiyyə idarəsində dönə-dönə müzakirəyə çıxarılsa da, Dənizkənarı bulvarın əsaslı şəkildə abadlaşdırılması işinə 1909-cu ildə mühəndis Məhəmmədhəsən Hacınskinin rəhbərliyi altında başlanır. Layihə işlərində və təşkilati məsələlərdə şəhərdəki bir neçə əzəmətli binanın və iki Kirxin müəllifi olan alman memar Adolf Eyxler canla-başla iştirak edir. Müsabiqə elan edilir, dövrün tanınmış, adlı-sanlı memar və inşaat mühəndisləri işə qoşulurlar. 30 memar-mühəndis müsabiqədə iştirak etməyə dəvət olunur. İlk mərhələdə bulvarın “Qafqaz-Merkuriy” körpüsündən (Kukla teatrının binasından) Seyid Mirbabayevin (Azneft) binasınadək uzadılması nəzərdə tutulur.

lll

Səyahətimizin ilk dayanacağı 1861-ci ildir. Burada dənizdən çəkilmiş ilk foto ilə tanış, amma çox uzaq Bakı salamlayır bizi. Əsrlərin o tayında, hələ Qız qalası bütün əzəməti, vüqarı, şax duruşu ilə doğrudan da bir qala kimi bu qədim şəhərin keşiyində durarkən Bakı necə də sakit, hüzurlu, qorxusuz, hürküsüzdür. İlk dəfə idi ki, sükutu seyr edirdim. Ölməz sənətkar Rəşid Behbudovun səsi bu sükuta laylay çalırdı elə bil. Beş metr kənardakı 120 yaş böyük - 1980-ci illərin Bakısının səs-küyü, sərgiləndiyi 2018-ci ilin modern şəhərinin çılğınlığı da bu sakitliyi, sükutu poza bilmir.

1876, 1885, 1898-ci illərin Bakısından keçib 1905-ci ilin Dənizkənarı sahildə “Qafqaz  və Merkuri” paroxod cəmiyyətinin limanında dayanıram. Həsrəti və vüsalı birləşdirən, duyğuların tüğyan etdiyi limanlar! Bir əsrdən uzun səyahətimin insanla dolu tək məkanı bəlkə də məhz bu limandır. Gediş də var, dönüş də, tənhalıq da var, qələbəlik də, ayrılıq da var, vüsal da. Foto bu qarışıq, bir-birinə zidd duyğularla elə doludur ki, hərəsi bir yerdə, hərəsi bir hərəkətdə “heykəlləşən” insanların hissləri 113 il sonradan belə ağ-qara çərçivənin içərisindən qəlbinə doğru süzülür.

Bu səyahət doğma Bakının heç görmədiyimiz, bilmədiyimiz üzünü açıb göstərir. Xəzər, Qız qalası eynidir, dəyişən isə bu qədim, ecazkar, sirli-sehrli şəhərdir! O, hər şəkildə bir obraza, hər fotoda bir cildə düşür. Gah balaca uşaq kimi kövrək, müdafiəsiz, gah yeniyetmə kimi çılğın, gah ana kimi mühafizəkar, gah da ağsaqqal kimi müdrikdir.

Müslüm Maqomayevin “Azərbaycan” hayqırışı Rəşid Behbudovun “Əziz dost” pıçıltıları ilə əvəzlənərkən yenə də özümü köhnə Bakının qoynunda tapıram. Bu dəfə illərdən keçərkən hər dövrdə dəyişən Bakının obrazlarını özümçün ümumiləşdirməyə çalışıram. Budur, 1909-1910-cu illərin sakit, huzurlu, sükut dolu Bakısı! Cəmi iki il sonra bizi yaradıcı Bakı gözləyir - 1912-1918-ci illərin yaradıcı Bakısı... 1930-1960-cı illərin qaynar, coşğun, ehtiraslı Bakısı ilə üz-üzəyik. 1950-1960-cı illərdə burada yaradılan “Mirvari” kafesi, “Bahar” və S.Vurğun adına yay kinosalonları, “Venesiya” su şəhərciyi və başqa istirahət obyektləri bu coşğunluğun əsas hərəkətverici qüvvəsi kimi fotolardan qürurla gülümsəyir. Fotodakı “Venesiya” su şəhərciyinə baxarkən bir neçə metr aralıdakı uzunmüddətli təmirdən sonra 2012-ci ildə yenidən istifadəyə verilən “Yeni Venesiya” su şəhərciyini xatırlayıram. Köhnə və yeni Venesiya bir-birindən vizual görüntüsünə görə fərqlənir, mahiyyət və verdiyi zövq isə, demək olar, eynidir. Biri rəsmdən, o biri canlı...

