525.Az

Kamal Abdulla: “ADU-dakı tədbirləri dünyanın elm xadimləri maraqla qarşılayır”


 

DİLLƏR UNİVERSİTETİNDƏ “TƏTBİQİ DİLÇİLİYİN MÜASİR PROBLEMLƏRİ” MÖVZUSUNDA III BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLİB

Kamal Abdulla: “ADU-dakı tədbirləri dünyanın elm xadimləri maraqla qarşılayır”<b style="color:red"></b>

Azərbaycan Dillər Universitetinin (ADU) təşkilatçılığı ilə “Tətbiqi dilçiliyin müasir problemləri” mövzusunda III Beynəlxalq elmi konfransın açılışı keçirilib.

Konfransda Böyük Britaniya, Almaniya, Fransa, Çexiya, Polşa, Rusiya, Türkiyə, Gürcüstan, Finlandiya, Yaponiya, Bolqarıstan, Pakistan, Səudiyyə Ərəbistanı və digər ölkələrdən gələn qonaqlar, eləcə də ADU və ölkənin digər universitetlərinin akademik heyəti iştirak edib.

Açılış mərasimində çıxış edən Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla universitetdə dilçilik məsələlərinə xüsusi diqqət yetirildiyini, bu sahədə geniş araşdırmaların aparıldığını söyləyib. K.Abdulla konfransda iştirak edən xarici və yerli qonaqları universitetdə görməkdən məmnun olduğunu bildirib: “Dəvətimizi qəbul edib Bakıya gəldikləri üçün dilçi alimlərə təşəkkürümü bildirirəm. Ümid edirəm ki, qonaqlarımız Bakıdan xoş təəssüratlarla ayrılacaq və buraya bir daha səfər etmək haqqında düşünəcəklər”. Rektor ADU-da keçirilən  konfransların dünyanın aparıcı elmi təşkilatları və elm xadimləri tərəfindən maraqla qarşılandığını söyləyib. O, konfransda iştirak edən xarici ölkə alimləri ilə ADU-dakı həmkarları arasında yeni əlaqələr qurulacağına əminliyini ifadə edib.

K.Abdulla tətbiqi dilçiliyin bütün dilçilik sahələrinin əsasında durduğunu bildirib: “Bu gün dilçiliyin nəzəriyyə, üslubiyyat, qrammatika və digər aspektlərinin tədris olunmasında tətbiqi dilçilik mühüm rol oynayır. Onun vasitəsilə dilçiliyin digər sahələrinə də ekskurslar edə biləcəyik. Bu elmin özü ilə gətirdiyi innovativ xüsusiyyətləri digər elmlərdə də axtara biləcəyik. Tətbiqi dilçiliyin bütün problemlərinin araşdırılması dil tədrisini daha effektli şəkildə qurmağımıza kömək edir”.

Beynəlxalq tədbirlərdə müxtəlif ölkələrdən, dinlərdən olan insanların bir-biri ilə ünsiyyət qurduğunu, əlaqələri möhkəmləndirdiyini qeyd edən rektor bu işdə konfransın keçirildiyi ADU-nun da müəyyən rolunun olmasından universitetin kollektivinin qürur duyduğunu vurğulayıb.

ADU-nun tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev konfransın işi haqqında ümumi məlumat verib. O bildirib ki, 25-26 oktyabr tarixlərini əhatə edən konfransın işində “Birinci eksperimental və müqayisəli dilçilik”, “Sosiolinqvistikanın nəzəri və praktik məsələləri”, “Xarici dillərin tədrisinə dair müasir yanaşmalar”, “Tərcüməşünaslığın aktual problemləri”, “Mətnin linqvosemiotik problemləri” bölmələri üzrə müzakirələr aparılacaq.  Konfrans çərçivəsində yerli və xarici iştirakçılar İngiltərənin Durham Universitetinin professoru Maykl Bayramın skayp vasitəsilə mühazirəsində, həmçinin, Konin Dövlət Tətbiqi Elmlər Universitetinin professoru Barbara Levandovskanın ustad dərslərində iştirak edəcək.

