525.Az

Azərbaycanın reallaşdırdığı növbəti uğurlu layihə: "Star"


 

"TÜRKİYƏ VƏ AZƏRBAYCAN BİRGƏ SƏYLƏRLƏ GÜCLÜ SİYASİ İRADƏ NÜMAYİŞ ETDİRƏRƏK AVRASİYANIN ENERJİ VƏ NƏQLİYYAT XƏRİTƏSİNİ YENİDƏN CIZIR"

Azərbaycanın reallaşdırdığı növbəti uğurlu layihə: <b style="color:red">"Star"</b>

Artıq fəaliyyətə başlayan "Star" neft emalı zavodu iki qardaş ölkə - Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə əməkdaşlığın daha da inkişafına, strateji xarakterli əlaqələrin daha da möhkəmlənməsinə böyük töhfədir.

SOCAR-ın 6,3 milyard dollar kapitalla Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda, "Petkim" neft-kimya kompleksinin ərazisində inşa etdiyi bu zavoda ilk neft yükü məhz Azərbaycandan olmaqla 80 min ton "Azeri Light" markalı neft çatdırılıb. Zavod 5 milyon ton dizel yanacağı istehsal etmək imkanına malikdir və Türkiyənin idxalının 40 faizə düşməsinə səbəb olacaq. Həmçinin, mayeləşdirilmiş qazın idxal səviyyəsi 70 faizə enəcək. "Star" neftin qiymətindən asılı olaraq, hər il 6-8 milyard dollarlıq ticarət həcmi formalaşdıracaq.

"Star" neft emalı zavodunda hər il 10 milyon ton xam neft emal ediləcək. Zavodda ildə 1,6 milyon ton nafta, 1,6 milyon ton təyyarə yanacağı, 4,8 milyon ton az kükürdlü dizel yanacağı, 700 min ton neft koksu, 420 min ton qarışıq ksilen və 160 min ton kükürd istehsal olunacaq. Zavod "Petkim" neft-kimya kompleksinin nafta və qarışıq ksilenə olan tələbatını tam ödəyəcək.

Zavodun açılış mərasimində çıxış edən Prezident İlham Əliyevin qeyd etdiyi kimi, oktyabrın 19-u Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrinin tarixində çox gözəl və əlamətdar bir gündür: "Xatırlayıram ki, 7 il bundan əvvəl əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla burada, Əliağada "Star"ın təməlini qoyduq və bu gün bu nəhəng layihənin açılışını bərabər edirik. Bu, bir daha onu göstərir ki, biz qarşımıza qoyduğumuz bütün hədəflərə uğurla çatırıq. Bir daha onu göstərir ki, belə nəhəng layihələrin icrası üçün Türkiyə və Azərbaycan liderlərində güclü siyasi iradə var. Bu layihənin həyata keçməsinin əsas səbəbi Türkiyə-Azərbaycan dostluğu, qardaşlığıdır".

Bu gün Türkiyə-Azərbaycan əlaqələrinin ən yüksək səviyyədə olduğunu deyən dövlət başçısı bildirib ki, bu da təbiidir, çünki əsrlər boyu biz birlikdə yaşamışıq, bir yerdə olmuşuq: "Tarixin bəzi məqamları bizi bir-birimizdən ayırıb, amma bu, müvəqqəti xarakter daşıyırdı. Biz yüz il bundan əvvəl birlikdə idik, ondan əvvəlki dövrdə də birlikdə idik, bu gün də bir yerdəyik".

Bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda ötən ay keçirilmiş möhtəşəm hərbi paradda iştirak etdiyini xatırladan prezident qeyd edib ki, bu hərbi paradda Türkiyə və Azərbaycan əsgərləri çiyin-çiyinə Bakının ən böyük meydanı olan Azadlıq meydanından şərəflə keçiblər: "1918-ci ilin 15 sentyabr tarixi bir gündür. Məhz o gündə Bakı şəhəri Nuru paşanın komandanlığı altında Qafqaz İslam Ordusu və yeni yaradılmış Azərbaycan Milli Ordusu tərəfindən işğaldan azad edilib. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. Çünki ilk dəfə olaraq müsəlman aləmində Cümhuriyyət yaranıb. Ancaq Bakı, bizim qədim tarixi şəhərimiz işğal altında idi. Yeni yaradılmış hökumət Gəncə şəhərində fəaliyyət göstərirdi. Nuru paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun Gəncədən Bakıya möhtəşəm yürüşü və hərbi zəfəri nəticəsində Bakı işğalçılardan azad edildi və öz sahibinə, Azərbaycan xalqına qaytarıldı. O gündən bir neçə gün sonra Bakı Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı elan edildi. Bu, unudulmaz tarixdir və yüz il o tarixdən sonra Türkiyə və Azərbaycan prezidentlərinin iştirakı ilə Bakıda təşkil edilmiş möhtəşəm mərasim bizim birliyimizi bir daha göstərdi. Göstərdi ki, bizim birliyimiz sarsılmazdır, bizim birliyimiz əbədidir, yüz il bundan əvvəl biz bir yerdə idik, bu gün də bir yerdəyik".

"Star Rafineri"nin yaradılması üçün Azərbaycanın 6,3 milyard dollar yatırım etdiyini xatırladan prezident İlham Əliyev məlumat verib ki, növbəti mərhələdə əlavə 700 milyon dollar yatırım ediləcək: "Bu, bizim xaricə qoyduğumuz ən böyük yatırımımızdır və bu, təbiidir. Eyni zamanda, biz digər önəmli layihələri birlikdə həyata keçirdik. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP neft-qaz kəmərlərinin, Cənub Qaz Dəhlizinin, Bakı-Tbilisi-Qars dəmir yolunun yaradılması - bunların hər biri özlüyündə nəhəng bir layihədir və nəinki ölkələrimiz, xalqlarımız üçün, bölgə, dünya, Avrasiya üçün çox böyük önəm daşıyır. Türkiyə və Azərbaycan birgə səylərlə güclü siyasi iradə nümayiş etdirərək Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən cızır. Bunu biz edirik və bu yeni xəritələrin altında bizim imzamız var. Bütün bunları biz birgə səylərlə etdik. Bütün bu layihələr böyük maliyyə yatırımı tələb edən layihələrdir. Burada artıq qeyd edildi ki, biz qardaş ölkələrin iqtisadiyyatına böyük sərmayə yatırmışıq. Təkcə Əliağaya qoyulan sərmayə 10 milyard dollara yaxındır və gələcəkdə bu rəqəm daha da artacaq. Bir sözlə, bu gün "Star Rafineri"nin açılışı timsalında biz birliyimizin, həmrəyliyimizin, dostluğumuzun əlamətini görürük. Əminəm ki, bundan sonra da Türkiyə və Azərbaycan yalnız uğurlar yolu ilə gedəcək".

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə çıxış edərək bildirib ki, "Star" neft emalı zavodunun açılışı ilə dünyaya örnək olan əlaqələrimizi bir addım da inkişaf etdiririk: "Azərbaycan ilə əlaqələrimizi təkcə cəsarət, təkcə siyasət miqyasında deyil, güclü iqtisadi çərçivədə davam etdiririk. Bu müəssisə enerji sahəsində həmrəyliyimizi gücləndirmək üçün uzun müddət gördüyümüz işlərin ən mühüm və konkret örnəklərindən biridir. Daha əvvəl Bakı-Tbilisi-Ceyhan neft boru kəməri və Bakı-Tbilisi-Ərzurum təbii qaz boru kəməri layihələrini həyata keçirmişdik. Bu ilin iyununda hər biri xüsusi əhəmiyyətə malik bu strateji layihələrə regional və qlobal miqyasda nüfuza sahib olacaq TANAP-ı da əlavə etdik. İndi açılışını etdiyimiz "Star" neft emalı zavodu ilə Azərbaycanla qardaşlıq əlaqələrimizin strateji miqyasını daha da gücləndirmiş oluruq".

