525.Az

Dini abidələrimiz: qədim alban məbədləri (davamı)


 

Dini abidələrimiz: qədim alban məbədləri <b style="color:red">(davamı)</b>

Azərbaycan etnik və dini tolerantlığın nümunəvi modeli kimi hazırda bütün dünyaya örnək sayılır. Əsrlərdir ki, ölkəmizdə məskunlaşan onlarla azsaylı xalq və etnik qrup sülh şəraitində birgəyaşayışın,  etnomüxtəlifliyin zəngin sintezinin, multikulturalizmin və mədəni mübadilənin mükəmməl nümunəsini  beynəlxalq ictimaiyyətə sərgiləyir.

Azərbaycan tarixən həm də dini tolerantlıq ənənələrini yaşadan  ölkələrdən hesab olunur. Bunun ən bariz sübutlarından biri də ölkə ərazisində yerləşən müxtəlif dinlərə aid qədim və unikal abidələrin, məbədlərin, səcdəgahların həm dövlət, həm də cəmiyyət tərəfindən həssaslıqla qorunmasıdır.

Hazırda Azərbaycan ərazisində –həm paytaxtda, həm bölgələrdə məscidlər, kilsələr, sinaqoqlar fəaliyyət göstərir. Ancaq tarixən bunların hamısından daha qədim olan məbədlərimizin- ulu əcdadlarımız albanlardan qalma abidələrin də sayı az deyil. Tarix etibarilə bu abidələr Azərbaycanın nə qədər qədim bir tarixə malik olduğunu sübut etməklə yanaşı, həm də ölkəmizin tolerantlıq dərəcəsinin üstün göstəricisi rolunda çıxış edir.  Silsilə yazılarımızda bu abidələr haqqında oxucularımızı məlumatlandıracağıq. 

Alban abidələri-qədim kilsələr, məbəd kompleksləri respublikamızın daha çox şimal-qərb arealında –Oğuz, Qəbələ, (keçən yazımızda geniş işıqlandırdığımız Şəki) Qax, Zaqatala, Balakən rayonlarında  geniş yayılıb.

Oğuz rayonunun Calut kəndi ərazisində yerləşən, V-VI əsrlərdə tikildiyi güman edilən “Calut” kilsəsi birnefli alban kilsəsi ölçücə kiçik olsa da bu tikilidə artıq daha mükəmməl formalar müşahidə olunur. Həmin formalar sonrakı tarixi dövrdə həm memarlıq görkəmində, həm də abidələrin plan baxımından həllində ənənəvilik olub.

Oğuz rayonunda yerləşən daha bir məbəd albanlar tərəfindən orta əsrlərdə tikilib. Oğuz şəhərindəki eyniadlı abidə hazırda Tarix diyarşünaslıq muzeyi kimi istifadə edilir.

Oğuzun qonşuluğunda yerləşən, vaxtilə Qafqaz Albaniyasının paytaxtı olmuş Qəbələnin Böyük Əmili kəndində də  məşhur abidə-IV-V əsrlərə aid “Kilsədağ” məbədi mövcuddur. Qədim Mitra məbədinin özülləri üstündə inşa edilmiş bu məbəd 1971-ci ildə aşkarlanıb. Kilsədağda Mitra tanrısı (Mitra, cəngavər köçərilərin və dinc əkinçilərin tanrısı idi) məbədi mərkəzi günbəzli, ikiyaruslu kompozisiyaya malik olan abidədir. Məbədin divarının xarici səthi qeyri-bərabər tərəfli 12 guşəli formada, daxili səthi isə 10,4 metrlik silindr şəklində həll edilib. İkinci daxili dairə 8 sütun üçün stilobat (sütunlar üçün özül) rolunu oynayırdı. Həmin sütunlar günbəzli ikinci yarusun barabanını (günbəzli dairə səmanın – Mitranın rəmzi idi) saxlayırdı. Baş alaqapı girişi məbədin qərb fasadı tərəfindəki əsas kompozisiya görüşündə, iki yan giriş isə şimal və cənub səmtində idi. Şərq fasadı səmtində simmetrik surətdə yerləşmiş, plan baxımından dairəvi olan iki otaq – Mitra tanrısının göstərilmiş iki mənasını nəzərə çatdıran səcdəgahlar var. Məbəddə antik memarlığın müəyyən təsiri hiss olunur. Məbəd kilsəyə çevrildikdən sonra onun əsas memarlıq xüsusiyyətləri saxlanılıb, özündə bütpərəst dünyagörüşünü əks etdirən divar naxışlarına toxunulmadan məbədə xristian dini ehkamına uyğun olaraq apsis əlavə olunub. Abidənin salamat qalmış divarlarının hündürlüyü iki metrə yaxındır. Məbəd quruluşuna görə dairəvi formalı olub, xarici görünüşü etibarilə ikiyaruslu, mərkəzi günbəzli kompozisiyaya malikdir. Tarixçilər təsdiqləyir ki, bu cür məbədlər dünyanın yalnız altı yerində aşkarlanıb və tədqiq edilib.

