525.Az

İşğalçı ölkə xəbərdarlıqlardan nəticə çıxarmalıdır


 

“PAŞİNYANIN ERMƏNİSTANI NORMAL DÖVLƏTƏ ÇEVİRMƏK ÜÇÜN YEGANƏ XİLAS YOLU AZƏRBAYCANLA SÜLHƏ NAİL OLMAQDIR”

İşğalçı ölkə xəbərdarlıqlardan nəticə çıxarmalıdır<b style="color:red"></b>

Azərbaycan dövlətinin işğalçı Ermənistana qarşı həyata keçirdiyi hücum diplomatiyası ciddi nəticələr verməkdədir.

Beynəlxalq münasibətlər sistemində mövqeyini daha da möhkəmləndirən, xarici ölkə və təşkilatlarla əlaqələrini inkişaf etdirən Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində həyata keçirdiyi fəaliyyət təcavüzkar ölkənin əksər beynəlxalq platformalarda uğursuz iştirakı ilə yadda qalır. Dünya dövlətləri, ayrı-ayrı güc mərkəzləri işğalçıya qarşı hücum diplomatiyası həyata keçirən ölkəmizin ərazi bütövlüyünə birmənalı dəstək ifadə edir, regionda sülh və təhlükəsizliyin təmin olunması üçün işğal siyasətinə son qoyulmasını zəruri hesab edirlər. Prezident İlham Əliyevin son dövrlər xarici ölkə rəsmiləri, beynəlxalq təşkilat rəhbərləri ilə keçirdiyi görüşlərdə verilən bəyanatlar, səslənən fikirlər bütün bu deyilənləri bir daha təsdiqləyir.

Həm NATO üzv dövlətlərinin Brüssel sammitinin yekununda qəbul edilən kommunikedə, həm Almaniya kansleri Angela Merkel, həm də ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavinin köməkçisi Corc Kentin Bakı səfəri zamanı keçirilən mətbuat konfransında dövlətimizin ərazi bütövlüyünün təmin olunmasının vacibliyi bildirilib, Ermənistanın işğalçılıq siyasəti pislənib. Həmçinin, Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanması nəzərdə tutulan əməkdaşlıq sənədində, eləcə də Almaniya hökumətinin Bundestaqın radikal sağçı AfD fraksiyasının sorğusuna cavabında ölkəmizin ərazi bütövlüyünə hörmət və dəstək məsələsi ön planda yer alıb, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında münaqişənin həlli istiqamətində səylərin davam etməsinin vacibliyi qeyd olunub, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu bir daha vurğulanıb.

Daha sonra bu xüsusda Ermənistanda səfir kimi fəaliyyətinin son günlərini yaşayan amerikalı diplomat Riçard Millsin erməni mediasına müsahibəsində səsləndirdiyi fikirlər diqqəti çəkir. R.Millsin Ermənistan hakimiyyətinə ünvanladığı xəbərdarlıq xarakterli mesajda işğal olunmuş torpaqların geri qaytarmasının vacibliyi qeyd olunub. Hətta vəziyyət o həddə çatıb ki, Ermənistanın ev sahibliyi ilə keçirilən Frankofoniya sammiti də düşmən ölkə rəhbərliyinin gözləntilərini doğrultmayıb, təşkilatin mövqe mübarizəsi, daxili çəkişmələrdən doğan ziddiyyətlərlə yadda qalan İrəvan sammitinin yekun bəyanatında münaqişənin həllinin əsaslarının Helsinki Yekun Aktının təşkil etdiyi öz əksini tapıb. Bir sözlə dünya birliyi, ayrı-ayrı dövlətlər, beynəlxalq təşkilatlar rəsmi Bakının ədalətli mövqeyinə haqq qazandırır.

