525.Az

Afaq Şıxlı Andrey Vasilevskinin şeirlərini təqdim edir


 

Afaq Şıxlı Andrey Vasilevskinin şeirlərini təqdim edir <b style="color:red"></b>

Yaşadığım uzaq ölkədə ədəbiyyatı, poeziyanı həqiqətən də sevən, ona xidmət edən nadir insanlar var.

Müasir rus ədəbiyyatının tanınmış simalarından olan M. Qorki adına Ədəbiyyat institutunun AƏK-nın müəllimi, istedadlı şair, publisist Andrey Vitalyeviç Vasilevski (17.10.1955) məhz belə şəxsiyyətlərdəndir.

Azərbaycan oxucusunu qəribə, özünəməxsus üslubu olan bu kövrək, eyni zamanda realist şairin şeirləri ilə tanış etməyi özümə borc bilirəm.

Qeyd etmək istərdim ki, A. Vasilevski “Novıy mir” jurnalının baş redaktoru, Moskva Jurnalistlər Birliyinin, Müasir Rus Dilçilik Akademiyasının üzvüdür.

Tərcüməçidən

***

Bu payız, ya bu qış, lap elə bu il
Başıma nə gəlsə vecimə deyil.

Hər şey ola bilər,
                            Olmaya bilər...
Bir qədər yorğunam,
                             Üzgün, bir qədər...

Biganəyəm sanki olub-keçənə,
Sən qoru, ilahi, sən qoru yenə!

***

Bilirəm,
Cəhənnəmdə görüşəcəyik səninlə.
Qoşulub kütləyə
Mən də gedəcəyəm öz ayağımla
O qorxunc son məhkəməyə.

Sən də orada olacaqsan,
Payına düşəni də alacaqsan.
Amma odundan, alovundan cəhənnəmin
Görə bilməyəcəksən məni...

***

Özümü bu günlərdə
tanımışam sanki mən,
Şəhərdən kənar yerdə
yavan çörək yeyərkən;
Biz də bu qarğalara,
siçovullara tayıq –
Hər şeyi yeyə bilən
ağıllı heyvanlarıq.

***

Əyninə nə geyir geysin, yenə
Zahiri – hər şey,
Daxili – heç nə!
 “Bunu istəmirəm,
Bunu bəyənmirəm.
Okeanın ortasında -
Bu buz döşəmədə
Elə indicə öyrəndim kiməm;
Deyəsən, meymunam ya da
Xaç suyuna çəkilmiş pinqvinəm...”

Kassa önündə duraraq,
Telefonla danışaraq,
Aldıqlarının qiymətinə baxaraq,
Ağlayaraq
Anlayır bunu...

***

Qəribədir,
             Çox qəribə
Adam olmaq, insan olmaq.
Ayılmaq hər səhər erkən -
Yaşamaq üçün ayılmaq...

Hələ yuxun tam qaçmamış
Yeni açmışkən sabahı
Güzgüdən bir insan baxar –
Fikirləri qarmaqarış.

Hər yer duman, bəyaz duman...
Qaranlıqlar qürub edir...
Həm göylərlə üzbəüzsən,
Həm göylərin altındasan,
Qəribədir,
              Qəribədir...

***

Ötən yarım əsri qoydum kölgədə,
Doğmalar içində, doğma ölkədə.
...İndisə
başqadır insanda,
başqa.
Doğma da, yaxın da, dövran da
başqa!
Bu qarışıq zaman mənimki deyil.
(Havayı konyakdan ağrıyır beyin).
Qarşı-qarşıyadır yadlar, yerlilər...
Dəyişib şəhər!

***

Qaranlıqda tək qalmaq
Xoş deyil, ancaq
ona görə yox ki, oradan
kimsə çıxacaq.

Ümid bəsləmə.
Heç kim çıxmırmış,
Heç kim gəlmirmiş
Sən demə.

***

... Sulu qar yağacaq şəhərə bir də.
Xəyalım dolaşır ötən əsrdə.

Hava soyuyacaq, palto geyəcəm,
Acsam, bir kafedə nahar edəcəm.

Xətrinə kim dəyib? – Heç kimsə, düzü.
Mən şair deyiləm, bilirəm özüm...

Çevirdi: Afaq ŞIXLI
17.10.2017. Moskva

 





18.10.2018    çap et  çap et