R.T.Ərdoğan qeyd edib ki, Türkiyə və Azərbaycanın liderliyi ilə həyata keçirilən hər bir layihə ölkələrimizin regional gücə çevrilmək qabiliyyətini qüvvətləndirməkdədir: "Dünyanın ticarət müharibələri və böhranlarla sarsıldığı bir dövrdə bir-bir açılışını etdiyimiz bu layihələrin ölkələrimizi həm ayrılıqda öz qayələrinə, həm də ortaq hədəflərinə yaxınlaşdırdığına inanıram. Hər şeydən əvvəl 6,3 milyard dollarlıq bir sərmayə - "Star" neft emalı zavodu. Amma bundan başqa konteyner limanı, digər tərəfdən isə ilk açılışı ilə addımını atdığımız neft-kimya müəssisələri - bütün bunları ümumilikdə hesabladıqda söhbət təxminən 10 milyard dollarlıq sərmayədən gedir".

Türkiyə prezidenti vurğulayıb ki, Azərbaycan və Türkiyə iki dövlət, bir millət olaraq bölgədəki bütün xalqların təhlükəsizliyi, sabitliyi, rifahı və zənginliyi üçün çalışır: "Türkiyə və Azərbaycanın bölgəmizin təhlükəsizliyinin və sabitliyinin əsas aktorları olduğu artıq hamı tərəfindən qəbul edilməyə başlanıb. Bu iki ölkənin qoşulmadığı, razı olmadığı və dəstək vermədiyi heç bir layihə hədəfinə çata bilməz. Bununla yanaşı, Azərbaycan torpaqlarının 20 faizinin əsrin dörddəbiri qədər işğal altında qalması qəbul edilə bilməz. Ölkəmizin və Azərbaycanın bu münaqişənin həlli istiqamətində göstərdiyi təşəbbüslərə beynəlxalq ictimaiyyət daha səssiz qala bilməz. BMT başda olmaqla regional və qlobal problemlərin həlli üçün qurulan təşkilatların bu səssizliyi onların özlərini də məhvə sürükləyir. Haqq-ədalət duyğusundan uzaq, içi boş olan beynəlxalq qurumun heç bir cəmiyyətin və şəxsin gözündə etibarı qalmaz. Biz, beynəlxalq ictimaiyyətin Qarabağ məsələsi başda olmaqla dünyada ortaya çıxan haqsızlıqlara "Dur!" deməsini gözləyirik. Sabitliyin, əmin-amanlığın, rifahın təmin olunması qaydaları istisnasız bütün dövlətlər üçün tətbiq edilməzsə, kimsə gələcəyinə əminliklə baxa bilməz. Türkiyə və Azərbaycan olaraq biz istənilən vəziyyətdə və şərtlər altında inandığımız dəyərlər uğrunda apardığımız birgə mübarizəni davam etdirəcəyik. Allahın izni ilə bu müqəddəs mübarizəmizdə müvəffəqiyyət qazanacağıq".

"Star" neft emalı zavonun fəaliyyətə başlamasıyla bağlı fikirlərini bildirən Milli Məclisin deputatı Tahir Mirkişili qeyd edib ki, Azərbaycan bu cür layihələrlə iqtisadi gücünü daha da artırır. O, "Trend"ə bildirib ki, Azərbaycan iqtisadiyyatında keyfiyyət dəyişiklikləri sürətlə baş verməkdədir: "Əsasən emal sənayesi və əlavə dəyər yaradan sahələrin inkişafını özündə ehtiva edən bu dəyişikliklər Azərbaycanın gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir”.

Deputatın sözlərinə görə, Türkiyədə inşası başa çatan "Star" neft email zavodu da bu cür mühüm layihələrdən biridir: "6,3 milyard dollar dəyəri və Türkiyədə son 30 ildə real sektorda ən böyük investisiya layihəsi olan bu zavod Türkiyənin xam neft emalına olan tələbatının 25 faizini ödəyəcək. Zavod Türkiyənin daxili bazarı üçün dizel, təyyarə yanacağı, nafta, ksilen və digər məhsullar istehsal edəcək. Zavodun illik istehsal gücü 4,8 milyon ton dizel, 1,6 milyon ton təyyarə yanacağı və 1,6 milyon ton nafta təşkil edir. "Star" Türkiyənin illik 28,1 milyon tona çatan neft emalı gücünu 33 faiz artıracaq, ölkənin neft emalı məhsulları idxalında 1,5 milyard dollar qənaət etməsinə səbəb olacaq".