ADU-nun ümumi dilçilik kafedrasının professoru, Eksperimental fonetika və tətbiqi dilçilik elmi-tədqiqat laboratoriyasının müdiri Fəxrəddin Veysəlli isə bildirib ki, hazırda elm, o cümlədən, dilçilik amerikan alimi T.Kunun ardınca elmdə baş verən ciddi dəyişikliyi paradiqm dəyişikliyi kimi dəyərləndirir, çünki elmin hazırkı inkişaf sərhədləri köhnə paradiqmin çərçivəsinə sığmır, ona görə də elmin köhnə sxemi yeni paradiqmin olmasını tələb edir. Dilçilik elmindəki bu yenidənqurma ötən əsrin 70-ci illərindən, keçmiş sovet məkanında isə ötən əsrin 90-cı illərindən başlayıb. Sovet imperiyası dağılandan sonra dilçiliyin mündəricatı, fəlsəfi əsasları ciddi dəyişikliyə uğrayıb: “Biz qısa şəkildə tətbiqi dilçiliyin hüdudlarını belə müəyyənləşdirəririk. qeyri-ana dilinin tədrisi, kompüter dilçiliyi, əlifbası olmayan dillər üçün optimal əlifbanın tərtibi, səs obrazları əsasında şəxsiyyətin tanınması. Qeyri-ana dilinin tədrisi bizim üçün son dərəcə əhəmiyyətlidir. Bu zaman biz kontakta girən dillə - əsasən ana dililə öyrənilən dil arasındakı fərqləri üzə çıxartmaqda maraqlıyıq, çünki bu fərqlər öyrəncilərə qabaqcadan səfərbər olmağa imkan verir, səhvlərlə bağlı gözləntiləri qabaqlamağa və qeyri-ana dilinin öyrənilməsində mümkün yayınmaları aradan qaldırmağa imkan verir. Məlumdur ki, yayınmaları müasir dilçilik interferensiya adlandırır. Bir misalla fikrimizi izah etmək istərdim. Rus dilini öyrənən azərbaycanlılar bu dilin fonoloji sistemindəki sərtliyi və yumşaqlığı mütləq nəzərə almalıdırlar. Məsələ burasındadır ki, Azərbaycan dilində də samitlərin sərt və yumşaq tələffüzü vardır. Ancaq Azərbaycan dilində sərt və yumşaq tələffüz sait əhatəsilə şərtlənirsə, rus dilində samitlərin sərtliyi və yumşaqlığı sait əhatəsindən asılı deyildir. Rus dilində sərt və yumşaq samitlər eyni mövqeydə və eyni sait əhatəsində reallaşdığı halda, Azərbaycan dilində həmin sərtlik və yumşaqlıq mövqe və əhatə ilə bağlıdır”.

F.Veysəllinin dediyinə görə, rus dilində eyni mövqedə iki müxtəlif samit reallaşıb: birinci misalda samit yumşaqdır, ikincidə sərtdir. Samitlərin işlənmə mövqeyi identikdir, hər ikisi sözün sonunda gəlmişdir. Azərbaycan dilində də əvvəldə və sonda gələn samitlər fonoloji baxımdan eynidir. Ancaq onlardakı saitlər müxtəlifdir: incə və qalın. Deməli, eyni differensial əlamət - yumşaqlıq və sərtlik  rus dilində relevant olduğu halda, Azərbaycan dilində qeyri- relevantdır. Bu cür fərqləri qarşılaşdırılan dillərdə müəyyənləşdirmək hazırda kontrastiv dilçiliyin obyektidir.

F.Veysəlli qeyd edib ki, tətbiqi dilçiliyin ən aktual problemlərindən biri kompüter proqramlarının işlənib hazırlanmasından ibarətdir. Məlumdur ki, hazırkı kompüter proqramları ingilis və rus dillərinin materialları əsasında hazırlandığından bizim dil üçün onların tətbiqi yaramır. Bu dillərdə qrafemlərin işlənmə tezliyi bizim dildəkindən fərqlidir: “Öz dilimizin materialı əsasında qrafemlərin və fonemlərin entropiyası nəzə alınmalıdır. Məsələn, bizim dilimizdə ən çox işlənmə tezliyi “ə” və  “a” qrafemləridir. Hər iki qrafem hazırkı klaviaturun sağ və sol küncündə yerləşdirilmişdir. Eynilə bu bəzi samit fonemlərə də aiddir.  Biz sait və samitlərin entropiyasını nəzərə alaraq daha yüksək işlənmə tezliyinə malik qrafemlərimizi klaviaturda elə yerləşdirməliyik ki, onlar tən ortada olsunlar. Bu, barmaqların və gözün hərəkətinə optimal təsir göstərməklə kompüterdə işləyərkən diqqətin cəmlənməsinə köməklik edər. Tətbiqi dilçiliyin digər sahəsi əlifbası olmayan xalqlar üçün əlifbanın tərtibidir. Ən sərfəli əlifba “birin-birə” nisbətini nəzərə alan əlifbadır. Bu əlifba ideal hesab edilir, çünki bir fonem bir qrafemlə ifadə olunur. Bizim əlifbamız bütövlükdə bu prinsipi əks etdirsə də, bəzi məsələlər əlifbanın tərtibində nəzərə alınmayıb. İlk növbədə bu, qrafem repertuarında müəyyən çatışmazlıqların olması ilə bağlıdır. Belə ki, latın əlifbasında hər bir işarə öz sıra nömrəsinə uyğun gəlir. Yəni “A”  qrafemi birinci, “B” ikinci və s. yerdə gəlməlidir. Biz “Ç” samitini 4-cü pilləyə  əlavə etməklə latın əlifbasının qrafem düzülüşünü pozmuşuq”.

