525.Az

Videofilm və kinoxronikalarda tütün məhsullarının açıq təbliği qadağan olunur


 

Videofilm və kinoxronikalarda tütün məhsullarının açıq təbliği qadağan olunur<b style="color:red"></b>

Oktyabrın 18-də Milli Məclisin (MM) Mədəniyyət komitəsinin iclası keçirilib.

Komitə sədri Rafael Hüseynov iclası açaraq oktyabrın 18-nin Azərbaycan tarixində son dərəcə əlamətdar bir gün olduğunu deyib.  O, Azərbaycanın müstəqillik tarixindən ətraflı bəhs edib. 

"Bir millətin, ölkənin tarixində müstəqillikdən böyük və qiymətli nemət təsəvvür etmək mümkün deyil", - deyən R. Hüseynov vurğulayıb ki, 27 illik dövlət müstəqilliyimizin 25 ili məhz mərhum  Heydər Əliyevin və bu gün onun siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin adı ilə bağlıdır.

Sonra komitə sədri gündəliyə daxil olan məsələləri təqdim edib.

İclasda "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında", "Televiziya və radio yayımı haqqında", "İctimai televiziya və radio yayımı haqqında", "Teatr və teatr fəaliyyəti haqqında"  qanun layihələri üçüncü oxunuşlarda müzakirə olunub.

"Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanunda nəzərdə tutulan dəyişikliyə görə, televiziya və videofilmlərdə, teatr tamaşalarında, radio, televiziya, video və kinoxronika proqramlarında, uşaqlar üçün nəzərdə tutulan audiovizual əsərlərdə tütün məmulatlarının və tütün istifadəsi prosesinin təbliğat məqsədilə nümayiş etdirilməsi, həmçinin, tütün məmulatlarının və tütün istifadəsi prosesinin təbliğat məqsədilə nümayiş etdirildiyi əsərlərin, tamaşaların, proqramların efirdə, kabel yayımı vasitəsilə açıq yayımlanması qadağan edilir.

"Televiziya və radio yayımı haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə əsasən sənədə "tütün məmulatlarını və tütün istifadəsi prosesini təbliğat məqsədilə nümayiş etdirməmək, həmçinin, tütün məmulatlarının və tütün istifadəsi prosesinin təbliğat məqsədilə nümayiş etdirildiyi əsərləri, tamaşaları, proqramları efirdə, kabel yayımı vasitəsilə açıq yayımlamamaq" məzmunlu 40.2.2-1-ci maddə əlavə edilir.

"İctimai televiziya və radio yayımı haqqında" qanuna da eyni məqsədlə yeni maddə əlavə olunacaq. "Teatr və teatr fəaliyyəti haqqında" qanunda edilən dəyişikliyə görə, sənədə "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanunun 14.1.4-cü maddəsinə uyğun olaraq, "teatr tamaşalarında tütün məmulatlarının və tütün istifadəsi prosesinin təbliğat məqsədilə nümayiş etdirilməsi qadağandır" məzmunlu 11.4-cü maddə əlavə ediləcək. Qeyd olunub ki, hər üç qanunda nəzərdə tutulan dəyişikliklər "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanuna uyğunlaşdırılma məqsədi daşıyır.

Komitə üzvləri təqdim olunan dəyişiklikləri dəstəkləyib və qanun layihələrini MM-in plenar iclasına tövsiyə ediblər.

Kamil HƏMZƏOĞLU

 





19.10.2018    çap et  çap et