525.Az

Reketçiliyə qarşı mübarizə tədbirləri gücləndirilib


 

"SON İLLƏR AZƏRBAYCANDA "REKET JURNALİSTİKA"NIN QARŞISININ ALINMASI İSTİQAMƏTİNDƏ CİDDİ ADDIMLAR ATILIB"

<b style="color:red">Reketçiliyə qarşı mübarizə tədbirləri gücləndirilib</b>

Xəbər verdiyimiz kimi, Azərbaycanda "reket jurnalistika"ya qarşı həyata keçirilən tədbirlər - hüquq-mühafizə orqanları ilə yanaşı vətəndaş cəmiyyəti intitututları, o cümlədən, Azərbaycan Mətbuat Şurası ilə peşəkar media orqanlarının əməkdaşlığı müsbət nəticələr verir.

Son dövrlər reketçilik fəaliyyəti ilə məşğul olan şəxslərin ifşa olunaraq, məsuliyyətə cəlb olunması qarşıya qoyulan fəaliyyətin effektivliyinə dəlalət edir. Nəticədə ayrı-ayrı vaxtlarda "jurnalistika" adı altında qeyri-qanuni fəaliyyət göstərmək, hədə-qorxu yolu ilə kimlərdənsə pul tələb etməyə çalışanların sayı getdikcə azalır. Lakin sirr deyil ki, həyata keçirilən qarşısıalınma tədbirləri ilə "reket jurnalistika" fəaliyyətini tamamilə aradan qaldırmaq hələ ki, mümkün olmayıb. Qarşıya qoyulan vəzifələrin ardıcıl, sistemli şəkildə həyata keçirilməsi bu kimi halların qısa zaman ərzində aşkar olunması və təqsirkarların tutularaq istintaqa cəlb olunmasına imkan verir. Heş şübhəsiz, bu, həm də oxşar fəaliyyətlə məşğul olaraq, cəmiyyətdə bu kimi neqativ tendensiyaların yayılmasına zəmin yaradanlara xəbərdarlıq xarakteri daşıyır. Nəticədə reketçilik fəaliyyətini Azərbaycanda "leqallaşdırmağa" çalışanlar və ya ayrı-ayrı işbazların əlində əlaltıya çevrilənlər qeyri-qanuni əməllərini həyata keçirərkən bir daha düşünməyə imkan qazanırlar. Bu fürsətdən doğru-düzgün nəticə çıxarmaq isə məsələnin bir başqa tərəfidir. Reallıq onu göstərir ki, cəmiyyətdə media orqanların fəaliyyətinin əsasları ilə bağlı kifayət qədər məlumatlılığın olmaması bəzən reketlərin hədəf olaraq seçdiyi şəxslər tələyə düşür, bu kimi halların vaxtında müəyyənləşdirilməsi mümkün olmur və nəticədə "jurnalist" adı altında vətəndaşın külli miqdarda maddi vəsaitini mənimsəyən şəxslər müvəqqəti də olsa, cinayət məsuliyyətindən yayına bilirlər. Ona görə də "reket jurnalistika"ya qarşı mübarizədə daha effektiv nəticələrin əldə olunması üçün cəmiyyətin bu istiqamətdə maarifləndirilməsinə böyük ehtiyac var.

Mövzu ilə bağlı fikirlərini bildirən Azərbaycan Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu qeyd edib ki, reketçilik jurnalistikamız üçün böyük bəlaya çevrilib. O, SİA-ya bildirib ki, özünə həyatda uyğun bir iş tapa bilməyən, jurnalistikanın dəyərləri haqqında anlayışları olmayan insanlar bəzən qələm götürüb insanlar haqqında xoşagəlməyən şəkildə yazılar yazırlar, şantaj edirlər və bunun qarşılığında müəyyən pul almağa çalışırlar: "Bu cür hallar bizim üçün çox üzücüdür".

Son illər Azərbaycan Mətbuat Şurasının reketçiliyə qarşı mübarizə tədbirlərini gücləndirdiyini deyən U.Rəhimoğlu qeyd edib ki, bu istiqamətdə çox böyük irəliləyişlərə nail olunub: "Çap mediada bununla bağlı müsbət dəyişikliklər baş verib. Bəzən görürsən ki, bir insan bir neçə müxtəlif adlarda, bir-birindən fərqli saytlar yaradır və bunun əhatəsində jurnalistikamıza yad olan bir şəbəkə formalaşdırır. Bu da müəyyən problemlər yaradır. Bununla bağlı qanunvericilikdə bəzi boşluqlar var".

