525.Az

Dövlət Strategiyası müəllimlərin peşəkar inkişafı üçün yeni imkanlar yaradıb


 

Dövlət Strategiyası müəllimlərin peşəkar inkişafı üçün yeni imkanlar yaradıb<b style="color:red"></b>

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbul olunmasından 5 il keçir. Dövlət Strategiyasının əsas istiqamətlərindən biri də təhsilalanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən yüksək nüfuzlu təhsilverənin formalaşdırılmasıdır.

Dövlət Strategiyasının hədəflərinə uyğun olaraq yaradılan Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktoru (TİPİİ) Vəfa Yaqublu deyir ki, artıq “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbul olunmasının 5 ili tamam olur. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu bu Strategiyanın “övladı” sayılır”. Hesabat vermək, nə etdiyini, niyə etdiyini sübut edə bilmək üçün 5 il iqtisadiyyatın başqa sahələri üçün kifayət qədər uzun vaxtdır: Ancaq təhsil elə spesifik sahədir ki, 5 il ərzində görülən  işin real təsirini hiss etmək o qədər də asan olmayacaq.

Onun sözlərinə əsasən, müəllimin peşəkar inkişaf imkanlarının düzgün müəyyənləşdirilməsi üçün əsas mənbə diaqnostik qiymətləndirmənin nəticələridir: “Diaqnostik qiymətləndirmə aşkar etdi ki, standartlara əsaslanan tədrisin təşkilində müəllimlərin böyük problemləri var. Uzun müddət ərzində fənnini yalnız ümumi orta təhsil səviyyəsində tədris edən müəllim artıq tam orta təhsil səviyyəsi üzrə məzmundan uzaq düşüb. Müəllimlər öz fənni ilə bağlı elmi, ya da ictimai olmasından asılı olmayaraq, yeniliklərlə tanış deyillər. Eyni zamanda, elmin sürətli inkişafı, informasiya bolluğu, dərsliklərin yenilənməsi və digər məsələlərin ortaya çıxardığı səbəblərlə əlaqədar olaraq peşəkar inkişafa ehtiyac duyurlar”.

Diaqnostik qiymətləndirmənin nəticələri təhsilverənlər üçün 3 vacib tələbi üzə çıxarıb. Təhsilverən fənnin məzmunu ilə bağlı mövcud biliklərini yeniləməli, fənnin tədrisi metodikası üzrə səriştəliliyi artırmalı və müasir pedaqoji yanaşmaların tətbiqi yollarını öyrənməlidir.

V.Yaqublu buraxılış imtahanlarında şagirdlərin nümayiş etdirdiyi təlim nəticələrinə və burada müşahidə olunan problemlərə də diqqət çəkib. Onun dediyinə görə, şagirdlər nəzəri biliyin yoxlanmasına yönələn sualların cavablandırılmasında çətinlik çəkmirlər. Amma oxuduğu mətni təhlil etmək, ümumiləşdirib əsaslandırmaqla fikir yürütmək, riyazi, ya da təbiət fənninin sualı əsasında müəyyən bacarıqları nümayiş etdirmək lazım gələndə problemləri ortaya çıxır: “Səbəb məktəbdə biliklərin verilməməsi deyil. Beynəlxalq qiymətləndirmələrin nəticələri də göstərir ki, şagirdlərimiz əldə etdikləri biliklərlə bağlı sualları cavablandırırlar. Ancaq bacarıqların nümayişində əziyyət çəkirlər”.

Aparılan monitorinqlər davranışla bağlı məsələləri də ortaya çıxarıb. Məlum olub ki, müəllimlər heç də yeniliklərin əleyhinə deyillər. Onlar yenilikləri qəbul edir və dəstəkləyirlər. Ancaq həmin yeniliklərin tətbiqinin daha səmərəli yollarını bilmədiklərindən bəzi məsələlərin tədrisini tələb olunan səviyyədə təşkil edə bilmir və ya diqqətdən kənarda saxlayırlar: “Beləliklə, araşdırma, təhlil və müşahidələr əsasında müəllimlərin ehtiyacı müəyyənləşdirilir və həmin istəyə uyğun olaraq ixtisasartırma proqramları təklif edilir. Proqramlarda standartlara əsaslanan məzmun öyrədilir. Müəllimlərlə düşünmə bacarıqları tələb edən tapşırıqlar həll olunur və hazırlanması təcrübəsi həyata keçirilir. Onlara məqsədəmüvafiq və etibarlı qiymətləndirmə öyrədilir. Məlumata görə, 2018-ci ildə fənnin məzmunu üzrə aparılan ixtisasartırma təlimləri 2 şəhər, 31 rayon üzrə 12050 nəfəri əhatə edib. Onların qiymətləndirilməsi hələ keçirilməyib. TİPİİ-də sadəcə fənnin məzmunu üzrə proqramlar deyil, müxtəlif adda proqramlar hazırlanıb. Həmin proqramlar müəllimlərin ehtiyacına uyğun hazırlanıb”.

V.Yaqublu vurğulayıb ki, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu müxtəlif ali və əlavə təhsil müəssisələri tərəfindən ölkədə aparılan təlimlərin ixtisasartırma təhsili kateqoriyasına daxil edilməsi üçün müəyyən qaydalara cavab verməsini tənzimləyir və buna görə məsuliyyət daşıyır: “Bundan başqa, müəllimlərin işə qəbulu müsabiqəsini də məhz TİPİİ təşkil edir. Təhsil işçilərinin peşəkar ehtiyaclarının müəyyənləşdirilməsi, ixtisasartırma proqramlarının hazırlanması, rəy üçün təqdim edilmiş proqramların təsdiqi, təlimlərin monitorinqi, təlim iştirakçılarının yekun qiymətləndirilməsi və müvafiq sertifikatların verilməsi TİPİİ-nin vəzifəsidir. Müəllimlər üçün öyrədici təlim resursları da TİPİİ-də hazırlanır. Tövsiyələr, videoçarxlar, elektron metodik vasitələr və s. hər zaman maraqla qarşılanır”.

Peşəkar İnkişaf proqramlarının yekununda müdavimlərin qiymətləndirilməsinin məqsədlərinə də toxunan V.Yaqublu qeyd edib ki, burada 2 məqsəd var: “Həm ixtisasartırma təlimində iştirak edən müdavimlərin nə dərəcədə müvəffəqiyyətlə həmin təlimlərin məzmununu mənimsədiyini, həm də təlim proqramının özünün nə qədər müvəffəqiyyətli olduğunu müəyyənləşdirmək üçün qiymətləndirilmələr keçilir. Həmin qiymətləndirilmənin nəticəsi olaraq da proqramlar təkmilləşdirilir”.

S.QARAYEVA

 





20.10.2018    çap et  çap et