T.Mirkişili deyib ki, Türkiyənin inkişaf etməkdə olan nəqliyyat sektorunda dizel yanacağına olan tələbat durmadan artır: "Hazırda Türkiyədəki neft emalı zavodu dizelə olan tələbatın yalnız 43 faizini (10,4 milyon ton) ödəyə bilir. 2017-ci ildə 24,2 milyon ton dizel istehlak edən Türkiyə xaricdən 7 milyard dollar dəyərində dizel yanacağı idxal edib. Yalnız daxili bazar üçün məhsul istehsal edən "Star" zavodu Türkiyənin neft məhsulları idxalını xeyli azaldacaq. "Star" neftin qiymətindən asılı olaraq hər il 6-8 milyard dollarlıq ticarət həcmi formalaşdıracaq".

Deputat əlavə edib ki, "Star" neft emalı zavodunu xammalla dayanıqlı təhciz etmək məqsədilə SOCAR-ın Rusiya və İraq neftindən də istifadə etmək üçün müvafiq razılaşmaları var: "Bu razılaşmalar "Star"ın rəqabət qabiliyyətini daha da artıracaq və fəaliyyətini dayanıqlı edəcək. SOCAR-ın indiyə qədər Türkiyəyə investisiyaları 14.2 milyard dollar təşkil edib. Türkiyədə bütün layihələr başa çatdıqdan sonra SOCAR-ın Türkiyə iqtisadiyyatına investisiyalarının həcmi 19,5 milyard dollara çatacaq. Regional iqtisadiyyat quran Azərbaycan bu layihələrlə öz iqtisadi gücünü daha da artırmış olur".

Deputat Tahir Rzayev isə bildirib ki, Türkiyənin İzmir şəhərində "Star" neft emalı zavodunun açılması, həmçinin, digər birgə layihələrin həyata keçirilməsi Türkiyə-Azərbaycan dostluğunun və qardaşlığının nə qədər möhkəm olduğunu göstərir: "Bu cür nəhəng layihələr yalnız dövlətlər arasında münasibətlər ən yüksək səviyyədə olduğu, həmin dövlətlərin liderləri güclü siyasi iradə nümayiş etdirdiyi halda reallaşa bilir. Bu gün Türkiyə ilə Azərbaycan arasında münasibətlər dünyaya bir nümunədir, hər iki ölkənin liderləri birgə nəhəng layihələrin həyata keçirilməsi üçün böyük siyasi iradə nümayiş etdirir və bunun nəticəsidir ki, iki ölkənin iştirakı ilə çox mühüm enerji, nəqliyyat layihələri həyata keçirilir. Bu layihələr dünyanın enerji və nəqliyyat xəritəsini yenidən cızır, hər iki ölkənin dünyada nüfuzunu daha da artırır".

Deputat əlavə edib ki, bu cür layihələr siyasi dividendlərlə yanaşı, hər iki ölkənin iqtisadiyyatının güclənməsinə, vətəndaşlarının rifahının yüksəldilməsinə xidmət edir: "Azərbaycan-Türkiyə qardaşlığı tarixi köklərə söykənir. İki ölkə arasında qardaşlıq münasibətlərinin tarixi çox qədimdir. Azərbaycan da, Türkiyə də tarixən təzyiqlərə məruz qalıb. Azərbaycan həmişə Türkiyənin, Türkiyə isə Azərbaycanın yanında olub. Bunun nəticəsidir ki, bu gün iki ölkə birlikdə böyük işlər həyata keçirir".

Ceyhun ABASOV

 





23.10.2018    çap et  çap et