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin son iclasında qeyd etdiyi kimi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi müzakirə mövzusu deyil. Münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupuna üzv dövlətlərə, o cümlədən, həmsədr ölkələrə münaqişənin həllinin əsasında BMT Təhlükəsizlik Şurasının qətnamələri və Helsinki Yekun Aktı dayanadığı yaxşı məlumdur. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə görə Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Helsinki Yekun Aktında isə ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prioritet prinsiplər kimi müəyyən olunub. Münaqişənin həllində irəliləyiş əldə etmək üçün atılmalı olan addımların nədən ibarət olduğu hər kəsə aydındır və bu mövqe yalnız Minsk qrupunun həmsədrləri səviyyəsində yox, dövlət və hökumət başçıları və digər səviyyələrdə də açıq və ictimai şəkildə ifadə olunur. İlk növbədə mərhələli şəkildə Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Ermənistanın danışıqlar prosesini pozmasına imkan verilməməli və üzərinə düşən öhdəliklərin yerinə yetirilməsi təmin edilməlidir. Bu mənada, MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən sammitində Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan söhbət əsnasında qarşı tərəfin əvvəlki, qeyri-kontruktiv mövqeyindən, danışıqların pozulmasına hesablanmış təxribat xarakterli fikirlərindən geri çəkiləcəyini bəyan etməsindən bir müddət sonra əldə olunmuş bu razılaşmanın ruhuna zidd addımların atılması - işğal olunmuş ərazilərə qeyri-qanuni səfərlərin həyata keçirilməsi, Kəlbəcərdə Sidney qəsəbəsinin salınması və Araz çayı boyunca işğal olunmuş ərazilərimizlə Ermənistanı birləşdirən yeni yolun çəkilməsi barədə niyyətlərin ifadə olunması heç də sülh prosesinə sadiqlik nümayiş etdirilməsi anlamına gəlmir. Bu o deməkdir ki, beynəlxalq ictimaiyyətin ardıcıl mövqeyinə və Azərbaycanın nümayiş etdirdiyi konstruktivliyə və xoş niyyətə baxmayaraq, Ermənistan işğal olunmuş ərazilərdə qeyri-qanuni əməllərini və təxribatçı siyasətini davam etdirir.

Mövzu ilə bağlı fikirlərini bildirən politoloq İlqar Vəlizadə qeyd edib ki, Ermənistanda seçkilər nəticəsində Paşinyan hakimiyyətdə legitimliyini təsdiqlədikdən sonra orada ötən aylarda gedən proseslər daha mütəşəkkil qaydada davam etdiriləcək. O, SİA-ya bildirib ki, keçmiş siyasi elitanın nümayəndələrinə qarşı proseslər daha da genişləndiriləcək: “Seçki müddətində Paşinyan daha çox daxili məsələlərə fikir verəcək. Lakin bununla yanaşı, o, Dağlıq Qarabağ məsələsinə diqqət ayırmağa məcbur ediləcək. Artıq ATƏT-in Minsk qrupu, ABŞ və digər ölkələr onun danışıqlar prosesinə fikir verməyə məcbur edirlər. Bu baxımdan reallıq, cəbhədə baş verənlər onun problemin həllində mövqe bildirməyə yönəldəcək”.

Seçkidən sonra Paşinyanın öz mövqeyinə əl gəzdirərək, artıq Ermənistanın təmsilçisi kimi danışıqlar prosesini nəzarət altına almağa məcbur olacağını deyən İ.Vəlizadə söyləyib ki, o, danışıqlarda separatçı qurumun deyil, özünün mövqe sərgiləməsinin vacibliyini dərk edir: “İlk aylarda Ermənistanın digər rəhbərləri kimi, Paşinyan da Dağlıq Qarabağ münaqişəsinin həllini ləngitməyə çalışacaq. Yəni seçkilərdən dərhal sonra onun konstruktiv addım atacağın gözləyə bilmərik”.

Seçki ərəfəsində Ermənistan tərəfindən Azərbaycana qarşı təxribatların qaçılmaz olacağın deyən politoloq qeyd edib ki, bu təxribatlar Ermənistan hakimiyyəti ilə separatçı qurum arasında olan ziddiyyətlərdən qaynaqlana bilər: “Ermənistan tərəfindən həyata keçirilən siyasətin dayanıqlı olmadığını nəzərə alsaq, biz bu ərəfələrdə təxribatlara, cəbhədə vəziyyətin dəyişməsinə hazır olmalıyıq”.

Milli Məclisin deputatı Asim Mollazadə isə hesab edir ki, Ermənistanda Paşinyan yeni hakimiyyətini gücləndirməyənə qədər problemin həlli ilə bağlı ciddi danışıqlar aparılmayacaq: “Yalnız seçkilərdən, yeni hökumətin formalaşmasından sonra biz Ermənistanın danışıqlara başlayacağını gözləyə bilərik. Hələlik onların fikri yalnız öz daxili məsələlərinə qarışıb”.

Deputat qeyd edib ki, Paşinyanın Ermənistanı normal dövlətə çevirmək üçün yeganə xilas yolu Azərbaycanla sülhə nail olmaqdır: “Paşinyan bu yolu seçməsə, Ermənistan dövləti tam məhv ola bilər. Onsuz da Ermənistan hərbi bazaya bənzəyən bir ərazidir. Lakin Azərbaycanın işğal olunmuş ərazilərini geri qaytarıb sülhə nail olmaqla Paşinyan Ermənistanı xilas edə bilər”.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan  SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir. 1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir. Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən, BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Ceyhun ABASOV

 





20.10.2018    çap et  çap et