Şimal-qərb bölgəsinin daha bir rayonu Zaqatalada da ulu əcdadlarımız albanlar özlərindən sonra bir sıra abidələr qoyub getmişlər. Qax rayonunun Güllük və Zaqatala rayonunun Mamrux kəndləri yaxınlığında Armatay dağının zirvəsində inşa olunmuş “Mamrux” qədim alban kilsəsi IV-V əsrlərdə Ay və Günəş tanrıları məbədinin özülləri əsasında inşa olunub. Məbədin olduqca mürəkkəb kompozisiyası var. Məbəd binasının üç giriş qapısı, şərq tərəfində dərin divar oyuğu – apsis var. Apsis binanın əsas yuxarı hissəsində yerləşir. Binanın hər iki tərəfində iki səcdəgah və iki yan girişi olan xırda hücrələr mövcuddur. Günbəzli yuxarı baraban dayaqlıq tağları olan dörd sütuna dayaqlanıb. Mamrux məbədlərinin memarlığı yerli alban formalarında, Kilsədağdakı Mitra allahı məbədinə nisbətən daha mükəmməl və mürəkkəb tərzdə həllini tapıb. Mamruxdakı məbəd mütəxəssislər tərəfindən, kompozisiya baxımından Kilsədağdakı rotonda (dörd tərəfi bərabər olan bina) ilə Qax rayonunun Ləkit kəndindəki tetrakonx arasında bilavasitə vəsilə kimi qiymətləndirilir. Məbədin təqribən IV əsrdə Albaniya hökmdarı III Mömün Vaçaqanın hakimiyyəti dövründə kilsəyə çevrildiyi ehtimal olunur.

Daha bir alban abidəsi isə rayonun Katexçay şəlaləsindən bir neçə kilometr üzü dağlara doğru getdikdə Zaqatala qoruğunun qadağan zonasında (Balakən rayonu ərazisində) yerləşir. V əsrə aid oduğu güman edilən “Katex” alban kilsəsinə getmək olduqca çətindir. Kilsəyə getmək üçün bir neçə kilometr mövcud dağ yolunu qət etdikdən sonra çətin dağ cığırlarından keçmək, üç dəfə gur dağ çaylarını adlamaq lazımdır. Dörd sütun üzərində dayanan kilsənin günbəzi qırılaraq onun içinə düşüb. Divarlarının hörgüsü zamanı travertindən istifadə olunub.

Zaqatalanın Yuxarı Tala kəndində də IV-V əsrlərdə tikilən eyniadlı qədim alban məbədi mövcuddur.

Regionda Balakən rayonunda da qədim alban məbədləri var. Rayonun Qullar kəndində XIII əsrdə tikildiyi ehtimal olunan Arılıqbinə məbəd kompleksi  Balakəndən Gürcüstana gedən magistral yolun sağında, dağın ətəyində, son dərəcə mənzərəli bir yerdə, rayon mərkəzindən 5 km qərbdə, yoldan 1 km şimalda yerləşir. Əsas kilsə binası qismən salamatdır və çox keyfiyyətli kərpiclə tikilib. Təxminən 4 hektar sahədə çay daşı və hasar daxilindəki ərazidə çoxsaylı tikili qalıqları, o cümlədən xeyli qəbirlər var. Məbəd Qafqaz Albaniyasının maddi-mədəniyyət abidələrindən hesab edilir.

Balakənin daha bir məşhur abidəsi- Darvaz məbədi antik dövr müəlliflərinin qeyd etdikləri kimi, Qanığın (Alazan çayı) sol sahilində, Tuğay meşəsinin ortasında olan düzəngahın mərkəzindədir. Məbəd Balakən rayonunun mərkəzindən 15-16 km cənubda, Qaraçöl adlanan böyük bir düzəngahın yaxınlığında, Darvaz Binə deyilən yerdədir.

Balakənin Talalar kəndində də XIV əsrə aid olduğu güman edilən “Nur” kilsəsi qədim alban abidələrindəndir. Nur kilsəsinin uzunluğu 15 m, giriş hissəsinin hündürlüyü 7,6 m olub, bu hissə 2 tərəfli və 6 bucaq şəkillidir. Binanın eni isə 6 metrdir. İki hissədən ibarət olan binanın giriş hissəsi öndə iki nəhəng sütun üzərində durur, sonra isə ibadət yeri olan hissəyə, otağa giriş qapısı üzərində tağa birləşir.

Bu qədim tarixi abidələr ölkəmizə axın edən turistlərin də diqqətini cəlb edir, onlarda tariximiz, mədəniyyətimiz və tolerantlıq ənənələrimiz haqqında dolğun təsəvvür yaradır.

Bu abidələrin mövcudluğu və çağdaş dövrümüzədək qorunub saxlanması, gələcək nəsillərə ötürülməsi bir daha sübut edir ki, Azərbaycan xalqı və dövləti tarixən dini müstəvidə də tolerantlığın, dözümlülüyün, xoşgörünün ən yüksək səviyyəyə çatdırılmasına  nail olub. 

(ardı var)

Sevinc MÜRVƏTQIZI

 





14.08.2013    çap et  çap et