525.Az

Oqtay Mirqasımovun yubileyinə həsr olunmuş tədbir keçirildi


 

Oqtay Mirqasımovun yubileyinə həsr olunmuş tədbir keçirildi <b style="color:red"></b>

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində xalq artisti, tanınmış kinorejissor Oqtay Mirqasımovun 75 illik yubileyinə həsr olunmuş “Kino həyatın bir zərrəsidir” adlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Yasamal rayon MKS-nin direktoru, tarix elmləri üzrə fəlsəfə doktoru Lətifə Məmmədova açaraq, qonaqları salamlayıb. O, kinorejissorun yaradıcılıq fəaliyyəti haqqında maraqlı faktlar söyləyib və qeyd edib ki, Oqtay Mirqasımovun yaradıcılığı Azərbaycanın kino tarixində xüsusi yer tutur.

Tədbirdə Milli Məclisin deputatı Aydın Mirzəzadə, əməkdar incəsənət xadimi Aydın Kazımzadə, Yasamal rayon İcra Hakimiyyətinin Humanitar şöbəsinin müdiri Zöhrab Cəfərov, “Dünya azərbaycanlılarının həmrəyliyinə dəstək” QHT-nın prezidenti Tofiq Əlizadə, “ELS - Müstəqil Araşdırmalar Mərkəzi” ictimai birliyinin rəhbəri İradə Yaqubova, digər ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Oqtay Mirqasımovun filmlərinin əhəmiyyətindən danışan Milli Məclisin deputatı Aydın Mirzəzadə vurğulayıb ki, bu filmlərdə vətənpərvərlik mövzusu, cəsarət və mərdlik hissləri qabarıq şəkildə təqdim edilir. Qeyd edib ki, kinorejissor O.Mirqasımov vətənə, onun tarixinə, adət-ənənələrinə böyük məhəbbətlə yanaşır, istedadlı insanları öz əsərlərində əbədiləşdirir.

Prezident təqaüdçüsü, görkəmli kino tənqidçisi Aydın Kazımzadə çıxışında rejissorun tərcümüyi-halına, keçdiyi həyat yoluna və şəcərəsinə nəzər salıb, O.Mirqasımov haqqında maraqlı faktlar söyləyib. Qeyd edib ki, Oqtay Mirqasımov bir neçə sənədli, bədii filmlərin quruluşçu rejissoru və ssenari müəllifidir, filmlərin çəkilişində musiqiyə böyük əhəmiyyət verir. Onun görkəmli incəsənət xadimləri Qara Qarayev və Rəşid Behbudov haqqında çəkdiyi filmlər öz orjinallığı ilə seçilir.

Sonra Təbrizli həmyerlimiz Hədyə Zəhra Əhmədi dahi Füzulinin qəzəllərini və ustad Şəhriyarın şeirlərini səsləndirib.

Yubiley gecəsində kinorejissorun həyat və yaradıcılığına həsr edilmiş “Oktay Mir-Qasım–75” adlı virtual fotoalbom nümayiş olunub, onun “Это звуки истины”, “Ovsunçu”, “Qisas almadan ölmə”, “1001 qastrol”, “Günaydın, Mələyim”, «Чертик под лобовым стеклом» filmlərindən fraqmentlər göstərilib.

Tədbir Azərbaycan Milli Konservatoriyasının tələbəsi, Beynəlxalq müsabiqələr laureatı İslam Qasımovun “1001 qastrol” sənədli filmindən Rəşid Behbudovun “Ey, Vətən” mahnısının canlı ifası ilə bitib.

 





20.10.2018    çap et  çap et