525.Az

"Paşinyan qayıtmaq üçün gedir, amma..."


 

MİLLƏT VƏKİLLƏRİ VƏ POLİTOLOQLAR PAŞİNYANIN İSTEFASINI BELƏ DƏYƏRLƏNDİRDİLƏR

"Paşinyan qayıtmaq üçün gedir, amma..."<b style="color:red"></b>

"Nikol Paşinyanın bu istefası demokratiya adına atılan addım deyil, Ermənistanda baş vermiş çevrilişi seçki yoluyla legitimləşdirməkdir".

Bunu "525"ə açıqlamasında millət vəkili, politoloq Sahib Alıyev deyib. Onun sözlərinə görə, Paşinyan yaxşı bilir ki,  Dağlıq Qarabağ problemi həllini tapmayınca Ermənistanda vəziyyət düzəlməyəcək, hətta indi verdiyi vədlərin hamısına əməl etsə belə və bu da öz növbəsində onun populyarlığının buxarlanmasına səbəb olacaq:

"Ona görə də hələ ki populyardır tez-tələsik  seçki keçirib parlamentdə öz tərəfdarlarını əyləşdirmək istəyir. Böyük ehtimalla, onun bu istəyi də baş tutacaq. Amma sonra Paşinyan özündən əvvəlki rejimlərdən daha pis vəziyyətlə üzləşəcək. Parlamentdə yer almayan güclər onu  hakimiyyətə necə gəlmişdisə, o cür də yola salacaqlar. Biz bir reallığı bilməliyik ki, hazırda Paşinyanın eloktoratı olaraq dəyərləndirilənlər əslində, paşinyançı yox, antisərkisyançılardırlar. Onların Paşinyana dəstəkləri onun yüksək keyfiyyət daşıyıcısı olmağından yox, Sərkisyan, Köçəryan və Qarabağ klanının digər təmsilçilərinə olan narazılıq və nifrətdən qaynaqlanır. Hərbi xunta devrildiyindən, o nifrət yavaş-yavaş buxarlanacaq və Dağlıq Qarabağ problemi həllini tapmadığı təqdirdə ölkəsində iqtisadi baxımdan əhəmiyyətli bir dəyişiklik əldə edə bilməyən Paşinyanın reytinqi birdən-birə necə qalxmışdısa, eyni sürətlə də düşəcək".

Millət vəkili Eldəniz Səlimov öz növbəsində hesab edir ki, Paşinyan yenidən qayıtmaq, öz mövqelərini daha da gücləndirmək, sabun köpüyü kimi qısa bir zamanda havaya buxarlanmış imicini yenidən bərpa etmək istəyir:

"O, himayədarları ilə növbəti oyununu oynayır. Çox güman ki, təminat aldığı üçün belə bir oyuna gedib, almasaydı getməzdi. Getməsəydi də, yəni özünü yenidən "qəhrəman" kimi göstərməsəydi də, vəziyyəti daha da ağırlaşacaqdı, tarixin arxivinə göndəriləcəkdi. Paşinyan bununla vaxt və uduş qazanmaq istəyir, bu vaxt ona uduş gətirib, gətirməyəcək, hər halda müəmmalı görünür. Yenə də qeyd edirəm ki, o, təminat alıb və çox güman ki, yenidən qayıdacaq (onsuz da hələ ki, səlahiyyətlərini icra edir), amma bu qayıdış onun üçün son qayıdış ola bilər, yəni birdəfəlik siyasət və hakimiyyət üzünə həsrət qala, həsrət qoyula bilər. Çünki ciddi siyasətçi deyil, bu gün dediyini, sabah təkzib edir, bir dediyi o biri dediyi ilə uyğun gəlmir, daban-dabana ziddiyyət təşkil edir, nə istədiyini özü də bilmir və sair... Ancaq onun da, Ermənistanın tək nicat yolu var ki, bunu da dəfələrlə demşik və bu da ondan ibarətdir ki, artıq olmayan ağıllarını başlarına cəm eləyib, onun-bunun quyruğu, buyruq qulluqçusu olmaqdan əl çəkib, Azərbaycanla münasibətləri normallaşdırsınlar, işğal olunmuş əraziləri boşaltsınlar və Azərbaycan xalqının gözlədiyi ədalətli sülhə razı olsunlar".

Politoloq Elxan Şahinoğlu da deyib ki, Paşinyanın istefası taktiki xarakter daşıyır.
 
Onun sözlərinə görə, Paşinyan erkən parlament seçkisini dekabrın əvvəlində keçirmək istəyir.

"Ancaq bunun üçün Konstitusiyaya görə birincisi, baş nazir istefa verməlidir, ikincisi, parlament 14 gün ərzində yeni baş nazir seçməməlidir. Bu zaman seçki qanununa görə parlament avtomatik yeni parlament seçkisi təyin etməlidir" - deyən, politoloqun sözlərinə görə, Paşinyan 14 günlə bağlı qəti təminatı olmasaydı, istefa verməzdi:

"Parlamentdəki partiyalar Paşinyanın yerinə başqasını baş nazir seçməyə risk etməyəcəklər. Çünki əks halda Paşinyan tərəfdarlarını küçəyə tökəcək. Ermənistan parlamenti və əksər partiyalar Paşinyanın gəlişindən sonra küçədən qorxur. Beləliklə, Paşinyanın 5 aylıq hakimiyyətinə ara verildi. Paşinyan küçədən qazandığı reytinqi hələ itirməyib, elə ona görə parlament seçkilərini tez keçirməyə çalışır. Korrupsiya ilə mübarizə ona xal qazandırdı. İqtisadi islahat və xarici siyasətdə isə öyünüləsi uğuru yoxdur. Tam əksinə, Rusiya ilə münasibətlərdə inamsızlıq yaranıb, Qərbdən gözlədiyi siyasi və maliyyə dəstəyini isə əldə edə bilmədi. Ermənistanda ay yarım maraqlı proseslər cərəyan edəcək. Yenilər köhnələri, o cümlədən, "Qarabağ klanı”nı həm hakimiyyətdən, həm də müxalifətdən uzaqlaşdırmağa çalışacaq. Paşinyan birincini həll edib, indi ikincini reallaşdırmalıdır. Bunun Dağlıq Qarabağ münaqişəsinin həllinə nə kimi təsiri olacağı sualına isə gələn ilin əvvəlindən aydınlıq gəlməyə başlayacaq".

Kamil HƏMZƏOĞLU

 





18.10.2018    çap et  çap et