525.Az

Ailə institutu mövzusunda dəyirmi masa keçirildi


 

Ailə institutu mövzusunda dəyirmi masa keçirildi <b style="color:red"></b>

Dünən Beynəlxalq Mətbuat Mərkəzində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Himayədar" Humanitar Tərəqqi İctimai Birliyi "Azərbaycanda ailə institutu: mövcud vəziyyət və çağırışlar" mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə çıxış edən təşkilatın rəhbəri Himayət Rizvanqızı layihənin əhəmiyyətindən danışaraq bildirib ki, Azərbaycanın ənənəvi ailə modelində dəyişikliklər prosesi gedir: "Ancaq bu prosesin müsbət və mənfi tərəfləri, mövcud tendensiyalar və perspektivlər dərin ictimai qiymətləndirilməyə cəlb edilməyib, milli-mənəvi və bəşəri dəyərlərə söykənən modern, demokratik ailə modelinin formalaşması prosesinə yetərincə güclü ictimai dəstək təşkil olunmayıb".

H.Rizvanqızı layihədə məqsəd Azərbaycanda ailə insititunun gücləndirilməsinə töhfə vermək, əsas hüquq və azadlıqların pozulması kimi ağır problemlərin həllinə yardım etmək, Azərbaycan ailəsinin spesifik xüsusiyyətlərinin mühafizə edib gələcək nəsillərə ötürülməsini dəstəkləmək və ailə problemlərinin müzakirə platformasını genişləndirmək, sosial məsuliyyət hissinin artırılmasınına yardım etməkdir.

Bu məqsədlə layihə çərçivəsində ailə məsələləri üzrə informasiya bazası yaradılıb. Bu baza "Məlumatlar və sənədlər arxivi" və "koordinatlar bazası"nı əhatə edir. Yəni həm bu problemlə bağlı müxtəlif məlumatlar, informasiyalar, məqalələr, mövcud qanunvericilik və s. toplanıb, həm də bu sahədə işləyən bütün dövlət qurumları, QHT, elmi müəssisələr, ayrı-ayrı ekspertlər və digərlərinin koordinatları cəmləşdirilib. Bundan başqa, "Ailə özəlində kişilər və qadınlar: mən-biz balansı, evlilik, boşanma" və "Modern/demokratik ailə necə olmalı?" adda 2 infoqrafik hazırlanıb.

Tədbirdə infoqrafiklər nümayiş etdirilib. Təşkilatın bu problemlə bağlı cəmiyyətə ünvanladığı sosial mesajları əks etdirən elektron bannerlər də maraq doğurub.

Sonra ekspert Hüseyn Hümbətov çıxış edərək "Azərbaycanda ailə institutu: mövcud vəziyyət və çağırışlar" mövzusunda araşdırmasını təqdim edib. O qeyd edib ki, tədqiqatda Azərbaycanda ailə, nikah və boşanma proseslərinin tarixi aspektlərinə nəzər salınıb, qloballaşma və demokratikləşmə prosesində Azərbaycan ailəsinin durumu, baş verən dəyişikliklər prosesində ortaya çıxan tendensiyalar araşdırılıb, nikah və boşanma əmsallarının dinamikası, nikahlara və boşanmalara təsir edən amillər müəyyənləşdirilməyə çalışılıb. Eyni zamanda, ailələrdə uşaqların sayının azalması, faktiki nikahların yayılması, erkən nikahlar, məişət və ailə zorakılığı, miqrasiya, əcnəbilərlə nikahlar kimi tendensiyalar qloballaşma və demokratikləşmə prosesinin ailəyə təsiri təzahürləri kimi analizə cəlb olunub. Tədqiqat üzə çıxarıb ki, son 25-30 il ərzində əhəmiyyətli ictimai dəyişikliklər yaşayan Azərbaycan bu dəyişikliklər fonunda ailə institunun transformasiyası və onun bərabərində gələn problemlərlə üzləşən toplumlardan biridir. Yeni ictimai düzən çərçivəsində ənənəvi ailə modelinin bütün xüsusiyyətlərini davam etdirmək mümkün deyil. Həmçinin, ailə təsisatın yenilənməsi müxtəlif ictimai problemlərə səbəb olur. Azərbaycanda ənənəvi ailə modelinin dəyişikliyə uğraması, demokratik cəmiyyətin diktə etdiyi dəyərlər sisteminin təsiriylə avtoritar ailə modelinin demokratik ailə modelinə çevrilməsi prosesi gedir və bu prosesin müxtəlif fəsadları müşahidə olunur.

Sonda araşdırmanın nəticələri əsasında hazırlanan təkliflər paketi təqdim olunub. Qeyd olunub ki, araşdırma hesabatı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Milli Məclisin Ailə, Qadın və Uşaq məsələləri komitəsinə təqdim olunub.

C.ABASOV

 





23.10.2018    çap et  çap et