525.Az

"Ol"maq, ya olmamaq - Pərvin yazır


 

"Ol"maq, ya olmamaq - <b style="color:red">Pərvin yazır </b>

Allahın bir OL kəlməsindən başladı hər şey... Bütün dekorasiya qurulmuşdu, rollar bölüşdürülmüşdü, rənglər seçilmişdi, mizanlar müəyyənləşmişdi...

Allah “OL” dedi və hər şey başladı; quş qanad çalmağa, ilan sürünməyə, qarışqa yuvasına yem daşımağa, ağaclar yarpaqlamağa, çiçəklər açmağa, külək əsməyə, günəş yandırmağa başladı... Hər şey, hər kəs öz zamanını gözləyirdi, ildırım çaxan kimi yağışın növbəsi çatırdı, yaxud günəş buludlar arxasına çəkildikcə axşam düşməliydi... Dünya isə elə fırfıra kimi fırlanmağındaydı. Fırlanmağındaydı  deyəndə ki, elə indi də belədi. İsanın doğuluşundan təqvim hesablanırsa, dünyanın başlanğıcı daha əvvələ aiddir, demək ki, min-min illərdir bu nizam, ya da xaos davam edir. Hamı eyni vaxtda   oynasa-yaşasa da, hər şeyin öz ardıcıllığı, davamiyyəti var. Həm də bütün bunlar sənət üçün nümunədir. Sənətin həyatı əks etdirməsi yeni xəbər deyil, hətta xeyli dərəcədə bonal, bir az da bəsit fikirdir. Yəni başqa nəyi ifadə edə bilər ki, sənət?! Amma hər şeyə, hadisələrə də, həyata da hardan yanaşır, hansı yöndən baxır, nəyi qabartmağa, nəyi gizlətməyə çalışır? Bax əsas məsələ budur. Bütün “izm”lər, janrlar, növlər, formalar, cərəyanlar buna görə yaranır, bu cür meydana gəlir. Ancaq bütün bunları kənara qoysaq, sənəti seçən, ya da sənətə tapınan, Allahın öz bacarığından  kiçicik bir pay verdiyi, yaratmaq qabiliyyəti bəxş etdiyi adamlar üçün bu, həm də bunkerdi... Bəli, bəli, bunker. Müharibə dövründə bombalardan, odlu silahdan, düşməndən gizlənmək üçün istifadə olunur bunkerlər. Sənət isə düşməndən yox, hamıdan, hətta dostdan da, sevgilidən də qaçmaq, “gizlənmək” üçündür.

Yadlardan gözləmədiyin zərbəni ən doğma adamından alınca üz tutarsan sənətə, əziz bildiyin birinin ürəyini bulandırıb, oksigendən iyrəndirdiyi anda çəkilərsən o bunkerə... Bax onda söz-söz durularsan, kəlmə-kəlmə qayıdar yaşamaq həvəsin, yazın yaşılı da, dənizin qoxusu da, günəşin ilıq şüaları da cümlələrin arasında mənalanar. Ya da o gözünün önündən getməyən kadrlar sənətə çevrilincə əbədiləşər. Sadəcə xronika bildiyin keçmişin sənətinin içərisində yenidən dirilər, canlanar, ruh verər yaratdığına. Bax buna görə də sənət adamı xoşbəxtdi. Uydurmağı bacardığı üçün xoşbəxt. Amma yalnız o uydurduğu həyatın içərisində yaşamağa məcburdursa, bədbəxtdi! Zamanla insan yox, çap maşını, ya da kameraya çevrilirsən... Hər yaşadığın günün həyat yox, iş olduğunun fərqindəsən və bir anlıq üsyan etmək keçir könlündən. Bir az özünə, bir az bu “özlüyü” sənə bəxş eləmiş Allaha, bir az da sənətinə... Qələmi qırmaq, kameranı sındırmaq, çap maşınını düymə-düymə, klaviş-klaviş sökmək gəlir içindən... Ürəyin “uff” da demədən! Amma... Sabah yenə hamıdan qaçmaq istəsən, nə edəcəksən? Birdən yenə baş götürüb getmək keçsə könlündən, onda necə olar? Axı getməyə ayrı yerin, gizlənməyə başqa küncün yoxdur... Elə isə, bərk yapış sənətindən, əl çəkmə, uzaqlaşma, qopma... Namiq Ağayevin “OL” filmi məhz bu haqdadı. Sənətinin içində yaşamağa məhkum, real həyat sevinclərinə tamarzı qalan və  çıxış yolu belə olmayan insanlar haqqında... 

