525.Az

Təhsil kreditləri yenidən gündəmdə


 

Təhsil kreditləri yenidən gündəmdə<b style="color:red"></b>

Təhsil kreditləri ilə bağlı məsələ yenidən aktuallaşıb. Parlamentin payız sessiyasının ilk iclaslarında bu məsələ növbəti dəfə gündəmə gətirilib, onun zəruriliyi bir daha vurğulanıb.

Millət vəkillərindən bir neçəsi, o cümlədən, illər öncə adıçəkilən məsələ ilə bağlı qanun layihəsi hazırlayan və onu parlament (komitə) müzakirələrinə təqdim edən millət vəkilləri Vahid Əhmədov və Əli Məsimli bu məsəlini təkrar parlament müstəvisinə daşıyıblar. Onlar, eləcə də, digər bir neçə millət vəkili təhsil haqlarının ödənilməsində problemlərin yaranmasını, xüsusilə də, bu il bir çox ali məktəblər üzrə ödənişlərin artırılmasını əsas gətirərək, bu məsələnin həllini önə çəkiblər.

Millət vəkili Əli Məsimli “525”ə açıqlamasında bir daha təhsil kreditləri ilə bağlı qanuna çox ciddi ehtiyac olduğunu bildirib. Onun sözlərinə görə, artıq bu məsələ özünün həllini tapmalıdır: “İnsanların böyük gözləntiləri var. Bu, cəmiyyətin sosial sifarişidir. Odur ki, bizim də hazırladığımız qanun layihəsindən istifadə etməklə, yeni təkmil qanun layihəsi hazırlanaraq müzakirələrə çıxarılmalı və qəbul olunmalıdır”.

Millət vəkili Vahid Əhmədov isə qeyd edib ki, bu məsələdə artıq gecikməyə yol vermək olmaz: “Bu, çox ciddi məsələdir. İnsanlarımız, övladları ödənişli ixtisaslarda oxuyan valideynlərimiz, pullu oxuyan tələbələrimiz bunu çox böyü səbirsizliklə gözləyirlər. Nə qədər istedadlı gəncimiz təhsil haqlarını ödəyə bilmədikləri üçün təhsillərini ya başlamadan dayandırmağa, ya da yarıda dayandırmağa məcbur olublar, olurlar. Bu, gələcək inkişafımız da əngəl törədir. Hesab edirəm ki, bu məsələyə qayıdılmalı və onun həlli yolunda müvafiq addımlar atılmalıdır. Çox yaxşı haldır ki, parlamentin Elm və təhsil komitəsi də belə bir sənəd üzərində işləyir. Bizim də hazırladığımız layihədən istifadə etməklə, yeni qanun layihəsi tezliklə təkmil şəkildə müzakirələrə çıxarılmalı və qəbul olunmalıdır. Bu məsələni ali məktəblər tərəfindən yaradılmış Fondla heç cür yoluna qoymaq olmaz və bu,  mümkün də deyil. Çünki ondan yararlananlar çox azdır. Qarşıdan da büdcə müzakirələri gəlir və müzakirələr zamanı bir daha bu məsələni qaldıracağam. İnanıram ki, bu məsələ öz müsbət həllini tapacaq”.

Milli Məclisin (MM) Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli də hesab edir ki, belə bir qanunun qəbulu olduqca vacibdir: “Komitəmiz tərəfindən adıçəkilən qanun layihəsinin hazırlanması yönündə axtarışlar davam edir, müəyyən materallar artıq toplanılıb, təhlillər aparılıb. Biz də komitə olaraq hesab edirik ki, bu qanun zərurətdir, onu qəbulu mütləq lazımdır. Həmçinin, ondan təkcə bakalavr pilləsində oxuyan tələbələr deyil, magistrantlar və doktorantlar da yararlanmalıdır. Həmçinin, özəl strukturlar, maliyyə-bank sektoru, iş adamları bu qanun qəbuluna ciddi dəstək verməlidir, çünki maliyyə tutumludur. Bu, elə ilk növbədə onların özünün xeyrinədir. Amma bütün hallarda belə bir məsələ ortadadır və onun reallaşacağı gün də çox uzaqda deyil”.

Kamil HƏMZƏOĞLU

 





20.10.2018    çap et  çap et