525.Az

Balet sənətimizin uğurlu müjdəçisi - Cavid Qədir yazır


 

Balet sənətimizin uğurlu müjdəçisi - <b style="color:red">Cavid Qədir yazır </b>

Azərbaycanın ilk balerinası Qəmər Almaszadənin adı çəkiləndə həmişə niyəsə təzadlı duyğulara qapılıram. Sərt, dözümlü olduğu qədər də gözəl, incə, zərif, kübar... Bu qədər əksliyi özündə birləşdirə bilən bir qadın, uğur simvolu yalnız zanbaq çiçəyilə müqayisə oluna bilər. Gözəl, dözümlü və möhtəşəm...

Dahi bəstəkar Üzeyir Hacıbəyov o vaxt hələ çox gənc olan balerina Qəmər Almaszadə haqqında qiymətli fikirlər söyləyib: “Qəmər Almaszadə öz ifasında müasir xoreoqrafiya sənətinin texnikasını xalq rəqs yaradıcılığı ilə uğurla birləşdirə bilib. Yaratdığı obraz, inandırıcı və məqsədyönlüdür. O, azərbaycanlı qadının faciəsinin təcəssümü olmaqla, uzaq fərəhsiz keçmişi özündə xatırladaraq bizi həyəcanlandırır...”

“Azərbaycanlı qadının faciəsi...”  Bəli, o dövrdə dinin və mühafizəkar, savadsız kütlənin, patriarxal təzyiqin altında əzilməmək qadınların, fərdlərin əlində deyildi. Çox az sayda qadın bu təzyiqə dözə bilir, onun təsir dairəsindən çıxa bilirdi. Bu azsaylı qadınlardan biri də on iki yaşlı qızcığaz - pinəçi qızı Qəmər Almaszadəydi.

Müsəlman Şərqinin qaranlıq atmosferi nəinki onun təhsilə gedən bütün yollarını bağlayır, hətta ən xırda əyləncəni də qadağan edir, dinsizlik kimi görürdü. Keçən əsrin əvvəllərində qadının səhnəyə çıxması qəbul ediləcək məziyyət deyildi. Hətta həmin qadın üçün həyati təhlükə daşıyırdı. Qəmər Almaszadə məhz belə mühitdə idealları, arzuları uğrunda çarpışmış, nəhayət, bütün təzyiqlərə, maneələrə qalib gələrək istədiyi yola qədəm qoya bilmişdi...

Üzeyir bəy də hələ gəncliyə yeni qədəm qoyan Qəməri hər vasitə ilə müdafiə edir, gələcəyi haqqında düşünür. Qəmər Üzeyir bəyin diqqət və qayğısından, məsləhətlərindən ruhlanaraq öz üzərində ciddi surətdə çalışır. Lakin atasının buna heç cür razı olmayacağını dərk edərək vəziyyətdən çıxış yolu axtarır.

Qəmər xanım Opera Teatrında çalışdığı ilk illərini belə xatırlayır: “Hər dəfə səhnəyə çıxandan sonra evə qorxa-qorxa gedirdim. Atamın qəzəbindən çəkinirdim. Bilirdim ki, nə qədər gizlətsəm də, əvvəl-axır səhnəyə çıxmağımdan xəbər tutacaq. Həmin dəhşətli anın qorxusu məni rahat buraxmırdı.

Günlərin birində qrim otağındaydım. Tamaşanın başlanmasına lap az qalırdı. Birdən qarderobçu qadın otağıma girərək dəhşətdən bərəlmiş gözlərini mənə zilləyib “Atan zaldadır”, - dedi. Özümü itirmişdim. Nə edəcəyimi bilmirdim. Dizlərim əsirdi. Tamaşanı pozmamaq üçün birtəhər özümü ələ alaraq səhnəyə çıxdım. Tamaşadan sonra qrim otağına qayıtdım və tez-tələsik qrimi sildim. Evə getməkdən qorxurdum. Xeyli gözlədikdən sonra qorxa-qorxa evə gəldim. Həmin gün atam mənə heç bir söz demədi. Deyəsən, çıxışım xoşuna gəlmişdi. Həm də sonralar bildim ki, Üzeyir bəyin mənə öz doğma qızı kimi göstərdiyi münasibət atamı bir qədər sakitləşdirib. Atam tez-tez oynadığım tamaşalara baxmağa gələrdi. Lakin bu haqda heç vaxt mənə bir söz deməzdi”.

