525.Az

Qədim dövrlərdə Azərbaycanda din anlayışı


 

Qədim dövrlərdə Azərbaycanda din anlayışı<b style="color:red"></b>

Din və inancların yaşı insan oğlunun yaşı qədərdir. Səmavi kitabların və tarix elminin təsdiqlədiyi bu həqiqətin sübutu üçün artıq izahata və geniş şərhə ehtiyac yoxdur. Amma bu da həqiqətdir ki, zaman keçdikcə insan oğlunun dünyagörüşünə paralel olaraq inancları da dəyişib. Bu baxımdan, dinlərin və inancların təkmilləşməsi insanın dünyagörüşünün genişlənməsi ilə düz mütənasibdir. Maraqlıdır ki, dini inancların ən ibtidaidən ən aliyə doğru inkişafını Azərbaycan tarixinin timsalında ardıcıllıqla müşahidə etmək mümkündür. Çünki ilk insan məskənlərindən biri olan Azərbaycan həm də ilk dini inancların yarandığı və səmavi dinlərin yayıldığı ərazidir.

Məlumdur ki, dini inanclar özünü daha çox dəfn mərasimlərində biruzə verir və tarixçilər qədim insanların dini inanclarını o dövrə aid düşərgələrdə, xüsusilə qəbirlərdə aparılan arxeoloji tədqiqatlar əsasında öyrənirlər. Tədqiqatlar təsdiqləyir ki, ilk dövrlərdən başlayaraq dini inancların inkişafı Mesopotomiya ilə Azərbaycan ərazilərində, təxminən, paralel gedib. Məsələn, eramızdan əvvəl altıncı və dördüncü minilliklərdə meyidləri yaşayış məskənlərində, evlərin döşəməsi altında, tikililər arasındakı boşluqda və ya küplərdə dəfn edirdilər. Bu adət təkcə Azərbaycan ərazisində yox, qədim Şərqin bir sıra ölkələrində, o cümlədən Mesopotomiyada mövcud olub. Eyni zamanda, həmin dövrlərdə dini mərasimlər keçirmək üçün xüsusi otaqlar tikilib ki, arxeoloji qazıntılar zamanı onların qalıqlarına rast gəlinib.

Bütün bunlar təsdiqləyir ki, eramızdan neçə min öncə Azərbaycan ərazilərində yaşayan insanların həyatında dini ayin və ovsunların önəmli yeri olub. Qobustan qayaüstü rəsmlərinin çoxunun ovsun və dini mərasimlərlə bağlı olması da bu iddianın əyani sübutudur.

Səmavi dinlərə qədər Azərbaycan ərazilərində müxtəlif inanclara etiqad edilib, daha konkret desək, bütpərəstlik hökm sürüb. Amma bu dövrdə bəzi inanclara, xüsusilə, oda, suya, ağaca və səma cismlərinə inam daha güclü olub. Ən maraqlısı da odur ki, min illərin keçməsinə baxmayaraq, bu inamın əlamətləri insanların yaddaşında mühafizə olunub və bu gün də onların həyat tərzində özünü biruzə verir.

 

Erkən tarixi dövrlərdə, xüsusilə ibtidai insan sürüsü mərhələsində Azərbaycan sakinlərinin mənəvi aləmi haqqında biliklər çox azdır. Güman etmək olar ki, ibtidai insan sürüsü mərhələsi qədim  paleolit və ya erkən aşel dövrünə təsadüf etmişdir. Pitekantroplar erkən aşel mədəniyyətinin yaradıcıları idilər. Onlar təşəkkül tapmaqda olan insanlar sırasında ən qədimlərindən olmuş və elmi əbədiyyatda “arxantroplar” kimi qeyd edilirlər. Bu mərhələ insanın idrak fəaliyyətinin inkişafında yeni, əvvəlki dövrlə müqayisədə nəzərə çarpacaq dərəcədə yüksək səviyyə idi. Şübhə ola bilməz ki, Azıx mağarasının erkən aşel mədəniyyətinin yaradıcılıları da artıq təfəkkürə və təşəkkül tapmaqda olan nitqə, habelə mənəvi mədəniyyətin müəyyən elementlərinə malik idilər.

Azıx mağarasında 4 ayı kəlləsinin saxlandığı xüsusi, gizli guşənin olması faktı son dərəcədə maraqlıdır. Müxtəlif heyvan kəllələrinin xüsusi şəkildə qoyulduğu gizli guşələr dünyanın bir çox bölgələrində də tapılmışdır. Azıxda aşkar edilmiş heyvan kəllələrinin saxlandığı gizli yer bu cür sitayiş obyektləri içərisində ən qədimlərindən biridir. Azıxdakı həmin gizli yerlə tanışlıq həyata keçirilmiş ayının arxasındakı təsəvvürlər aləmini qarşımızda canlandırır. Belə demək olar ki, bu, məqsədyönlü, şüurlu insan fəaliyyətinin nəticəsidir.

Azıxda təsdiqlənmiş “kəlləyə sitayiş” faktı Cənubi Qafqaz sakinlərində ətraf mühitin hadisələri haqqında ən erkən, başlanğıc səciyyəvi təsəvvürlərin yarandığını göstərir. Sonralar həmin təsəvvürlər zəminində dinin ünsürləri, din meydana gəldi. Kəllə yığınları totemizmin meydana gəldiyini göstərir.

