525.Az

Azərbaycanın mətbuat nümayəndələri Gürcüstana səfər ediblər - Fotolar


 

NÜMAYƏNDƏ HEYƏTİ PAYTAXT TBİLİSİ VƏ MARNEULİDƏ BİR SIRA GÖRÜŞLƏR KEÇİRİB

Azərbaycanın mətbuat nümayəndələri Gürcüstana səfər ediblər - <b style="color:red">Fotolar</b>

Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə bir qrup KİV nümayəndəsi oktyabrın 18-də Gürcüstana səfərə edib.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi ilə əlaqədar fondun hazırladığı tədbirlər planı çərçivəsində təşkil olunan səfərin məqsədi jurnalistləri Cümhuriyyətin yaradıcılarının fəaliyyəti, zəngin ideya irsi ilə yaxından tanış etməkdir.

Səfər çərçivəsində KİV nümayəndələri Tbilisinin mərkəzindəki Heydər Əliyev Parkında ulu öndərin abidəsini ziyarət ediblər.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov park barədə jurnalistlərə məlumat verib.

Azərbaycan mətbuatının nümayəndələri sonra Tbilisidəki Botanika bağında olub, buradakı köhnə müsəlman qəbiristanlığında Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarının məzarlarını ziyarət ediblər.

Media nümayəndələri Tbilisidə 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasını nəzərdə tutan İstiqlal Bəyannaməsinin elan edildiyi bina ilə də tanış olublar.

Azərbaycanlı jurnalistlərə məlumat verilib ki, Gürcüstan dövlətinin və Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal bəyannamələrinin elan edildiyi tarixi bina çar Rusiyası dövründə Qafqaz canişinliyinə məxsus olub. Bina hazırda “Gənclər evi” kimi fəaliyyət göstərir.

Bildirilib ki, 1918-ci il fevralın 23-də bu binada Gürcüstan, Azərbaycan və Ermənistan təmsilçilərindən ibarət Zaqafqaziya Seymi çağırılıb. Seymdə müsəlmanlar say etibarilə üstünlük təşkil edib. Həmin dövrdə müsəlman fraksiyasının 50 üzvü olub. Gürcüstan sosial demokratlarının 32, ermənilərin isə 27 üzvü seymdə təmsil edilib.

Gürcüstan 1918-ci il mayın 26-da Zaqafqaziya Seymindən ayrıldığını bəyan edib və bununla da seym buraxılıb. Mayın 27-də isə seymin azərbaycanlı nümayəndələri müvəqqəti Milli Şuranın yaradıldığını elan ediblər. Şuraya sədrlik Məhəmməd Əmin Rəsulzadəyə həvalə olunub. Bir gün sonra isə Milli Şuranın 26 üzvünün iştirak etdiyi ilk iclasında İstiqlal Bəyannaməsi qəbul olunub. Beləliklə, 1918-ci il mayın 28-də Tbilisinin mərkəzindəki bu binada Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı rəsmən elan edilib. Yeni yaranmış hökumət və Milli Şura iyunun 16-dək, yəni Gəncəyə köçürülənədək bu binada fəaliyyət göstərib.

Azərbaycan nümayəndə heyətinin üzvləri bina ilə yaxından tanış olublar.

Jurnalistlər bir vaxtlar gərgin müzakirələrin aparıldığı Güzgülü salon, sənədlərin imzalandığı Ağ salon və qərarların oxunduğu, iclasların keçirildiyi Qırmızı zalları gəziblər.

Bundan başqa, KİV nümayəndələrinin və deputatların bir qrupu Gürcüstan parlamentində olub.

Görüşdə Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Azərbaycan media mənsublarının Tbilisiyə səfərinin məqsədi barədə məlumat veriblər.

Ə.Amaşov deyib ki, iki ölkə arasındakı əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Münasibətlərin belə yüksək səviyyəyə çatmasında parlamentlərin rolunu xüsusi vurğulayan Mətbuat Şurasının sədri beynəlxalq tədbirlərdə milli maraqlara cavab verən taleyüklü məsələlərdə hər iki ölkə deputatlarının eyni mövqedən çıxış etmələrini yüksək qiymətləndirib.

V.Səfərli ölkələr arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsində kütləvi informasiya vasitələrinin rolunu xüsusi qeyd edib. O, hər iki ölkənin media nümayəndələri arasında birbaşa əlaqələrin yaradılması üçün qarşılıqlı səfərlərin və tədbirlərin təşkilinin vacibliyini bildirib.

Gürcüstanın GUAM Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Gürcüstan-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun üzvü Giorgi Mosidze bildirib ki, ölkəsi Azərbaycan ilə əlaqələrin bütün sahələrdə inkişafında maraqlıdır. O, deputatların və KİV nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkili və intensivləşdirilməsi üçün səylərini artıracağını bildirib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin, media nümayəndələri Azərbaycanın Gürcüstandakı Səfirliyində olub, Azərbaycan dramaturgiyasının banisi, böyük mütəfəkkir, ictimai xadim Mirzə Fətəli Axundovun ev müzeyini ziyarət ediblər.

Növbəti gün media nümayəndələri Marneuliyə səfər ediblər. Orada Borçali ictimaiyyətinin təmsilçiləri ilə görüş keçirilib. Görüşdə yerli əhəmiyyətli məsələlər müzakirə olunub.

Tbilisidə səfərlə bağlı jurnalistlərə açıqlamasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru V.Səfərli qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi ilə əlaqədar fondun hazırladığı tədbirlər planı çərçivəsində baş tutan səfərin məqsədi jurnalistləri Cümhuriyyətin yaradıcılarının fəaliyyəti, zəngin ideya irsi ilə yaxından tanış etməkdir: “Bizim başqa məqsədlərimiz də var. Bu gün Azərbaycan və Gürcüstan KİV-ləri arasındakı əlaqələr çox zəifdir. Biz bu münasibətləri daha da inkişaf etdirmək, bu yolla iki ölkə arasında əlaqələrə töhfə vermək istəyirik. Bu məqsədlə də Tbilisidə, eləcə də Gürcüstanın regionlarında bir sıra görüşlər keçirəcək, qarşıya qoyduğumuz məqsədlə bağlı müzakirələr aparacağıq”.

V.Səfərli bildirib ki, artıq Gürcüstan parlamentində bu mövzuda keçirdikləri görüşdə müzakirələr olub və qarşı tərəf Azərbaycan jurnalistlərinin təşəbbüsünü alqışlayıb.

İcraçı direktorun fikrincə, KİV nümayəndələri arasında möhkəm dostluq əlaqələri iki dost və qardaş xalqların münasibətlərinin bütün sahələrdə inkişafına töhfə verəcək.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

 





19.10.2018    çap et  çap et