525.Az

Texniki nəzarət olmadan, layihə təsdiqlənmədən heç bir tikinti işi aparılmamalıdır


 

DEPUTATLAR BADAMDAR VƏ BAYIL SÜRÜŞMƏSİNDƏN DANIŞDILAR

Texniki nəzarət olmadan, layihə təsdiqlənmədən heç bir tikinti işi aparılmamalıdır<b style="color:red"></b>

"Badamdarda, Bayılda sürüşmə hələ bir neçə il öncədən yaranmağa başlayıb. Yadımdadır ki,  o zaman vəziyyətin aradan qaldırılması üçün hansısa tədbirlər görüldü. Amma sonradan o tədbirlər davam etdirildi-etdirilmədi, indi bu haqda dəqiq bir söz deyə bilmərəm, amma şəxsi fikrimdir ki, sürüşməyə səbəb əsasən suyun, qurunt, kanalizasiya sularının davamlı axmasıdır. Yəni müəyyən versiyalar var ki, kanalizasiya sistemi çox yararsız olub, bəzi hallarda isə heç olmayıb və nəticədə belə bir vəziyyət əmələ gəlib. Ancaq onu bilirəm ki, belə yerlərdə, seysmik cəhətdən təhlükəli olan ərazilərdə mütəmadi olaraq işlər aparılmalıdır".

Bunu "525"ə açıqlamasında Bakını  parlamentdə təmsil edən millət vəkillərindən biri Rauf Əliyev deyib. "Bu gün yəqin ki, bu işlər aparılır və ya aparılması nəzərdə tutulur. Amma bütün hallarda bu məsələdə diqqətli və həssas olmaq lazımdır. Eyni zamanda, məlumatlarıma görə, artıq müəyyən tədbirlər planı da hazırlanıb. Yəni Milli Elmlər Akademiyası, Respublika Seysmoloji Xidmət Mərkəzi, Fövqəladə Hallar Nazirliyi və digər qurumlar bu planı bir yerdə hazırlayıblar və bildiyim qədəri  hətta, Yaponiyadan olan mütəxəssisləri də bu məsələyə cəlb ediblər" -  deyən millət vəkilinin sözlərinə görə, ümumiyyətlə, hər zaman çalışmaq lazımdır ki, bu cür problemlər ortaya çıxmasın, insanlar, vətəndaşlar, bütövlükdə dövlət narahatçılıqlarla üzləşməsin: "Heç cür arxayınçılığa yol verilməməlidir. Bu o demək deyil ki, sabah, birisi gün və ya bir-iki ildən sonra bu məsələlər, bu problemlər yenidən ortaya çıxmayacaq, təkrarlanmyacaq. Odur ki, indidən tədbirlər görülməlidir. Kanalizasiya çəkilməlidirsə, çəkilməlidir, yenilənməlidirsə, yenilənməlidir, quyular boşaldılmalıdırsa, boşaldılmalıdır,  nəzarət olmalıdırsa, olmalıdır. Adıçəkilən ərazilər seysmik zonadır və daim nəzarət altında saxlanmalıdır. Müxtəlif texnologiyalar var ki, sürşməsinin qarşısını ala bilər, onların tətbiqi lazımdır". Bakının seysmik cəhətdən nisbətən uzaq olan  yerlərində, magistral yollarda, yeni mənzil tikilən ərazilərdə sürüşmələrin, çatların yaranmasına, uçqunların baş verməsinə gəlincə, millət vəkili bunun da ürəkaçan bir mənzərə olmadığını, hər kəsi narahat etdiyini söyləyib: "Mənim fikrimcə, hər bir tikintidən qabaq texniki nəzarət olmalıdır. Layihə təsdiqlənməlidir. Yadımdadır, hələ sovetlər dövründə belə bir sistem vardı ki, tikinti ilə bağlı bütün tələblər-normativlər yerinə yetirilməlidir. Odur ki, adidiyyəti orqanlar indi də bu tələbləri yerinə yetirməli, ona riayət etməlidirlər. Məhz texniki nəzarətdən, tikinti ilə bağlı layihənin təsdiqindən sonra hər bir tikintiyə başlanılmalıdır. Bunlarsız olmamalıdır və buna əməl etməyənlər qanun qarşısında cavabdehlik daşımalıdırlar".

Bakını parlamentdə təmsil edən digər millət vəkili Aydın Hüseynov  bildirib ki, Badamdar qəsəbəsində baş verən sürüşmə hər kəsi narahat edir: "Burada bizləri rahatlaşdıran odur ki, Azərbaycan dövləti, dövlət rəhbərliyi, rəsmi və aidiyyəti strukturlar məsələyə həssas münasibət göstərir, yaranan və yarana biləcək problemlərin, fəsadların qarşısının alınması istiqamətində addımlar atırlar". Millət vəkili xatırladıb ki, istər Badamdarda, istər Bayıl ərazisində tez-tez müşahidə olunan sürüşmələr həm Bakının, həm də həmin ərazilərin coğrafi, geoloji quruluşu ilə bağlıdır: "Problemlərin kökü də buradan qaynaqlanır, yəni həmin ərazilər sürüşməyə meylli zonalardır. Ona görə də orada yaşayan insanların, əhalinin vəziyyəti nəzərə alınmalıdır. Daha doğrusu, həmin ərazilərdə əhalinin məskunlaşmasının qarşısı alınmalıdır. Bu günə kimi məskunlaşma olubsa, bundan sonra olmamalıdır, heç bir halda məskunlaşmaya icazə və imkan verilməməlidir. Çünki sonda bütün ağırlıq, məsuliyyət dövlətin üzərinə düşür, dövləti yükləmək olmaz. Ancaq inanıram ki, yaranmış vəziyyətlə bağlı tədbirlər görüləcək və narahatlıq aradan qalxacaq. Tədbirlər görülür. Azərbaycan dövlətinin diqqəti və iradəsi ortadadır".

Kamil HƏMZƏOĞLU

 





19.10.2018    çap et  çap et