525.Az

Ukraynanın sabiq baş prokurorunun Krımla bağlı bəyanatı təəccüb doğurdu


 

"PİSKUNUN KRIMI HƏRRACDA SATMAQ XƏYALI KRİMİNAL PUL SAHİBLƏRİNİN İSTƏNİLƏN PROSESDƏN QAZANMAQ ŞAKƏRİ OLARAQ QİYMƏTLƏNDİRİLMƏLİDİR"

Ukraynanın sabiq baş prokurorunun Krımla bağlı bəyanatı təəccüb doğurdu<b style="color:red"></b>

"Ukraynada Rusiya əleyhinə getdikcə şiddətlənən dövlət siyasətinin din və kilsələrarası düşmənçiliyə çatdığı bir dövrdə ölkənin sabiq baş prokuroru sensasion iddia ilə çıxış edib. Svyatoslav Piskun təklif edir ki, əgər Rusiya Krıma sahib olmaq istəyirsə, onda əvəzini ödəsin".

Bu sözləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc deyib. Onun sözlərinə görə, tarixən itirilmiş torpaqların yanğısını yaşayan xalqların nümayəndələrindən belə oxşar bəyanatlar çox eşidilib: "Məsələn, Sovetlər Birliyinin çöküşü ərəfəsində Mixail Qorbaçov Kuril adaları ətrafında Yaponiya hökuməti ilə razılaşmaların bir addımlığında idi. Axı o, Berlin divarının arxasında qalan iki Almaniyanın birləşdirilməsi zamanı da oxşar əməliyyatdan istifadə etmişdi. "Dəmir və qan" siyasətinin banisi Otto fon Bismark kimi Helmut Kol da sovet imperiyasının rəhbərinin iflasa uğrayan hakimiyyətini xilas etmək niyyətindən ustalıqla bəhrələnərək ona bir neçə milyard ödəməyə razı oldu və dünya tarixinə adını yazdırmağı bacardı".

Z.Oruc qeyd edib ki, Kuril adaları məsələsində Qorbaçovun köməkçisinin bilgili adam kimi gətirdiyi şəhadətləri heç kəs dana bilməz: "İkinci dünya müharibəsindən sonra SSRİ-nin tərkibinə qatılan ərazilər coğrafi ölçüsünə görə böyük olmasa da, Yaponiyanın artan əhalisi fonunda hər qarışı qızıl qiymətinə malik idi. O üzdən bir vaxtlar sovetlərin prinsipial simalarının, məsələn, xarici ilər naziri olan Andrey Qromıkonun "SSRİ-nin ərazisi böyükdür, lakin artıq bir kvadrat metr də yeri yoxdur" deməsini yaşlı insanlar yaxşı xatırlayırlar. Amma əvəzində baş katibin hesablamaları tamam fərqli idi və o, iflasa uğrayan bir ölkənin ucqarlarını satıb siyasətdə sağ qalmağı düşünürdü. Ona görə də Çernyayev yazır ki, yapon nümayəndə heyətinə açıq bildiriblər ki, "birləşməyin xərci var və kompensasiya haqqında düşünmək lazımdır".

Deputat bildirib, indi artıq keçmişdə qalan məlum hadisələrin dəqiq stenoqramları gün üzünə çıxıb və Yaponiyanın 26-30 milyard dollara almaq istədiyi tarixi torpaqları ətrafındakı sövdələşmələrin nə səbəbdən baş tutmadığını izah etməyə ehtiyac yoxdur: "Qorbaçovdan fərqli olaraq, müasir Rusiya dövlətinin lideri Krımla bağlı Ukraynadan gələn bütün təkliflərə və təhlükələrə bir cavab verir: "Bir qarış torpaq da geriyə qaytarıla bilməz!"

Z.Oruc deyib ki, 3 dəfə baş prokuror vəzifəsini tutan və siyasətdə aparıcı mövqelərə can atan Svyatoslav Piskun isə Krımda qalan torpaqların, mülklərin və yaxtaların əvəzində Rusiyadan trilyonlar tələb etməyi ən yaxşı çıxış yolu sayır: "Doğrudur, böyük biznes imperiyasına malik olan sabiq hüquq orqanı başçısı hesablaşmanın hansı valyuta üzrə aparılmasını dəqiqləşdirməyib. Amma əvəzində bütün həmvətənlərinə yaxın 10-15 ildə ərazilərin geri qayıtmacağını nəzərə alıb çıxışlarında yalana yer verməmələrini tövsiyə edib və yarımada əhalisinin Rusiya ilə birləşmək qərarını könüllü verdiklərini nəzərə almağı vacib sayıb. Göründüyü kimi, oliqarxiyanın damarlarından axan qan onlarda realizm hissini birinci yerə çıxarır və uğrunda milyonların qurban getdiyi ərazilərə Vətən kimi deyil, sadəcə alqı-satqı predmeti tək yanaşır. Ona görə də Moskva Nikita Xruşşovun mənəvi varislərinin Kiyev dövləti ətrafında hələ də yaşayıb ömür sürdüklərini yaxşı bilir və onların keçən əsrin ortalarında Ukraynaya verilən ərazilərə qətiyyən özlərininki kimi yanaşmadıqlarına əmindir".

Deputat hesab edir ki, Piskunun Krımı hərracda satmaq xəyalı artıq baş vermiş faktla barışmaq və təslim olmağa hazırlaşmaq kimi dəyərləndirilməkdən daha çox, onun kimi kriminal pul sahiblərinin istənilən prosesdən qazanmaq şakəri olaraq qiymətləndirilməlidir: "Məgər, müharibələr biriləri üçün ölüm-qan-qada, digərlərinə yağmalama, sərvət ələkeçirmə və hökmranlıq alətitək gərək deyilmi?"

C.ABASOV

 





13.11.2018    çap et  çap et