525.Az

Texniki Universitetdə "Seeds for the Future" layihəsinin təqdimatı oldu


 

Texniki Universitetdə "Seeds for the Future" layihəsinin təqdimatı oldu<b style="color:red"></b>

Azərbaycan Texniki Universitetində (AzTU) "Huawei-Azərbaycan" şirkətinin "Seeds for the Future" layihəsinin təqdimatı keçirilib.

AzTU-dan verilən məlumata görə, layihənin təqdimatında universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sübhan Namazov çıxış edərək, Çinin İKT sahəsində əldə etdiyi uğurlara, o cümlədən, "Huawei" şirkətinin yeni nəsil texnologiyaların yaradılması istiqamətində investitsiya yatırımlarından danışıb. Prorektor 2015-ci ilin dekabr ayında Prezident İlham Əliyevin "Huawei" şirkətinin Pekində yerləşən sərgi mərkəzini ziyarət etməsinə diqqət çəkərək, qeyd edib ki, son illər Azərbaycanda İKT sahəsində sistemli işlər görülür və bunun nəticəsi olaraq böyük inkişafa nail olunub. Bu prosesdə dünyanın 170 ölkəsində 180 mindən çox işçisi olan "Huawei" şirkətinin yaxından iştirak etdiyini vurğulayan professor Sübhan Namazov "Seeds for the Future" layihəsinin tələbələrin İKT sahəsində inkişafına böyük töhfə verəcəyini bildirib.

"Huawei-Azərbaycan" şirkətinin icraçı direktoru Canlin Lu çıxışında AzTU-da İKT sahəsində həyata keçirilən kadr hazırlığından danışıb. O bildirib ki, Azərbaycanın İKT sahəsində, o cümlədən, "Huawei" şirkətinin Azərbaycanda fəaliyyət göstərən müəssisələrində çalışanların böyük əksəriyyəti AzTU məzunlarıdır.

Daha sonra "Huawei-Azərbaycan" şirkətinin nümayəndəsi Zhang Jing "Seeds for the Future" layihəsi haqqında geniş məlumat verib. Qeyd olunub ki, bu layihə, biliyin ötürülməsi prosesini gücləndirmək, İKT sənayesinə marağın artırılmasına yardım etmək və qabiliyyətli tələbələrin İKT biliklərini artırmaq məqsədi daşıyır. Pekində asudə vaxt keçirməklə başlayan layihə çərçivəsində tələbələr ilk olaraq Çin mədəniyyətini və Mandarin dilini öyrənmək şansı əldə edəcəklər. Daha sonra tələbələr "Huawei"in Şenjen düşərgəsində İKT-nin başlıca texnologiyaları: mobil şəbəkə və bulud hesablama texnologiyaları, həmçinin, süni intellekt, 5G şəbəkəsi ilə yaxından tanışlıq olacaqlar.

Təqdimat maraqla dinlənildikdən sonra "Huawei-Azərbaycan" şirkətinin təmsilçiləri ilə tələbələr arasında ingilis dilində dialoq baş tutub. Tələbələrin dil biliklərini və İKT sahəsinə aid fikirlərini yüksək qiymətləndirən şirkət təmsilçiləri layihədə iştirak hüququ qazananlar arasında AzTU tələbələrinin üstünlük təşkil edəcəyinə əminliklərini bildiriblər.

Qeyd edək ki, "Seeds for the Future" layihəsinə qoşulmaq üçün tələbələr iki mərhələli seçim turundan keçməli olacaqlar. Hər iki mərhələdən uğurla keçən 10 tələbə layihənin qalibi olaraq 3-14 dekabr tarixlərində Çinə səyahət etmə imkanı əldə edəcəklər.

C.ABASOV

 





06.11.2018    çap et  çap et