F.Veysəllinin sözlərinə görə, 1991-ci ildə latın qrafikalı əlifbanın qəbulunda, təəssüflər olsun ki, ayrıca “ə” işarəsini qəbul etməklə işarələrin repertuarını əsassız olaraq artırdıq və latın qrafikalı əlifbada simmetriya pozuldu. Digər tərəfdən, işarələrin düzümündə onların sıralanması qaydası gözlənilmədi. Nəticədə, bizim repertuarda “ə, ç, q, ş, ğ, y” işarələri özünə yer aldı. “Latın qrafikalı əlifbanı düzgün variantda qəbul etməklə transliterasiya məsələlərindəki çətinlikləri və internetdən istifadəni asanlaşdıra bilərdik: “Əlifba o zaman ideal sayılır ki, onda bir fonem ayrıca bir işarə ilə verilsin. Məsələn, bugünkü əlifbamızda “t” və “p” qrafemləri ayrıca, vizual baxımdan kifayət qədər fərqlənən işarələrlə verilmişdir. Beləliklə, bizim əlifbanın qəbulunda elmi cəhətdən aşağıdakı nöqsanlar olub: - əlifbanın tərtibində yalnız latın əlifbasının sandığında olan işarələrdən istifadə edilməliydi. Belə olduqda biz repertuarı xeyli qısalda bilərdik. Əlifbanın tərtibində şərtilik prinsipi gözlənilməlidir. Bu o deməkdir ki, hər hansı bir fonemin yazıda verilməsində işarənin ixtiyariliyi gözlənilməlidir. Biz hər hansı işarəni seçib götürmüşüksə, bu o demək deyil ki, işarələyənlə işarələnin daxili əlaqəsini pozmuşuq. Əlifbanın qəbulunda qrafemlərin düzümü elmi prinsiplərə əsaslanmalıdır. Bütün fonoqrafik əlifbalarda işarələrin konkret düzüm rəqəminə uyğunluğu gözlənilməlidir”.

F.Veysəlli bildirib ki, tətbiqi dilçiliyin aktual problemləri sırasına danışanın tələffüzü əsasında onun şəxsiyyətinin müəyyənləşməsi, avtomatik tərcümə, müxtəlif lüğətlərin tərtibi, xüsusilə tezlikli lüğətlərin tərtibi, abreviaturların yaranması və açılışı  və sair məsələləri aid etmək olar. Dilçiliyimizin yaxın gələcəkdə həll edilməli ən mühüm məsələ danışığa görə şəxsiyyətin tanınması problemidir. Bu yaxınlara qədər obrazların avtomatik tanınması ayrı- ayrı fonemlərdəki informasiyaya əsaslanırdı. İndi isə məlum olur ki, avtomatik tanınmada nəinki fonemlərdəki informasiya relevantdır, ən çox informativlik fonemlərin keçidlərindəki informasiyadır: “Bu gün avtomatik tərcümə yeni mərhələyə qədəm qoymuşdur. Ancaq Azərbaycan dilinə və bu dildən tərcümə hələ də arzuolunan səviyyədə deyildir, çünki avtomatik tərcümə zamanı bizim dilimizin xüsusiyyətlərini özündə ehtiva edən proqram hələ də hazır deyildir. Mən bu yaxınlarda ingiliscə yazılmış bir mətnin “Google” proqramı ilə almancaya avtomatik tərcüməsini sınaqdan keçirdim. Nəticə yüzdə-yüz qaneedici olmasa da, xeyli sevindirici idi. Təəssüf ki, bunu Azərbaycan dilinə tərcümədə görmək olmur”.

S.QARAYEVA

 





27.10.2018    çap et  çap et