Namiq Ağayev filmin həm rejissoru, həm də Fikrət Məmmədovla birgə ssenari müəllifidir. Əsas rolların da ifaçıları Namiq Ağayev və Fikrət Məmmədovdur. Onlar elə özlərini oynayırlar, rejissoru və ssenaristi. Və bu iki kişini, qardaşı, sənətkarı hərəkətə gətirən Qadın - ilham pərisi, Vüsalə Ağayeva var... Vüsalə Ağayeva Namiq Ağayevin xanımdır, yəni real həyatda bu iki sənətkar bir damı paylaşırlar. Amma “Ol” filminə baxandan sonra belə informasiyalar bəsit görünür, axı burda reallıqla təxəyyül, sənətlə həyat o qədər qarışıb ki, seçmək çətindir.

Film simvollarla, şərtiliyi ifadə edən elementlərlə doludur. Hər şey ordan başlayır ki, rejissor Namiq və ssenarist Fikrəti uğursuz işə görə sponsorlar döyürlər, lap yarımcan edirlər. Və sənətinə görə əzilmiş bu adamların qarşılarına digər bir döyülmüş adam -  Şahzadə qız (Vüsalə Ağayeva) çıxır. Bu ki hazır süjetdir, hadisədir, kinodur?! Tez qızı özləriylə götürüb, ilham pərisi, qəhrəman olaraq seçirlər. Bax bu, əsl işarədir. Nə qədər döyülsək də, söyülsək də, uğursuzluğa düçar olsaq da, əl çəkə bilmirik sənətimizdən. Namiqin Fika deyə çağırdığı ssenarist Fikrət o qədər yumruq, təpik yeyib ki, bir gözü şişib, tam yumulub, (bunun özü də simvoldu) amma yenə də yazmalıdı. Yazmasa, olmaz. Yazmalıdı ki, Namiq çəksin, yaxşı-pis, fərqi yoxdu, işləsin. Çünki yaşamağın ayrı yolu yoxdu. Doğrusu, Şahzadə deyə adlandırdıqları üz-gözü göyərmiş qadın da qəhrəman obrazından çox-çox uzaqdır. Bir də burda “cunquş” dedikləri damdabaca var... Ara-sıra Fikanın araqlarını oğurlayır, hərdən də şahmat oynayır onunla, lazım olanda işıqları da söndürüb-yandırır. Bir sözlə, hər şey dağılıb, çox şey sıradan çıxıb, amma qurub-quraşdırmaq olar, hətta bütün bu “xarabalıq” içərisində nağılını uydurmaq, Şahzadəyə çevrilmək də mümkündür. Elə Namiqlə Fikrət də bunu etməyə çalışırlar.

Bir müdrik fikir var ki, həyat bütün sənətlərdən daha üstündür, daha çox SƏNƏTdir. Filmdə müəlliflər real həyatın yeganə simgəsi kimi Məryəm xalanı (xalq artisti Svetlana Həkimova) göstərirlər. Məryəm xalanın ölümlə üz-üzə durması onların da HƏYATının sonu kimi qavranır. Bu real həyatı itirmək təhlükəsi yarananda Namiq də, Fikrət də hər şeyi atıb Məryəm xala ilə məşğul olmağa başlayırlar, qadının saçlarını yuyurlar, başına güllərdən çələng qoyurlar... Amma artıq gecdir, Məryəm xala gedir, üzü əbədiyyətə doğru və sonda “Cunquşdan muğayat olun” - deyir. Hansı cunquşdan? Olan, ya olmayan cunquşdan?! Filmin elə əsas niyyəti budur, olmaqla olmamaq arasındakı vəziyyəti göstərmək... Hər şeyin sona çatdığını düşündüyün anda yenidən başlamaq şansını qabartmaq. Namiq Ağayev film haqqında müsahibələrindən birində bunu öz bioqrafiyası ilə də bağlamışdı. Dünyanın müxtəlif şəhərlərində işləyən, öyrənən, öyrədən insan Bakıya ölmək üçün qayıdıbmış. Hər şeydən doyandan sonra  - “ölməyə vətən yaxşı” - deyibmiş. Amma KİNO imkan verməyib, sonu yaxına qoymayıb. Elə “OL” filmi də bu ovqatdan yaranıb.