1969-cu ildə birdən-birə işgüzarlaşan Bakı sayəsində 1970-ci illərdə qarşımızda tamamilə yeni, abad bir Bakı var. Xəzərin qoynuna sığınmış bulvar həm şərq, həm də qərb istiqamətində xeyli genişləndirilib. Mənbələr deyir ki, həmin illərdə onun uzunluğu 3,7 kilometrə çatdırılıb. Burada dəniz sahilində 50-70 metr enində yeni terras salınıb. Şəhər sakinlərinin istirahəti üçün mədəniyyət ocaqları təşkil olunub; Əl oyunları sarayı, “Sahil” kafesi, Azadlıq  meydanı və Mərkəzi muzey binasının qarşısında quraşdırılan fəvvarələr, yeni salınan xiyabanlar paytaxtın o dövrünə aid fotolarda sərgilənir.

Bu, hələ son deyil. 1980-ci illərin sonlarında məlum səbəblərdən ölkənin bütün sahələrində baş verən çətinliklərə, ağrılara, dağıntılara, maddi çətinliklərə baxmayaraq, Bakımız getdikcə müasirləşəcək və illər sonra yeni simasını qazanacaqdı. Sərginin son tablolarından müasir Bakı əl eyləyir.

Şəxsi kolleksiyalardan, xarici və yerli arxivlərdən toplanmış, yüksək keyfiyyətlə bərpa edilmiş 104 fotoşəkildən ibarət sərgi 2019-cu ilin mart ayının sonuna kimi davam edəcək. Siz də tarixin əzəmətli səhifələrində səyahət etmək istəyirsinizsə, yolunuzu bu sərgidən salın!

Bakı bulvarında tarixə səyahət

NİGAR 



Bu tutqun və çiskinli payız günlərindən birində yolumu Dənizkənarı Milli Parkdan salmışdım. Addımlarımın qeyri-ixtiyari başqa səmtə yönəldiyini hiss elədim. Bir az gedib qəfil dayandım. Məni özünə nəyin cəlb elədiyini indi anlamışdım - bir retro musiqinin sehrinə düşmüşdüm. Qəribə bir ovqatda idim, sanki Müslüm Maqomayev, Rəşid Behbudov, Şövkət Ələkbərova, Oqtay Ağayev kimi təkrarsız  sənətkarlar illərin o tayından gəlib Milli Parkda canlı konsert verirdilər. Elə bil, dalğalar Müslüm Maqomayev üzü Xəzərə “O, more, more” çağırışına qarşılıq verir, ona qoşulub birlikdə oxuyurdular.

Əsərlərin təsiri ilə hər şey susdu, eşidilməz oldu: Milli Parkın o biri tərəfində səslənən müasir, əcnəbi musiqilər də, uzaqdan gələn maşınların səs-küyü də. Bir-birini əvəzləyən klassik və müasir Azərbaycan musiqisi məni sirli bir aləmin dərinliklərinə apardı. Mahnıların sözləri bir başqa, ifaların təkrarsızlığı bir başqa xoş təsir bağışladı. Bir də gördüm, özümdən asılı olmadan ifaçıyla bərabər mahnının sözlərini təkrar edirəm. Xəzərin qoxusu, Bakının şıltaq küləyi, ilıq hava, retro musiqi-hamısı birlikə bir bütün olaraq ruhumu oxşayır, zövq verirdi. Elə mahnı bitib o aləmdən ayılmaq istəyəndə tar və kamanla ifa olunan musiqi məni tutub bərk-bərk saxladı. “Hara gedirsən, hələ deyiləcək çox söz, dinləniləcək neçə musiqi var” dedi.  Vaqif Mustafazadənin pianoda ifa etdiyi “Bakı gecələri”ni eşidər-eşitməz Bakının işıqlı gecə mənzərəsi gözlərimin önündə canlandı.

“Dağlarına düşən şehdən,  çöllərinə əsən mehdən doya bilmirəm , ey Vətən” - deyən Rəşid Behbudovun, “duyğum, həyəcanım, varlığım, ürəyim, canım” deyə vətəni əzizləyən Oqtay Ağayevin Vətən sevgisini bütün ruhumla  hiss edirəm. Məni bu sehrli aləmdən çıxmağa qoymayan təkcə retro musiqilər deyil. Müasir ifaçıların əsərləri də mənə bu hissi yaşadır.