Azərbaycan mezolit-neolit dövrü əhalisinin mənəvi aləmi haqqında dəfn abidələri, bəzi incəsənət nümunələri, qayaüstü təsvirləri və s. müəyyən təsəvvürlər yaradır.

Məlum olmuş faktlar Azərbaycanın mezolit və neolit dövrləri əhalisinin müəyyən dini etiqadlarla əlaqədar əcdadlara sitayişi formalaşdığını göstərir. Qobustan düşərgələrində iki dəfn aşkar olunmuşdur. Həmin qəbirlərdə tapılan əşyalar insanların axirət dünyasına inamı haqqında məlumat verir.

Qobustan qayaüstü təsvirləri ayrı-ayrı cadugarlıq elementlərinə baxmayaraq, cadugarlıq kimi izah edilə bilməz. O dövr adamlarının dünyagörüşləri, birinci  növbədə dini təsəvvürləri haqqında Kənizə düşərgəsindən tapılmış iki qadın heykəlciyi qırığı məlumat verir. Məhsuldarlıq təcəssümünü ulu ana obrazında ifadə edən bu qadın fiqurları, şübhəsiz, pərəstiş obyekti rolunu oynamışdır.

Qədim Azərbaycan əhalisinin dünya görüşündən danışarkən Qobustan qaya rəsmlərindəki səhnələrə xüsusi diqqət vermək lazımdır. Yallı rəqsi səhnəsini özündən yuxarıda verilən qədim qadın təsvirlərinə ilahi qüvvəyə-ana əcdadına sitayiş kimi qəbul etmək lazımdır.

Beləliklə, Azərbaycanda minilliklər ərzində qadına-ulu anaya pərəstiş çox inkişaf etmişdir. Təbii qüvvələrə sitayişi burnunda günəş olan gəmi rəsmləri və astral işarələrdə görmək olar. Faktlar qədim Qobustan əhalisinin pərəstiş və totemik görüşləri ilə izah edilir.

Eneolit dövründə heyvanların əhliləşdirilməsi, dənli bitkilərin becərilməsi və müxtəlif ev sənətkarlığının inkişafı sayəsində ibtidai insanın dərketmə qabiliyyəti artır-yeni ayinlər yaranır, dil zənginləşir, insanların təsəvvürləri xeyli mürəkkəbləşir.

Dini adətdə, əvvəllər olduğu kimi, əcdadlara pərəstiş mühüm yer tuturdu. Azərbaycanın erkən əkinçiləri adət və ayinlə əlaqədar olaraq əsasən yaşayış məskənlərində xüsusi ibadət yerlərində müxtəlif mərasimlər keçirirdilər. Təbiətin dərkolunmaz hadisələrini aydınlaşdırmaq cəhdi, onlar qarşısında qorxu və acizlik, insanlarda müxtəlif dini aktlara müraciət etmək tələbatını doğururdu. Əliköməktəpə yaşayış yerində divarı gillə suvanmış və ağardılmış tikilini ibadətgah hesab etmək mümkündür.

Azərbaycanın yaşayış məskənlərində təsadüf olunan qaralmış hisli daşların magiya ilə əlaqəsi olduğunu güman etmək olar. Qarğalartəpəsi yaşayış yerində belə daşlara təklikdə və koma halında rast gəlinmişdir. Azərbaycanın yaşayış yerlərində insan surətini əks etdirən fiqurlar erkən əkinçilərin ideoloji təsəvvürləri haqqında müəyyən məlumat verir.

Azərbaycanda və Zaqafqaziyada ilk tunc dövrü ayin və adətlərdə yeni xüsusiyyətlərin yaranması ilə səciyyələnir. Məhsuldar qüvvələrin inkişafı ona gətirib çıxarır ki, təsərrüfat-məişət həyatında qadının mövqeyi xeyli zəifləyir, maddi varidata sahib olan, ailə və nəslə başçılıq edən kişinin cəmiyyətdə mövqeyi xeyli artır, qadına pərəstişi doğuran zəmin sarsılır. Bununla əlaqədar kişi cinsinə aid heykəllər yaranır.

İlk tunc dövründə dəfn adətində də dəyişikliklər baş verir. Ölülər basdırılmaq üçün xüsusi seçilmiş yerlərə aparılırdı. Belə qəbiristanlarda ayrı-ayrı ailə və nəslə aid dəfn abidələri tikilirdi. Bu abidələr ailə üzvlərinin ölümdən sonra da yaşamasına inamla əlaqədardır.

Xankəndi kurqanlarının birinin tədqiqi Azərbaycanın ilk tunc dövründə bu rayonda yaşamış əhalinin dəfn adətlərinin və dini təsəvvürlərinin maraqlı xüsusiyyətlərini aşkar edib. Qəbir meydançasının bir yarısında ölülər, sadəcə, basdırıldığı halda, o biri yarısında ölülər yandırılmışdır. Bu dövrdə ölüyandırma adəti Gəncəçay hövzəsi abidələrindən də məlum olur. Ölüyandırma Azərbaycanda Oğuz və Qəbələ rayonlarında da qeydə alınmışdır.

İlk tunc dövrü əhalisinin həyatında bir sıra etiqadlar və dini adətlər möhkəmlənir. Belə ki, Babadərviş yaşayış yerində bir quyu yanmış öküz sümükləri ilə dolu idi. Ehtimal edilir ki, öküz qurban ayini ilə əlaqədar mərasimdə yandırılırmış.

(Ardı var)

 





20.08.2013    çap et  çap et