525.Az

Rəsmi Bakı: "Ermənistan əvvəlki rejimin səhvlərini təkrarlamamalıdır"


 

Rəsmi Bakı: "Ermənistan əvvəlki rejimin səhvlərini təkrarlamamalıdır"<b style="color:red"></b>

Ermənistan tərəfi reallığı düzgün qiymətləndirməli, əvvəlki rejimin səhvlərini təkrarlamamalıdır.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması ilə münaqişənin həllində real imkanlar yarana bilər və nəticə etibarilə də Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində, ərazi bütövlüyü və suverenliyi çərçivəsində Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları əvvəlki dövrlərdə olduğu kimi, sülh və əmin-amanlıq şəraitində yaşayışlarını davam etdirə bilərlər:

"Azərbaycanın zəngin multikultural ənənələri var, ölkəmizdə müxtəlif etnik və dini icmaların nümayəndələri əsrlər boyu sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Azərbaycan bu kimi dəyərləri milli və beynəlxalq səviyyədə təşviq edir. Ermənistan isə monoetnik bir dövlətdir. Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində, hətta Ermənistanın özündə müxtəlif etnik icmalara, o cümlədən köklü Azərbaycan əhalisinə qarşı törədilmiş cinayətləri də bütün beynəlxalq ictimaiyyət yaxşı bilir, bu barədə məlumatlıdır. Ona görə də Ermənistan tərəfi reallığı düzgün qiymətləndirməli, əvvəlki rejimin səhvlərini təkrarlamamalı və münaqişənin həllində konstruktiv addımlar ataraq regionda davamlı sülhün təmin olunması istiqamətində səylər göstərməlidir".

 





14.10.2018    çap et  çap et