Fond rəhbərinin sözlərinə görə, müstəqillik əldə etdikdən sonra mətbuat üzərində senzuranın ləğv edilməsi, Mətbuat və İnformasiya Nazirliyinin fəaliyyətinin dayandırılması müstəqil medianın inkişafı üçün atılan addımlardır: "Bunun da xeyli müsbət nəticələrini görürük. Amma bizim qanunvericilik bazasında bir sıra narahatedici məsələlər var ki, bunlar əsasən internet media ilə bağlıdır. İnternet media təkmilləşməlidir və bu cür şər-böhtan xarakterli yazılarla çıxış edən saytların fəaliyyəti ilə bağlı ölçü götürmək üçün müəyyən hüquqi baza yaradılmalıdır".

"Həftə İçi" qəzetinin baş redaktoru Sevinc Seyidova isə qeyd edib ki, son illərdə Azərbaycanda "reket jurnalistika"nın qarşısının alınması istiqamətində ciddi addımlar atılıb. Onun sözlərinə görə, Kütləvi İnformasiya Vasitələri haqqında qanuna edilən dəyişikliklər, həmçinin, inzibati qaydada həyata keçirilən tədbirlər ənənəvi mediada bu sahədə vəziyyətin daha da yaxşılaşdırılmasına şərait yaradıb: "Bununla belə, informasiya texnologiyalarının inkişafı nəticəsində yeni-yeni informasiya mənbələri formalaşır. Bunlardan ən əsası sosial şəbəkələr və elektron mediadır".

S.Seyidova bildirib ki, bu gün Azərbaycanda internetdən istifadə tam azaddır: "Hər kəs sosial şəbəkələrdən sərbəst şəkildə istifadə edə və sayt yarada bilər. Lakin biz dövlət səviyyəsində vətəndaşlar üçün yaradılmış bu imkanlardan sui-istifadə hallarına da rast gəlirik. Təəssüflər olsun ki, bəziləri şəxsi maraqlarını hər şeydən üstün tutaraq "jurnalist" adı altında reketçiliklə, şantajla məşğul olurlar. İllərdir mediada formalaşan dəyərləri heçə sayaraq "jurnalist" adına ləkə salırlar. Dəfələrlə edilən xəbərdarlıqlara, adlarının Mətbuat Şurasının tərtib etdiyi "Qara siyahı"ya salınmasına baxmayaraq, yenə də qanunları pozur, öz çirkin əməllərini davam etdirmək üçün yeni saytlar yaradırlar. Belə saytlar vasitəsi ilə dövlətçiliyə xidmət edən cəmiyyətin müxtəlif kəsimindən olan insanları şantajla hədələyirlər. Hüquq-mühafizə orqanları belələrinin aşkara çıxarılıb qanunvericiliyin tələblərinə uyğun şəkildə cəzalandırılması üçün əllərindən gələni edirlər. Lakin təcrübə göstərir ki, atılan addımlar kifayət deyil. Təbii ki, bu cür vəziyyət ciddi narahatlıq doğurur. İstər dövlət, istərsə də Azərbaycan mediasının aparıcı simalarının çağırışlarına baxmayaraq, problemin həlli mümkün olmayıb. Bu səbəbdən, məlum problemin həlli istiqamətində inzibati tədbirlərin sərtləşdirilməsi və qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi zərurətinin yarandığı qənaətindəyəm. Sözügedən istiqamətdə çağırışlar dəfələrlə Milli Məclisdə səsləndirilib. Bu, həm də Azərbaycan cəmiyyətinin mövcud təhdidə qarşı çağırışıdır. Həmçinin, özünə doğru olmayan bu yolu seçənlərə qarşı mübarizə tək dövlət və onun qurumları tərəfindən yox, daha sağlam cəmiyyətdə yaşamaq istəyən hər bir kəs tərəfindən aparılmalıdır".

Ceyhun ABASOV

 





31.10.2018    çap et  çap et