1930-cu ildə “Koreliya”dakı debütü çox böyük əks-səda qoparır. Az qala hamı heç kəsin tanımadığı gənc istedaddan danışır...

Həmin il milli teatrların Moskvada keçirilmiş olimpiadasında “Namus” tamaşasında oynadığı Süsən roluyla bütün teatrların qapılarını özü də bilmədən taybatay açır...

Yaxşı bəs Qəmər Almaszadə kim idi? Onu başqa aktrisalardan, balet ustalarından fərqləndirən əsas cəhətlər hansıydı?

Qəmər xanım 1915-ci ildə Bakıda, çəkməçi ailəsində doğulub. Bir dostunun təkidilə özəl balet studiyasına (Bakıda ilk balet studiyası 1923-cü ildə yaranıb, 1929-cu ildə sözügedən kurs Opera Teatrının nəzdində Dövlət Balet Studiyasına çevrilib. 1936-cı ildən adı dəyişdirilərək Bakı Xoreoqrafiya Məktəbi adlandırılıb - C.Q.) yazılan balaca Qəmər bunun mühafizəkar atasından gizləmək məcburiyyətində qalır. Atasını baletlə yox, idmanla məşğul olduğuna inandıra bilsə də, bir neçə ildən sonra sirrinin üstü açılır. Atası əvvəlcə xeyli qəzəblənir, amma sonra qızının göz yaşları, balet sevgisi qarşısında yumşalır. Hətta bəzən gizlicə teatra gəlir, qızının çıxışlarını tez-tez izləyir.

1930-cu ildə Xoreoqrafiya Məktəbini bitirən gənc balerina Azərbaycan Dövlət Opera və Balet Teatrının kollektivinə qatılır. Eyni zamanda, pedaqoji təhsil almağa başlayır.

Elə həmin il dahi Üzeyir bəyin dəstəyilə Moskvada təhsilini artırmağa yollanır. Böyük Teatrın nəzdindəki balet məktəbinə daxil olur. Leontyev, Çekrıgin, Monaxov kimi tanınmış balet ustalarından dərs alan Qəmər xanım təhsilini uğurla davam etdirir.

Bu zaman Bakıda o dövrün Mirzə Fətəli Axundov adına Dövlət Böyük Türk Teatrında Reynold Qlierin məşhur “Şahsənəm” operası hazırlanır. Azərbaycan dilində libretto yazmaqsa görkəmli dramaturqumuz Cəfər Cabbarlıya tapşırılır. Moskva konservatoriyasının Dirijorluq fakültəsində təhsil alan Əfrasiyab Bədəlbəyli də operanın yeni redaksiyasının hazırlanmasında iştirak üçün Bakıya çağırılır. Qlier əsərdəki “Vakxanaliya” və fars rəqslərinin yalnız Qəmər Almaszadənin ifa etməsini arzuladığını təkidlə bildirir. Ona görə də Qəmər xanımı Moskvadan Bakıya çağırırlar...

Qəhrəmanımız 1933-cü ildə indiki Sankt-Peterburq şəhərində Leninqrad Xoreoqrafiya Məktəbinə daxil olur. Məşhur balerina Qalina Ulanovanın anası Mariya Romanovanın sinfində oxuyur. 1936-cı ildə təhsilini bitirib Bakıya qayıdır. 1937-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının əsasını qoyur. Üzeyir Hacıbəyovun rəhbərliyilə Azərbaycan əyalətlərində ilk mənbədən xalq rəqsləri haqqında məlumat toplamağa başlayır. 1939-cu ildə Bakı Xoreoqrafiya Məktəbində dərs deməyə başlayan Qəmər Almaszadə sonra elə həmin məktəbin direktoru olur. 1940-cı ildə həyat yoldaşı Əfrasiyab Bədəlbəylinin “Qız Qalası” baletində ilk professional çıxışını edir. Eyni zamanda, baletin tərtibatını verir və Gülyanaq partiyasının ilk ifaçısı kimi də adını tarixə yazır.

