525.Az

"Ermənistana ağır diplomatik təzyiq göstərilməlidir"


 

"Ermənistana ağır diplomatik təzyiq göstərilməlidir"<b style="color:red"></b>

Ermənistanda dekabr ayında keçirilməsi planlaşdırılan erkən parlament seçkiləri və hökumətin formalaşmasından sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində müəyyən addımların atılacağı proqnoz edilir.
 
İndiyə qədər Ermənistanda hakimiyyətdə olan qüvvələr Dağlıq Qarabağ münaqişəsi ilə sadəcə manupulyasiya ediblər, Qarabağ kartından istifadə etməklə hakimiyyətlərinin ömrünü uzatmağa çalışıblar. Amma indi görünən budur ki, artıq hazırda baş nazir vəzifəsini icra edən Nikol Paşinyandan münaqişənin həllində konkret addımlar atmalı olduğunu müvafiq beynəlxalq güclər də tələb edir. ABŞ-ın Ermənistandakı səfiri Riçard Milsin son açıqlaması da bunu sübut edir. Diplomat erməni mətbuatına müsahibəsində açıq şəkildə bildirdi ki, Ermənistan sülh istəyirsə, işğal edilmiş ərazilərin bir hissəsini qaytarmalıdır. Bu isə o deməkdir ki, rəsmi Vaşinqton yenilənmiş Madrid prinsiplərindən çıxış edir və həmin prinsiplər də münaqişənin mərhələli həllini nəzərdə tutur. Belə ki, ətraf rayonların boşaldılması, məcburi köçkünlərin öz torpaqlarına qayıtması, həmin ərazilərdə bərpa işlərinin aparılması və s. sonra Dağlıq Qarabağın statusunun müəyyən edilməsi müzakirə mövzusu ola bilər. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağa Azərbaycanın tərkibində ən yüksək status verməyə hazırdır. ABŞ səfirinin açıqlamasında aydın olan ikinci məqam isə işğal faktının etirafı və rəsmi İrəvanın vaxt uzatmadan sülh masasına əyləşərək, münaqişənin həllində konkret addımlar atmalı olmasıdır.

Məlum olduğu kimi, ABŞ prezidentinin təhlükəsizlik üzrə müşaviri Con Bolton regiona səfərə gəlir. O, Bakıda oktyabrın 24-də olacaq. Boltonun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı regiona konkret təkliflərlə gəldiyi də deyilir. İstənilən halda, bu ilin sonu, gələn ilin əvvəllərində Ermənistan artıq əvvəlki qeyri-konstruktiv mövqeyindən əl çəkərək, sülh istiqamətində üzərinə düşən məsuliyyəti yerinə yetirməlidir. Əks halda, Azərbaycan İrəvanın yenidən vaxt uzatmasına göz yummayacaq. Paşinyan yenidən baş nazir kürsüsündə oturacaqsa, elə ilk işi də bu olmalıdır.

Mövzunu şərh edən millət vəkili, politoloq Rasim Musabəyov ilk növbədə ABŞ səfirinin açıqlamasına toxunub. Onun fikrincə, bu mövqe ABŞ-ın Ermənistanın faktiki olaraq indiyə kimi münaqişənin sülh yolu ilə həll edilməsi və işğal altında olan Azərbaycan torpaqlarını azad etmək niyyəti ilə danışıqlar aparmadığının etirafıdır: "Çünki onlar başa düşürlər ki, Azərbaycanı öz torpaqlarının bir hissəsini Ermənistanın lehinə imtinaya məcbur etmək mümkünsüzdür, ermənilər işğal olunmuş torpaqları azad etmək istəmirlər və buna görə də status-kvonu saxlamaq, mövcud vəziyyəti dondurmaq və vaxtı uzatmaqla danışıqlar aparmaq niyyətindədirlər. Ermənistanın istəyi budur və bu, bir imitasiyadır.

Məsələnin digər vacib tərəfi ABŞ-ın bundan sonra necə davranacağıdır. Çünki belə bir yanaşma ilə danışıqlardan nəticə gözləmək mümkün deyil. Və bu cür davam etməsi həqiqətən mənasız və effektivsizdir. Bu da Azərbaycanın öz ərazi bütövlüyünü güc yolu ilə bərpa etmək üçün əllərini açır".

Politoloq hesab edir ki, ABŞ səfirinin açıqlaması fakta əsaslanan bir bəyanat idi: "Ermənilər bu gün təkcə Azərbaycanla deyil, əslində, beynəlxalq hüquqla bir konfliktdədirlər. Bu mövqe, məsələn, "erməni əhalinin, Ermənistan hakimiyyətinin bu cür münasibəti ABŞ üçün qəbuledilməzdir" formasında inkişaf etsəydi, onda bəyanatı daha sərt adlandırmaq olardı. Əgər ABŞ belə münasibət saxlandığı halda, Ermənistana maliyyə və siyasi dəstəyi dayandıracağını bəyan etsəydi, o zaman bəyanatı daha sərt saymaq olardı. Təəssüf ki, biz bunu eşitməmişik.

Bilirsiniz, erməni lobbiçiləri var ki, onlar dünyanın istənilən yerində deyirlər ki, "o dövrdə Türkiyədən erməniləri qovdular, biz onları müdafiə etmədik, amma burada özləri kiçik bir parçanı tutdular, onlara təzyiq göstərmək lazım deyil"... Yəni onlar orada öz işlərini görürlər. Təəssüf ki, bu kimi halların beynəlxalq hüquqa, ABŞ-ın özünün, Rusiya və Fransanın maraqlarına zidd olduğunu bilsələr də, onları orada dinləməyə davam edirlər".

Ermənistanda bu açıqlamanın şok yaratdığına dair erməni mətbuatının yazdıqlarını da şərh edən millət vəkili deyib ki, bir tərəfdən, ABŞ-da həqiqəti öyrəndilər: “Bəli, həqiqətən də ermənilər işğal olunmuş torpaqları geri qaytarmaq istəmirlər. Ancaq onlar elə davranırlar ki, yəni özlərini cəzasızlıq mühitində hiss edirlər. Heç kəs onları maliyyə dəstəyindən məhrum etmir, ağır diplomatik təzyiq göstərmir. Ermənistan özünü həddən artıq həyasızcasına aparır, heç kim - Avropa Şurası, Avropa İttifaqı, ABŞ - heç bir təzyiq etmir, sanksiya tətbiq etmir, maliyyə dəstəyini dayandırmır".

R.Musabəyov əlavə edib ki, indi Azərbaycan ermənilərə bir fasilə verib, onlar yeni bir hökumət formalaşdırır, parlament seçkiləri keçirirlər. Ancaq seçkilərdən dərhal sonra biz danışıqlarda konstruktiv davranış görməsək, hesab edirəm ki, Azərbaycan üçün əlavə səbəblər yaranacaq - sabah biz güc tətbiq etmək məcburiyyətində qaldığımız zaman - heç kim bizə bu barədə etiraz etməyəcək".

PƏRVANƏ

 





23.10.2018    çap et  çap et