525.Az

"Dövlət Strategiyası"nın imzalanmasının 5 ili tamam olur


 

"Dövlət Strategiyası"nın imzalanmasının 5 ili tamam olur<b style="color:red"></b>

"Azərbaycan Respublikasında təhsilin inkişafına dair Dövlət Strategiyası"nın imzalanmasının 5 ili tamam olur. Artıq 5 ildir ki, təhsil sahəsində genişmiqyaslı islahatlar həyata keçirilir. Hərçənd təhsil elə bir sahədir ki, burada dəyişikliklərə qiymət vermək üçün bu müddət kifayət etmir, ancaq dəyişən keyfiyyəti fərq etməmək də mümkün deyil.

Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid hesab edir ki, Prezident İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın əsas hədəfləri sırasında Azərbaycanın inkişaf konsepsiyasına uyğun olaraq hər bir şəxs üçün bərabər, keyfiyyətli təhsil imkanlarının yaradılması, təhsil sisteminin institusional əsaslarının, infrastrukturunun və insan resurslarının inkişaf etdirilməsi məsələlərinə xüsusi yer verilib. Bütün bunlar texnologiyaları çevik mənimsəməyə, əmək bazarında layiqli yer tutmağa və ömür boyu təhsil prosesinə qoşulmağa imkan verən strateji və konseptual məqamlardır. Bir sözlə, sözügedən sənəd Azərbaycanda təhsilin inkişaf istiqamətlərini müəyyənləşdirir. Dövlət Strategiyasının qəbulundan ötən müddət ərzində ölkədə təhsil sahəsində müsbət dinamika müşahidə olunub, uğurlu islahatlar həyata keçirilib, bir sıra əsaslı nailiyyətlər əldə edilib. Bu nailiyyətlərin əhatəliliyinin artması və davamlı xarakter alması isə təhsilin daha əlçatan, keyfiyyətli, gələcəkdə iqtisadiyyatın güclü və vətəndaşların rifah səviyyəsinin yüksək olmasına zəmin yaradır. Təhsil naziri Ceyhun Bayramov tərəfindən təhsil sisteminin müasir dövrün tələb və çağırışlarına uyğun inkişafı ilə bağlı müəyyənləşdirilmiş hədəflərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində ciddi addımlar atılıb. Azərbaycanda təhsil infrastrukturunun müasir tələblərə uyğun qurulması, təhsilin məzmununun yeniləşdirilməsi, təhsil alanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni model və mexanizmlərin tətbiqi, əmək bazarının tələbatına uyğun kadr hazırlığı və təminatının yaxşılaşdırılması, təhsil -müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilməsi və təhsil sisteminin informasiyalaşdırılması, məktəbəqədər, texniki peşə, ali təhsil, xaricdə təhsil, istedadlı uşaqların inkişafı və sair bu kimi sahələrdə mühüm irəliləyişlər və uğurlar əldə olunub: "Mən əminəm ki, təhsil naziri Ceyhun Bayramov bundan sonra da ölkəmizdə təhsilin səviyyəsinin daha da yüksəldilməsi istiqamətində mühüm uğurlara imza atacaq".

Xalq yazıçısı Çingiz Abdullayevin sözlərinə görə, strategiya çərçivəsində həyata keçirilən müəllimlərin işə qəbulu imtahanını izləyib: "Eyni vaxtda 800 nəfər imtahan verirdi. Bütün suallar kompüterlərdə verilirdi. Burada bizim xalqın və ölkənin gələcəyi formalaşır. Bizimlə yanaşı, ölkəmizin ucqar kəndlərindən olan gənc müəllimlər də iştirak edirdilər. Həqiqətən zaman dəyişir. Şəffaf seçimi təqdir edirəm. Çatışmayan şeylər də gələcəkdə öz həllini tapacaq. Düşünürəm ki, XXI əsrin müəlliminin seçilməsində tətbiq olunan metod ən yaxşılardandır".

Milli Məclisin deputatı  Zahid Oruc bildirib ki, strategiyanın qəbulundan ötən 5 il ərzində ilk növbədə təhsil sistemində köklü islahatlar aparılıb: "Bu, müəllim ordusunun ictimai nüfuzunun qaldırılması, sosial statusunun dəyişməsi, əmək haqlarının artması ilə bağlıdır. Digər tərəfdən cəmiyyətin təhsil sisteminə əlçatanlığı təmin olunub. Bu imkan verib ki, bütün ictimai diskussiyaları nazirlik özü qarşılasın, təşəbbüskarlığı özü etsin, bunun nəticəsində media məkanına daxil olan mənfi xəbərlərin kütləsi də fərqli şəkildə azalıb, məktəbi, universiteti cəmiyyətin nəzərindən salan tendensiyaları sındırmaq mümkün olub. Son 5 ildə xüsusilə korrupsiya ilə bağlı təhsil sahəsində nəzərəçarpacaq dəyişiklər baş verib".