Bu roldan sonra uğur Qəmərin üzünə daha çox gülməyə başlayır. Fransada, Hindistanda, Nepalda da səhnəyə çıxan Almaszadə 1970-ci ildə Bağdada İraq Xalq Rəqsləri Ansamblını qurmaq üçün dəvət olunur.

50-ci illərdə baleti tərk etsə də, 90-cı illərin sonuna qədər Bakı Xoreoqrafiya Məktəbinin direktoru kimi çalışır.

Ümumiyyətlə, Qəmər xanımın bütün həyatı sənətlə bağlıdır. Atası pinəçi olsa da, qardaşı Ənvər Almaszadə incəsənəti seçib, teatr rəssamı kimi fəaliyyət göstərib. Həyat yoldaşı Əfrasiyab Bədəlbəyli Azərbaycanda və müsəlman şərqində ilk balet olan “Qız qalası”nın bəstəkarı olub. Bundan başqa, bəstəkar Çingiz Almaszadə görkəmli balet ustasının qardaşı oğludur.

Qəmər xanım uzun illər Opera və Balet Teatrının baş baletmeysteri olub, Soltan Hacıbəyovun “Gülşən”, Reynold Qlierin “Qırmızı lalə”, Pyotr İliç Çaykovskinin “Yatmış gözəl” və başqa baletləri səhnəyə qoyub.

Q.Almaszadə həm də Azərbaycan Dövlət Filarmoniyasının rəqs ansamblının yaradıcılarından sayılır. 1937-1938-ci illərdə bu ansamblın bədii rəhbəri vəzifəsində çalışıb.

Leyla Vəkilova, Rəfiqə Axundova, Maqsud Məmmədov, Çingiz Babayev kimi balet ustaları ilə birlikdə işləyib, böyük uğurlar qazanıb.

O, yalnız əsərlərə quruluş vermək, balet tamaşalarında çıxış etməklə kifayətlənməyib. Həm də görkəmli pedaqoq idi. Ömrünün sonuna kimi milli xoreoqrafiya kadrlarının hazırlanmasına böyük əmək sərf edib. İfaçılıq fəaliyyətini pedaqoji sahəyə yönəldərək Azərbaycan səhnəsi üçün rəqqaslar yetişdirməklə məşğul olan Qəmər Almaszadənin dərs dediyi tələbələr arasında məşhur baletmeysterlər var.

Şəxsi həyatında problemlər, alınmayan nüanslar çox olsa da, Qəmər Almaszadənin xoşbəxt səhnə həyatı olub. Həmişə də çəkdiyi zəhmət, göstərdiyi xidmət yüksək qiymətləndirilib. Yalnız vətənində deyil, dünyanın bir çox ölkələrində rəğbətlə qarşılanıb.

Onun “Koroğlu” operasında canlandırdığı Rəqqasə obrazı haqqında ancaq xoş sözlər eşitmək, oxumaq olar.

30-cu illərin ağır repressiyalarından qurtulmaq hər sənətkara nəsib olmayıb. Ancaq nə yaxşı ki, o qanlı-qadalı repressiya illərinin qara səmum yeli Qəmər Almaszadədən yan keçib.

Sənətşünaslar Qəmər xanım haqqında danışanda onun klassik xoreoqrafiya ənənələri ilə xalq rəqslərini sintez edərək uğurlu ifalara imza atdığını deyiblər. Balerina ölkəmizdə qadınların incəsənət sahəsini seçməsində mayak rolunu oynayıb, musiqi mədəniyyətimizdə yeni janrın yaranmasında böyük əzm göstərib. Azərbaycanda balet sənətinin təşəkkül tapmasında böyük xidməti olan Qəmər Almaszadənin ifa etdiyi partiyalar təkrarolunmazlığı, peşəkarlığına görə, əsl sənət incisi hesab olunur. Dünya klassiklərinin şah əsərlərində canlandırdığı obrazlar ona ölməzlik bəxş edib.

Bir çox səhnə əsərinin uğurlu olması Qəmər Almaszadənin quruluşu ilə sıx bağlı olub.

Böyük sənətkar 2006-cı ildə, aprelin 7-də dünyasını dəyişib. İlk azərbaycanlı ballerina, pedaqoq, baletmeystr Qəmər Almaszadənin anadan olmasının 100 illiyi dövlət səviyyəsində qeyd edilib.

 





15.10.2018    çap et  çap et