525.Az

... Qəbri bölünən qardaş... - Etimad Əsədovun əziz xatirəsinə


 

... Qəbri bölünən qardaş... - <b style="color:red">Etimad Əsədovun əziz xatirəsinə</b>

İlk dəfəydi himnimizi göz yaşıyla oxuyurdum. İçimi itki dərdi, üzümü bir əzizini daha görə bilməyəcək gözün öz-özünə süzülən qəm damcıları yandırırdı.

Qələbə marşında oxunası himni səninlə vidalaşanda oxuduq. Bu canlı himn heç vaxt olmamış kimi, elə səlist, elə gur alındı ki... Çünki bu səs ruhumuzun səsi idi. Sən çiyinə qalxanda  ruhlarımız da səninlə birlikdə, səni yola salmağa qalxdı.

Qarabağsız köçdün bu dünyadan.

Kaş ki, Vətən heç olmasa son anda "Vətən sevdalı"larını Qarabağa aparaydı.

Onda bəlkə Qarabağ bizə Qarabağ ağrılı ölümləri unutdurardı...

Bir vaxt Moskvadan gələn jurnalistlər bizim şəklimizi çəkəndə, sənin çıxarıb kənara qoyduğun protezin şəklini çəkdirdim. "Qıç başdaşı"na oxşayan protezini. Burada uzananların kim olduğunu anlatmaq üçün.

Ayın işığında
kölgən mürgülər,
boş qəbirə keşik çəkən
qıç başdaşı.
Gözün sahibinin yolunu gözlər
farağat komandasında.
Dizin yox
bir az rahatlanasan,
40 santlıq canlı başdaşı.
Tək addım səsini eşidirsənmi?  
 
Qovuşa bilmədin səni gözləyən "qıç başdaşı"na.

Addım səsini gözləyən itkin, yoxluğunu hamıdan tez bilib, barmaq-barmaq sızıldayaraq, indi can parçasına hamıdan çox ağlayır.

lll

Artıq qonşu otaqdan səsin, səsiniz əvvəlki tək eşidilməyəcək. Dayaq verib gəzdiyiniz çəliklər pilləkənləri o ürəklə döyməyəcək.

Qazilər yığıncağı

İclas gedir
hamı oturaraq danışır
yerindən qalxan yox,
tribunaya çıxan yox.

Alovlu çıxışlar,
etiraz dolu ittihamlar...

Döşəməni döyəcləyən
tək ayaqlar.
Küncdə qoltuq ağacları...
Qar üstünə dağılır
rüzgarın saçları.

Ömür dediyimiz bu qısa zaman kəsiyini döyüşə-döyüşə yaşadın. Bu mənalı ömrün yaddaşlara "əsl vətəndaş, vətən oğlu, Qarabağ sevdalısı" kimi yazıldı.

Özündən çox silahdaşlarını, qazi qardaşlarını düşündün. Bu yarıcanlıların sağlamlıqları üçün əlindən gələn, sözün çatan hər şeyi etdin. Vətən, dost düşüncəsi özünü düşünməyi hər zaman arxa plana atdı. Sıra özünə gələndə isə artıq taqətin qalmadı.

Azərbaycan böyük bir Qarabağ Adamını itirdi. Qarabağın bir parçasını itirdi.

İtirə-itirə gedirik. Nəsilləri, Qarabağda yaşamışları, Qarabağda döyüşmüşləri, əzalarını itirmiş Qarabağ Qazilərini, Qarabağ həsrətlilərini - Qarabağ sevdalılarını.

Gülləyə sinə gərən oğullarını...

Biz itirdiklərimizin fərqindəyikmi?

Bu itkilərdən sonra kim çağıracaq, kim səsləyəcək bizi Qarabağa?

Qarabağ üçün can qoyanları və yenə də can qoymaq istəyən insanları itiririk.

Sıralarımız get-gedə seyrəlir.
Növbəti qurban kim olacaq?
Bəlkə elə mən?...

lll

Daha bir dostun addım səsi gəlməyəcək
otağımın kandarından,
daha bir salam kəlməsi eşidilməyəcək
döyülən qapının arasından gələn işıqdan.
Üzümüzə qonacaq təbəssümün
biri də azaldı.
Əsgər paltarına bükülüb
basdırılan qıçın
bu gecə diksinəcək qəbir yatağında.
"Qalx" - deyib,
qışqırıb qaldıracaq
yuxulu məzar qonşularını.
Silib-təmizləyib,
sonra da uzanıb yatağın küncünə
sahibini gözləyəcək.
Gedəcəksənmi?
Nə özün gedə bildin, nə  də apardılar səni.
Torpağı kimi qəbri bölünən qardaş.
Özün qaçqın qəbiristanlığında,
qıçın Qarabağda...

Ruhun qovuşacaq.
İndi haradasa Ağdama çatmış olar...

 





19.10.2018    çap et  çap et