"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin sözlərinə görə, artıq 5 ildir ki, Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının həyata keçirilməsinə başlanılıb: "Əslində, 5 il təhsil sistemində önəmli nəticələrə nail olmaq və dəyərləndirmə aparmaq üçün olduqca qısa zaman kəsiyidir. Amma buna baxmayaraq, bu müddət ərzində böyük bir məsafə qət olunub. Strategiyanın qəbulundan ötən 5 il ərzində əldə olunan ən böyük nəticə təhsil sistemində şəffaflığın təmin edilməsidir. Zənnimcə, bu, çox mühüm nəticədir. İnkişaf şəffaflıqdan, seçilən yolun doğruluğundan başlayır. Təhsil strategiyası doğru yolla doğru hədəflərə çatmağın yeganə vasitəsidir".

Əməkdar elm xadimi, professor Şahlar Əsgərovun dediyinə görə, ölkədə təhsildə keyfiyyət artımı Təhsil Nazirliyinin yalnız öz hesablamalarının, tədqiqatlarının nəticələri ilə müəyyən edilmir. Azərbaycan beynəlxalq qiymətləndirilmələrdə iştirak edir. PISA, TIMS və PIRLS beynəlxalq qiymətləndirilmələrində iştirak barədə verilən qərar məhz keyfiyyət dəyişikliyini düzgün müəyyənləşdirmək istəyindən doğub.

2017-ci ilin dekabr ayında Azərbaycan şagirdlərinin PIRLS beynəlxalq tədqiqatında iştirakının nəticələri açıqlandı. 10 yaşlı uşaqların oxuyub-anlama qabiliyyətinin ölçülməsinə dair bu tədqiqatın nəticəsi olaraq yeni proqramla, kurikulumla oxuyan uşaqların 2011-ci ildə keçirilən beynəlxalq  qiymətləndirmənin nəticələri ilə müqayisədə daha yüksək nəticələr göstərdiyi ortaya çıxdı. Həm orta bal göstəricisi, həm də "mükəmməl" və "yüksək" nəticə göstərən şagirdlərin faiz nisbətinin 2 dəfə artması, çox zəif nəticə göstərən şagirdlərin sayının azalması orta məktəblərin inkişafda olan durumundan xəbər verir.

Onun sözlərinə görə,  orta və tam orta təhsil səviyyələri üzrə aparılan buraxılış imtahanlarının nəticələrində də davamlı müsbət dinamika müşahidə olunur. Burada həm kəmiyyət, həm də keyfiyyət yüksəlişi hiss olunacaq dərəcədədir. Məsələn, bu il 41 minə yaxın məzun ali təhsil müəssisələrinin tələbəsi adını qazanıb. Ötən illə müqayisədə 400 baldan yuxarı nəticə göstərənlərin sayı 2000 nəfər, yəni 13.7 faiz, 500-dən yuxarı toplayanların sayı 1400 nəfər, yəni 18.7 faiz, 600 baldan yuxarı nəticə göstərənlərin sayı 700 nəfər, yəni 26.5 faiz olub. 700 bal toplayanların sayı isə 2 dəfəyə yaxın, yəni 81.3 faiz artıb: "Müəllimə və müəllimliyə qarşı tələblərin artmasının nəticəsidir ki, son illərdə bu peşəyə olan münasibət dəyişib. Diaqnostik qiymətləndirmənin keçirilməsi, onun nəticəsində əməkhaqqı islahatı, Azərbaycanın bütün coğrafiyasında ümumtəhsil məktəblərinin simasının dəyişməsi, maddi-texniki bazasının gücləndirilməsi, "Gələcəyin müəllimi" təqaüdünün təsis edilməsi, şəffaf və açıq işə qəbul sisteminin tətbiqi nəticəsində müəllimliyin nüfuzu yüksəlib. Bu da özünü builki qəbul kampaniyasının nəticələrində göstərib".

Təhsil eksperti Kamran Əsədov hesab edir ki, 5 il ərzində strategiyada qarşıya qoyulan beş əsas istiqamət üzrə mühüm işlər görülüb: "Təhsilin ilk pilləsi olan məktəbəqədər təhsilin əhatəliliyi əhəmiyyətli dərəcədə genişlənib. Strategiyanın uğurlu nəticələrindən biri I siniflərə qəbulun sadələşdirilməsi, əhatə dairəsinin genişləndirilməsi ilə bağlıdır. Peşə təhsilində islahatlar nəticəsində gənclərin peşə təhsilinə marağı ciddi şəkildə artıb. Strategiyanın həyata keçirildiyi illər ərzində azərbaycanlı şagirdlər beynəlxalq olimpiadalarda yüksək nailiyyətlər əldə ediblər. Təhsil sahəsində islahatlar nəticəsində diaqnostik qiymətləndirilməsi aparılan 150.000-ə qədər müəllimin əməkhaqqı artırılıb".

Beləliklə, təhsil sahəsində aparılan köklü islahatlar səmərə verir, təhsilin keyfiyyəti artır. Təhsildə bütün istiqamətlər və parametrlər üzrə müsbət dəyişiklik nəzərə çarpır. Bunu isə həm daxili, həm də beynəlxalq qiymətləndirmələrin nəticələri təsdiq edir.

S.QARAYEVA

 





07.11.2018    çap et  çap et