525.Az

"Boltonun Bakı səfəri ABŞ-ın Cənubi Qafqazda maraqlarının fəallaşmasını göstərir"


 

"Boltonun Bakı səfəri ABŞ-ın Cənubi Qafqazda maraqlarının fəallaşmasını göstərir"<b style="color:red"></b>

ABŞ prezidentinin milli təhlükəsizlik müşavirinin Cənubi Qafqaz regionuna planlaşdırılan səfəri Almaniya və ABŞ rəsmilərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması kontekstində bəyanatlarından sonra baş tutacaq.

Bunu Trend-ə “Baku Network” ekspert şurasının rəhbəri, politoloq, fəlsəfə doktoru Elxan Ələsgərov deyib.

O bildirib ki, bir müddət əvvəl Almaniya hökuməti bəyan edib ki, Ermənistan qoşunlarının nəzarəti altında olan Dağlıq Qarabağ regionu və ətraf yeddi rayon Azərbaycan əraziləridir və Almaniya qondarma rejimi tanımır:

“Qeyd edim ki, Almaniya kansleri Angela Merkel Azərbaycana səfəri çərçivəsində məhz bu mövqeni səsləndirərək bəyan edib ki, Almaniya münaqişənin BMT Təhülkəsizlik Şurasının qətnamələri əsasında həllini dəstəkləyir.

Bir müddət əvvəl Bakıya səfər etmiş ABŞ dövlət katibi müavininin köməkçisi Corc Kent də ABŞ-ın bu mövqeyi dəstəklədiyini bildirib. Bu iki vacib bəyanat onu göstərir ki, beynəlxalq ictimaiyyət münaqişənin beynəlxalq hüquq norma və prinsipləri əsasında və Azərbaycanın ərazi bütövlüyü və suverneliyi çərçivəsində nizamlanmasını dəstəkləyir. Bu vacib faktı həmçinin Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin iclası zamanı da vurğulayıb”.

E.Ələsgərovun fikrincə, amerikalı müşavirin Rusiyaya və Cənubi Qafqazın üç ölkəsinə səfəri müxtəlif səciyyələr daşıyır:

“Rusiya üçün bu fakt ölkənin regionda və dünyada nüfuzunun göstəricisidir. Gürcüstana gəldikdə isə, bu ölkə NATO-ya doğru yönəlib və Rusiyanın xarici siyasəti ilə bəzi məsələlərdə ziddiyyətləri var. Ermənistan isə yolayrıcından yerləşir, orada hələ də legitim hökumət yoxdur. Öz müstəqilliyi dövründə Ermənistan dövlət kimi formalaşa bilmədi və qonşu ölkəyə aqressiya göstərməkdə davam edir. Beləliklə, Azərbaycan Cənubi Qafqaz regionunda yeganə ölkədir ki, irimiqyaslı geoiqtisadi layihələr reallaşdırır, regionda və dünyada balanslaşdırılmış və çoxvektorlu siyasət həyata keçirir”.

Ekspert əlavə edib ki, amerikalı diplomatın Rusiyaya və Azərbaycana səfəri ABŞ üçün daha vacib əhəmiyyət daşıyır, çünki məhz bu iki ölkə regionda vacib iştirakçılardır:

“Hesab edirəm ki, müşavirin səfəri ABŞ-ın Cənubi Qafqaz istiqamətində maraqlarının fəallaşması ilə əlaqədardır. Bunu Azərbaycan diplomatiyasının fəaliyyətinin və düzgün xarici siyasi kursunun müsbət nəticəsi kimi qiymətləndirmək olar”.

 





14.10.2018    çap et  çap et