Sənətin bir qəribəliyini də əks etdirir “Ol” filmi... Başlayanda, lap əvvəldə sirdi, ovsundu sənət, amma zamanla peşəkarlıq, yenilik, daha böyük hədəflərin əsirinə çevrilir insan... Namiq uduzmuş bir insanın sözləriylə danışır, lap-lap əvvəldəki ovqatını, arzularını istəyir: “İstəmirəm, Fika! İstəmirəm kino uydurmaq yalandan, yalançı hadisələr istəmirəm... Hər şey yanıb, hisslərim, düşüncələrim yanıb... Cavanlıqda çəkmək istədiyimiz kinoları çəkmək istəyirəm, Fika! Harda qaldı o kinolar, hə? Ehtiraslar, cavanlığımız, səhvlərimiz, onları istəyirəm Fika! İndi böyük olmuşuq, müdrik olmuşuq, yaşlanmışıq, təcrübəmiz eşşək boyda... Dərin adamlar olmuşuq - təbiəti qoruyun, insanları sevin, dünyanın axırıdı... İstəmirəm belə kino!”

Görəsən, bu halı, ovqatı yaşamayan sənətkar varmı?! Məncə, yoxdur! Ömrünü sənətə həsr edən hamının içərisində belə üsyan, belə təzad, belə etiraz olur. Həm də böyük olmaqdan, mükəmməl olmağa çalışmaqdan bezginlik. Axı nə qədər səhvsizliyə, qüsursuzluğa can atacaqsan?! Belə baxanda, səhvlərin özü də sənətdir...

Bu ovqatı dünya kinosunda ən mükəmməl şəkildə ekranlaşdıran Federiko Fellininin filmləri keçir gözümün önündən. “8 yarım” filmində rejissor Qvido (Marçello Mastroyani)  məhz bu təzadlar içərisində çırpınır və nə çəkəcəyini bilmir, gah uşaqlığından, gah yeniyetməliyindən, gah da indisindən nə isə tutacaq axtarır və nəhayətdə hamını, hər şeyi bir-birinə “qatmaqda” görür çıxış yolunu... Nino Rotanın musiqisinin sədaları altında hamı oynayır, rəqs edir və Qvidonun təlaşları bununla sakitləşir sanki. Çox güman ki, bu, Fellininin öz ovqatı olub və “Ol” filmində Namiqin dilində verilmiş fikirləri Fellini peşəkarcasına ifadə edib... Rejissorun “Kino yaratmaq” kitabını oxuyanda bir məqam diqqətimi çəkmişdi. Fellini deyirdi ki, nə zaman Rimminidən xilas olsam, onda özümü peşəkar hesab edəcəyəm. Yəni bütün filmlərində doğulduğu Rimmini şəhərinin ruhunu, keçmişini, koloritini əks etdirən dahi Fellini bunu özünə qüsur bilirmiş. Peşəkarlıq heç xəbərin olmayan mühiti, ovqatı, hadisəni çəkmək imiş. Fellini yazır ki, “Amarkord” filmi ilə Rimminidən “xilas ola” bilib və bundan sonrakı yaradıcılığı peşəkarlıqla çəkilmiş filmlərdir. Bu yerdə hər filminə dönə-dönə baxdığım və hər kadrından qidalandığım sevimli rejissorum haqqında subyektiv fikrimi deməsəm, alınmır. Məncə, sevimli Fellini elə “Amarkord” filminə qədərki Fellinidir. Ondan sonrakı yaradıcılığı mükəmməldir, peşəkardır, amma insanı riqqətləndirən, təsirləndirən, günlərlə düşündürən Fellini deyil!

Və yenə də “Ol” filminə qayıdıb, daha doğrusu, ondan uzaqlaşmadan söyləmək istəyirəm ki, bu ekran əsəri məhz sənətin bu girintili-çıxıntılı tərəflərini ifadə etdiyi üçün maraqlıdır. Rejissor Namiq Ağayev filmi hər zövqdə adam üçün çəkdiyini söyləsə də, məncə, “Ol” hazırlıqlı, intellektual tamaşaçıya “çata bilər”... Həm də peşəkar komandanın hərtərəfli işini dəyərləndirmək üçün tamaşaçı da peşəkar olmalıdır. Məsələn, məşhur türk aktyoru Tuncer Salmanın sözsüz oyununu, yaxud  quruluşçu rəssam Rza Pəllahianın və quruluşçu operator Ramin Asimoğlunun uğurlu işlərini hər tamaşaçı duya, dərk edə bilməz. Bu məqamda məhz operatorun xidmətini xüsusi qeyd etməliyəm. Filmdə Bakının heç bir filmdə rast gəlmədiyimiz planları, yaxud hamının üz tutduğu damın fərqli rakurslardan görüntüsü son dərəcə maraqlıdır, filmin ideyasını qabardır.

Sonda qəhrəmanlar uşaqlıq qayğısızlığına qayıdırlar. Və bunun özü də sənətdir. Bəli əgər O - SƏNƏT sənin içindədirsə, Ondan can qurtarmaq mümkünsüzdür!!! Bir də OLMAQ üçün başqa yol yoxdur!

 





13.10.2018    çap et  çap et