525.Az

Meksika səfiri Texniki Universitetdə


 

REKTOR ƏVƏZİ XALIQ YAHUDOVLA GÖRÜŞDƏ ÖLKƏLƏR ARASINDA TƏHSİL SAHƏSİNDƏ ƏLAQƏLƏRDƏN SÖHBƏT AÇILIB

Meksika səfiri Texniki Universitetdə <b style="color:red"></b>

Təhsil sahəsində əlaqələri möhkəmləndirmək məqsədilə dünən Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Azərbaycan Texniki Universitetinin rektoru vəzifəsini icra edən Xalıq Yahudov ilə görüşüb.

Səfirlikdən verilən məlumata görə, görüşdə rektor əvəzi X.Yahudov səfir R.Labardiniyə universitet, onun tarixi və strukturu, eyni zamanda, beynəlxalq əlaqələri haqqında məlumat verib. Həmçinin, rektor əvəzi universitetin ölkədə texniki elmlərin inkişafına verdiyi töhfələrdən danışıb.

Səfir Labardini isə Meksika-Azərbaycan ikitərəfli münasibətlərində müsbət dinamikadan danışaraq, təhsil sahəsində əlaqələrin genişlənməsində qarşılıqlı marağı vurğulayıb. Bu xüsusda, təhsil, elm, mədəniyyət, gənclər və idman sahələrində əməkdaşlığa dair Hökümətlərarası Sazişin imzalanmasına diqqət çəkib və bu sənədin müvafiq əlaqələrin inkişafı üçün əhəmiyyətini qeyd edib.

Diplomat Meksikanın bir sıra texnoloji və politexnik universitetlərindən məlumat verərək, Azərbaycandakı müvafiq tərəfdaşları ilə əməkdaşlığın qurulmasına dair maraqlarını çatdırıb. Məsələ ilə əlaqədar olaraq tərəflər əməkdaşlığın mümkün sahələri haqqında söhbət ediblər: tələbə-müəllim mübadiləsi, ixtisaslaşma kursları, elmi və texnoloji sahələrdə birgə tədqiqatlar, akademik tədbirlərdə iştirak və s. Bundan əlavə, səfir Labardini Meksikanın Texnoloji Universitetlərin Milli Asosiasiyasının fəaliyyətinə toxunub və onun sektorda olan təcrübəsindən bəhs edib.

Tərəflər təhsil ocaqların akademik keyfiyyəti və tədqiqatın zənginləşməsinə töhfə verəcək ikitərəfli əlaqələrin gələcək inkişafına dair istəklərini ifadə ediblər.

C.ABASOV

 





18.10.2018    çap et  çap et