Eyyub Yaqubovun ifasındakı “Bakı haqqında nağıl” mahnısının təsirindən danışım bir az da. Mahnı başlar-başlamaz, insanı özünə çəkir. Xəyalımda alətin simlərində məharətlə hərəkət edən barmaqlar canlanır. Gözlərimi yumub  tarın, pianonun  qarışımına qulaq kəsilirəm. O sırada düşüncələrim Qoşaqala qapısından içəri keçib köhnə Bakını səyahət edir. Artıq bu nağıllar aləminin bir parçasına çevrilmişəm...

Bu  sirli-sehirli musiqi sədalarının təsiri altında orada nə qədər dayanıb qaldığımı, zamanın necə keçdiyini xatırlamıram. Həmin illərlə bağlı nəsə görmək istəyi ilə ətrafa baxıram. İki cərgə halında düzülmüş fotoşəkillərin hər birində biri digərindən tamamilə fərqlənən  Bakı əks olunub. Sadə, bəzəksiz Bakı... 1861-ci ildən 1990-cı ilə qədər tamamilə dəyişən Dənizkənarı Milli Park gözlərimizin qarşısında ağ-qara film kimi canlanır. Tarixi filmlərdə görməyə öyrəşdiyimiz faytonların bir zamanlar  indiki dəbdəbəli Bakı küçələrində gəzdiyini şəkillərdə də olsa, görmək çox maraqlıdir.

Şəkillər insanı zamana səyahətə çıxarır.  Hər bir foto başqa bir zamana açılan qapıdır. Onlara baxanda inanmaq olmur ki, bu, eyni şəhərdir. Fotoşəkillərin altında qeyd olunan tarixləri oxuduqca öz-özümə düşünürəm: görəsən, bu şəkilləri kimlər çəkib? Şəkli çəkəndə heç düşünüblərmi ki, illər sonra bütün Bakı sakinləri onu görə bilər?

Fotoşəkillər parka gələn hər kəsin diqqətini çəkir. Xüsusilə də yaşlı nəslin nümayəndələrinin. Onların iki-iki, üç-üç  lövhələrin qarşısında dayanıb öz aralarında müzakirələr etdiyinin şahidi oluram. Gənclik illərinin təsadüf etdiyi şəkillərin qarşısında daha çox qalırlar. Bir növ orada yazılan illərlə öz yaşlarını müqayisə edirdilər.

- 1962-ci il?

- Onda bizim neçə yaşımız olardı?

- Yadındadırmı, Venesiya şəhərciyinə gəlmişdik? - kimi cümlələr eşidilirdi.

Səslənən mahnıların da təsiri ilə öz uşaqlıq, gənclik illərinə geri qayıdıb xatirələri yada salırlar. Onların həyatı bizim şəkillərdən görüb anlamağa çalışdığımız Bakıda keçib. Bunu görəndə ağlıma belə bir fikir gəlir. Görəsən, indi yaşadığımız Bakı bir zamanlar gələcək nəsillərə belə ağ-qara fonda keçmiş Bakı olaraq təqim olunacaqmı? Kim bilir... Bəlkə Bakı o qədər inkişaf edib dəyişəcək  ki, indiki görüntüsü tarixə çevriləcək?

Bir məkanda  iki -  müasir və köhnə Bakının nümayiş olunduğu parkda lövhələrə baxmadan, laqeyd şəkildə keçib gedən yoxdur. Köhnə Bakı qarşımızda, müasir, hay-küylü Bakı isə  sadəcə, bir neçə addım uzaqdadır...

Hər şəkildə diqqəti çəkən bir nüans var. Qız qalasının əks olunduğu şəkillər də belədir. İllər keçsə də, bir çox şey dəyişsə də, onun əzəmətli duruşu dəyişməyib. Sanki o, illərlə, zamanla yarışıb və bu yarışdan qalib çıxıb.

1970-ci ildə çəkilmiş gəzinti qatarının əks olunduğu lövhənin qarşısında dayandığım sırada parkdakı müasir gəzinti qatarının yaxınlıqdan keçməsi qəribə bir təsadüf idi. O an anladım ki, Bakı nə qədər inkişaf etsə də, dəyişən sadəcə, görüntü olacaq. Bakının özünəməxsus ab-havası həmişə qalacaq. “Ağ gülləri gözəl qoynunda bəsləyən” Bakı yalnız gözəlliyə doğru dəyişəcək. Neçə-neçə mədəniyyəti özündə cəmləşdirən, qədim tarixə malik bu “küləklər şəhəri” hər kəsin yaddaşında unudulmaz olaraq qalacaq.

 





15.10.2018    çap et  çap et